Məhkəmə qərarları › İş №2(104)-212/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-212/2023

10.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-212/2023 10.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(042)-184/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 13 oktyabr 2013-cü il tarixli ziyan aktından görünür ki, MERCEDES-BENZ markalı, ** EK *** dövlət qeydiyyat nişanlı minik avtomobilə 4480 manat maddi ziyan dəymişdir.

2. Şəxsin barəsində cinayət təqibinə xitam verilməsi haqqında 15 may 2019-cu il tarixli Qərarın surətindən görünür ki, X4 və İddiaçı barəsində toplanmış material üzrə cinayət təqibinə xitam verilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM 327.1 maddəsində, İddiaçı əməlində isə Azərbaycan Respublikası İXM 327.2 maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan barələrində inzibati tənbeh görülməsi üçün qərarın surəti Şəmkir RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır.

a)İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciat edərək, cavabdehin ona məxsus “MERCEDES BENZ” markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi ziyana görə 4480 manat və ödənilmiş 68,80 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı , İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki ona məxsus “MERCEDES BENZ” markalı ** EK *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə qohumu (sərnişin) X6 15 mart 2019-cu il tarixdə Qasımalılar kəndindən Şəmkir şəhərinə tərəf gedərkən yol sürüşkən olduğundan döngəli yolda əyləci basması nəticəsində qarşı hərəkət zolağında ona qarşı hərəkətdə olan “İZUSU” markalı ** JF *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuşdur. Toqquşmadan sonra onunla eyni istiqamətdə hərəkətdə olan “VAZ 21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa sol tərəfindən vurmuşdur. Hadisə zamanı sərnişin Şəbinə Yusifova sağ əlindən xəsarət almışdır. Baş vermiş hadisə üzrə Şəmkir rayon X8 bölməsinin müstəntiqi X5 tərəfiondən 15 may 2019-cu il tarixdə şəxsin barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla X2 və onun barəsində cinayət işinə xitam verilmiş, hər ikisinin əməlində AR İXM-nin 327.2-ci maddəsinin tərkibinin olmasına əsasən barələrində inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surətləri Şəmkir rayon PŞnin DYPB-nə göndərilmişdir. Cavabdehin təqsiri nəticəsində ona məxsus Mercedes Benz markalı, ** EK *** dövlət qeydiyyat nişanlı minik avtomobilə 4480 manat maddi ziyan dəymişdir. Pulun alınması üçün sığorta şirkətinə müraciət etmiş, lakin dəymiş ziyanı ödənilməmişdir. Dəfələrlə cavabdehdən avtomobilə vurulmuş maddi ziyanın ödənilməsini tələb etməsinə baxmayaraq, sonuncu ona dəymiş ziyanı müxtəlif bəhanələrlə ödəməmişdir.

5. Gədəbəy Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(042)-184/2022 nömrəli (hakim F.Mirzəquliyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, X1 vurulmuş maddi zərərə görə 2240 manat və ödənilmiş 42,40 manat dövlət rüsumunun əvəzi, cəmi, 2282,40 manat alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

6. Gədəbəy Rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli 2(042)-184/2022 nömrəli qıərardadı ilə həmin məhkəmənin 11 aprel 2022-ci il tarixli 2(042)-184/2022 nömrəli qətanməsinin qət etdi hissəsində “iddia tələbi təmin edilməsi” ifadəsinin “iddia tələbi qismən təmin edilsin” kimi oxunması barədə yanlışlığın düzəldilməsi. qərara alınmışdır.

7. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 147, 217.4, 216-220, 227, 358-360, 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarınin pozulması ilə çıxarılmışdır. Belə ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. İddiaçının avtomobilinə 4480 manat ziyan dəyməsi heç bir möhtəbər subuta əsaslanmır. Birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə dəymiş zərərin 2240 manat təşkil etməsini əsaslandırmamış, təqsirinin nədən ibarət olmasını göstərməmiş və iş üzrə əmtəəşünaslıq ekspertizası təyin etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

11. Hazırkı, məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, yol sürüşkən olduğu üçün idarə etdiyi avtomobilin əyləcini basmış və himin vaxt idarə etdiyi avtomobilin qabaq tərəfi əks istiqamətdən gələn “İZUSU” markalı ** JF *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra onunla eyni istiqamətdə hərəkət edən VAZ 21063 markalı ** BG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobili arxa sol tərəfdən vurmuş və nəticədə ona 4480 manat ziyan dəymişdir. Ekspert avtomobilin yalnız arxa tərəfinə dəymiş ziyanı müəyyən etdiyindən həmin rəylə razılaşmır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Hazırkı, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

25. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(042)-184/2022 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilməlidir.

32. İlk öncə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

33. İşin hallarından müəyyən olunur ki, İddiaçı 15 mart 2019-cu il tarixdə idarə etdiyi “MERCEDES BENZ” markalı ** EK *** dövlət qeydiyyat nişanlı minik avtomobili Şəmkir şəhəri istiqamətində idarə edərkən asvalt yolun sürüşkən olması səbəbindən döngəli yolda əyləci basması nəticəsində idarəetməni itirmiş və qarşı istiqamətdə hərəkətdə olan “İZUSU” markalı ** JF *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuşdur. Həmin vaxt onunla eyni istiqamətdə hərəkətdə olan “VAZ 21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 da öz növbəsində ara məsafəsi saxlamadığından idarə etdiyi avtomobillə “MERCEDES BENZ” markalı ** EK *** dövlət qeydiyyat nişanlı minik avtomobilin arxa sol tərəfi ilə toqquşmuşdur.

34. Baş vermiş yol nəqliyyat hadisələri nəticəsində (birinci və sonrakı) İddiaçı idarə etdiyi avtomobilin qabaq və arxa sol tərəfinə ziyan dəymişdir. Sonuncu idarə etdiyi avtomobilə dəymiş ziyanın (qabaq və arxa sol tərəfə) cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir.

35. Bu qətnamənin 31-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

36. Belə ki, apellyasiya icraatı zamanı 28 noyabr 2022-ci il tarixli 2(104)- 2638/2022 nömrəli qərardadla “MERCEDES BENZ E200" markalı, ** EK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə arxa sol tərəfdən dəymiş ziyanın müəyyən olunması üçün məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023cü il tarixli 8/9350 nömrəli ekspert rəyi ilə 13 oktyabr 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1986-cı il buraxılışlı “Mercedes Benz E200” markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 4080 manat müəyyən edilmişdir.

37. Ekspert qarşısında “MERCEDES BENZ E200" markalı, ** EK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə arxa sol tərəfdən dəymiş ziyanın müəyyən olunması barədə sual qoyulsada, lakin ekspert 13 oktyabr 2021-ci il tarixli qüsur aktındakı məlumatlara istinad edərək avtomobilə (qabaq və arxa sol tərəfdən) dəymiş ziyanın ümümi məbləğini müəyyən etmişdir. Ona görə də iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli 9/2225 nömrəli ekspert rəyi ilə iş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1986-cı il buraxılışlı “MERCEDES BENZ E200" markalı, ** EK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə arxa sol tərəfdən dəymiş ziyanın məbləği hadisə baş verən tarixə təxminən 450 manat müəyyən edilmişdir.

39. Kollegiya hesab edir ki, 15 mart 2019-cu il tarixdə baş vermiş ilkin yol nəqliyyat hadisəsi, yəni iddiaçının idarə etdiyi “MERCEDES BENZ” markalı ** EK *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə qarşı istiqamətdə hərəkətdə olan “İZUSU” markalı ** JF *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşması nəticəsində “MERCEDES BENZ” markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilə qarşı tərəfdən dəymiş ziyana görə Cavabdeh məsuliyyət daşımır. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi baş vermiş ilkin yol nəqliyyat hadisəsindən sonra Zaur Məmmədov idarə etdiyi “VAZ 21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə “MERCEDES BENZ” markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobili ara məsafəsi saxlamadığından arxa sol tərəfdən vurmuşdur. Avtomobilə arxa sol tərəfdən dəymiş ziyanın məbləği isə ekspert rəyi ilə 450 manat müəyyən olunmuşdur.

40. Məhz bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh 450 manat alınaraq İddiaçın verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

41. İddia tələbi 450 manat təmin edildiyindən kollegiya hesab edir ki, ödənilmiş 68,80 manat dövlət rüsumunun 6,80 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməli, 62 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərininə dair 19 yanvar 2023-cü il tarixli 9/9350 nömrəli və 12 iyun 2023-cü il tarixli 9/2225 nömrəli bildirişlərdən görünür ki, aparılmış tətqiqatın dəyəri 150 manat (100+50=150) təşkil edir.

43. Kollegiya hesab edir ki, apellyasiya icraatı zamanı 28 noyabr 2022-ci il tarixli 2(104)-2638/2022 nömrəli qərardadla təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə ekspertiza mərkəzi qoyulmuş sual üzrə rəy vermədiyindən 19 yanvar 2023-cü il tarixli 9/9350 nömrəli ekspertiza tədqiqatının dəyəri 100 manat dövlətə aid edilməli, 12 iyun 2023-cü il tarixli 9/2225 nömrəli ekspertiza tədqiqatının dəyəri 50 manat isə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir

44. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(042)-184/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 450 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 6,80 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 68,80 manat dövlət rüsumunun 62 manat hissəsi İddiaçı aid edilsin. 19 yanvar 2023-cü il tarixli 9/9350 nömrəli ekspertiza tədqiqatının dəyəri 100 manat dövlətə aid edilsin. 12 iyun 2023-cü il tarixli 9/2225 nömrəli ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar