Məhkəmə qərarları › İş №2(104)-219/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-219/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-219/2024 16.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(125)-4849/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 5450 (beş min dörd yüz əlli) manat pulun və ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(125)-4849/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı Cavabdeh qarşı «5450 manat pul» tələbinə dair iddiasının rədd edilməsi; Məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanışı vasitəsilə tanımışdır. Cavabdeh özünü ona Müjgan Həsənova kimi təqdim etmişdir. Bundan sonra Cavabdeh onunla münasibət saxlamağa başlamışdır. Özü uzun müddətdir ki, alverlə məşğuldur. Cavabdeh 2021-ci ilin iyun ayında ona müraciət edərək, nisyə bir neçə günlük qızıl-zinət əşyalarını ona verməyi xahiş etmişdir. O, isə cavabdehə etibar etmiş, 7950 manat dəyərində iki dəfəyə 35 qram və daha sonra 61 qram cəmi 96 qram qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Cavabdeh bir müddət sonra əşyaların dəyərindən ona cəmi 2500 manat ödəmişdir. Lakin cavabdeh hal-hazırkı vaxtadək yerdə qalan 5450 manatı ona ödəməmişdir. Cavabdehdən dəfələrlə qeyd olunan məbləğin qaytarılmasını tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək borcu qaytarmamışdır. Cavabdeh ona qarşı dələduzluq etdiyinə görə şikayət ərizəsi ilə polis orqanına müraciət etmiş, lakin müraciəti cavabdehlə aralarında olan məsələ borcla bağlı olduğundan mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Müjgan (Münəvvər) Həsənovanın adından tərtib edilmiş əlyazma qəbzdə qeyd olunmuşdur ki, Həsənova Müjgan 7950 manat dəyərində İddiaçı qızıl almışdır. Nəğd şəkildə ödəyə bilmədiyi üçün söz vermişdir ki, xx.xx.2021-ci ildən hər ay 1000 manat ödəyəcəkdir. Qəbz H.Müjgan tərəfindən imzalanmışdır; Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəməyə cavabdehin ona borcu olmasını təsdiq edən sübutlar təqdim etmiş, lakin iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh nisyə qaydada qızıl-zinət əşyalarının satılması sübuta yetirilmir. Bundan başqa, iş materiallarındakı qəbz Cavabdeh tərəfindən deyil, “Həsənova Müjgan” qeyd edilmiş şəxs tərəfindən yazılmış və imzalanmışdır. Belə olan halda həmin qəbzin Cavabdeh tərəfindən yazılması, imzalanması və cavabdehə aid olması öz təsdiqini tapmır. Halbuki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında cavabdeh iştirak etməmişdir. Cavabdehin məhkəmə prosesində iştirakı məhkəmə tərəfindən təşkil olunsaydı, qəbzin Cavabdeh tərəfindən imzalandığı öz təsdiqini tapacaqdı, əks halda isə cavabdehin sərbəst xətt imza nümunələri götürülərək iş ekspertizaya göndəriləcəkdi. Cavabdeh ondan qızılları götürərkən özünü Müjgan adında təqdim etmişdir. İş materiallarındakı əlyazma qəbz və cavabdehin “Whatsapp” sosial şəbəkə vasitəsi ilə borcla bağlı yazışmalardan açıq-aydın görünür ki, sonuncunun ona borcu var. Münəvvər-Müjgan məsələsinə gəldikdə isə “Whatsapp” sosial şəbəkə vasitəsi ilə yazışmalarda profildəki şəkil Münəvvərə məxsusdur. Əgər hakim məhkəmənin elektron portal sistemində Cavabdeh portaldakı şəklinə diqqət yetirsəydi, Müjganın əslində Münəvvər adlı şəxs olmasını aşkar edərdi. Apellyasiya şikayəti üzrə izahatlar: 05 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ilk dəfə 2021-ci ilin iyun ayında cavabdehə 35 qram çəkidə qızıl əşyası vermişdir, bundan sonra isə ona yenə 61 qram çəkidə qızıl vermişdir. Cavabdeh ilə qonşusu Aytən adlı şəxs vasitəsilə tanış olmuşdur. Özü qızıl alqı-satqısı ilə məşğuldur. Cavabdeh onu aldadaraq özünü Müjgan adı ilə ona təqdim etmişdir. O da Fuad adlı qızıl satandan iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarını alaraq Cavabdeh vermişdir. Cavabdehlə aralarında olan razılaşmaya görə sonuncu bir ay müddətində aldığı qızılların pulunu ödəməli idi. Lakin o, həmin puldan 2500 manatını vermiş, qalan məbləği isə ona ödəməmişdir. İş materiallarındakı qəbzə Müjgan adı ilə imza edən şəxs, əslində Cavabdehdır. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh Müvəvvər Həsənovanın ona 5450 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə müraciət etsə də, lakin sonuncu buna məhəl qoymamışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X2 bildirmişdir ki, İddiaçı ilə qonşudur. Nə iddiaçı, nə də ki, cavabdehlə aralarında qohumluq münasibətləri yoxdur. Cavabdeh Müvəvvər Həsənova onun baldızının rəfiqəsidir. İddiaçı qızıl alqı-satqısı ilə məşğul olur. Sonuncunu cavabdehlə o tanış etmişdir. Sonradan isə tərəflər qızıl alverinə başlamışlar. Cavabdeh özünü Müjgan adı ilə təqdim etmiş, lakin ona bildirmişdir ki, sənəddəki adı Münəvvərdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 5450 (beş min dörd yüz əlli) manat pul və ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı qonşusu Aytən Cəfərova vasitəsilə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh özünü iddiaçıya Müjgan Həsənova adı ilə təqdim etmişdir. Cavabdeh İddiaçı müraciət edərək, iki dəfəyə ondan 35 qram və 61 qram çəkidə, ümumilikdə 7950 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almış və aldığı əşyaların dəyərini 30 avqust 2021-ci il tarixdən hər ay 1000 manatdan ödəyəcəyinə söz vermişdir. Cavabdeh bir müddət sonra əşyaların dəyərindən iddiaçıya 2500 manat ödəmiş, qalan 5450 manatı isə ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 567-ci maddəsində alğı-satqı müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması barədə gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh nisyə qaydada qızıl-zinət əşyalarını satmasını iddia etsə də, həmin əşyaları cavabdehə nisyə qaydada satmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmiş və bu hal heç bir sübutla öz təsdiqini tapmamışdır. Həmçinin İddiaçı Cavabdeh ondan 7950 manat dəyərində qızıl-zinət əşyasını alması barədə qəbz təqdim etsə də, həmin qəbz sübut kimi qiymətləndirilə bilməz. Belə ki, həmin qəbz Cavabdeh tərəfindən deyil, “Həsənova Müjgan” qeyd edilmiş şəxs tərəfindən yazılmış və imzalanmışdır. Belə olduğu halda həmin qəbzin Cavabdeh tərəfindən yazılması, imzalanması və ona aid olması müəyyən olunmadığından həmin qəbz sübut kimi qiymətləndirilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticəni qanuni və əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir. İş materiallarındakı Müjgan (Münəvvər) Həsənovanın adından tərtib edilmiş əlyazma qəbzdə qeyd olunmuşdur ki, Həsənova Müjgan 7950 manat dəyərində İddiaçı qızıl almışdır. Nəğd şəkildə ödəyə bilmədiyi üçün söz vermişdir ki, xx.xx.2021-ci ildən hər ay 1000 manat ödəyəcəkdir. Qəbz H.Müjgan tərəfindən imzalanmışdır. Apellyasiya baxışı zamanı X2 şahid qismində dindirilərək ifadə vermiş və bildirmişdir ki, İddiaçı ilə qonşudur. Nə iddiaçı, nə də ki, cavabdehlə aralarında qohumluq münasibətləri yoxdur. Cavabdeh Müvəvvər Həsənova onun baldızının rəfiqəsidir. İddiaçı qızıl alqı-satqısı ilə məşğul olur. Sonuncunu cavabdehlə o tanış etmişdir. Sonradan isə tərəflər qızıl alverinə başlamışlar. Cavabdeh özünü Müjgan adı ilə təqdim etmiş, lakin ona bildirmişdir ki, sənəddəki adı Münəvvərdir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneəçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyasında icraat zamanı dindirilmiş şahid X2 tərəflər arasında yaranmış hazırkı mübahisə barədə məlumatı olan şəxsdir. Belə ki, adı qeyd olunan şahid iddiaçının qonşusudur, habelə cavabdeh onun baldızının rəfiqəsidir. Xüsusilə diqqət yetirilməlidir ki, tərəflər məhz şahid Aytən Cəfərovanın vasitəçiliyilə bir-biri ilə tanış olmuşlar. Bundan başqa, adı qeyd olunan şahidin tərəflərdən hər hansı biri ilə xidməti asılılıq, qohumluq, dostluq və.s münasibətləri yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyasında şahid qismində dindirilmiş şahid X1 vermiş olduğu ifadənin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən olunmur, eyni zamanda kollegiya həmin şahidin ifadəsini mötəbər sübut olaraq qiymətləndirir. Beləliklə apellyasiya instansiyasında şahid qismində dindirilmiş şahid X1 ifadəsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıya və adı qeyd olunan şahidə özünü Müjgan adı ilə təqdim etmişdir. Cavabdeh özünü İddiaçı Müjgan adı ilə təqdim etdiyindən tərəflər arasındakı borc münasibətləri ilə bağlı tərtib edilmiş əlyazma qəbzdə də cavabdehin adı Müjgan Həsənova kimi yazılmışdır. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını əlaqəli şəkildə tədqiq edərək iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlir. Həmçinin məhkəmə kollegiyası mühüm əhəmiyyət kəsb edən bir xüsusatı da qeyd edir ki, işdəki sənədlərdən göründüyü kimi birinci instansiya məhkəməsində icraat zamanı, habelə apellyasiya baxışı zamanı Cavabdeh yaşadığı ünvana poçt vasitəsilə məhkəmə bildirişi göndərilmiş və poçt göndərişləri xəbərnaməyə imza edilərək rəsmi qaydada qəbul edilmişdir. Həmçinin cavabdehə SMS xəbərdarlıq da göndərilərək hazırkı iddiaya məhkəmədə baxılması barədə ona qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Buna baxmayaraq, Cavabdeh nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinə etiraz bildirməmiş, habelə iş materiallarındakı əlyazma qəbzə dair etiraz və ya tələb irəli sürməmişdir. Başqa sözlə, cavabdehin ona qarşı irəli sürülmüş iddiaya hər hansı arqumenti olmamışdır. İşin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan halları hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb düzgün hüquqi qiymət vermədən iddia tələbini təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdən müəyyən olunur ki, iddia ərizəsinin verilməsinə görə 76 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 76 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(125)-4849/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 5450 (beş min dörd yüz əlli) manat pul və ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar