Məhkəmə qərarları › İş №2(104)-2162/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2162/2024

09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2162/2024 09.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X3 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi X6 (atası) və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(015)-246/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İnzibati tənbeh vermə haqqında 23 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh 19 noyabr 2022-ci il tarixdə, saat 19:00-da Mercedes Benz C220 minik markalı, 90XN758 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin tam olaraq əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

2. 07 yanvar 2023-cü il tarixli, 001/23 nömrəli qiymətləndirici aktdan görünür ki, İddiaçı tərəfindən 07 yanvar 2023-cü il tarixində verilmiş sifariş əsasında BMW F30 markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsini həyata keçirmişdir. Avtomobilə dəymiş ümümi zərər 12135 manat müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 9/3480 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “X8” tərəfindən tərtib edilmiş, 07 yanvar 2023-cü il tarixli arayışdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “BMW F30” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 11385 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan BMW F30 markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 12135 manat maddi zərər, ödənilmiş 128 manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsinə görə 150 manat xidmət haqqı olmaqla cəmi 12413 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 noyabr 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində BMW markalı ** GY *** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti ilə 20 yanvar dairəsi istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətində sol zolaqla təxminən 50-60 km/saat sürətlə hərəkət edərkən, qeyd olunan küçədə yerləşən “SOKAR” yanacaq doldurma məntəqəsini keçəndən bir qədər sonra qarşısında yaranmış tıxacla əlaqədar idarə etdiyi nəqliyyat vasitəsini qarşısında dayanmış vəziyyətdə olan Mercades Benz markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında bir qədər məsafə olmaqla saxlamışdır. Bu zaman onunla eyni istiqamətdə və eyni zolaqda arxasında hərəkətdə olan Mercades Benz C-220 markalı, ** XN *** dövlət qeydiyyat nişanı avtomobilin sürücüsü düzgün ara məsafəsi seçməyərək, idarə etdiyi nəqliyyat vasitəsinin ön hissəsi ilə onun dayanmış vəziyyətdə olan avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı yaranmış zərbənin təsirindən avtomobili irəli sıçrayaraq ön hissəsi ilə öz qarşısında dayanmış vəziyyətdə olan Mercades Benz markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından, həmin avtomobildə qarşıda dayanmış Chevrolet Cruze markalı minik avtomobilə, sonuncuda öz növbəsində qarşısında dayanmış BMW 528 İ markalı avtomobiləçırpılmışdır. Baş vermiş hadisə ilə bağlı qəza yerinə polis əməkdaşları gəlmiş, hadisənin baş verməsinin səbəblərini araşdırmışdır. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-də aparılmış araşdırmaların nəticəsi barədə ona ünvanlanmış 07 dekabr 2022- ci il tarixli, 278- 35017Ə-3222 nömrəli məktub və ona əlavə edilmiş 03 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan məlum olmuşdur ki, sürücü Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbiri görülməsi üçün materiallar Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Baş vermiş avtomobil qəzası nəticəsində Cavabdeh ona ümumilikdə 12135 manat məbləğində maddi ziyan vurmuşdur.

6. Ağstafa Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(015)-246/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia ərizəsi qismən təmin edilərək, 11385 manat pul avtomobilə dəymiş ziyanın əvəzi olaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi; İddia ərizəsi qalan hissədə təmin edilməməsi; Ödənilmiş 128 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi; Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 459.1, 1097.1, 1108.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılməşdır. Belə ki, İddiaçı avtomobilinə həmin məbləğdə ziyan dəyməmişdir. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra avtomobilin dəyişən detalların qiyməti təxminə 4500 manat, usta üçün ödənilən zəhmət haqqı isə 2500 manat təşkil edir. Lakin onun iştirakı olmadan ekspertiza keçirilmiş və ziyan düzgün hesablanmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verən zaman tanışı Şöhrət Bəşirova məxsus avtomobili idarə etmiş və sonuncunun özüdə həmin vaxt avtomobildə olmuşdur. Avtomobili idarə edən zaman qarşıdakı avtomolbili ötmüş və məcbur sola, yəni birinci zolağa keçmiş, həmin vaxt qarşıda dayanmış vəziyyətdə olan avtomobillə toqquşmuşdur. İddiaçı ya məxsus avtomobildə öz növbəsində qarşıda dayanan avtomobilə, həmin avtobibildə ondan öndəkinə, o, da öz növbəsində qarşıdakı avtomobilə dəymişdir. Digər avtomobillərə dəyən zərəri ödəsədə, iddiaçının avtomobilinə dəyən zərəri ödəməmişdir. İddiaçının avtomobilinə təxminin 7000 manat zərər dəymişdir. Belə ki, təqdim olunan rəydə ziyan 4645 manat, zəhmət haqqı isə 2700 manat olmuşdur. Ekspert rəyində göstərilən məbləğ isə əslində dəymiş ziyanı əks etdirmir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən, yəni 7000 manat hissədə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, idarə etdiyi avtomobil dayanmış vəziyyətdə olduğu vaxt cavabdeh idarə etdiyi avtomobillə onu arxadan vurmuşdur. Zərbənin təsirindən avtomobili qarşıda dayanan avtomobilə, həmin avtomobil ondan qarşıdakına, həmin avtomobildə özündən öndəkinə çırpılmışdır. Cavabdehin təqsiri nəticəsində zəncirvari hadisə baş vermiş və beş avtomobilə zərər dəymişdir. Mülkiyyətində olan avtomobilə 12000 manatdan artıq zərər dəymişdir. Avtomobil yararsız hala düşdüyündən zapçast kimi satmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, hadisədən sonra Anar adlı usta avtomobilə çöldən-çölə baxış keçirərək dəymiş ziyanı qeyd etmişdir. Əslində avtomobilin həm arxa, həmdə qabaq tərəfi yararsız vəziyyətdə olmuşdur. Ziyan zəhmət haqqıda daxil olmaqla 12000 manatdan yuxarı olmuşdur. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X5 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. 18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı mülkiyyətində olan BMW markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti ilə 20 yanvar dairəsi istiqamətində hərəkətdə olan zaman yolda yaranmış tıxacla əlaqədar dayanmış vəziyyətdə saxlamış və həmin vaxt Cavabdeh dostuna məxsus Mercades Benz C-220 markalı, ** XN *** dövlət qeydiyyat nişanı avtomobili idarə edərkən onun avtomobilini arxadan vurmuşdur. Zərbə nəticəsində BMW markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobil qarşıda dayanan Mercades Benz markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilə, həmin avtomobildə qarşıda dayanmış Chevrolet Cruze markalı avtomobilə, sonuncu isə öz növbəsində qarşısında dayanmış BMW 528 İ markalı avtomobilə çırpılmışdır.Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilin arxa və qabaq tərəfinə zərər dəymişdir. Dəymiş zərərin aradan qaldırılması barədə tərəflər arasında razılıq əldə edilmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.

33. Kollegiyada birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil.

34. Cavabdeh apellyasiya şikayətində, eləcədə izahatında iddiaçıya məxsus avtomobilə dəyən zərərin aradan qaldırılması üçün ümumilikdə 7000 manat tələb olunduğunu bildirsədə, kollegiya onun bu dəlilini əsaslı saymır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 07 iyul 2023-cü il tarixli, 9/3480 nömrəli rəydə qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə “X8” tərəfindən tərtib edilmiş, 07 yanvar 2023-cü il tarixli arayışdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “BMW F30” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 11385 manat müəyyən edilmişdir.

35. Cavabdeh tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi “AvtVest” təklif qaiməsinə münasibətdə kollegiya qeyd edir ki, həmin qaimə Anar adlı şəxsin sifarişi əsasında verilmiş və ehtiyat hissələrinin dəyəri 4645 manat göstərilmişdir. Buna baxmayaraq təklif qaiməsi “AvtVest” tərəfindən təsdiq olunmamışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi, yəni atası Natiq Əsədov da apellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, hadisədən sonra Anar adlı usta avtomobilə çöldən-çölə baxış keçirərək dəymiş ziyanın (zəhmət haqqıda daxil olmaqla) təxminən 7000 manat olmasını onlara bildirmişdir.

36. “X8” tərəfindən verilmiş 07 yanvar 2023-cü il tarixli qiymətləndirmə rəyində isə dəyişdirilməli olan eghtiyat hissələrinin qiyməti 9,085 manat, təmir işlərinin dəyəri 3050 manat, cəmi 12135 manat gıstərilmiş və həmin rəy hüquqi şəxsin drektoru tərəfindən imzalanmış və cəmiyyətin möhrü ilə təsdiq olunmuşdur.

37. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Həm “AvtVest” tərəfindən verilən təklif qaiməsində, həmdə “X8” tərəfindən verilmiş rəydə “BMW F30” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilən hissələrinin sayı 27 ədəd qeyd olunsada, lakin yuxarıda da qeyd olunduğu kimi dəyişdiriləcək ehtiyyat hissələrinin qiymətləri fərqli olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 9/3480 nömrəli rəyində isə 2015-ci il buraxılışlı “BMW F30” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 11385 manat (9085 ehtiyat hissələri, 3050 manat təmir işləri) müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürərək iddia tələbini 11385 manat hissədə təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(015)-246/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar