Məhkəmə qərarları › İş №2(104)-2132/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2132/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2132/2024 19.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi; sübut yetərsizliyi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(021)-188/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015ci il tarixli ******* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Məmmədli kəndində yerləşən 10.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır;

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Məmmədli kəndində yerləşən 6.8082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır;

3. xx.xx.2023-cü il tarixli aktdan qeyd edilmişdir ki, "xxxx" MMC Bərdə filialının fermeri İddiaçı 05/23-99 nömrəli müqavilə üzrə aparılmış 7 ha pambıq sahəsinə baxış keçirilən zaman bəzi nöqsanları aşkar etmişlər. Əkin aparılmiş 7 ha sahənin 5 hektarında pambıq səpini aparılmışdır. Səpin aparılmış 5 ha sahənin 0.30 hektarını su basması nəticəsində bitişin almaması müəyyən edilmişdir. Həmçinin sahənin su basması nəticəsində heç bir aqrotexniki işlər görmək mümkün olmamışdır. Əkin aparılmış 7 ha sahənin 2 hektarında şum aparılmasına baxmayaraq həmin şumlanmış 2 ha sahənin 0.25 hektarını su basaraq göl əmələ gəlmiş və ona görə həmin sahədə pambıq səpini aparmaq mümkün olmamışdır;

4. Bərdə rayon İcra Hakimiyyətinin Başçısının aparatının 07 iyul 2023-cü il tarixli 3/539 nömrəli məktubunda qeyd edilmişdir ki, Bərdə rayonu Məmmədli kəndində yerləşən 7 ha torpaq sahəsinə aqrotexniki qaydalara düzgün əməl edilərək 1 ha çəkilən xərc 1600-1700 manat olmaqla, həmin pambıq sahəsindən 30-35 sentner məhsul götürülə bilər. Hazırda pambığın bir kiloqramının satış qiyməti 0.97 manatdır;

5. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 001/613 nömrəli rəyində qeyd edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-188/2024 saylı qərardadına əsasən Bərdə rayonu Məmmədli kənd sakini İddiaçı məxsus torpaq sahəsində pambıq əkini ilə bağlı çəkilən xərc və məhsuldarlıq barədə “P-Aqro" MMC-nin Bərdə filialında 2023-cü ildə 1850 ha sahədə pambıq əkini həyata keçirilmişdir. Bir hektardan filial üzrə orta məhsuldarlıq 24 sentner olmuşdur. Bir hektara orta hesabla şirkət tərəfindən çəkilən xərc 1662 manat olmuş, bir kq xam pambığın satış qiyməti 1-ci növ üzrə-0.80 AZN, 2-ci növ üzrə-0.78 AZN. 3-cü növ üzrə-0.74 AZN. 4-cü növ üzrə-0.70 .AZN. 1 kq kondisiya çəkidə təhvil verilən xam pambığa görə verilən subsidiya isə 0.19 AZN təşkil etmişdir. Fermer Bərdə rayon Məmmədli kənd sakini İddiaçı ilə "xxxx" MMC-nin Bərdə filialı arasında bağlanmış 05/23-99 nömrəli xx.xx.2022- ci il tarixli müqavilə əsasında 8 ha sahədə pambıq əkini həyata keçirilmişdir. Şirkət tərəfindən 8 ha sahəyə ümumilikdə 8280.30 manat dəyərində aqrotexniki işlər görülmüş, toxum, gübrə və pestisid verilmiş, avans ödənilmişdir. Orta hesabla bir hektara 1035.04 manat maliyyə xərci çəkilmişdir. “P-Aqro" MMC-nin Bərdə Filialı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan göründüyü kimi fermer İddiaçı sahəsini su basmış, bunun müqabilində şirkətə 6987.09 manat dəyərində kondisiya çəkidə 8762.89 kq xam pambıq təhvil verilmiş, məhsuldarlığı isə hər hektardan 12 sentner olmuşdur. Cəmiyyət üzrə orta məhsuldarlığın hər hektardan 24 sentner olduğunu nəzərə alsaq fermer İddiaçı dəymiş zərər hər hektardan 12 sentner təşkil edər.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bərdə rayon Məmmədli kəndində yaşayan Cavabdeh əmlakına qəsdən vurduğu ziyana görə 35665 manat pulun və ödənilmiş 197 manat dövlət rüsumu alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Bərdə rayon Məmmədli kəndində yerləşən 10.72 ha və 6.8082 ha torpaq sahələri vardır. Qeyd etdiyi 6.8082 ha torpaq sahəsinə xx.xx.2015-ci il tarixdə ********* nömrəsi ilə qeydiyyata alınmış seriya RX ******* saylı, 10.72 ha torpaq sahəsinə isə xx.xx.2015-ci il tarixdə ********** nömrəsi lə qeydiyyata alınmış seriya RX ******* saylı çıxarışlar verilmişdir. O, həmin torpaq sahələrində ailə dolanışığını təmin etmək üçün pambıq əkini ilə məşğul olur. Bu səbəbdən də "xxxx" MMC-ilə 05/23-99 saylı müqavilə bağlamışdır və Bərdə rayonunda yerləşən Pambıq zavodu ilə razılaşaraq əkdiyi pambığı onlara satır. Lakin, Cavabdeh sahəsinə su qoşmuşdur və nəticədə əkdiyi pambıqlar məhv olmuşdur. Bu barədə "xxxx" MMC-nin Bərdə filialı 09 iyun 2023-cü il tarixdə akt tərtib etmişdir. Aktdan da göründüyü kimi, əkin apardığı 7 ha pambıq sahəsinin 5 hektarında pambıq səpini aparılmış, səpin aparılmış 5 ha sahənin 0.30 hektarını su basması nəticəsində bitişin alınmaması müəyyən edilmişdir. Həmçinin sahənin su basması nəticəsində heç bir aqrotexniki işlər görmək mümkün olmamışdır. Əkin aparılmış 7 ha sahənin 3 hektarında şum aparılmasına baxmayaraq həmin şumlanmış 2 ha sahənin 0.25 hektarını su basaraq göl əmələ gəlmiş və ona görə həmin sahəsə pambıq səpini aparmaq mümkün olmamışdır. Cavabdeh bunu qəsdən və bilərəkdən etmişdir. Əkinini məhv etmişdir. İstəyi isə onun torpağı tərk etməsidir. Bununla bağlı Bərdə rayon Polis Şöbəsinə də şikayət ərizəsi ilə müraciət etmiş, lakin məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Bərdə rayon İcra Hakimiyyətinin vermiş olduğu məktubda 7 ha torpaq sahəsinə aqrotexniki qaydalara əməl etməklə 1 ha torpaq sahəsindən 30-35 sentner məhsul götürmək olduğu, bir kq pambığın satış qiymətinin 0.97 qəpik olduğu və 1 ha torpaq sahəsinə çəkilən xərcin 1600-1700 manat olduğu bildirilmişdir. Buradan da görünür ki, 7 ha torpaq sahəsinə çəkilən xərc 1700 manat olmaqla 11900 manat, 7 ha torpaq sahəsindən 35 sentner olmaqla 245 sentner pambıq sahəsi çıxılarsa, 3500 sentner 0.97 qəpikdən 7 ha olaraq hesablanarsa 23765 manat təşkil edir. 23765+11900 manat ziyanlıq cəmi 35665 manat təşkil edir. Bu vaxta qədər hər səfərində cavabdehdən dəymiş ziyanı olan 35665 manat pulun verilməsini tələb etməsinə baxmayaraq, cavabdeh dəymiş ziyanı ödəməkdən imtina etmişdir. O da məcbur qalıb məhkəməyə müraciət etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Bərdə rayonu Məmmədli kəndində su bölgüsünə o nəzarət edir. Cavabdeh səhlənkarlığı nəticəsində İddiaçı sahəsini su basmamışdır. Əlavə olaraq qeyd edib ki, İddiaçı sahəsinin yanından kanal keçir və həmin kanalın aşması nəticəsində əvvəllər də onun sahəsini dəfələrlə su basmışdır.

9. Bərdə Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(021)-188/2024 nömrəli qətnaməsi ilə (hakim Ziya Abdullayev) İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 374.1, 375.1 və 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia ərizəsində göstərilənlərlə yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh onun mülkiyyətində olan torpaq sahələrinə külli miqdarda ziyan vurdmuşdur. İddia ərizəsi verən zaman bütün sübutlarını məhkəməyə təqdim etmişdir. Torpaq sahələrində ailə dolanışığını təmin etmək üçün pambıq əkini ilə məşğul olur. Bu səbəbdən "xxxx" MMC-ilə 05/23-99 saylı müqavilə bağlamış və Bərdə rayonunda yerləşən Pambıq zavodu ilə razılşaraq əkdiyi pambığı onlara satması barədə razılıq əldə etmişdir. Lakin, Cavabdeh onun torpaq sahəsinə su qoşmuşdur və nəticədə əkdiyi pambıqlar məhv olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmə tərəfindən heç bir araşdırma aparılmamışdır. Lakin, cavabdehlə bir-birlərini başa düşmüşlər. Cavabdeh özü etiraf edir ki, ona dəyən ziyanın əvəzini ödəyəcəkdir. Lakin, hələ də vurduğu ziyanın əvəzini ödəməyib. Torpaq sahəsi isə bütövlükdə yararsız vəziyyətə düşmüşdür. Salehin icarəyə götürdüyü, mal-qara saxladığı yer ona məxsus sahənin yaxınlığındadır. Bələdiyyə torpağı olsa da, cavabdeh həmin sahəni örüş sahəsi kimi istifadə edir, lakin hansı əsasla istifadə etdiyini bilmir. Həmçinin, cavabdeh həmin sahəyə su buraxır ki, əkdiyi bitkilər bitsin, həmin su da axıb gəlib onun torpaq sahəsini məhv etmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, ona məxsus torpaq sahəsi 20 ha təşkil edir və orada əvvəllər arpa, taxıl əkmişdir. İndi isə torpağın 10 ha hissəsinə pambıq əkmişdir. Dəymiş ziyanla bağlı akt tərtib olunub, İcra Hakimiyyətindən kadrlar gəlib ziyan məbləğini müəyyən ediblər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, iddiaçıya məxsus torpaq sahələri ilə onun torpaq sahəsi arasında 40 hektar başqa şəxsə aid torpaq sahəsi var. İddiaçının bildirdikləri heç məntiqli deyil. Onun tərəfindən iddiaçıya məxsus torpaq sahələrinə heç bir ziyan vurulmamışdır. İddiaçıya ziyan vurmağı ilə bağlı heç bir etirafı da olmamışdır. Bələdiyyə torpağından su çıxmır, nəinki su iddiaçının torpaq sahəsinə axsın. İddiaçının torpağına yaxın yerdə icarəyə torpaq götürməmişdir. Artıq ikinci ildir ki, iddiaçı ondan əl çəkmir, ona şər atır. Zərurət varsa, iddiaçıya və ona məxsus torpaq sahəsinə baxış keçirilsin. Əgər iddiaçıya məxsus torpaq sahəsinə ziyan vurduğu müəyyən edilərsə, dəymiş ziyanın əvəzini ödəyər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, bələdiyyədən heç bir torpaq sahəsi icarəyə götürməmiş və iddiaçya məxsus torpaq sahələrinin yaxınlığında ona məxsus hər hansı torpaq sahəsi yoxudur. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışlara əsasən Bərdə rayonu Məmmədli kəndində yerləşən 10.72 ha və 6.8082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Bununla yanaşı müəyyən olunur ki, Bərdə rayonu Məmmədli kəndində Cavabdeh məxsus torpaq sahəsi də vardır və həmin torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsindən xeyli uzaq məsafədə yerləşir. İddiaçı özünə məxsus torpaq sahələrində pambıq əkdiyini, lakin cavabdehin qəsdən həmin torpaq sahələrinə su axıtığını, bunun nəticəsində isə torpaq sahələrindəki əkinə ziyan dəydiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

33. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

34. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. 35.“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

36. Kollegiya hesab edir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, cavabdehin ona məxsus torpaq sahələrinə qəsdən su axıdaraq, həmin torpaq sahəsində əkilən pambıq məhsullarının yarasız vəziyyətə düşməsini, yəni zərər mövcud olsa da, həmin zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulduğunu sübut edə bilməmişdir.

37. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

39. Xüsusilə nəzərə almaq lazımdır ki, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür.

40. Hazırkı işdə iddiaçı bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və iddiasını sübuta yetirə bilməmişdir.

41. Birinci instansiya məhkəməsinin iddianı təmin etmədiyi zaman əsas götürdüyü şahid ifadəsi ilə bağlı kollegiya qeyd edir ki, həmin şahid ifadəsi mötəbər sübut olaraq qiymətləndirilməli və qeyd olunmalıdır ki, şahid Abbas Abbasov işin həqiqi halları barədə məlumatı olan şəxsdir. Çünki, o, tərəflərə məxsus torpaq sahələrinin yerləşdiyi kəndin su nəzarətçisidir və kənd ərazisində baş verən su problemləri, habelə oradakı əkin sahələrində sudan necə istifadə edilməsi barədə məlumatlara malikdir. Hansı ki, bu məlumatlar da işin obyektiv həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, şahid Abbas Abbasov tərəflərin hər hansı biri ilə qohumluq və ya xidməti asılılıq münasibətlərində deyil ki, mübahisənin tərəflərin birinin xeyrinə həll edilməsində maraqlı olsun. Şahid ifadəsinin mötəbərliyini şübhə altına alacaq hər hansı hal mövcud olmadığından şahid ifadəsi mötəbər sübut olaraq qəbul edilməlidir.

42. Eyni zamanda, iddiaçı və cavabdehin mülkiyyətində olan torpaq sahələrinin koordinat, sxem-cizgi və yerləşmə yerinə (bax işin 104-105-ci səhifələri) nəzər salarkən də cavabdehə məxsus torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahələri ilə qonşu ərazilər olmadığı, əksinə onlara məxsus torpaqlar arasında xeyli məsafə olduğu müəyyən edilir ki, bu halda cavabdehə məxsus torpaq sahəsindən iddiaçıya məxsus torpaq sahələrinə su verilməsi, habelə su sızması olması inandırıcı və ağlabatan hal deyildir.

43. Bundan əlavə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı mütəxəssis rəyi alınması barədə qərardad qəbul edilərək mütəxəssis qarşısında cavabdeh tərəfindən iddiaçıya məxsus orpaq sahələrinə suyun axıdılmasının müəyyən olub-olmaması ilə bağlı suallar qoyularaq qərardad icra olunması üçün 7 saylı Bərdə Ərazi İdarəsinə göndərilsə də, lakin sualların cavablandırılması səlahiyyətləri xaricində olduğundan cavab verilməsi mümkün olmamışdır.

44. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında Cavabdeh ona məxsus torpaq sahəsinə yaxınlıqda torpaq sahəsi icarəyə götürərək mal-qara saxladığını və sudan istifadə etməsi nəticəsində ona məxsus torpaq sahəsinə su sızdığını bildirsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh isə sədrlik edənin sualına cavab olaraq iddiaçının torpağına yaxın yerdə hər hansı torpaq sahəsi icarəyə götürmədiyini bildirmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahələrinə su axıdaraq, həmin sahədə əkilmiş pambıq məhsullarının yararsız vəziyyətə salınmasında təqsiri müəyyən olunmadığından, ondan maddi zərərin əvəzinin tutulması qanuni əsaslara söykənmir.

46. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassız olmaqla mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(021)-188/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar