Məhkəmə qərarları › İş №2(104)-2160/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2160/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2160/2023 28.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(076)-369/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Kreditor "xxxx" MMC borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, borclulardan müştərək qaydada 3712 manat əsas, 1600 manat faiz, 320 manat cərimə olmaqla, cəmi 5632 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq Kreditor "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli 2(076)-3036/2018 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh1 məhkəmə əmrinə etiraz vermiş və Şəmkir Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(076)-2734/2022 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli 2(076)- 3036/2018 nömrəli məhkəmə əmri ləğv olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(076)-369/2023 nömrəli (hakim T.Musayev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 18 noyabr 2014-cü il tarixli 20563 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 3712 manat, faiz borcu üzrə 778,61 manat, cərimə borcu üzrə 16 manat olmaqla, cəmi 4506,61 manat müştərək qaydada alınıb "xxxx" MMC-yə verilməsi; Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməsi; Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 20 manat pul müştərək qaydada alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi; Cavabdeh1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 227 manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş və Şəmkir Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(076)-369/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv olunmasını və apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(076)-369/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin qaytarılması haqqında Şəmkir Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(076)-369/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(076)-369/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263.1. maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Həmin Məcəllənin 267 maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 361.2. maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1 maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən hallarda qaytarılır. İşdən müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(076)-369/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən şikayət verilsədə, lakin sonuncu tərəfindən imzalanmamışdır. Eləcədə cavabdeh şikayətində istinad etdiyi fakt və halları təsdiq edən subutları qoşmada qeyd etsədə, əlavə etməmişdir. Buna görədə Şəmkir Rayon Məhkəməsinin işçiləri tərəfindən 13 iyul 2023-cü il tarixli akt tərtib olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən verilmiş şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamış, ona görə də geri qaytarılmışdır. Kollegiya da hesab edir ki, şikayəti geri qaytarmaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 128, 130, 263-264, 357, 360, 398, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(076)-369/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar