Məhkəmə qərarları › İş №2(104)-2176/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2176/2025

07.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2176/2025 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı Şirinov İslam Bildir oğlunun cavabdeh Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı Şirinov İslam Bildir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. RX ******* seriya nömrəli, ##.##.2015-ci il tarixli, 201013005019-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla paylı mülkiyyət hüququ üzrə ¾ hissədə Şirinov İslam Bildir oğlunun, ¼ hissədə hüquqi varis3 İslam oğlunun adına rəsmi reyestrdə qeydə alınmışdır.

2. ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, 201013010902-***** reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 64-66 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə Cavabdeh adına rəsmi reyestrdə qeydə alınmışdır.

3. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı Şirinov İslam Bildir oğlu ##.##.2026-cı il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydinin surəti əldə edilmiş və iş materiallarına əlavə edilmişdir.

4. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ##.##.2026-cı ilədək yoxlama aparılmış mərhum Şirinov İslam Bildir oğlunun hüquqi varis1 İslam qızı ##.##.1964, hüquqi varis4 İslam oğlu ##.##.1966, hüquqi varis3 İslam oğlu ##.##.1968, hüquqi varis2 İslam oğlu ##.##.1970ci il adlı uşaqları vardır. Həmin şəxslər iddiaçının hüquqi varisi kimi işə cəlb edilmişlər.

5. Məhkəmə kollegiyasının məktubuna əsasən, hüquqi varis1 İslam qızı, hüquqi varis4 İslam oğlu, hüquqi varis3 İslam oğlu, hüquqi varis2 İslam oğluna məhkəmə bildirişinin çatdırılması Gəncə şəhər İcra Hakimiyyətinin müvafiq nümayəndəliklərinə həvalə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Şirinov İslam Bildir oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona vurduğu zərər üçün 1207 manat, ödədiyi 32 manat dövlət rüsumunun və vəkilə köməklik üçün ödədiyi 30 manat, cəmi 1267 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun evinə demək olar ki, bitişik ev alıb, sökdürüb tikdirmişdir. Evi sökəndə onun evinin otağının birinin sağ tərəfdən küncünün iki divarı və tavanı islanmış, su basmış, divar kağızı sallanmışdır. 48 ildir bu evdə yaşayır, belə bir hala rast gəlməmişdir. Cavabdehə demiş, gəlib baxmış və tanış rəngsaz olduğunu, vurulan zərərin xərcini çəkəcəyini demişdir. Səbəbini bilmək üçün məhləsindən qalxıb çıxıb baxmış, yendovanın təmizlənməli olduğunu demişdir. Cavabdeh demişdir ki, “Qonşu, mənim işim var, gəj boşaltdırıram, fəhlə gətirin yendovanı təmizləsin, pulunu da mən verəcəm.” Onun marağında olduğu üçün maşına oturub 2 nəfər fəhlə götürmüş, yolda başına gələnləri onlara danışmışdır. Fəhlələr çıxıb baxandan sonra demişdirlər ki, əsas səbəb mineral pambıqdır, varonkanın (gifin) ağzını tutmuş, su şişib yendovanı basmış, otağın divarını və tavanını islatmışdır. Mineral pambıq qonşunun sökülən evinin çardağında olmuşdur. Fəhlələr 20 manata razılaşıb, işlərini görüb qurtarmışdırlar. Onda 20 manat olmuş, qəsdən cavabdehdə xırdalaması üçün 50 manat vermiş, fikirləşmişdir ki, cavabdeh deyər “Pulu sən niyə verirsən? Mən verməliyəm.” Ancaq belə deməmiş, pulu xırdalamışdır. Pulu fəhlələrə verib, maşına mindirib götürdüyü yerdə düşürmüşdür. Evinin başqa otaqlarını rəngsaza təmir etdirmək istəmiş, cavabdehə demişdir ki, “Gəl danış, sənin ziyan vurduğun otağa da material al, təmir elətdir.” Cavabdeh təmir işinin nə qədər edəcəyini soruşmuş, o isə demişdir ki, “Mən ustadan soruşdum, ölçdü, dedi mənim haqqım divarın təmiri 1 m² 5 manat, tavan 6 manatdır. Zəhmət haqqı edər təxmini 750 manat, təmir materialı 420 manatdır. Otağın 4 divarı, tavan təzədən işlənməlidir, tökülən köhnə divar kağızını dəyişmək olar, bu həmin kağızdan tapasan. Bu divar kağızı 10-15 il bundan qabaq satışda olandır, indi yoxdur. Başqası ilə əvəz edərsən, yamaq kimi pis görünər, divar və tavan kağızının hamısı mütləq dəyişilməlidir. Cəmi 1200 manat.” Cavabdeh isə cavabında demişdir ki, “Mən elə bilirdim 80-100 manat edər, mən sözümü geri götürürəm.” Bundan sonra ona pul verməməsini, özü usta gətirib bərpa elətdirməsini təklif etsə də, cavabdeh nə pul verəcəyini, nə də təmir etdirəcəyini demişdir. Məhkəməyə müraciət edəcəyini deyib barışıq təklif etsə də, mümkün olmamışdır. Cavabdeh aralarındakı razılaşmanı könüllü şəkildə etməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət etməli olmuşdur.

8. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin təmir işləri aparması nəticəsində, yəni söküntü işləri aparılan zaman hər hansı bir əşyanın (mineral pambığın) axıdılan su novuna düşməsi barədə öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Halbuki, qanunvericiliyə əsasən iddia tələbinin əsası kimi istinad etdiyi halları iddiaçı sübut etməlidir.

10. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

11. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı Şirinov İslam Bildir oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdım ki, cavabdeh mənim evimə demək olar ki, bitişik ev alıb, sökdürüb tikdirmişdir. Evi sökəndə onun evinin otağının birinin sağ tərəfdən küncünün iki divarı və tavanı islanmış, su basmış, divar kağızı sallanmışdır. 48 ildir bu evdə yaşayır, belə bir hala rast gəlməmişdir. Cavabdehə dedi, gəlib baxmış və tanış rəngsaz olduğunu, vurulan zərərin xərcini çəkəcəyini demişdir. Səbəbini bilmək üçün məhkəmədən qalxıb çıxıb baxmış, yendovanın təmizlənməli olduğunu demişdir. Cavabdeh ona bildirmişdir ki, “Qonşu, onun işi var, gəj boşaltdırır, fəhlə gətirin yendovanı təmizləsin, pulunu da o verəcək. ”Onun marağında olduğu üçün maşına oturub 2 nəfər fəhlə götürüb, yolda başına gələnləri onlara danışmışdır. Fəhlələr çıxıb baxandan sonra demişdirlər ki, əsas səbəb mineral pambıqdır, varonkanın (gifin) ağzını tutmuş, su şişib yendovanı basmış, otağın divarını və tavanını islatmışdır. Mineral pambıq qonşunun sökülən evinin çardağında olmuşdur. Fəhlələrə 20 manata razılaşıb, işlərini görüb qurtarmışdırlar. Onda 20 manat olmuş, qəsdən cavabdehdə xırdalaması üçün 50 manat vermiş, fikirləşmişdir ki, cavabdeh deyər “Pulu sən niyə verirsən? O, verməlidir.” Ancaq belə deməmiş, pulu xırdalamışdır. Pulu fəhlələrə verib, maşına mindirib götürdüyü yerdə düşürdür. Evinin başqa otaqları rəng saza təmir etdirmək istəmiş, cavabdehə demişdir ki, “Gəl danış, sənin ziyan vurduğun otağa da materialal, təmir elətdir." Cavabdeh təmir işinin nə qədər edəcəyini soruşmuş, o isə demişdir ki, “Mən ustadan soruşdum, ölçdü, dedimənimhaqqımdivarın təmiri 1 m 5 manat, tavan 6 manatdır. Zəhmət haqqıedər təxmini 750 manat, təmir materialı 420 manatdır. Otağın 4 divarı, tavan təzədən işlənməlidir, tökülən köhnə divar kağızını dəyişmək olar, bu həmin kağızdan tapasan. Bu divar kağızı 10-15 il bundan qabaq satışda olandır, indi yoxdur. Başqası ilə əvəz edərsən, yamaq kimi pis görünər, divar və tavan kağızının hamısımütləq dəyişilməlidir. Cəmi 1200 manat.” Cavabdeh isə cavabında demişdir ki, “Mən elə bilirdim 80-100manat edər, mən sözümü geri götürürəm.” Bundan sonra ona pul verməməsini, özü usta gətirib bərpa elətdirməsini təklif etsə də, cavabdeh nə pul verəcəyini, nə də təmir etdirəcəyini demişdir. Məhkəməyə müraciət edəcəyini deyib barışıq təklifetsə də, mümkün olmamışdır. Cavabdeh aralarındakı razılaşmanı könüllü şəkildə etməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, o iddiaçı Şirinov islam Bildir oğlu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərmişdir ki, onun evi ilə cavabdehin evi bitişikdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində onun evinə ziyan dəymiş, cavabdeh təmir xərclərini qarşılayacağını desə də, vədinə əməl etməmişdir. Məhkəməyə sübut üçün evə dəymiş ziyanın fotoşəkillərini də təqdim etmişdir. Lakin cavabdeh isə iddia tələbini qəbul etməyərək, iddiaya qarşı etiraz etmiş, etirazının əsası kimi onun evi ilə iddiaçının evi arasında 4 metrə qədər məsafə olduğunu, həmin məsafədən iddiaçının evinin damına hansısa söküntü materiallarının düşməsi və s., səbəbdən evini su basması kimi hallar baş vermədiyini, hər il evlərin su ötürücü novları normalda təmizlənməli olduğunu, bu səbəbdən ağac yarpaqları və digər tullantılar novun tutulması ilə nəticələnə və fəsadlar verə biləcəyi ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaya qarşı etirazında ziddiyyətli, qeyri-mötəbər aydın olmayan sübutsuz yalan sözləri əsaslı hesab etdiyi halda, əksinə olaraq onun tərəfindən həmin hallar sübut edilsə də, guya o, sübut edə bilməmişdir. Nəticədə iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Bundan başqa məhkəmə iş üzrə ekspertiza təyin etmədə düzgün qətnamə qəbul etməmişdir. Məhkəmə qətnaməsini maddi və prosessul hüquq normalarını pozmaqla qəbul edilmişdir.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli, məhkəmə iclasında iştirak edən iddiaçı Şirinov İslam Bildir oğlu apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin dəlilləri və apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh ona maddi ziyan vurmuşdur. Evini su basmışdır və əsas səbəb mineral pambıqdır, varonkanın (gifin) ağzını tutmuş, su şişib yendovanı basmış, otağın divarını və tavanını islatmışdır. Mineral pambıq qonşunun sökülən evinin çardağında olmuşdur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 1207 manat dəymiş zərəri özü hesablamışdır. 2014-cü ildə təbii fəlakət zamanı evə dəymiş ziyanın əvəzini “xxxx” ASC tərəfindən ödənilmişdir. Cavabdeh dəymiş ziyanın ödənilməsini öhdəsinə götürmüşdür.

15. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Əldə edilmiş məlumatdan görünür ki, iddiaçı Şirinov İslam Bildir oğlu ##.##.2026-cı il tarixdə vəfat etmiş, onun hüquqi varisləri işə cəlb edilmiş lakin məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində onun əmlakına ziyan vurulmasını əsas gətirərək iddia etmişdir ki, cavabdeh onun evinə bitişik ev alaraq, həmin evi sökdürüb tikdirmişdir. Evi sökəndə onun evinin bir otağının sağ tərəfdən küncünün iki divarı və tavanı islanmış, su basmış, divar kağızı sallanmışdır. Fəhlələr baxdıqdan sonra səbəbin mineral pambıq olduğunu, varonkanın (gifin) ağzını tutduğuna görə suyun şişib yendovanı basdığını, nəticədə otağın divarını və tavanını islatdığını demişdirlər. Bundan sonra cavabdeh vurduğu ziyanı qarşılayacağına dair vəd versə də, vədinə əməl etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir.

33. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin müddəalarına görə mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qanunvericiliyin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının ona vurulduğunu iddia etdiyi maddi ziyanın cavabdehin qanunazidd hərəkətləri nəticəsində vurulması, bu ziyanla həmin hərəkətlər arasında səbəbli əlaqənin olması və cavabdehin həmin ziyanın vurulmasında təqsirli olması müəyyən və təsdiq olunmur.

35. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

36. Cavabdeh Cavabdeh iddia tələbinə qarşı birinci instansiya məhkəməsinə etiraz ünvanlayaraq, qeyd etmişdir ki, o, iddiaçı ilə qonşuluqda olan evi 2022-ci ildə almışdır. Aldığı ev köhnə tikili olmaqla yaşayış üçün yararsız olmuş, divarlar tam çatlarla dolu olmuşdur. İddiaçı ilə qonşuluqda olmasına baxmayaraq, onun evinin təmiri nəticəsində iddiaçının mülkiyyətində olan evə hər hansı bir ziyan vurulması mümkünsüzdür. O səbəbdən ki, onların evləri bitişik inşa edilməmişdir. Onun evi ilə iddiaçının evi arasında 4 metrə qədər məsafə vardır. Həmin məsafədən onun evinin damına hansısa söküntü materiallarının düşməsi və s. səbəbdən evini su basması kimi hallar baş verməmişdir. Məlumdur ki, hər il evlərin su ötürücü novları normalda təmizlənməlidir. O səbəbdən ki, ağac yarpaqları və digər tullantılar novun tutulması ilə nəticələnə və fəsadlar verə bilər. Onun məlumatına görə qonşuluqda yaşayan iddiaçı İslam Şirinov evində yaranmış təbii çatlara görə sığorta şirkətinə müraciət etmişdir. Sığorta şirkəti həmin evə baxana qədər iddiaçının ona qarşı heç bir tələbi olmamışdır. Sığorta şirkəti gəlib-gedəndən sonra ona qarşı əsassız pretenziyalar irəli sürməyə başlamışdır. O, evinin təmir-tikinti işlərinə 2022-ci ildə başlamışdır. Evin təmir işləri hələ də davam edir. İddiaçı İslam Şirinovun təkcə ona qarşı yox, digər şəxslərə qarşı da belə əsassız tələblər irəli sürməklə pul əldə etməklə məşğul olmasını eşitmişdir. Bu kimi hərəkətlərinə görə nə qohumlar, nə də övladları onunla ünsiyyət saxlamadıqlarını demişdirlər. Bildiyinə görə evində yaranmış çatlarla bağlı "xxxx" şirkətindən pul əldə etmişdir. Belə ki, sığorta işçiləri qonşunun evinə gələndə iddiaçının evinə baxdıqlarını görmüşdür, o, özü də sığorta işçiləri ilə birlikdə iddiaçının evinə baxmışdır. Eşitdiyinə görə bir dəfə də sığorta şirkətindən evin damının dəyişdirilməsi üçün pul vəsaiti almışdır. Buna görə də ona qarşı qaldırılmış iddia tələbi tam olaraq əsassızdır. Əgər onun təqsirindən belə bir hal olmuş olsa, heç bir məhkəmə və ya digər orqanı gözləmədən qonşunun evinə dəymiş ziyanı mütləq qaydada aradan qaldıracaqdır. Belə ki, onun insan olaraq yanaşması ondan ibarətdir ki, onun hərəkətindən kimsə zərər çəkərsə, onu aradan qaldırmağa borcludur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində və apellyasiya şikayətində iddiaçı cavabdeh ilə aralarında şifahi razılaşdıqlarını, cavabdehin ona ziyan vurmasını qəbul etdiyini və ziyanı ödəyəcəyini vəd etdiyini qeyd etsə də, yuxarıda qeyd edildiyi kimi, cavabdeh ona qarşı qaldırılmış iddia tələbini tam olaraq əsassız hesab etmişdir. İddiaçı dəymiş ziyanla bağlı mənzilin fotoşəkillərini iş materiallarına əlavə etsə də, məhz həmin ziyanın cavabdehin təqsiri ucbatında yaranmasını sübuta yetirəcək heç bir mötəbər dəlili kollegiyaya təqdim edə bilməmişdir. Bundan başqa, verdiyi izahatında 1207 manat dəymiş zərəri özü hesabladığını və 2014-cü ildə təbii fəlakət zamanı evə dəymiş ziyanın əvəzini “xxxx” ASC tərəfindən ödənildiyini də bildirmişdir.

38. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.

39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarında qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

40. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı Şirinov İslam Bildir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar