Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2175/2024 04.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Seymur oğlu və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Seymur oğlu və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(125)-2697/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 29 oktyabr 2012-ci il tarixli, 10-M-2-0-197612 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 Seymur oğluna 18 ay müddətinə, illik 30 faiz olmaqla 1500 manat kredit verilmişdir.
2. 29 oktyabr 2012-ci il tarixli 10-M-2-0-197612 nömrəli zaminlik müqaviləsindən görünür ki, 29 oktyabr 2012-ci il tarixli, 10-M-2-0-197612 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 Seymur oğlunun öhdəliklərini təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır.
3. 14 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Seymur oğlunun 29 oktyabr 2012-ci il tarixli 10-M-2-0-197612 nömrəli kredit müqaviləsi üzrə 269,06 manat əsas, 258,52 manat faiz, 484,81 manat cərimə, 29 aprel 2014-cü il tarixdən 14 oktyabr 2022-ci il tarixədək illik 5 faiz hesablanmaqla 99,7 manat əldən çıxmış fayda olmaqla, cəmi 1112,09 manat ödənilməmiş borcu yaranmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 Seymur oğlu və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 29 oktyabr 2012-ci il tarixli 10-M-2-0-197612 nömrəli kredit müqaviləsi üzrə 269,06 manat əsas, 258,52 manat faiz, 484,81 manat cərimə, 29 aprel 2014cü il tarixdən 14 oktyabr 2022-ci il tarixədək illik 5 faiz hesablanmaqla 99,7 manat əldən çıxmış fayda olmaqla, cəmi 1112,09 manat və ödənilmiş 31,12 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 Seymur oğlu arasında bağlanmış 29 oktyabr 2012-ci il tarixli, 10-M-2-0-197612 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə, illik 30 faiz olmaqla 1500 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış və zamin borcun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Borcalan müqavilə şərtlərini pozaraq ödənişləri vaxtında etməmiş və nəticədə 269,06 manat əsas, 258,52 manat faiz, 484,81 manat cərimə, 29 aprel 2014-cü il tarixdən 14 oktyabr 2022-ci il tarixədək illik 5 faiz hesablanmaqla 99,7 manat əldən çıxmış fayda olmaqla, cəmi 1112,09 manat borc yaranmışdır.
6. Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(125)-2697/2022 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29 oktyabr 2012-ci il tarixli, 10-M-2- 0-197612 nömrəli kredit müqaviləsi üzrə 269,06 manat əsas borc, 258,52 manat faiz borcu, 84,81 manat cərimə, 99,7 manat əldən çıxmış fayda olmaqla, cəmi 712,09 (yeddi yüz on iki manat 09 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,12 manat məbləğində pul alınaraq İddiaçı ASCnin hesabına ödənilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386, 427, 442, 443, 445, 448.1, 449, 739, maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76, 77.1, 217.3, 218.1, 216-220, 284-1, 284-5.1, 284-5.3, 284-6.1, 284-6.2, 357-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh (kredit müqaviləsi üzrə zamin) Cavabdeh1 Seymur oğlu apellyasiya şikayəti verərək, borcun müştərək qaydada ondan da tutulması hissədə qətnaməmi ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, 10 il keçdikədnsonra bank ona qarşı hazrkı tələblə məhkəməyə müraciət etmişdir. Halbu ki, zaminlik üzrə iddia müddəti 1 ildir. Eləcədə həmin müddətin tətbiqi tərəfin verdiyi ərizə ilə şərtləndirilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
14. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
15. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
17. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
18. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
20. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
21. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
25. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.
26. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
27. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə borcun zamindən də müştərək qaydada tutulması hisədə mübahisələndirilmişdir.Ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
40. İşin müəyyən oluunmuş faktiki hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 Seymur oğlu arasında 29 oktyabr 2012-ci il tarixli, 10-M-2-0-197612 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 18 ay müddətinə, illik 30 faiz olmaqla 1500 manat kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə kreditorla Cavabdeh2 arasında 29 oktyabr 2012-ci il tarixli, 10-M-2-0-197612 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan müqavilə üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
41. Kollegiya yaranmış borcun cavabdeh (zamin) Cavabdeh2 da müştərək qaydada tutulması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
42. Belə ki, yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında kredit və zaminlik müqaviləsi 29 oktyabr 2012-ci il tarixdə 18 ay müddətə bağlanmışdır. Kreditorla Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin 2.1. bəndində qeyd olunmuşdur ki, zamin və borclu bank qarşısında birgə cavabdehdirlər
43. Yuxarıda da qeyd olunduğu kimi Mülki Məcəllənin 477.0.4. maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarması zaminliyə xitam verilir Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
44. Bununla bağlı kollegiya hesab edir ki, zaminlik müqaviləsinin 2.1. bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalıdır. Qeyd olunan maddəyə görə, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Mülki Məcəllənin 367-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, kreditorla Cavabdeh2 arasında bağlanılmış 29 oktyabr 2012-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan başa çatmasıdır. İddiaçı ASC ilə Cavabdeh1 Seymur oğlu arasında bağlanmış 29 oktyabr 2012-ci il tarixli, 10-M-2-0-197612 nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan aldığı krediti 18 ay müddətində, yəni 29 aprel 2014-cü il tarixə qədər qaytarmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, kreditor zamin Cavabdeh2 qarşı 29 aprel 2015-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, uzun müddət, yəni yeddi il keçdikdən sonra ona qarşıda tələb irəli sürmüşdür. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsinə zərurət yaranmır. Yəni, bu hal məhkəmənin özü tərəfindən yoxlanılır və nəticəsindən aslı olaraq hüquqi qiymət verilir.
45. İşə baxan birinci instansiya məhkəməsi isə mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin faktiki hallarını nəzərə almadan cavabdeh (zamin) Cavabdeh2 münasibətdə də iddianı təmin etmişdir.
46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(125)-2697/2022 nömrəli qətnaməsi “29 oktyabr 2012-ci il tarixli, 10-M-2-0-197612 nömrəli kredit müqaviləsi üzrə 269,06 manat əsas borc, 258,52 manat faiz borcu, 84,81 manat cərimə, 99,7 manat əldən çıxmış fayda olmaqla, cəmi 712,09 (yeddi yüz on iki manat 09 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,12 manat müştərək qaydada cavabdeh (zamin) Cavabdeh2 tutulması” hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
47. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 385, 392-393, 402-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(125)-2697/2022 nömrəli qətnaməsi “29 oktyabr 2012-ci il tarixli, 10-M-2-0-197612 nömrəli kredit müqaviləsi üzrə 269,06 manat əsas borc, 258,52 manat faiz borcu, 84,81 manat cərimə, 99,7 manat əldən çıxmış fayda olmaqla, cəmi 712,09 (yeddi yüz on iki manat 09 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,12 manat müştərək qaydada cavabdeh (zamin) Cavabdeh2 tutulması” hissədə ləğv edilsin. İddia tələbi cavabdeh (zamin) Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.