Məhkəmə qərarları › İş №2(104)-212/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-212/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-212/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı BOKT "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiаçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiаçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(021)-1405/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli, 397-NBK-0001-22 nömrəli kredit müqaviləsindən görünür ki, Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 arasında 18 ay müddətində, illik 27 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir;

2. xx.xx.2022-ci il tarixli, 397-NBK-0001-22 nömrəli Zaminlik müqavilələrindən görünür ki, Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 397-NBK-0001-22 nömrəli kredit müqaviləsi əsasında zaminlik müqaviləsi bağlanmışdır;

3. xx.xx.2022-ci il tarixli, 397-NBK-0001-22 nömrəli Girov müqaviləsindən görünür ki, Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 397-NBK-0001-22 nömrəli kredit müqaviləsi əsasında girov müqaviləsi bağlanmışdır;

4. xx.xx.2024-cü il tarixli, N MA-0034390-24 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh2 Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, 397-NBK-0001-22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 11671.74 manat, faiz borcu 1166.22 manat, cərimə borcu 629 manat olmaqla ümumilikdə 13466.96 manat məbləğində kredit borcu vardır;

5. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş 14 iyul 2023-cü il tarixli N MA-0040302-25 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh2 Bank Olmayan Kredit :Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 397-NBK-0001- 22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 11671.74 manat, faiz borcu 229,56 manat, cərimə borcu 16,84 manat olmaqla ümumilikdə 11918,14 manat kredit borcu vardır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 11671.74 manat, faiz borcu 1166.22 manat, cərimə borcu 629 manat və ödənilmiş 130.80 manat dövlət rüsumu olmaqla ümumilikdə 13597.76 manat borcun tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 397-NBK-0001-22 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında Cavabdeh2 18 ay müddətinə qaytarılmaq şərti ilə 15000 manat məbləğində kredit borcu verilmişdir. Kredit müqaviləsi üzə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli 397- NBK-0001-22 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh3 zamin durmuşdur. Bildirilmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə əsas borc üzrə 11671.74 manat, faiz borcu 1166.22 manat, cərimə borcu 629 manat olmaqla, ümumilikdə 13466.96 manat məbləğində kredit borcu vardır.

8. Bərdə Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(021)-1405/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada 11671.74 manat əsas borc, 1166.22 manat faiz borcu, 60 manat cərimə borcu olmaqla ümumilikdə 12897.96 manat məbləğində kredit borcu tutularaq iddiaçı “Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi; İş üzrə iddiaçı tərəfindən ödənilmiş 130.80 manat dövlət rüsumunun 128.70 manat hissəsinin cavabdehlərdən tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi; İş üzrə iddiaçı tərəfindən ödənilmiş 130.80 manat dövlət rüsumunun 2.10 manat hissəsinin iddiaçının özünə aid edilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 385.1, 386.1, 390.1, 405.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449.1, 739.1, 739.2, 739.3, 743.1, 743.2 və 746.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcu hissələrdə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissələrdə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, bank daha çox faiz hesablayıb borcun üzərinə gəlmişdir. Vaxtlıvaxtında kredit ödəmiş, borclu olaraq vəzifələrini düzgün icra etmişdir. Lakin, maddi problemlər ucbatından bir müddət krediti ödəyə bilməmişlər. Hazırda isə borcdan imtina etmir, ödəməyə razıdır. Lakin, iddiaçı qalan əsas borcun üzərinə şişirdilmiş faiz və cərimə borcu gəlmiş, onun boynuna ödəməli olduğu borcdan daha yüksək bir borc qoyaraq hüquqlarımı pozmuşdur. Qəbul olunan qətnamə də bu cəhətdən hüquqlarını pozmuşdur. Kredit borcundan əlavə şişirdilmiş faiz və cərimə məbləğini ödəmək istəmir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə faiz borcu maliyyə arayışı verilən tarixədək hesablanmışdır. Pretenziya məktubu isə 2023cü ilin iyul ayında göndərilmişdir.

14. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, borclulara kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Maliyyə arayışı verilən tarixədək faiz borcu hesablanmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

21. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

22. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

23. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

24. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

25. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş, kreditor, borclu və zamin Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Yalnız zamin Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni faiz və cərimə borcu hissədə mübahisələndirmişdir.

37. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh3 faiz və cərimə borcunun tutulması hissələri üzrə qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki, qətnaməni digər tərəflər mübahisələndirməmişlər.

38. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədən borclu və digər zamin Cavabdeh1 apellyasiya şikayəti vermədiyindən qətnamə onlara aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zamin Cavabdeh1 qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, zamin Cavabdeh3 verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin bütünlüklə və digər cavabdehə (zaminə) münasibətdə yoxlanılması sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilir.

39. Beləliklə, qətnamənin əsaslığı və qanuniliyi digər cavabdehlərə aid hissədə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada 1166.22 manat faiz borcu, ümumilikdə 12897.96 manat məbləğində kredit borcu tutularaq iddiaçı “Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi» hissədə dəyişdirilməli, kredit müqaviləsi üzrə faiz borcu 229,56 manat, ümumi kredit borcu isə 11961,3 manat müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 397-NBK-0001-22 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 18 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 15000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə bankla Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 397-NBK-0001-22 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2023-cü il tarixdə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

42. Bu qətnamənin 36-cı bəndində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə faiz və cərimə borcu tutulması hissədə yoxlanılır və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır.

43. İşin hallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə cavabdehlərin kreditora faiz borcu yaranmışdır.

44. İddiaçı bank məhkəməyə xx.xx.2024-cü il tarixli N MA-0034390-24 nömrəli maliyyə arayışı təqdim etmiş və həmin maliyyə arayışı əsasında birinci instansiya məhkəməsi cavabdehlərdən kredit müqaviləsi üzrə 1166,22 manat faiz borcu tutmuşdur. Halbuki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında iddiaçı bankın etibarnamə üzrə nümayəndəsi sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, borclulara kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə göndərilmişdir, lakin maliyyə arayışı verilən tarixədək, yəni xx.xx.2024-cü il tarixədək 1166,22 manat faiz borcu hesablanaraq cavabdehlərdən tələb edilmişdir.

45. Beləliklə, müəyyən olunmuşdur ki, cavabdehlərə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə göndərildiyi halda, həmin müddətdən sonra da faiz borcu hesablanmağa davam etmiş və xx.xx.2024-cü il tarixə maliyyə arayışında göstərilən 1166,22 manat faiz borcu cavabdehlərdən tələb edilmişdir.

46. Məhkəmə kollegiyası şərh olunan halları nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən 1166,22 manat faiz borcu tutmaqda düzgün nəticəyə gəlməmişdir.

47. Çünki, Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

48. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-X6 qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

49. Yuxarıda da göstərildiyi kimi cavabdehlərə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Bununla da iddiaçı bank müqavilənin hissə-hissə icrasından birtərəfli imtina etmiş, nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir.

50. Nəzərə almaq lazımdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

51. Bu halda iddiaçı bank cvabdehlərdən kredit müqaviləsinin qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2023-cü il tarixədək faiz borcu hesablamaq hüququna malik olmuşdur.

52. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim edilmiş 14 iyul 2023cü il tarixli N MA-0040302-25 nömrəli maliyyə arayışı ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 397-NBK-0001-22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 229,56 manat faiz borcu vardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcu 229,56 manat müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə faiz borcuna dair hissədə dəyişdirilməli və müqavilə üzrə faiz borcu 229,56 manat müəyyən edilməlidir. Kredit müqaviləsi üzrə faiz borcunun məbləği dəyişdirildiyindən cəmi borc məbləği hissədə də qətnamə dəyişdirilərək kredit müqaviləsi üzrə cavabdehlərdən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulan cəmi borc məbləği 11961,3 manat məbləğində müəyyən edilməlidir.

53. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

54. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

55. Tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.

56. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

57. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

58. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə məbləğini azaldaraq 60 (altmış) manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur. Ona görə də kollegiya hesab edir ki, cərimə borcuna dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

59. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(021)-1405/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni «cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada 1166.22 manat faiz borcu, ümumilikdə 12897.96 manat məbləğində kredit borcu tutularaq iddiaçı “Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi» hissədə dəyişdirilsin. Kredit müqaviləsi üzrə faiz borcu 229,56 (iki yüz iyirmi doqquz manat əlli altı qəpik) manat, ümumi kredit borcu isə 11961,3 (on bir min doqquz yüz altmış bir manat üç qəpik) manat müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar