Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2143/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(076)-1882/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli şəxsin cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, X1 öz izahatında göstərmişdir ki, o ailə üzviləri ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. Şəmkir rayonu, Keçili kəndi ərazisində olan torpaq sahəsində 3 (üç) ədəd balıq saxlamaq üçün suni göl yaratmışdır. Həmin ərazini beş ildən çoxdur ki, istifadə edir. Həmin göl əraziləri əvvəllər istifadə edilməmiş, daşlıq ərazi olmuşdur. Sonradan o, həmin sənədi olmayan ərazinin kənarlarına alt hissədən dəmir borular yeləşdirib üzərini torpaq bəndlər düzəltdirərək həmin hovuz kimi yaradılan yerə su çəkərək süni göl yaradıb göldə balıqlar saxlamışdır. İddiaçı tanıyır, onunla arlarında heç bir narazılıqları və ədavətləri olmamışdır. Onun istifadə etdiyi 03 ədəd süni gölləri o, şərikli istifadə etmişdir. Onunla Mirrǝfi Seyidov arasında tanışlıq 2022-ci il tarixdə tanışı Elvin adlı şəxsin vasitəsi ilə yaranmışdır. Onunla tanışlığı yaranandan sonra Şəmkir rayonu ərazisində istixana almaq istədiyini və istifadə edəcəyini demiş, tanışı Elvin onları Şəmkir rayonu, Qapanlı kənd sakini Raminin istilikxanasını satmaq fikrində olduğunu deyib onları həmin yerə aparmış, Raminlə söhbət etdikdən sonra Mirrəfi ilə Raminin sövdələşməsi baş tutmamış, Elvin Mirrǝfiyə tanışı Cavabdeh məxsus süni balıq göllərinə maya qoymağı bildirmişdir. Mirrəfi ona məxsus göllərə baxıb göllərdən birini bəyənmiş, İddiaçı onunla razılaşdıqdan sonra həmin gölə təxminən 6700 manat xərc çəkmiş, lakin bir müddət sonra işləri baş tutmamış və əlavə pula ehtiyacları olmuşdur. İddiaçı pulu olmadığını və satılası əşyaları olduğunu bildirib Bakı şəhərinə qayıtmağı bildirərək çıxıb getmişdir. Lakin, bir neçə ay sonra İddiaçı Şəmkir rayonuna qayıtmış, ona həmin gölə balıq tökməyi qərarlaşdırdığını bildirmiş, həmin vaxt isə artıq Ramin həmin gölə balıq tökdüyünə görə ziddiyyətli vəziyyət yaranmış, nəhayət İddiaçı Raminin gölə çəkdiyi 5.000 (beş min) manatı Raminin borclu olduğu şəxslərə ödəmiş və gölə yenidən körpə balıqlar tökməyə başlamışdır. Nəticədə özü xəstələnib korona virusa yoluxmuş, xəstəxanada olan zaman Mirrǝfi Seyidov balıqları ucuz qiymətə satmış, balıqlara çəkdikləri xərcdə ziyan etmişlər. Bundan sonra Mirrǝfi Seyidovla aralarında narazılıq yaranmış, İddiaçıla aralarında gölün içərisinə və ətrafına çəkdiyi xərci çıxardıqdan sonra arada qalan qazanclarını böləcəkləri barədə şifahi razılığa gəlmişlər. Bundan sonra Mirrǝfi Seyidov 2021-ci ilin mart ayında Şəmkir rayonuna qayıdıb yenidən gölün birinə onun məlumatı əsasında balıq tökmüş, təxminən İddiaçı 15.000 manat xərc çəkmiş, 15.000 manat qarşılığında 2023-cü ilin yanvar ayında balıqların satışından 18.800 manat qazanc əldə olunmuş, həmin pulun 10 min manatı Mirrəfiyə ödənilmiş, 8000 manat hissəsini isə Gəncə şəhərinə gedib o, Məmiş adlı tanışından götürmüş, həmin vaxt ərzində o, özü işbirliklərinə 12.500(on iki min beş yüz) manat pul xərcləmiş, onun 8.000 manat pulu xəbərsiz müştəridən götürdüyünü öyrənən Mirrafi Seyidov ona zəng edib nə üçün ondan xəbərsiz pulu götürdüyünü bildirmiş, ona çəkdikləri xərclərə görə olan borclarını ödəmək məcburiyyətində olduğunu, pulu alıb borclarının bir hissəsini ödədiyini dilə gətirmiş, bundan sonra işbirlikləri pozulmuşdur. İddiaçı onun istifadəsində olan gölə ümumilikdə 31.800 manat xərc çəkmiş, sonradan işləri alınmamış və Mirrafi Seyidov ondan həmin 31.800 manat pulu geri verməsini tələb etmişdir. O, Mirrǝfi Seyidova ona məxsus gölə 31.800 manat xərc çəkdiyi barədə məlumatının olduğunu bildirmiş, İddiaçı 31.800 manat pulu qaytarmağı üçün onda olan gölün birini ona verməsini və həmin 31.800 manat pulu çıxardıqdan sonra həmin gölü ona yenidən geri qaytarmasını bildirmiş, lakin İddiaçı onunla razılaşmamış və İddiaçı nə vaxt pulu olarsa geri qaytaracağını bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 34000 manat pulun və dövlət rüsumu hesabına ödədiyi 192 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi əvvəllər tanımamışdır. İlk dəfə 07 iyun 2020-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Şəmkir rayonuna tanışları ilə məsləhətləşmək üçün gəlmişdir. Həmin vaxtı onun istixana alaraq onu işlətmək fikri olmuşdur. Şəmkir rayonunda olan qohumlarının vasitəçiliyi ilə Cavabdeh tanımışdır. Həmin günü Kür qəsəbəsinə gedən yolun üzərində yerləşən restoranda X4 Məmmədovun qohumu Elvin adlı şəxslə görüşərək onlarla birlikdə yemək yeyib istixana məsələsini müzakirə etmişlər. O istixana barədə fikrini onlara bildirdikdən sonra Elvin ona Şəmkir rayonu Yenikənd kəndində Ramin adlı şəxsin istixanasının olmasını eşitdiyini bildirmişdir. Onlar sonra birlikdə həmin kənddə yaşayan Ramin adlı şəxsin istixanasına baxmaq üçün birlikdə getmişlər. 6 ədəd istixanaya baxış etdikdən sonra o həmin istixanaları almaq fikrində olduğunu bildirmişdir. Lakin yolda söhbət zamanı Cavabdeh onun süni balıq göllərinin olmasını bildirərək ona balıq göllərinə baxmağı təklif edərək istixana işindən uzaq durmağı bildirmişdir. Həmin günün səhəri qayınatası İsrayıl və Cavabdehla birlikdə balıq göllərinə baxmaq üçün birlikdə gölün yerləşdiyi əraziyə getmişlər. Həmin göldən xoşu gəlmişdir. Lakin orada vacib olan çox işlərin görülməli olduğunu da qabaqcadan bildirmişdir. Bunu eyni zamanda cavabdeh də bilmişdir. Gölün həm ətrafında, həm də içərisində balıqçılıq ilə məşğul olmaq üçün, şərait yaradılması məqsədilə 6771 manat pul xərcləmişdir. Bununla bağlı özü də, müvafiq qeydiyyat aparmışdır. Lakin, gölün suyun qarşısının alınmayacağını gördükdən sonra Cavabdeh ona məxsus olan həmin obyektə qoyulmuş pulun qaytarılmasını tələb etmişdir. 2021-ci ildə Cavabdeh onu yeni gölə baxmağa dəvət etmiş və gölün yaxşı olmasını bildirmişdir. O, 18 mart 2021-ci il tarixdə Bakı şəhərindən Şəmkir rayonuna gəlmiş və Kür qəsəbəsində yerləşən gölə baxmağa getmişlər. Həmin gölün bərbad vəziyyətdə olmasını Cavabdeh bildirmiş və o özü də, bu işlə məşğul olan şəxslərlə əlaqə yaratmışdır. Həmin gölə 60 min manata yaxın pul xərclənməsi lazım olduğunu, ondan sonra gölün işlək vəziyyətə gətirilməsini öyrənmişdir. Bu fikri Cavabdeh bildirmişdir. O isə bununla razılaşmışdır. İddiaçı ümumilikdə həmin gölü istifadə halına gətirmək üçün ümumilikdə qurğularla birlikdə 50879 manat xərc çəkmişdir. Həmin göldən isə ümumilikdə 26666 manat pul götürmüşdür. Bununla da ona 24213 manat ziyan dəymişdir. O həmin pulu Cavabdeh gölünə qoyduğunu bildirərək ondan həmin pulu tələb etmiş və bu məqsədlə onunla görüşmüşdür. Həmin vaxt Sədrəddin ona olan 24000 manat borcu qaytara bilməyəcəyini və həmin borcun əvəzində 1 ədəd balıq saxlamaq üçün göl verəcəyini bildirmişdir. Danışığa görə həmin gölü iddiaçı istifadə edərək 24000 manat ziyanlığını çıxararaq cavabdehə təhvil verməli olmuşdur. Həmin razılaşmadan sonra bir il ərzində həmin gölə 30404 manat pul xərcləmişdir. Həmin gölü istifadə edib 18800 manat dəyərində balıq satmışdır. Həmin balıqları isə Məmiş adlı şəxsə satmışdır. Məmiş adlı şəxs də həmin puldan 10000 manatı onun istifadəsində olan karta göndərmişdir. Yerdə qalan 8800 manat pulu isə həmin gecənin səhəri Gəncə şəhərində yerləşən obyektdə verməsini bildirmişdir. Lakin Cavabdeh etibardan sui istifadə edərək 8800 manat pulu Məmiş adlı həmin şəxsdən almışdır. Səhəri günü o, balığı satdığı Məmiş adlı şəxslə əlaqə yaratdıqda o, 8000 manat pulu Sədrəddinə vermişdir. Beləliklə, Cavabdeh ona ümumilikdə 34000 (otuz dörd min) manat məbləğində ziyan vurmuşdur. Dəfələrlə Cavabdeh bu işin sülh yolu ilə sonlandırılması üçün təkliflər etsə də, o hər dəfəsində müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. Belə ki, cavabdeh onunla əvvəlki razılaşmasında bildirmişdir ki, ona məxsus olan bir gölü istifadə edərək onun obyektinə qoyduğu xərci çıxara bilərdi. Lakin sonradan ona verilməli olan pulu da alaraq mənimsəmişdir. Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılarkən bunları etiraf etməsinə baxmayaraq istintaq orqanı tərəfindən Cavabdeh barəsində heç bir tədbir görülməmişdir. Qeyd edir ki, bununla bağlı onda kifayət qədər sübutlar da mövcuddur.
4. Şəmkir Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(076)-1882/2024 saylı qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddianın qismən təmin edilməsi, Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 108 (bir yüz səkkiz) manat tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı cavabdehə məxsus balıq gölünün işlək vəziyyətə gətirilməsinə çəkdiyi xərci cavabdehdən tələb etsə də, iddiaçı cavabdehin təqsiri üzündən cavabdehə məxsus "Balıq gölü"ndən istədiyi faydanı götürə bilməməsi və ziyana düşməsi ilə bağlı hər hansı sübutlar təqdim edə bilməmiş, məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının cavabdehlə aralarında olan razılaşma zamanı öz sərbəst iradəsini ifadə edərək, həmin xərclərin iddiaçı tərəfindən könüllü olaraq çəkildiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəfindən onun cavabdehə məxsus balıq gölündən gəlir əldə edə bilməməsi halında cavabdehdən balıq gölünə çəkdiyi xərclərin və düşdüyü maddi ziyanın əvəzini geri tələb edəcəyi barədə tərəflər arasında razılaşmanın olmasını, bununla bağlı cavabdehin hər hansı öhdəlik götürməsini təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
6. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 1091-1092-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. Şəmkir Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2(076)-1882/2024 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, ŞəmkirRayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 1882/2024 saylı qətnaməsininin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarədir ki, Şəmkir rayonu Keçili kəndi ərazisində olan torpaq sahəsində 3 ədəd balıq saxlamaq üçün süni göl yaratmışdır. Həmin ərazini beşildən çoxdur ki, istifadə edir. Həmin göl əraziləri əvvəllər istifadə edilməmiş, daşlıq ərazi olmuşdur. Sonradan o, həmin sənədi olmayan ərazinin kənarlarına alt hissədən dəmir borular yerləşdirib üzərini torpaq bəndlər düzəltirərək həmin hovuz kimi yaradılan yerə su çəkərək süni göl yaradıb göldə balıq saxlamışdır. Mirrǝfi Seyidovu tanıyır, onunla arasında heç bir narazılıqları və ədavəti olmamışdır. Onun istifadə etdiyi 3 ədəd süni gölləri şərikli istifadə etmişlər. Mirrəfi ona məxsus göllərə baxıb göllərdən birini bəyənmişdir. İddiaçı onunla razılaşdıqdan sonra həmin gölə təxminən 6700 manat xərc çəkmiş, lakin bir müddət sonra işləri baş tutmamış və əlavə pula ehtiyacları olmuşdur. İddiaçı pulu olmadığını və satılası əşyasının olduğunu bildirib Bakı şəhərinə qayıdacağını bildirərək çıxıb getmişdir. Lakin bir neçə ay sonra Mirrǝfi Seyidov Şəmkir rayonuna qayıtmış, ona həmin gölə balıq tökməyi qǝrarlaşdırdığını bildirmişdir. Həmin vaxt isə artıq Ramin həmin gölə balıq tökdüyünə görə ziddiyətli vəziyyət yaranmışdır. Mirrǝfi Seyidov Raminin gölə çəkdiyi 5.000 (beş min) manatı Raminin borclu olduğu şəxslərə ödəmiş və gölə yenidən körpə balıqlar tökməyə başlamışdır. Nəticədə o, xəstələnib korona virusa yoluxub, xəstəxanada olan zaman Mirrǝfi Seyidov balıqları ucuz qiymətə satmışdır. Balıqlara çəkdikləri xərcdə ziyan etmişlər. Bundan sonra İddiaçıla aralarında narazılıq yaranmışdır. Mirrǝfi Seyidovla aralarında gölün içərisinə və ətrafına çəkdikləri xərci çıxardıqdan sonra arada qalan qazancı böləcəkləri barədə şifahi razılığa gəlmişlər. Bundan sonra İddiaçı 2021-ci ilin mart ayında Şəmkir rayonuna qayıdıb yenidən gölün birinə onun məlumatı əsasında balıq tökmüşdür. İddiaçı təxminən 15.000 manat xərc çəkmiş, 15.000 manat qarşılığında 2023-cü ilin yanvar ayında balıqların satışından 18.800 manat qazanc əldə olunmuşdur. Həmin pulun 10.000 manatı Mirrǝfi Seyidova ödənilmişdir. 8800 manat hissəsini isə Gəncə şəhərinə gedib Məmiş adlı tanışından götürmüş, həmin vaxt ərzində o iş üçün 12.500 manat pul xərcləmişdir, onun 8.800 manat pulu müştəridən götürdüyünü öyrənən İddiaçı ona zəng edib nə üçün ondan xəbərsiz pulu götürdüyünü bildirdikdə, o iddiaçıya çəkdikdikləri xərclərə görə olan borclarını ödəmək məcburiyyətində olduğunu, pulu alıb borcunun bir hissəsini ödədiyini bildirdi, bundan sonra işbirlikləri pozuldu. Qeyd edir ki, Məmiş adlı şəxslə balıqların satış barədə o, razılaşmışdır. Həmin pulun 10000 manatının İddiaçı göndərilməsini Məmişdən o xahiş etmiş, qalan pulu isə yəni 8800 manatı İddiaçıla razılaşmaları əsasında o, götürmüşdür. O, iki il ərzində gölə ümumilkdə 12500 manat xərc çəkmişdir. Birinci ili pul götürməsədə ikinci ili borcları olduğu üçün ona çatası pulu götürmüşdür. Həmin pulu İddiaçı heç bir aidiyyatı olmamışdır. Həmçinin, məlumat üçün bildirmişdir ki, İddiaçıla 2021-ci ildə olan şərikliyində iddiaçı onu aldadaraq ondan xəbərsiz guya balıqları ucuz qiymətə verdiyini göstərib, balıqların pulunu ona verməmişdir. Bundan başqa, iddiaçı 2022-ci ildə ona məxsus iddiaçı ilə şərikliyində olmayan göllərdən ona məlumat vermədən gizlin olaraq balıqları oğurlayıb ona təxminən 70.000 (yetmiş min) manat ziyan vurmuşdur. İddiaçı onun balıqlarını oğurlayan zaman ərazidə qoyunlarını otaran çoban Nizami adlı şəxsi görmüşdür. Həmin şəxsin səs yazısını şikayətinə əlavə edir və məhkəmədə dinlənilməsini xahiş edir. Bu barədə məlumatı yəni iddiaçının ona məxsus gölləri talaması barədə məlumatı 2022-ci ildə oğlunun toyundan sonra olmuşdur. Belə ki, iddiaçı onun oğlunun toyu ərəfəsində göllərə baxan gözətçini evə göndərərək öz qanunsuz əməllərini görmüşdür. Hesab edir ki, məhkəmə tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır.
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi. Əlavə olaraq bildirmişdir ki, o, xəstəxanada olanda iddiaçı bütün pulu xərcləyib. 2-ci gölü boşaldan da tor çıxmışdı, dedilər ki, yəqin oğurluq olub. O, isə bildirmişdir ki, hər yer kameradır. Onlar şikayət etməyə getmişlər, ancan iddiaçı getməmişdir. Sonra turbaları satmışdır, halbuki şərik olmuşlar. İddiaçı köhnə polis işçisi olub. 1-ci gölü iddiaçı danışsa da, 2-ci gölü o, danışmışdır. O, özü də 12.500 manat pul qoymuşdur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiasının əvvəlki iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, 2020-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Şəmkir rayonuna tanışları ilə məsləhətləşmək üçün gəlmişdir. Həmin vaxtı onun istixana alaraq onu işlətmək fikri olmuşdur. Şəmkir rayonunda olan qohumlarının vasitəçiliyi ilə Cavabdeh tanımışdır. Həmin günü Kür qəsəbəsinə gedən yolun üzərində yerləşən restoranda X4 Məmmədovun qohumu Elvin adlı şəxslə görüşərək onlarla birlikdə yemək yeyib istixana məsələsini müzakirə etmişlər. O istixana barədə fikrini onlara bildirdikdən sonra Elvin ona Şəmkir rayonu Yenikənd kəndində Ramin adlı şəxsin istixanasının olmasını eşitdiyini bildirmişdir. Onlar sonra birlikdə həmin kənddə yaşayan Ramin adlı şəxsin istixanasına baxmaq üçün getmişlər. 6 ədəd istixanaya baxış etdikdən sonra o, həmin istixanaları almaq fikrində olduğunu bildirmişdir. Lakin yolda söhbət zamanı Cavabdeh onun süni balıq göllərinin olmasını bildirərək ona balıq göllərinə baxmağı təklif edərək, istixana işindən uzaq durmağı bildirmişdir. Həmin günün səhəri qayınatası İsrayıl və Cavabdehla birlikdə balıq göllərinə baxmaq üçün birlikdə gölün yerləşdiyi əraziyə getmişlər. Həmin göldən xoşu gəlmişdir. Lakin orada vacib olan çox işlərin görülməli olduğunu da, qabaqcadan bildirmişdir. Bunu eyni zamanda cavabdeh də bilmişdir. Gölün həm ətrafında, həm də içərisində balıqçılıq ilə məşğul olmaq üçün, şərait yaradılması məqsədilə 6771 manat pul xərcləmişdir. Razılaşmışlar ki, nə qədər pul qoyacaqsa, həmin məbləği çıxarana qədər bütün qazancı o, götürəcəkdir. O, qoyduğu vəsaiti götürəndən sonra şərikli işləyəcəkdilər. Apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
12. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
13. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(076)-1882/2024 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Cavabdeh məxsus balıq gölünün birlikdə istifadəsi barədə razılaşma əldə edilmişdir. Həmin razılaşmaya əsasən İddiaçı Cavabdeh məxsus balıq gölünün işlək vəziyyətə gətirilməsi üçün vəsait xərcləməli, o daha sonra iddiaçı gölün işlək vəziyyətə gətirilməsi üçün xərclədiyi vəsaiti balıq satışından əldə etdikdən sonra qalan gəliri tərəflər aralarında bölməli olmuşlar. İddiaçı balıq gölünü işlək vəziyyətə gətirdikdən sonra balıq satışından 18.800 manat gəlir əldə olunmuş, həmin puldan Məmiş adlı şəxs tərəfindən 10.000 manat İddiaçı ödənilmiş, Cavabdeh isə qalan 8800 manat pulu Məmiş adlı şəxsdən götürmüşdür. Hazırda İddiaçı Cavabdeh balıq gölünün işlək vəziyyətə gətirilməsinə çəkdiyi xərcin və balıq satışındən əldə edilmiş gəlirin əvəzi olaraq ümumilikdə 34.000 manat pulu tələb etmişdir. Şəmkir Rayon Məhkəməsinin 16 iyul 2024cü il tarixli, 2(076)-1882/2024 saylı qətnaməsi ilə Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 108 (bir yüz səkkiz) manat tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, İddiaçı balıq gölünü işlək vəziyyətə gətirdikdən sonra balıq satışından 18.800 manat gəlir əldə olunması, həmin puldan Məmiş adlı şəxs tərəfindən 10.000 manatın İddiaçı ödənilməsi və Cavabdeh tərəfindən qalan 8.800 manat pulun Məmiş adlı şəxsdən götürməsi tərəflərin izahatları və iş materialları ilə təsdiq olunur. Cavabdeh apellyasiya şikayətində də həmin halı təsdiq etmiş və göstərmişdir ki, Məmiş adlı şəxslə balıqların satış barədə iddiaçını o razılaşdırmışdır. Həmin pulun 10.000 manatının İddiaçı göndərilməsini Məmişdən o xahiş etmiş, qalan pulu isə yəni 8.800 manatı İddiaçıla razılaşmaları əsasında o götürmüşdür. Lakin cavabdeh həmin pulu İddiaçıla razılaşmaları əsasında götürməsi barədə kollegiyaya heç bir sübut təqdim edə bilməmişdir. Polisdə verdiyi izahatında İddiaçı onunla razılaşdıqdan sonra həmin gölə təxminən 6.700 manat xərc çəkdiyini, əlavə İddiaçı Raminin gölə çəkdiyi 5.000 (beş min) manatı Raminin borclu olduğu şəxslərə ödədiyini, həmçinin, İddiaçı əlavə 15.000 manat xərc qarşılığında gölün birindən istifadə etməyi, razılaşmaya əsasən balıqların satışından əldə edilən puldan Mirrəfinin çəkdiyi xərclərinin çıxılacağını, 2023-cü ilin yanvar ayında balıqların satışından 18.800 manat qazanc əldə etdiklərini, həmin pulun 8.800 manat hissəsini Gəncə şəhərinə gedib Məmiş adlı tanışından götürdüyünü etiraf etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında da həmin halları təsdiq etmişdir.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin iki il ərzində gölə ümumilikdə 12.500 manat xərc çəkməsi, birinci ili pul götürməsədə ikinci ili borcları olduğu üçün ona çatası pulu götürməsi, həmin pulun İddiaçı heç bir aidiyyatının olmaması, İddiaçıla 2021-ci ildə olan şərikliyində iddiaçının onu aldadaraq ondan xəbərsiz guya balıqları ucuz qiymətə verdiyini göstərib, balıqların pulunu ona verməməsi ilə bağlı cavabdeh tərəfindən kollegiyaya heç bir mötəbər sübut təqdim edilməmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçı 2022-ci ildə ona məxsus iddiaçı ilə şərikliyində olmayan göllərdən ona məlumat vermədən gizlin olaraq iddiaçının balıqları oğurlayıb ona təxminən 70.000 (yetmiş min) manat ziyan vurması, iddiaçının onun balıqlarını oğurlayan zaman ərazidə qoyunlarını otaran çoban Nizami adlı şəxsi görməsi, həmin şəxsin səs yazısını şikayətinə əlavə etməsi və məhkəmədə dinlənilməsini xahiş etməsi ilə bağlı qeyd edir ki, cavabdeh istənilən vaxt oğurluq faktı ilə bağlı iddiaçı barəsində hüquq mühafizə orqanlarına müraciət edə bilər və ya məhkəmədə sübutlarını təqdim etməklə iddia qaldıra bilər. Bu baxımdam kollegiya hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.
31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh pulu götürməsini etiraf etdiyi halda, onlar arasında başqa razılaşma, danışıq və ya müqavilə olması iş materialları ilə sübut olunmur. Göründüyü kimi tərəflərin razılaşmasına əsasən iddiaçı göldən əldə edilən puldan özünün çəkdiyi xərci, yəni 20.000 manatı götürməli, əgər əlavə qazanc qalardısa, tərəflər arasında bölünməli idi. Əldə edilən gəlir 18.000 manat olduğundan həmin pul iddiaçıya ödənilməli idi. Cavabdeh isə həmin pulun 8.800 razılaşmaya zidd olaraq götürmüşdür.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Şəmkir Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(076)-1882/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(076)-1882/2024 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.