Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2118/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2119/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 06.05.2024-cü il tarixli, MŞG/MT/0033-2024- 00190 saylı ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2024-cü il tarixə saat 10:00-da keçirilmiş mediasiya sesiyasında iştirak etmişlər. Lakin Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir.
2. 08.05.2024-cü il tarixli 1127 nömrəli Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X6 24 sentyabr 2012-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur.
3. 03.07.2020-ci il tarixli 1431 nömrəli Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı nikahı 19.06.212-ci il tarixdə 224 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. Nikahın bağlananan sonra ərə “Rüstəmov”, arvada “Verdiyeva” soyadı verilmişdir.
4. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2012-ci ildə anadan olmuş Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 2(076)-4757/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.
5. İş materiallarında olan reseptdən, qəbzdən və xx.xx.2024-cü il tarixli 18-1-73/3- 255/2024 nömrəli “Şəmkir rayon mərkəzi xəstəxanası“ tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X5 dişləmə anomaliyası diaqnozu qoyulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 24 sentyabr 2012-ci il təvəllüdlü Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(076)-2253/2022 saylı qətnaməsi ilə hər ay bir uşaq müəyyən edilmiş 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat məbləğində alimentin, Fərid adlı uşağın müalicəsi üçün hər ay 200 (iki yüz) manat vəsaitin və mediasiya xərci olaraq ödədiyi 55 (əlli beş) manat pulun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından 24 sentyabr 2012-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş verən narazılıqlara görə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşağa görə 180 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hazırda həmin aliment pulu ilə uşağın maddi ehtiyaclarını ödəyə bilmir. Fərid adlı uşağı böyüdükcə maddi tələbatları artır, orta məktəbdə təhsil alır, getdikcə xərcləri çoxalır. Həmçinin azyaşlı övladı Fərid dişlərin anomaliyasından və uzun müddətdir qan azlığı xəstəliyindən əziyyət çəkir. Şəmkir rayon X2 kabinetində həkim stomatoloqun müayinəsindən keçirtmişdir və hazırda dişlərinın müalicəsi üçün 1600 manat xərc tələb olunur. Azyaşlı övladı daim həkim müayinə və müalicələrində olur. O özü onkoloji xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə bağlı işləyə bilmir. O hər dəfə uşağın bütün xərcləri valideynlərinin köməkliyi ilə tək özü qarşılayır. Maddi imkansızlıq ucbatından uşağı tam həkim müayinəsindən keçirib, müalicə etdirə bilmir. Yalnız bəzi dərmanlarını alıb müalicə etdirir, lakin onun da heç bir köməyi olmur. Cavabdeh ona heç bir köməklik göstərmir. Azyaşlı uşağı isə daim müalicə olunmalıdır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği yetkinlik yaşına çatmamış uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Özü hazırda heç yerdə işləmir. Cavabdeh isə fərdi əməklə məşğul olur və aylıq qazanca malikdir. Yetkinlik yaşına çatmamış uşağı böyüyür və xərcləri olduqca çoxalmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən 24 sentyabr 2012-ci il təvəllüdlü Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(076)-2253/2022 saylı qətnaməsi ilə hər ay bir uşaq müəyyən edilmiş 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat məbləğində alimentin, Fərid adlı uşağın müalicəsi üçün hər ay 200 (iki yüz) manat vəsaitin və mediasiya xərci olaraq ödədiyi 55 (əlli beş) manat pulun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2119/2024 nömrəli qətnaməsi (hakim Həvayət Məhəmmədi) ilə, iddianın qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay bir uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 81.1, 81.3 və 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarına istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 112.1.3, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2119/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o hazırda xəstədir, işsizdir, heç bir yerdə işləmir. 2022-ci ildən onkoloji xəstədir və həmin vaxtdan əmək fəaliyyəti yoxdur. Şəmkir rayon Məhkəməsinin qətnaməsini oxuduqdan sonra ağrıları daha da artmağa başlamışdır. Hazırda qolu fəaliyyətini dayandırmış şəkildədir. Məhkəmənin hər ay bir uşaq üçün 235 manat alimentin artırılmasını ədalətli hesab etmir. Həmçinin, Ailə qanunverciliyinə əsasən uşağa baxmaq və böyütmək hər iki valideyinin vəzifəsi və borcudur. Halbuki iddiaçı onda vəzifələrini tələb edir lakin hüquqlarını yerinə yetirməyinə imkan vermir. Bundan başqa 2024-cü ildə bir uşağın yaşayış minumu 235 manat müəyyən edilmişdir. Ata isə həm çobanlıq edir ay üzrə təmiz 800 manat əmək haqqıalır, özü üçün də əlavə heyvandarlıqla məşğul olur, ümumilikdə ay üzrə 2000 manatdan artıq məvacib əldə edir. Bundan başqa məhkəməyə işsizlik haqqında arayış təqdim etmişdir. Qeyd olunan alimentin məbləği azdır, uşağın yaşı artıqca tələbatı artır və uşaq xəstə olduğu üçün xərcləri çoxalır. Hazırkı şəraitdə o hesab edir ki, uşağın və onun konstitusion hüquları pozulmaqdadır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
14. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
21. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
23. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır
24. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı
25. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu
26. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;
31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı qətnamənin, iddianın təmin edilməmiş hissəsindən narazıdır. Ona görə qətnamənin əsaslığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2119/2024 nömrəli qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, işin halları ondan ibarətdir ki, tərəflər faktiki olaraq 2011-ci il tarixdə evlənməklə, xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2019-cu il tarixdə Fərid adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin 2(076)-2253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2012-ci ildə anadan olmuş Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 2(076)- 4757/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı uşağının xərclərinin artığı üçün təyin edilmiş aliment kifayət etmədiyi üçün məhkəməyə müraciət etmişdir.
44. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
45. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
46. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
47. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edir.
48. Yuxarıda qeyd olunan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda hər ay uşaq üçün cavabdehdən tutulan 180 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər.
49. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır.
50. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay uşağa 200 manat məbləğdə müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının dəyişdirilərək hər ay uşağa 200 manat müəyyən edilməsini əsaslı və qanuni sayır.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
52. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanmalıdır.
53. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 240 manat təşkil edir.
54. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2119/2024 nömrəli qətnaməsi - iddianın təmin edilməmiş - hissəsində dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.