Məhkəmə qərarları › İş №2(104)-2138/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2138/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2138/2023 28.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban оğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibаrət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Safaləddin oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanının ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(125)-646/2023 nömrəli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 Safaləddin oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 17 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə 1239,82 ABŞ dolları əsas, 2218,88 ABŞ dolları faiz, 2838,18 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi 17 yanvar 2015ci il tarixindən 07 oktaybr 2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 716,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 7013,18 ABŞ dolları borcun və ödənilmiş 125,26 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması; Cavabdeh1 və Cavabdeh3 tutulmalı olan məbləğ, yəni cəmi 7013,8 ABŞ dolları borcun və ödənilmiş 125,26 manat dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətindəki **-DB-*** dövlət qeydiyyat nişanlı, 1998-ci il buraxılışlı, açıq boz metallik rəngli “Opel-Sintra-2.2 minik” markalı (ban: 4GDDU03A6VD285226) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borcun yönəldilməsi üçün kifayət etmədikdə qalan hissəsinin ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(125)-646/2023 nömrəli (hakim C.Tağıyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 17 yanvar 2013-cü il tarixli, 10-M-1-0-71-13 kredit müqaviləsi üzrə 1202,67 ABŞ dolları əsas borc, 721,92 ABŞ dolları faiz borcu, 38 ABŞ dolları cərimə və 716,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 2678,89 (iki min altı yüz yetmiş səkkiz ABŞ dolları 89 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 65,54 manat manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; Tutma 16 yanvar 2013-cü il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus 20DB340 qeydiyyat nömrə nişanlı, Opel-Sintra-2.2 minik markalı avtomobilə yönəldilməsi və həmin avtomobil açıq hərracda satılaraq satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 17 yanvar 2013-cü il tarixli, 10-M-1-0-71-13 nömrəli kredit müqaviləsi üzrə borcu ödənilməsi; Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan borc cavabdehdən ümumi qaydada tutulması; Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa Cavabdeh2 qaytarılması; Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı ASCdən alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(125)-646/2023 nömrəli (hakim C.Tağıyev) qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan iddiaçı "xxxx" ASC şikayət verərək, qərardadın ləğv olunmasını, əks halda baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(125)-646/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 361-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 363-cü maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(125)-646/2023 nömrəli qətnaməsindən İddiaçı ASC apellyasiya şikayəti vermiş, şikayət kiril əlifbası ilə tərtib olunması əsası ilə geri qaytarılmışdır. Mülki iş materiallarının 129-133-cü vərəqələrində olan apellyasiya şikayətindən müəyyən olunur ki, şikayətin giriş hissəsində “Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına”, İddiaçı Açıq Səhmdar Cəmiyyəti yazıları, eləcədə apellyasiya şikayətinə əlavə olunmuş sənədlərin adları kiril qrafikası ilə yazılmışdır. Eyni zamanda mülki işin materiallarının 134-138 vərəqələrinə əlavə olunmuş apellyasiya şikayəti isə tam olaraq latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini kiril qrafikası ilə tərtib olunması əsası ilə geri qaytarmaqda haqlı olmammışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(125)-646/2023 nömrəli qərardad ləğv edilməli və İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin digər mümkünlük şərtlərinin yoxlanılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti var. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Apellyasiya şikayətinin geri qaytarılması barədə Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(125)-646/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" ASC tərəfindən Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(125)-646/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin digər mümkünlük şərtlərinin yoxlanılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar