Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2180/2023 06.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhərman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(013)-1485/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi” tələbinə dair iddia qaldıraraq atası X2 miras qalmış Ağdam rayonunun Mahrızlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 99,1 kv.m yaşayış evinin onun çəkdiyi xərclər nəzərə alınmaqla vərəsələr arasında bölünərək payların müəyyən edilməsi və naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X5 xx.xx.2001-ci ildə, anası X3 isə xx.xx.2010-cu ildə vəfat etmişdir. Atasından Ağdam rayonunun Mahrızlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi üç otaqlı 99,1 kv.metr yaşayış evi miras qalmışdır. Valideynlərinin vəfatından sonra mirası özü qəbul edərək idarə etmişdir. Qardaşı Sadiq 1992-ci ildə Ukraynaya getmiş və birinci dəfə 2013-cü ildə Azərbaycana qayıtmışdır. Valideynlərin dəfn və yas mərasiminin, baş daşı düzəldilməsi xərclərini özü çəkmişdir. İş üzrə cavabdeh olan qardaşları Sadiq və Xaliq heç bir xərc çəkməmiş və mirası qəbul etməmişlər. Xaliq mirası qəbul etməməsi barədə notarial qaydada təsdiq olunmuş ərizə yazmışdır. Qardaşı Sadiq isə miras əmlakla dair mübahisə yaratmışdır. Üç qardaşdan başqa vərəsə olmamışdır. Bütün kommunal xidmətlərin xərcini ödəmiş, miras qalmış evi təmir etdirmiş, həyəti tam abadlaşdırmış, orada qeyri-yaşayış sahəsi tikdirmişdir. Qaz və işıq pulu ödəniş qəbzləri onun adına olmuşdur. 2010-cu ildə sözügedən həyətə 200 kv.m tamet vurdurmuş, evə bitişik sanitar qovşaq inşa etdirmiş, evin üstünün köhnə şiferlərini sökərək dəmirlə əvəz edib yeniləmiş, üç plastik pəncərə və bir qapı qoymuş, evi təmir etdirmişdir. Bütün bu işləri görərkən qardaşları Sadiq və Xaliqə məlumat verərək atadan qalmış evi təmir etdirməyi təklif etmiş, lakin onlar ev istəmədiklərini demişlər. Bakı şəhərində işləyərək hər il yay aylarında ailəsi ilə birlikdə Mahrızlı kəndinə gələrək atasından miras qalmış evdə yaşamışdır. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(013)-1485/2023 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia təmin edilərək, X2 miras qalmış Ağdam rayonunun Mahrızlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində ümumi sahəsi 99,1 kv.metr yaşayış evi İddiaçı və Cavabdeh2 arasında bölünərək İddiaçı miras əmlakla çəkdiyi xərclər nəzərə alınmaqla 2/3 (üçdə iki) hissə, Cavabdeh2 1/3 (üç bir) hissə payı olmasının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşdə olan sübutlar: AZ seriyalı ******* saylı şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh1 xx.xx.1966-cı ildə anadan olmuş, atası X5, anası X1r. AZ-T seriyalı 191632 saylı şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh2 xx.xx.1967-ci ildə anadan olmuş, atası X5, anası X1r. AZ seriyalı 655764 saylı şəhadətnamənin sürətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə anadan olmuş, atası X5, anası X1r. AZ seriyalı 042484 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 xx.xx.2001-ci ildə vəfat etmişdir. AZ-1 seriyalı 389141 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 xx.xx.2010-cu ildə vəfat etmişdir. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışın sürətindən görünür ki, Ağdam rayonunun Mahrızlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində ümumi sahəsi 99,1 kv.metr yaşayış evi tam olaraq X4 mülkiyyətidir. Cavabdeh1 notariat ofisinə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsinin sürətindən görünür ki, o, atası X2 qalmış mirası qəbul etməmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişanlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 226 saylı arayışından görünür ki, X4 vərəsələri – oğlanları İddiaçı, Cavabdeh1 və Cavabdeh2dur. Ağdam Rayon Dövlət Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 87 saylı məktubundan görünür ki, miras əmlakla bağlı notariat orqanına ərizə vermək üçün 6 ay müddətin keçdiyindən həmin orqan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edərək məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ağdam Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(013)-1485/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(013)-1485/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qətnamə təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək ataları X2 miras qalmış Ağdam rayonu, Mahrızlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 99,1 kv. metr yaşayış evinin onun çəkdiyi xərclər nəzərə alınmaqla qanun üzrə vərəsələr arasında bölünərək payların müəyyən edilməsi və naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(013)-1485/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, X2 miras qalmış Ağdam rayonu, Mahrızlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 99,1 kv.m yaşayış evinin İddiaçı və onun arasında bölünərək İddiaçı miras əmlakla çəkdiyi xərclər nəzərə alınmaqla 2/3 (üçdə iki) hissə, ona 1/3 (üçdə bir) hissə payı olması müəyyən edilmişdir. Bildirir ki, həqiqətən də işləmək üçün 1992-ci ildə Ukrayna Respublikasına getmişdir. Sənədləri qaydasında olmadığı üçün yas mərasiminə gələ bilməmişdir. Mərhum atası Telman Mahrızlı kəndində torpaq alıb Namiqə ev tikmişdir. Atası vəfat etməmişdən əvvəl özünün evini ona verəcəyini bütün vərəsələrin, o cümlədən Namiqin yanında demiş, lakin vəsiyyətnamə qoymamışdır. Ondan, Namiqdən və Xaliqdən başqa vərəsə olmamışdır. Atası vəfat edərkən evdə pul saxlamiş və yas mərasimi mərhumun öz vəsaiti ilə təşkil olunmuşdur. Bundan əlavə atası yas mərasimində pul yığılmışdır. Namiq ata-anasına hec bir köməklik etməmişdir. Atası vəfat edəndən sonra Namiq özünün evini sataraq əldə etdiyini pulu götürüb Bakı şəhərinə getmişdir. Namiq və arvadı Şəhla ata evindən olan şiferləri, dəmir sallamaları, taxtaları satmışlar. Namiq və Şəhlaya həmin tikinti materiallarını satmalarına görə etiraz etdikdə onlar qaytaracaqlarını demişlər. Ukraynada müharibə başladıqdan sonra 2022-ci ildə arvadı Larisa ilə birlikdə Mahrızlı kəndində ata evinə gəlib və evi bərpa etmişlər. Namiqlə Şəhlanın Bakı şəhərində 4-5 yerdə evi var. Qətnamədə onun izahatı düzgün qeyd edilməyibdir. O izahatında Namiqin ata evinin həyətinə tamet vurdurması, evə bitişık sanitar qovşaq inşa etdirməsi, evin üstünün köhnə şiferlərini sökərək dəmirlə əvəz edib yenilənməsi, üç plastik pəncərə və bir qapı qoymasını göstərməyib. Birinci instansiya məhkəməsi elektrik enerjisi və təbii qazın istifadə müqaviləsinin iddiaçının adına olmasını əsas götürərək miras payını iddiaçının xeyrinə bölmüşdür. Atadan miras qalmış evi o bərpa etmişdir. Ağdam Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(013)-1485/2023 saylı qətnaməsi əsassızdır və qətnamə ilə razı deyil. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İştirkaçılıqla bağlı prosessual məsələlər və proses iştirakçılarının izahatları: Məhkəmə kolelgiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərdən bir qədər fərqli izahat verib bildirmişdir ki, o, iddiaçı qardaşının mirası qəbul etməsini qəbul edir. Lakin, payların qeyri-bərabər müəyyən olunmasından narazıdır. Buna görə də qanunveiricliyin tələbinə əsasən paylarının müəyyən edilməsini xahiş edir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddiaçı qardaşı həqiqətən də miras qalmış evinin həyətinə tamet vurdurmuş, evin üstünün köhnə şiferlərini sökərək dəmirlə əvəz etdirmiş və sanitar qovşaq inşa etdirmişdir. Hərçənd ki, həyətdə onun inşa etdirdiyindən daha yaxşı sanitar qovşaq olmuşdur. Lakin, bu işləri ata və anası üçün deyil, atası və anası vəfat edəndən sonra yay aylarında gəlib orada yaşaması ilə əlaqədar olaraq özü və ailəsi üçün etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əslində cavabdeh qardaşı Cavabdeh2 mirası qəbul etməmişdir. Lakin o qardaşının da mənəvi haqqı olmasını düşünərək mirasdan pay almasına etiraz etməmişdir. Mirasdan pay almaq hüquq olan 3 nəfər vərəsə olduğundan qardaşı Sadiqin 1/3 hissədə payı olmuş, digər qardaşı Xaliq isə mirası qəbul etməkdən imtina etmişdir. Buna görə də hesab edir ki, Cavabdeh2 payının 1/3 hissədə müəyyən edilməsi ədalətli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1297. Ailə təsərrüfatında əməyi ilə, miras qoyanın peşə və kommersiya fəaliyyətində iştirakla, özünün çəkdiyi xeyli xərclərlə, yaxud başqa şəkildə miras qoyanın əmlakının qorunmasına və artırılmasına xüsusi töhfə vermiş övlad (enən xətt üzrə qohum) miras qoyanın əmlakı bölüşdürülərkən onunla birlikdə qanun üzrə vərəsə sayılan və miras tələb edən qohumlarla bərabərləşdirilməsini tələb edə bilər. 1299.1. Miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. 1299.2. Əmlak bölgüsü zamanı miras payının bərabərləşdirilməsi məbləği mirasın ümumi məbləğindən çıxılır və bərabərləşdirmə tələbinə hüququ olan miras şərikinin payına əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materilları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(013)-1485/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq idda tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı kimi X4 xx.xx.2001-ci ildə ölməsi ilə əlaqədar ondan Ağdam rayonunun Mahrızlı kəndi ərazisində 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 99,1 kv.metr yaşayış evi miras qalmış, miras qalmış əmlakı vərəsələrdən İddiaçı və Cavabdeh2 faktiki olaraq qəbul etmiş, digər vərəsə Cavabdeh1 isə mirası qəbul etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 1297 və 1299.1ci maddələrini tətbiq edərək, vərəsələrdən İddiaçı miras qalmış əmlaka çəkdiyi xərcləri nəzərə alaraq, miras qalmış əmlak üzərində İddiaçı 2/3 (üçdə iki) hissədə, Cavabdeh2 isə 1/3 (üç bir) hissədə payını müəyyən etməklə, payları qeyri-bərabər şəkildə bölmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq nomasının tətbiqində səhvə yol verərək, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunan Mülki Məcəllənin 1297 və 1299-cu maddələrinin məzmunundan göründüyü kimi mirasda payın bərabərləşdirilməsini tələb edə bilməsi üçün vərəsənin miras qoyanın sağlığında müxtəlif vasitələrlə onun əmlakının qorunmasına və artırılmasına xüsusi töhvə verilməsi zəruridir. Hazırkı işin hallarına görə isə miras qoyanın ölümündən sonra iddiaçı tərəfindən miras qalmış əmlakın yaxşılaşdırılması ilə bağlı xərclər çəkilmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır ki, bununla da iddiaçı dolayısı ilə öz birgə mülkiyyətində olan əmlakı yaxşılaşdırmış hesab olunur. Belə olduğu təqdirdə isə iddiaçı cavabdehə düşən pay hissəsində əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik ola bilər. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını nəzərə almadan, Mülki Məcəllənin 1159.1-ci maddəsinin tələbinə əsasən mirası qəbul etmiş vərəsələr arasında payı bərabər şəkildə müəyyən etməli olduğu halda maddi hüquq normasının tətbiqində səhvə yol verərək payları qeyribərabər şəkildə müəyyən etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, miras qalmış əmlak üzərində İddiaçı və Cavabdeh2 hər birinin 1/2 (ikidə bir) hissədə payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi miras qalmış əmlakın paylara uyğun şəkildə naturada ayrılması tələbinə dair iddianı rədd etsə də gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Qeyd olunur ki, iddiaçının miras qalmış əmlakdakı payının naturada ayrılması tələbi mülkiyyətində olduğunu iddia etdiyi daşınmaz əmlakın hüquqi müqəddəratını qanunvericiliyə uyğun olaraq məhkəmə vasitəsi ilə təyin etməklə bağlı olmuşdur. Hazırkı iş üzrə miras qalmış əmlak üzərində tərəflərin payı müəyyən edilsə də Mülki Məcəllənin 146.2-ci maddəsinin tələbinə müvafiq olaraq onların həmin pay üzərində sərəncam vermə hüquqları yaranmamışdır. Mübahisə predmeti olan daşınmaz əmlakın paylara müvafiq olaraq naturada ayrılması yalnız həmin paylar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda mümkün olur. Hazırda isə paylar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından iddiaçının da həmin iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(013)-1485/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, X2 miras qalmış Ağdam rayonunun Mahrızlı kəndində 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş sahəsi 99,1 kv.metr fərdi yaşayış evi üzərində İddiaçı və Cavabdeh2 hər birinin ½ (ikidə bir) hissədə payı müəyyən edilməli, iddia qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Ağdam Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(013)-1485/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(013)-1485/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. X2 miras qalmış Ağdam rayonunun Mahrızlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş sahəsi 99,1 kv.metr olan fərdi yaşayış evi üzərində İddiaçı və Cavabdeh2 hər birinin ½ (ikidə bir) hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.