Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2174/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3882/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 2(044)-4157/2015 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3882/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 2(044)-4157/2015 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 11 iyul 2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh nümayəndəsi vəkil X2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 20 avqust 2009-cu il tarixdə faktiki nikaha girmiş, 25 iyun 2010-cu il tarixdə isə onlar nikahlarını qeydə aldırmışlar. Onların birgə nikahlarından 11 iyul 2010-cu il tarixdə Ayxan adlı uşaq anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli, 2(044)-1445/2013 nömrəli qətnaməsi ilə onların arasında olan nikahın pozulması, birgə nikahdan anadan olmuş uşağın onun himayəsinə verilməsi və həmin uşağın yetkinik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 2(044)-4157/2015 nömrəli qətnaməsinə əsasən 11 iyul 2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılarması və 95 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin hazırda həmin uşaq daha da böyümüş və buna görə də onun xərcləri artmışdır. Qeyd olunan səbəblərdən də o, cavabdehlə birgə nikahından doğulmuş uşağın maddi təminatını çətinliklə ödəyir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onun tərəfindən məhkəmə qətnaməsi ilə ödənilməsi nəzərdə tutulan 95 (doxsan beş) manat alimentdən ibarət pul məbləğindən başqa hər ay iddiaçıya əlavə pullar ödəmişdir. Qanuvericiyin tələbindən də göründüyü kimi uşaqları saxlamaq hər iki valideyinin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Ancaq İddiaçı bunu nəzərə almayaraq, uşağın maddi tələbatlarının ödənilməsində əsas vəzifənin uşaqdan ayrı yaşayan atanın üzərinə qoymaq istəyir. Nəzərə alınsa ki, ölkə üzrə minumum əmək haqqı 345 manatdır, o isə usta köməkçisi vəzifəsində işləyir və aylıq əmək haqqı 200 (iki yüz) manat təşkil edir, buna baxmayaq hər ay demək olar ki, əmək haqqımın ½ hissəsi miqdarında aliment ödəyir və hətta maddi imkanına uyğun olaraq alimentdən başqa iddiaçıya uşağın saxlanması üçün əlavə də pul ödəyir, bütün bunlar onu deməyə əsas verir ki, maksimum uşağın saxlanması üçün o, əlindən gələni edir. Halhazırkı vaxtda onun qazancımın ¼ hissəsi 25 manat təşkil edir. O, qüvvədə olan məhkəmə qətnaməsində göstərilmiş 95 manat puldan artıq amək haqqının ¼ hissəsi də daxil olmaqla alimenti artırılması ilə razı deyil. Ona görə ki, maddi vəziyyəti buna imkan vermir. Birinci instansiya məhkəməsi məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləğini, onun iş yerindən məhkəməyə təqdim etdiyi orta aylıq əmək haqqı barədə arayışı və maddi imkanını nəzərə almamış, alimentin məbləğini artırmışdır. Onun tərəfindən məhkəməyə iş yerindən aylıq əmək haqqı barədə arayış təqdim edilmişdir. Anaq, bu sübut məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmiş və həmin sübuta uyğun hüquq normasını düzgün tətbiq etməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli, 2(044)-1445/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulmuş, birgə nikahdan 11 iyul 2010-cu il tarixdə anadan olmuş X1 Amalya İkram qızının himayəsində saxlanılmış, 06 sentyabr 2013-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşdə olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 2(044)-4157/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, 11 iyul 2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 15 sentyabr 2015-ci il tarixdən başlayaraq, Cavabdeh tutulan alimentin miqdarı artırılarması və 95 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 04 may 2023-cü il tarixli, 000045/2023 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh 12 aprel 2023-cü il tarixdən "xxxx" MMC-də usta köməkçisi vəzifəsində çalışır və onun aylıq əmək haqqı 200 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində göstərilir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 16 iyun 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli, 2(044)-1445/2013 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulması, birgə nikahdan 11 iyul 2010-cu il tarixdə anadan olmuş X6 İddiaçı himayəsində saxlanılması və həmin uşağın yetkinik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 2(044)-4157/2015 nömrəli qətnaməsinə əsasən 11 iyul 2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılarması və 95 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin hazırda həmin uşaq daha da böyümüş və buna görə də onun xərcləri artmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək alimentin məbləğinin artırılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı hər ay 170 (bir yüz yetmiş) manat miqdarında müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və aşağıdakıları qeyd edir. Belə ki, cavabdehin gəlirinin aşağı olması onu yetkinlik yaşına çatmamış uşağının tələbatını təmin etməkdən azad etmir və onun əmək haqqısının aşağı olması uşağının saxlanması üçün tutulan alimentin miqdarının artırılmasına maneə deyildir. Ona görə ki, işdən göründüyü kimi tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün alimentin məbləği məhkəmənin 14 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, həmin vaxtdan yeddi ildən artıq müddət keçmiş, bu müddət ərzində dolanışıq minimumu xeyli artmışdır. Digər tərəfdən məhkəmə tərəfindən tutulması qət edilmiş alimentin miqdarı respublika üzrə uşaqların saxlanması üçün müəyyən edilmiş dolanışıq minimumundan belə aşağıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək məhkəmənin əvvəlki qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini artırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığına, Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3882/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2174/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2174/2023
06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver