Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2123/2025 05.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Ağdam Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli 2(013)-1263/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1555 manat qaz sərfiyyatına görə yaranmış borc və ödənilmiş 35,55 dövlət rüsumu alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2(013)-1263/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən 1555 manat məbləğində qaz sərfiyyatına görə olan borcun və iddia ərizəsinin verilməsinə görə 35,55 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi təmin edilməməsi; İş üzrə ödənilmiş 35,55 manat dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(013)-1263/2025 nömrəli qərardadı ilə (hakim R. Məmmədov) Ağdam Rayon Məhkəməsinin 2(013)-1263/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti baxılmadan İddiaçı qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2(013)-1263/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Beləki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1. maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəzəzə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Ağdam Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2(013)-1263/2025 nömrəli qətnaməsinin surətinin 23 iyun 2025-ci il tarixli müşaiətedici məktubla İddiaçı yaşadığı ünvana göndərilsədə, lakin iş materiallarına əlavə olunmuş 01 iyul 2025-ci il tarixli reyestr (iddiaçının adı siyahıda qeyd olunmasına baxmayaraq) nə məhkəmənin, nədə Ağdam rayon poçtunun möhürü ilə təsdiq olunmamış, eləcədə poct göndərişinin ünvan sahibinə çatdırılması təsdiq olunmur. İddiaçı 18 avqust 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin poçt vaisitəsi ilə yaşadığı ünvana göndərilməsini xahiş etmiş, 01 sentyabr 2025-ci il tarixli müşayətedici məktubda qətnamənin surətinin təkrarən göndərilməsi qeyd olunmuş və göndərilmənin sübutu kimi 08 sentyabr 2025-ci il tarixli reyestr işə əlavə olunmuşdur. Halbu ki, həmin reyestrdə İddiaçı adı qeyd olunmamışdır. “Elektron məhkəmə” İnformasiya Sistemi vaisitəsi ilə iddiaçı 16 oktyabr 2025-ci il tarixdə Qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsidə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 01 aylıq prosessual müddəti üzürlü səbəblər olmadan buraxaraq, 03 ay müddət keçdikdən sonra apellyasiya şikayəti verməsi əsası ilə şikayəti geri qaytarmışdır. Kollegiya qeyd olunan əsassla apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti geri qaytarılarkən iş üzrə tam, hərtəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi qətnamənin surətinin ilk dəfə 23 iyun 2025-ci il tarixdə iddiaçıya göndərilməsi barədə iş materiallarına müşayətedici məktub, eləcədə göndərilməni təsdiq edən 01 iyul 2025-ci il tarixli reyestr əlavə olunsada, lakin həmin reyestrdə qeyd olunan poçt göndərişlərinin Ağdam poçtna təhvil verilməsi sübut olunmur. Çünki reyestr poçt tərəfindən hər hansı formada təsdiq olunmamışdır. Qətnamənin surətinin təkrar göndərilməsi barədə 01 sentyabr 2025-ci il tarixli müşayət edici məktub olmasına baxmayaraq, qətnamənin surətinin təkrar göndərilməsi barədə işə əlavə olunmuş reyestrdə (09 sentyabr 2025-ci il tarixdə Ağdam rayon poçtu tərəfindən təsdiq olunmuş) İddiaçı adı qeyd olunmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, apellyasiya şikayətinin geri qaytarılması barədə Ağdam Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(013)-1263/2025 nömrəli qərardadı ləğv edilməli, həmin məhkəmənin 19 iyun 2025-ci il tarixli 2(013)-1263/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun müddətdə təqdim edilib-edilməməsi məsələsinə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün mülki iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128, 263, 264, 357, 360, 398, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunsun. Ağdam Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(013)-1263/2025 nömrəli qərardadı ləğv edilsin. Ağdam Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(013)-1263/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğu məsələsinə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün mülki iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2123/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2123/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver