Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2139/2023 12.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3752/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən onun xeyrinə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1582/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən sabit pul məbləğində tutulan 170 manat alimentin miqdarının artırılaraq hər ay üçün 250 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3752/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Fuad Fərhadov) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3752/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edən zaman uşağın yaşayış minimumu 193 manat, 2023-cü ildən isə 220 manata qalxmasını nəzərə almamışdır. Göründüyü kimi, uşağın yaşayış minimumu yəni xərcləri valideynin gəlirindən asılı olmayaraq artmışdır. 2024-cü ildə bu xərclər daha da artacaq. 170 manat sabit pul məbləğində aliment yaşayış minimumundan azdır. Məhkəmə uşağın xəstə olmasını, idman, məktəbdən əlavə dərnəklərə getməsini nəzərə almamışdır. İddiaçı və Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq işi ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-3752/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 10 yanvar 2015-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1582/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaq anasının yanında saxlanılmış, xx.xx.2022-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Rifat adlı uşağın xərclərinin artmasını, 170 manat alimentin cavabdehin aylıq gəliri və yaşayış minimumu ilə müqayisədə az olmasını əsas gətirməklə, cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi əvvəlki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçının özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməməməsi əsası ilə iddianı təmin etməmişdir. İddiaçı isə məhkəmənin həmin nəticəsi ilə razılaşmayaraq, hər bir tərəfin ailə və maddi vəziyyətinin araşdırılmalı olmasını, uşağın yaşayış minimumunun valideynin gəlirindən asılı olmayaraq artması, birgə nikahdan doğulmuş uşağın xəstə olmasını, idman, məktəbdən əlavə hazırlıq, dərnəklərə getməsini göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq, iddiaçının dəlillərini əsassız sayır. Belə ki, iddiaçı dəlillərini təsdiq edən mötəbər sübut növlərini nə apellyasiya şikayətinə əlavə etməmiş, nə də heç bir üzürlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməyərək istinad etdiyi halları sübuta yetirməyə çalışmamışdır. Cavabdeh isə birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında təyin edilmiş əvvəlki aliment məbləğini çətinliklə ödədiyini, "xxxx" QSC-də xətt baxıcısı işləyərək, ayda 485 manat qazanc əldə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. İş materiallarından isə görünür ki, aliment müəyyən edildikdən sonra Cavabdeh maddi vəziyyətində müsbət mənada dəyişiklik olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımalarını, alimentin tutulması barəsində qətnamə qəbul edilməsindən (xx.xx.2022-ci il tarix) 1 ildən bir az artıq müddət keçməsini, Cavabdeh yüksək gəlirlərə malik olmasına dair iddiaçının sübut növü təqdim etməməsini, cavabdehin özünün birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında işləyərək, ayda 485 manat qazanc əldə etməsini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunu uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3752/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3752/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2139/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2139/2023
12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver