Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2124/2023 29.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iş üzrə Bərdə rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 35738.11 (otuz beş min yeddi yüz otuz səkkiz manat 11 qəpik) manat borcun, əldən çıxmış faydanın əvəzi olaraq hər aya 1% olmaqla, 20 aya görə borcun 20%-i həcmində, yəni 3500 (üç min beş yüz) manatın, vurulmuş mənəvi zərərə görə cavabdehdən 500 manat təzminatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini və Cavabdeh3 əməllərinə hüquqi qiymət verilməsinə dair xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə verərək cavabdehlər Cavabdeh1 10329,40 və Cavabdeh2 13539,67 manat borcun, əldən çıxmış faydanın əvəzi olaraq hər aya 1 faiz olmaqla 20 aya görə borcun 20 faizi həcmində, yəni 3500 manatın vurulmuş mənəvi ziyana görə 500 manat təzminatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(021)-1485/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermiş və prosessual müddətin bərpasına dair ərizə verərək göstərmişdir ki, qətnaməni 02 dekabr 2022-ci il tarixdə rəsmi qaydada almış, 26 dekabr 2022-ci ildə apellyasiya şikayəti vermiş lakin məlumat ala bilmədiyindən 16 fevral 2023-cü il tarixdə məhkəmə ilə əlaqə saxlayan zaman ona elektron kabinet işləmədiyindən köhnə illərə aid işləri görə bilmədiklərini bildirdiklərindən yenidən məhkəməyə müraciət etmişdir. Odur ki, prossesual müddəti üzürlü səbəbdən ötürmüşdür. Ona görə də apellyasiya şikayəti vermək üçün prosessual müddəti bərpa etməklə, işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(021)-1485/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzürsüz səbəbdən ötürüldüyündən bərpa edilməməsi qərara alınmışdır. Cavabdeh2 Bərdə Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(021)- 1485/2019 saylı qərardadından şikayət verərək şikayətində bildirmişdir ki, qətnaməni rəsmi qaydada xx.xx.2022-ci il tarixdə almışdır və apellyasiya şikayətini xx.xx.2022-ci il tarixində asan imza ilə elektron məhkəmə kabineti vasitəsilə vermişdir. Bundan başqa Bərdə Rayon Məhkəməsinin barəsində şikayət verdiyi qərardadını 09 iyul 2023-cü il tarixdə rəsmi qaydada imza edərək aldığını qeyd etmişdir. Buna görə də şikayətin təmin edilərək Bərdə rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadının ləğv edilərək qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Bərdə Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadı ilə şikаyət təmin edilməmiş, bаxılmаsı üçün iş materialları ilə birlikdə 7 (yeddi) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1485/2019 saylı mülki iş üzrə 02 mart 2023-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı 21 iyul 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası məsələsinə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Həmin Məcəllənin 357.1-ci maddəsinə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Birinci instansiya məhkəməsi prosessual müddətin bərpasından imtina barədə qərardadında qeyd etmişdir ki, Bərdə Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 08 dekabr 2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, Bərdə Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, ərizəçi məhkəməyə ünvanladığı ərizədə uzun müddət xəstə olduğuna görə apellyasiya şikayəti verə bilmədiyini qeyd etsə də, onun həmin müddəti üzürlü səbəbdən ötürməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də ərizəni əsassız hesab etmiş və prosessual müddətin bərpasından imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmır və aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(021)-1485/2019 nömrəli qətnaməsi 30 may 2019-cu il tarixdə Cavabdeh2 göndərilmiş, həmin qətnamənin surəti sonuncuya çatdırılmadığından o, ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin ona verilməsini xahiş etmiş və 02 dekabr 2022-ci il tarixdə məhkəmə qətnaməsinin surətini rəsmi qaydada əldə etmişdir. Daha sonra, yəni 22 fevral 2022-ci il tarixdə apellyasiya şikayəti və şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 02 mart 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddəti üzürsüz səbəbdən ötürdüyündən bərpa edilməmişdir. Birinci instansiya məhkəməsi həmin qərardadında Cavabdeh2 08 dekabr 2022-ci il tarixdə apellyasiya şikayəti verdiyini, Bərdə Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarıldığını qeyd etsə də, həmin tarixli apellyasiya şikayəti və apellyasiya şikayətinin geri qaytarılması barədə Bərdə Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı iş materiallarında aşkar edilməmişdir. Bundan başqa, məhkəmə iş üzrə 02 mart 2023-cü il tarixli qərardadında qeyd etmişdir ki, ərizəçi məhkəməyə ünvanladığı ərizədə uzun müddət xəstə olduğuna görə apellyasiya şikayəti verə bilmədiyini qeyd etsə də, onun həmin müddəti üzürlü səbəbdən ötürməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, ərizəçinin məhkəməyə ünvanladığı ərizədən müəyyən olunur ki, həmin ərizədə ərizəçi uzun müddət xəstə olduğuna görə apellyasiya şikayəti verə bilmədiyi barədə heç nə qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bərdə Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadı tam, onunla bağlı 21 iyul 2023-cü il tarixli 2(076)-2071/2023 saylı qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası məsələsinə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1485/2019 saylı mülki iş üzrə 02 mart 2023-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı 21 iyul 2023-cü il tarixli qərardadı qismənşikayətin təmin olunmaması hissəsində ləğv edilsin. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası məsələsinə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2124/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2124/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver