Məhkəmə qərarları › İş №2(104)-2189/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2189/2025

30.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2189/2025 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin mərhum cavabdeh Cavabdeh hüquq varisləri hüquqi varis2 və hüquqi varis1 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması; sübutetmə yükü Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 və mərhum cavabdeh Cavabdeh hüquq varisi hüquqi varis2 iştirakı ilə, Işin halları

1. Kreditor İddiaçı ASC ilə borcalan hüquqi varis3 arasında bağlanmış ## ### 2023-cü il tarixli, AL/*****/**/** nömrəli kredit müqaviləsindən görünür ki, borcalana 59 ay müddətinə, illik 25 faiz olmaqla 10000 manat kredit xətti açılmış və ilkin olaraq 600 manat kredit verilmişdir.

2. ##.##.2023-cü il tarixli balansdan kənar məxaric orderindən görünür ki, hüquqi varis3 1 ədəd MC X2 növlü kart verilmişdir.

3. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, hüquqi varis3nın İddiaçı ASC ilə arasında bağlanmış ## #### 2023-cü il tarixli, CP/*****/**/** saylı, müqaviləyə əsasən 9679,67 manat əsas, 465,12 manat faiz və ## ### 2023-cü il tarixli, AL/*****/**/** saylı müqaviləyə əsasən 599,71 manat borcu vardır.

4. İddiaçı ASC ilə hüquqi varis3 arasında bağlanmış ## #### 2023-cü il tarixli, CP/*****/**/** nömrəli kredit müqaviləsindən görünür ki, hüquqi varis3 48 ay müddətinə, illik 24 faiz olmaqla 10000 manat kredit verilmişdir.

5. ## #### 2023-cü il tarixli, CP*******A**C-* nömrəli ödəniş tapşırığından görünür ki, hüquqi varis3 9850 manat vəsait köçürülmüşdür.

6. ##.##.2023-cü il tarixli, 2V-*** reyestr nömrəli, qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2023-cü il tarixdə vəfat etmiş hüquqi varis3 vərəsəsi atası Cavabdehdur. Miras əmlak isə buraxılış ili 2006-cı il olan “VAZ 21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

7. ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh özünə məxsus “VAZ 21074” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 3000 manata alıcı X3.

8. “Elektron məhkəmə” informasiya sistemi üzərindən əldə edilmiş Cavabdeh fərdi məlumatlarından görünür ki, o, ##.##.2025-ci il tarixdə vəfat etmişdir, onun ailə üzvləri - arvadı hüquqi varis2 və qızı hüquqi varis1 ibarətdir.

9. Goranboy rayon notariat ofisinin ## ###### 2026-cı il tarixli ** nömrəli məktubundan görünür ki, ##.##.2025-ci il tarixdə vəfat etmiş Cavabdeh miras əmlakı ilə bağlı vərəsəlik işi açılmamışdır.

10. * saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzindəki notariat ofisi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli *** nömrəli məktubdan görünür ki, ##.##.2025-ci il tarixdə vəfat etmiş Cavabdeh miras əmlakı ilə bağlı vərəsəlik işi açılmamışdır.

11. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsinin ## #### 2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, Cavabdeh adına Goranboy rayonu Nizami kəndində yerləşən 5 nəfər ailə üzvü ilə birlikdə 0.27 ha həyatyanı torpaq sahəsi (JN-176F) daşınmaz əmlakın dövlət reyestrində mövcuddur.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ## #### 2023-cü il tarixli, CP/*****/**/** saylı müqaviləyə əsasən 9679,67 manat əsas 465,12 manat faiz olmaqla, cəmi 10144,79 manat və ## ### 2023-cü il tarixli, AL/*****/**/** saylı müqaviləyə əsasən 599,71 manat əsas olmaqla, cəmi 599,71 manat və hər kredit üzrə cəmi 151 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Iddiaçı İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, hüquqi varis3 ilə İddiaçı ASC arasında bağlanmış ## #### 2023-cü il tarixli, CP/*****/**/** saylı müqaviləyə əsasən 10144,79 manat, ## ### 2023-cü il tarixli, AL/*****/**/** saylı müqaviləyə əsasən 599,71 manat kredit verilmişdir. Hazırda mərhum hüquqi varis3 banka 10744,5 manat borcu vardır. hüquqi varis3 ## ###### 2023-cü il tarixdə vəfat etmişdir. Goranboy rayon notariat ofisinin verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu hüquqi varis3 vərəsəsidir və mərhum borcluya məxsus əmlak vərəsəlik qaydasında ona keçmişdir.

14. Məhkəmə iclasında mərhum cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, oğlu hüquqi varis3 ##.##.2023-cü il tarixdə vəfat etmiş və oğlundan ona “VAZ 21074” minik markalı avtomobili miras qalmışdır. Daha sonra həmin avtomobili 3000 manat qarşılığında X3. Mərhum oğlundan sözügedən avtomobildən başqa hər hansı daşınar və daşınmaz əmlak miras qalmamışdır.

15. Goranboy Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə ## #### 2023-cü il tarixli, CP/*****/**/** saylı və ## ### 2023cü il tarixli, AL/*****/**/** saylı müqavilələr üzrə ümumilikdə 3000 (üç min) manat məbləğində borc pul və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir.

16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.1, 442, 443.1, 448, 739.1, 739.2, 1146, 1151.1, 1255, 1306.1, 1306.4 və 1306.5-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

17. Iddiaçı İddiaçı ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Iddiaçı İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh daşınar əmlakdan başqa miras əmlaka dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, bu hissəyə dair sübutetmə yükü cavabdehin üzərindədir. Bununla bağlı yəni, vərəsələrin kreditor qarşısında məsuliyyəti və kreditorun təmin edilməsi zamanı sübutetmə yükünün vərəsənin üzərində olmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2023-cü il tarixli qərarında da hüquqi mövqe göstərilmişdir. Belə ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə vəfat etmiş olduğundan arvadı hüquqi varis2 və qızı hüquqi varis1 onun hüquq varisi qismində işə cəlb edilmişlər.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iddiaçı İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum borclunun vərəsəsi olan cavabdeh Cavabdeh vəfat etmişdir. Sonuncunun qanun üzrə vərəsələri də ondan miras qalmış əmlakdan imtina etməmişlər. Banka olan borcun ödənilməsinin təmin edilməsini istəyirlər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında mərhum cavabdeh Cavabdeh hüquq varisi hüquqi varis2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, heç yerdə işləmir və gəliri də yoxdur. Bu səbəbdən də banka olan borcu ödəmək iqtidarında deyildir. Mərhum ərindən ona miras qalan əmlak yaşadıqları evdən ibarətdir. Sədrlik edənin sualına cavab olaraq hüquqi varis2 bildirmişdir ki, mərhum ərindən qalmış mirasın qəbulundan imtina etməmişlər. hüquqi varis2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, mərhum cavabdehin digər hüquq varisi hüquqi varis1 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 443. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 739.1 (hüquq münasibətləri yarandığı zamankı redaksiya). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

31. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

32. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

33. «Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “Icra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə» ## #### 2025-ci il № ***-VIIQD Azərbaycan Respublikası Qanunu ilə Mülki Məcəlləyə 1306.4-cü və 1306.5-ci maddələr əlavə edilmişdir; 1307-ci maddə isə Məcəllədən çıxarılmışdır: Maddə 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

37. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

44. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. MPM-nin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tam təmin edilməli, ## #### 2023-cü il tarixli, CP/*****/**/** saylı müqavilə üzrə 9679,67 manat əsas, 465,12 manat faiz olmaqla, cəmi 10144,79 manat, ## ### 2023-cü il tarixli, AL/*****/**/** saylı müqavilə üzrə isə 599,71 manat borc, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 10744,5 manat borc və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 151 manat mərhum cavabdeh Cavabdeh hüquq varisləri hüquqi varis2 və hüquqi varis1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir.

49. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan hüquqi varis3 arasında ## ### 2023-cü il tarixli, AL/*****/**/** nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcalana 59 ay müddətinə, illik 25 faiz dərəcəsilə 10000 manat kredit xətti açılmış, ilkin olaraq 600 manat, ## #### 2023-cü il tarixli, CP/*****/**/** nömrəli kredit sazişinə dair kredit müqaviləsi üzrə isə 48 ay müddətinə, illik 24 faiz dərəcəsilə 10000 manat kredit verilmişdir. Bundan sonra borclu hüquqi varis3 ##.##.2023-cü il tarixdə vəfat etmiş və onun hər iki kredit müqaviləsi üzrə ümumilikdə 10744,5 manat məbləğdə bank qarşısında icra edilməmiş öhdəliyi qalmışdır. Mərhum borclunun ölümündən sonra atası Cavabdeh oğlunun miras əmlakının qəbul edilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə o, mərhum oğlunun qanun üzrə birinci növbəli vərəsəsi hesab edilmiş, onun miras əmlakından tam həcmdə irs almışdır. Şəhadətnamə verilən miras əmlak isə - buraxılış ili 2006-cı il olan “VAZ 21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarət olmuşdur. Kreditor İddiaçı ASC tərəfindən mərhum borclunun bank qarşısındakı öhdəliyinin icra edilməsi barədə cavabdehə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır.

51. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi baxılan iş üzrə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, sübutetmə yükünün bölgüsünü düzgün müəyyənləşdirməmişdir. Nəticədə isə, mübahisənin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gəlmişdir.

52. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

53. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

54. Iddianın əsaslılığına münasibətdə kollegiya vurğulayır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

55. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

56. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

57. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb - ölmüş borclunun kreditor qarşısında icra edilməmiş borc öhdəliyinin onun vərəsələrindən tutulmasından ibarətdir.

58. Bu mənada, iddianın qanuni əsası kimi mülki qanunvericiliyin - vərəsələrin kreditorlar qarşısında məsuliyyəti ilə bağlı müddəaları nəzərdən keçirilməlidir.

59. Belə ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur.

60. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.

61. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

62. Yəni, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

63. Beləliklə, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

64. Bununla belə, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli qərarındakı hüquqi mövqe).

65. Işin müəyyən edilmiş və faktiki hallarından görünür ki, mərhum borclu hüquqi varis3 ##.##.2023-cü il tarixdə vəfat etmiş, onun ölümündən sonra cavabdeh olan atası Cavabdeh oğlunun miras əmlakının qəbul edilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə o, mərhum oğlunun qanun üzrə birinci növbəli vərəsəsi hesab edilmiş, onun miras əmlakından tam həcmdə irs almışdır. Şəhadətnamə verilən miras əmlak isə - buraxılış ili 2006-cı il olan “VAZ 21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarət olmuşdur.

66. Mərhum cavabdeh (vərəsə) Cavabdeh ##.##.2023-cü il tarixdə vəfat etmiş oğlunun miras aktivini qəbul etdiyinə görə bilavasitə onun miras passivini də qəbul etmiş sayılır və beləliklə də, o, miras qoyanın kreditorunun mənafelərini ödəməyə borcludur.

67. Iddiaçı bank tərəfindən verilmiş maliyyə arayışına əsasən müəyyən olunur ki, mərhum borclu hüquqi varis3 ## #### 2023-cü il tarixli, CP/*****/**/** saylı kredit müqaviləsi üzrə 9679,67 manat əsas, 465,12 manat faiz olmaqla, cəmi 10144,79 manat, ## ### 2023-cü il tarixli, AL/*****/**/** saylı müqavilə üzrə isə 599,71 manat olmaqla, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 10744,5 manat borcu vardır.

68. Məhkəmə kollegiyası qeyd edir ki, maliyyə arayışında kredit müqavilələri üzrə borc məbləği dəqiqliklə göstərilmişdir. Arayışda göstərilən məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal yoxdur. Digər tərəfdən, nə mərhum cavabdeh, nə də ki, onun hüquq varisləri bu barədə hər hansı arqument irəli sürməmişlər. Həmin arayışın mötəbərliyini şübhə altına alacaq hər hansı əsas olmamaqla məsələnin həlli baxımından hər hansı xüsusi biliyin tətbiqinə də zərurət yoxdur. Ona görə də kredit müqaviləsi üzrə əsas və faiz borcu maliyyə arayışında göstərilən məbləğ üzrə müəyyən edilməlidir.

69. Mülki Məcəllənin mərhum borclu hüquqi varis3 mirası açılan zaman qüvvədə olmuş 1307-ci maddəsində deyilirdi ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Istinad olunan normanın dispozisiya şərtlərindən aydın şəkildə görünür ki, qanunvericilik miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsini vərəsənin üzərinə qoymuşdur. Hazırkı işdə isə cavabdeh tərəf mərhum borclu hüquqi varis3 borcunun sonuncudan miras qalmış əmlakdan çox olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, miras passivi tam həcmdə mərhum borclunun vərəsəsindən tutulmalıdır.

70. Məhkəmə kollegiya həmçinin qeyd edir ki, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri isə arvadı hüquqi varis2 və qızı hüquqi varis1 olmuşlar. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab əsasında mərhum cavabdeh Cavabdeh ölümündən sonra Goranboy rayonu Nizami kəndində yerləşən 5 nəfər ailə üzvü ilə birlikdə 0.27 ha həyatyanı torpaq sahəsindən onun payına düşən hissənin ondan miras qaldığı müəyyən edilmişdir. Miras qoyanın vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər.

71. Kollegiyanın qənaətinə görə, mərhum cavabdeh Cavabdeh qalan miras onun arvadı hüquqi varis2 və qızı hüquqi varis1 tərəfindən qəbul edilmiş olduğundan və mübahisə edilən hüquq münasibəti maddi hüquq varisliyinə yol verdiyindən tələb edilən kredit borcu mərhum cavabdehin qanun üzrə birinci növbəli vərəsələrindən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir.

72. Kollegiya bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, mərhum cavabdeh Cavabdeh mirası notarius tərəfindən siyahıya alınmamış, onun vərəsələri isə ümumiyyətlə miras qoyanın borclarının mirasdan çox olması barədə arqument irəli sürməmiş, habelə bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişlər.

73. Bundan əlavə, iddia ərizəsi verilməsi üçün iddiaçı bank tərəfindən 151 manat dövlət rüsumu ödənilmişdir. Kollegiyanın qənaətinə görə, həmin məbləğ mərhum cavabdehin hüquq varislərindən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddia təmin edilsin. ## #### 2023-cü il tarixli, CP/*****/**/** saylı müqavilə üzrə 9679,67 (doqquz min altı yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat əsas, 465,12 (dörd yüz altmış beş manat on iki qəpik) manat faiz olmaqla, cəmi 10144,79 (on min bir yüz qırx dörd manat yetmiş doqquz qəpik) manat, ## ### 2023-cü il tarixli, AL/*****/**/** saylı müqavilə üzrə isə 599,71 (beş yüz doxsan doqquz manat yetmiş bir qəpik) manat borc, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 10744,5 (on min yeddi yüz qırx dörd manat əlli qəpik) manat borc və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 151 (bir yüz əlli bir) manat mərhum cavabdeh Cavabdeh hüquq varisləri hüquqi varis2 və hüquqi varis1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar