Məhkəmə qərarları › İş №2(104)-2118/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2118/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2118/2025 07.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1977/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 yanvar 2026-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024 tarixli STK01- 2651 saylı kredit müqaviləsindən müəyyən olunur ki, həmin müqavilə İddiaçı MMC tərəfindən Cavabdeh 24 ay müddədinə illik 54 faiz dərəcəsi ilə 19200 manat məbləğində kreditin verilməsi barədə bağlanmışdır.

2. İşdə olan İddiaçı MMC-yə məxsus olan xx.xx.2024 tarixli 817723 saylı kassa məxaric orderinin surətindən müəyyən edilir ki, həmin tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh 19200 manat məbləğində pul verilmişdir

3. İşdə olan 12 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2024 tarixli STK01- 2651 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-yə 19167 manat əsas borc, 177.5 manat faiz borcu, 113 manat dəbbə borcu yaranmışdır.

4. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 19167 manat əsas borc, 177.5 manat faiz borcu, 113 manat dəbbə borcu olmaqla, ümumilikdə 19457.50 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 149 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB MMC-nin xx.xx.2024 tarixli STK01-2651 saylı 19200 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Lakin, Cavabdeh həmin kredit müqaviləsinin şərtlərinə əməl etməyərək müqavilə üzrə ödənişləri etmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişlər.

7. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1977/2025 nömrəli qətnaməsi (hakim Ədil Məmmədov) ilə, iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən yaranan 19167 (on doqquz min bir yüz altmış yeddi) manat məbləğində əsas borc və İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 149 (bir yüz qırx doqquz) manat məbləğində pulun Cavabdeh tutularaq, İddiaçı MMC-nin hesabına ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 739.1 və 740.10 maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini əsassız olduğu üçün ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qət çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin hallarını tam hərtərəfli, obyektiv araşdırmadan onun məhkəməyə təqdim etdiyi sübutları sübut kimi qiymətləndirmədən iddiaçının iddiasını təmin etmişdir. Belə ki, onun tanıdığı Pərviz adlı şəxs lombardda olan maşın almışdır. Pərviz ona bildirmişdir ki, maşına olan borcu ödəyə bilmədiyinə görə istəyirsə bu maşını alsın. O da razılaşmışdır. Pərviz bildirmişdir ki, ilkin ödəniş 3000 (üç min) manat veriləcək, o, 1000 (min) manatı vermiş və maşını götürüb lazım olan yerlərini təmir etdirmişdir. Həmin təmirə 500-600 manat pul xərcləmişdir. Maşını ideal vəziyyətə gətirmişdir. Pərviz ona bildirmişdir ki, lombarda ayda 1200(min iki yüz) manat ödəniş edilməlidir. Müqavilə də Pərvizin adına olmuşdur. Fikirləşmişdir ki, maşının pulunu ödəyəndən sonra etibarnamə alar. 4-5 aydan sonra maşının motoru vurmuşdur. Yenidən motoru yığdırmış, motor birdə vurmuşdur. Matoru yenidən yığdırsa da, sonradan maşın vurmuşlar. Maşın vurulandan sonra bir az gecikmələri olmuşdur. Maşının həm də radar cərimələri olmuşdur. Pərvizə 1000 (min) manat borcu qalmışdır. Pərviz ona bildirmişdir ki, gəl o Bəhruzdan, yəni Lombard işçisindən pul götür həm cərimələri ödə, həm də ona olan borcunu ver. Pərviz 3000 (üç min) manat pul götürmüşdür. Faizlə bir yerdə 4000 (dörd min) manata kimi pul etmişdir. Ayda 400 manat pul ödəmişdir. Maşın vurulanda Pərviz demişdir ki, Bəhruza pul vermək lazımdır. Sığorta 2000 manat pul vermişdir. Maşın Pərvizin adına olduğuna sığortadan pulu Bəhruz götürmüşdür. Söz söhbət yarandığı üçün müqaviləni onun adına etmişdirlər. 1 aydan sonra maşının motoru yenə vurmuşdur. Onlar bilə-bilə ki, bu maşınların motoru pis işləyir, ona bu maşını vermişdirlər. O, Pərvizə bildirmişdir ki, maşın dayanacaqdadır, gedin maşınınızı götürün. Bildirmişdir ki, 1000 manat cərimə borcu var yalnız onu ödəyəcəkdir. Maşına olan 19000 (on doqquz min) manatı ona borc kimi yazdırmışdır. Sənədə imza edilərkən heç bir öhdəliklər ona başa salınmamışdır. Lombardın içərisində olan görüntü kameralardan görüntülər çıxarılsa aydın olar ki, o, pul götürməmişdir. Onun lombarda pul borcu yoxdur. Hüquqi savadı olmadığı üçün onların ona hansı sənədə nəyə görə imza etdiyini anlamamışdır. Məhkəmə iddianı təmin edərkən işin hallarını aydınlaşdırmamışdır. Maşın hal hazırda onların özlərinə qaytarılmışdır. Ona maşının nasazlıqları bildirilməmişdir. O, özünü aldadılmış hesab edir. Odur ki, Gəncə Şəhər Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, onun təqdim edəcəyi sübutlara əsasən yeni araşdırma aparılmaqla ədalətli qərar verilməsini xahiş etmək məcburiyyətindədir. Belə olan halda iddianın təmin edilməsinin hüquqi əsası yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı MMC tərəfindən CavabdehGəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1977/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə dair məhkəmə kollegiyasına etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1977/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qanunsuz və əsassız olduğu üçün təmin edilməməli, apellyasiya şikayəti rədd edilməlidir. Çünki Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında şəxsən iştirak etmiş, qətnamə çıxarılan zaman iclasda olmuş və qətnaməni eşitmiş, qətnamədən xəbərdar olmuşdur. Onun Gəncə Şəhər Məhkəməsinə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət edərək həmin ünvanda yaşamadığı üçün qətnaməni almadığı barədə yazdıqları yalandır. Çünki, Cavabdeh qətnamədən xəbəri olmuş və həmin qətnaməni 5 ay ərzində məhkəməyə müraciət edərək götürə bilərdi. Bütün bunlar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasında boyun qaçırmaq və vaxt udmaqdan başqa bir iş deyildir. Nəzərinizə çatdırılır ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin rədd olunması barədə məhkəməyə ünvanladıqları xx.xx.2025-ci il tarixli ərizələrinə baxmadan, cavabdehin apellyasiya şikayətini birbaşa Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh apellyasiya şikayətində buraxılmış müddətin bərpası ilə əlaqədar heç bir dəlil və sübut göstərməmişdir. Belə olanda halda cavabdehin apellyasiya şikayətinin icraata götürülməsi əsassızdır. Etirazlarına əlavə edilmiş sənədlərdə və elektron məhkəmə kabinetindən çıxarışda etirazlarına sübut olaraq dəlilləri göstərmişlər. Etirazlarında yazılanlara istinad edərək, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdirlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

19. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

20. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

23. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1977/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, STK01-2651 saylı kredit müqaviləsinə əsasən, borcluya 19200 manat məbləğində kredit verilmişdir. Lakin, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə onun kreditora borcu yaranmışdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.

44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

45. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.

46. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

47. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.

48. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

49. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

50. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.

51. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun cəmiyyətə borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.

52. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, apellyasiya şikayətində cavabdeh maşın almaq üçün lombarddan 3000 manat məbləğində pul götürdüklərini, sonradan lombard tərəfindən maşına olan 19000 (on doqquz min) manatı ona borc kimi yazıldığını bildirsə də, bu halları təsdiq edəcək sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Əksinə işdə olan xx.xx.2024-cü il tarixli STK01-2651 saylı kredit müqaviləsinə əsasən apellyatorun lombarddan 24 ay müddətinə 54 faiz olmaqla 19200 manat məbləğində kredit götürməsi öz təsdiqini tapmışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal xarakter daşıyır.

53. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

56. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

57. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024cü il tarixli STK01-2651 saylı kredit müqaviləsinə əsasən kreditor İddiaçı MMC tərəfindən borclu Cavabdeh 24 ay müddətibə 54 faiz ödəmək şərtilə 19200 manat məbləğində kredit verilmişdir. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun cəmiyyətə 19167 manat mələğində borcu yaranmışdır. Borcalan borcunu könüllü şəkildə qaytarmadığına görə kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş və iddia tələbi əsas borcun cavabdehdən kreditorun xeyrinə tutulması hissəsində təmin edilmişdir.

58. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1977/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar