Məhkəmə qərarları › İş №2(104)-2128/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2128/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2128/2025 01.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin 2(013)-2202/2024 nömrəli mülki iş üzrə qəbul etdiyi 28 oktyabr 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2202/2024 nömrəli qətnaməsi ilə İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinin təmin edilməsi, cavabdehdən 4600 manat pul və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 66 manat, ümumilikdə 4666 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən 24 oktyabr 2025-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsi(bundan sonra- Rayon Məhkəməsi) iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Rayon Məhkəməsi “apellyasiya şikayətinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, şikayət verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinin (apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə) tələbləri pozulmuşdur, müddətin bərpası ilə bağlı vəsatət verilməmiş, ona görə də şikayət geri qaytarılmalıdır. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdeh isə qərardaddan verdiyi şikayətdə bildirir ki, məhkəmə qərardadda qeyd edir ki, məhkəmə iclası barədə cavabdehin telefon nömrəsinə SMS bildiriş və məhkəmə bildirişi göndərilmiş, həmin məlumatlar ona çatmış, sonra isə qətnamə Cavabdeh ünvanına göndərilmiş, poçt xidməti tərəfindən qətnamənin yerləşdirildiyi məktub məhkəməyə geri qaytarılmamışdır. Qeyd olunan səbəblərdən məhkəmə hesab etmişdir ki, şikayət qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verilmişdir. Məhkəmə qərardadında qeyd olunanlar həqiqəti əks etdirmir, belə ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamə ünvanına göndərilməmişdir. Poçt xidməti tərəfindən qətnamənin yerləşdirildiyi məktubun məhkəməyə geri qaytarılmaması isə həmin qətnamənin rəsmi təqdim olunmasına dəlalət etmir. Qətnamə cavabdehə rəsmi qaydada məhkəməyə müraciət etdikdən sonra xx.xx.2025-ci il tarixli məktubla poçt vasitəsilə cavabdehin faktiki ünvanına göndərilərək təqdim edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər(maddə 360). Məhkəmə qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)- 2202/2024 nömrəli qətnaməsinin cavabdehə rəsmi qaydada çatdırılmasını təsdiq edən sənəd iş materiallarında olmasa da, iş materialları ilə cavabdehin məhkəmə qətnaməsindən məlumatlı olduğu müəyyən edilir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2202/2024 nömrəli qətnaməsi məlumat üçün cavabdehə göndərilmişdir(iş vər. 29-30). Qətnamə 01 oktyabr 2024-cü ildə icra olunması üçün Ağcabədi rayon icra və probasiya şöbəsinə göndərilmiş və 23 oktyabr 2024-cü il tarixdə icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş icra işinin materiallarından görünür ki, sözügedən icra sənədi üzrə icra və probasiya şöbəsində 14 aprel 2025-ci il tarixdə cavabdehin izahatı alınmış, icra sənədini icra etməməsi üçün 14 aprel 2025-ci il tarixdə cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(017)-210/2025 nömrəli qərarı ilə cavabdeh barəsində başlanılmış icraata xitam verilmişdir. Cavabdeh həmin inzibati iş üzrə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, barəsində çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanaşır. O, maddi imkanı olmadığı üçün borcunu tam olaraq ödəyə bilməmiş, hazırda borcundan 1000 manat ödəmiş, qalan borcunu isə qısa müddət ərzində ödəyəcəyinə söz verir. İcra işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı cavabdehdən məhkəmə zalında 1000 manat pul təhvil almışdır. Göstərilənlərə əsasən, Məhkəmə cavabdehin 26 avqust 2024-cü il tаrixli qətnamədən məlumatsız olmasını inandırıcı və ağlabatan hesab etmir. Cavabdeh mübahisədən, məhkəmə icraatında işin olmasından, borcun tutulması barədə məhkəmə qətnaməsindən, həmin qətnamənin icraya yönəldiləməsindən artıq məlumatlı olmuşdur. Belə olan halda barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı olan tərəf qətnamənin surətini əldə etmədiyi halda, vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdeh isə məlumatlı olduğu halda hərəkətsizlik göstərmiş, qətnamənin qəbulundan 1 ildən artıq müddət keçdikdən sonra 24 oktyabr 2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yönəlmişdir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “apellyasiya şikayətinin geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Ağdam Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2025ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar