Məhkəmə qərarları › İş №2(104)-980/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-980/2023

15.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-980/2023 15.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və 3-cü şəxs qismində işə cəlb edilmiş X3 nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy rayon notariat ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(042)-66/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh Gədəbəy rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, atası X14 məxsus Gədəbəy rayonu, Novoivanovka kəndindəki 0.25 ha torpaq sahəsi üzərində yerləşən 40 kv.m ikiotaqlı fərdi yaşayış evinə dair mirasın qəbuluna buraxdığı müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Gədəbəy rayon notariat ofisinə qarşı mirasın qəbuluna buraxdığı müddətin üzrlü hesab edilərək uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(042)-66/2023 nömrəli (hakim F.Mirzəquliyev) qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonu Novoivanovka kəndində 0.25 ha torpaq sahəsi üzərində yerləşən 40 kv.m ikiotaqlı fərdi yaşayış evi mərhum atası X14 məxsus olmuşdur. Atası 17 mart 2006-cı il tarixdə ölmüş və onun ölümündən sonra o anası X2 ilə birlikdə qeyd olunan evdə yaşamışlar. Anası 04 iyun 2012-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra həmin əmlakda bir müddət yaşamış, lakin sonradan qardaşı oğlu X19 onu həmin evdən qovmuş və valideynlərinə məxsus həmin fərdi yaşayış evində yaşamağa başlamışdır. 2019-cu ildə atasından miras qalmış əmlakın qəbulu ilə bağlı Gədəbəy rayon notariat ofisinə müraciət etmiş, lakin mirasın qəbuluna dair müddətin ötürüldüyü əsası ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. O, hüquqi savadsızlığı səbəbindən 6 ay ərzində notariat ofisinə ərizə verilməli olduğunu bilməmiş, bu səbəbdən də üzrlü olaraq mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Mülki iş materiallarında olan: Gədəbəy Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X20 və X4 05 fevral 1961-ci il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1960-cı il tarixdə doğulmuş, ata qrafasında X20, ana qrafasında X2 qeyd edilmişdir; Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X7 05 yanvar 1981-ci il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir; Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli, 437 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivi mühafizəsində olan 1991-1995-ci illərə dair Novoivanovka kənd İƏD üzrə nümayəndəliyin 04 saylı təsərrüfatbaşına kitabın 281 şəxsi hesab nömrəsinə əsasən X9 ailə tərkibi özü, arvadı X2 və X5 ibarət olmuşdur. Onun adına 0.25 ha torpaq sahəsi və 1975-ci ildə tikilmiş 40 kvm yaşayış evi qeyd edilmişdir; JN-303D KOD 50500028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X9 və onun ailə üzvləri olan X1 və X10 ümumi mülkiyyətinə Gədəbəy rayonu, Novoivanovka kəndində 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir; Ölüm haqqında arayışlardan görünür ki, X20 17 mart 2006-cı il tarixdə, X2 04 iyun 2012-ci il tarixdə ölmüşdür; Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş 22 oktyabr 2019-cu il tarixli, 447 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçdiyi əsası ilə İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir; Gədəbəy Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(042)-1019/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X15 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(104)-1195/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(042)-1019/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(102)- 5970/2021 nömrəli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(104)-1195/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qətnamədə qeyd edilmişdir ki, iddiaçıya digər vərəsələrin məhkəməyə dəvət edilməsi təklif edilmiş, lakin iddiaçı bundan imtina etmişdir. Halbuki digər vərəsələrin mirasdan onun xeyrinə imtina etmələri barədə məhkəməyə etibarnamə təqdim etmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə bunları nəzərə almamış və qardaşı oğlu X11 məhkəmədə iştirak etməsinin zəruriliyini bildirmişdir. Apellyasiya məhkəməsində verilmiş izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, eyni zamanda 3-cü şəxs qismində işə cəlb edilmiş X3 nümayəndəsi İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan evdə hazırda qardaşı oğlu Mehti yaşayır. Həmin evə dair mirası qəbul etmişdir. Həmin evlə bağlı vərəsələr arasında heç bir mübahisə yoxdur. X17 və X18 Federasiyasında yaşayırlar. Ona görə də, qardaşları ona etibarnamə vermişlər ki, həmin evə və onun yerləşdiyi torpaq sahəsinin 2/3 hissəsinin onun adına keçirilməsinə etiraz etmirlər. O, mirası qəbul etmə barədə notariat orqanına vaxtında müraciət etməməsinə səbəb o, olmuşdur ki, həmin mübahisə predmeti olan evdə qardaşı Əlinin oğlu Mehti yaşamış, elə bilmişdir ki, nə vaxt istəsə onun həmin mülkə dair payı veriləcəkdir. Lakin Mehti onu valideyinlərindən miras qalmış həmin evə buraxmır. O da məcbur qalıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Onun həmin evdə payı vardır və digər vərəsələr olan qardaşlarıda buna etiraz etmirlər. Buna baxmayaraq işə baxan məhkəmə göstərilən halları nəzərə almayaraq iddianı rədd etmişdir. Sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Gədəbəy rayon notariat ofisinin nümayəndəsi və 3-cü şəxs qismində cəlb edilmiş X16 məhkəmə bildirişi göndərilsə də, Gədəbəy rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. 3-cü şəxs qismində cəlb edilmiş X21 isə müəyyən olunmuşdur ki, o, hazırda Rusiya Federasiyasındadır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145-ci, 1146-cı, 1246-cı və 1248-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2. maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.2. maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3. maddəsinə görə isə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olundu ki, İddiaçı Gədəbəy rayonu Novoivanovka kəndində 0.25 ha torpaq sahəsi üzərində yerləşən 40 kv.m ikiotaqlı fərdi yaşayış evinin mərhum atası X14 məxsus olduğunu, atası 17 mart 2006-cı il tarixdə öldüyünü, onun ölümündən sonra anası X2 ilə birlikdə həmin evdə yaşadığını, anası 04 iyun 2012-ci il tarixdə vəfat etdiyini, anasının vəfatından sonra həmin əmlakda bir müddət yaşadığını, lakin sonradan qardaşı oğlu X10 onu həmin evdən qovduğunu, 2019-cu ildə atasından miras qalmış əmlakın qəbulu ilə bağlı Gədəbəy rayon notariat ofisinə müraciət etmiş, lakin mirasın qəbuluna dair müddətin ötürüldüyünə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyini, hüquqi savadsızlığı səbəbindən 6 ay ərzində notariat ofisinə ərizə verməli olduğunu bilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən uzun müddət keçməsini və kifayət qədər uzun müddət ərzində mirası qəbul edə bilməməsinin səbəblərini əsaslandıran halları təsdiq edən sübutları təqdim edə bilməməsi əsası ilə iddianı təmin etməmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçı mərhum atasından qalmış miras əmlakı qəbul etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməsi, onun vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair notariat orqanına müraciət etməsi və notariat orqanının bundan imtina etməsi işin mübahisələndirilməyən hallarıdır. İddiaçı digər vərəsələrin də buna razılıqları olduğuna, bu barədə notarial qaydada təsdiqlənmiş ərizələrin olduğuna istinad etməklə, notariat orqanına qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək uzadılması dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İstinad edilən normanın məzmunundan göründüyü kimi, mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair mübahisə yalnız vərəsələr arasında yarana biləcək mübahisə olduğu halda hazırkı iddia notariat orqanına qarşı qaldırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. Hazırkı işdən isə müəyyən olunur ki, İddiaçı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması tələbinə dair iddianı cavabdeh Gədəbəy rayon notariat ofisinə qarşı qaldırmışdır. Göründüyü kimi iddia, ona cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi mübahisənin maddi hüquqi əsaslarını ümumiyyətlə düzgün müəyyən etməməklə iddianın rədd edilməsi barədə iş üzrə qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ona cavab verməli olmayan şəxsə qarşı verilməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1. maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1. maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 384.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1. maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 385, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(042)-66/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Gədəbəy rayon notariat ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar