Məhkəmə qərarları › İş №2(104)-220/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-220/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-220/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-910/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 17 yanvar 2024-cü il tarixli, RGTK5873915B183 saylı kredit müqaviləsindən və məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən X6 83 (səksən üç) ay müddətə, illik 15 (on beş) faiz ödmək şərti ilə 11707 (on bir min yeddi yüz yeddi) manat, 65 (altmış beş) qəpik məbləğində kredit verilmişdir.

2. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 127 (bir yüz iyirmi yeddi) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumu ödənilmişdir.

3. Maliyyə arayışından görünür ki, cavabdeh X4 17 yanvar 2024-cü il tarixli, RGTK5873915B183 saylı kredit müqaviləsi üzrə 20 iyun 2024-cü il tarixə 11707 (on bir min yeddi yüz yeddi) manat, 65 (altmış beş) qəpik əsas, 755 (yeddi yüz əlli beş) manat, 58 (əlli səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 12463 (on iki min dörd yüz altmış üç) manat, 23 (iyirmi üç) qəpik borcu vardır.

4. Bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir.

5. Məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsinin 13 saylı məntəqə seçki komissiyasının üzvüdür və 2025-ci il yanvarın 29-na kimi təyin edilmiş bələdiyyə seçkilərində iştirak edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» iddia verərək, cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə 11707 (on bir min yeddi yüz yeddi) manat, 65 (altmış beş) qəpik əsas, 755 (yeddi yüz əlli beş) manat, 58 (əlli səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 12463 (on iki min dörd yüz altmış üç) manat, 23 (iyirmi üç) qəpik məbləğində borcun və ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2024-cü il tarixli, RGTK5873915B183 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 83 (səksən üç) ay müddətə, illik 15 (on beş) faiz ödmək şərti ilə 11707 (on bir min yeddi yüz yeddi) manat, 65 (altmış beş) qəpik, məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 20 iyun 2024-cü il tarixə İddiaçı ASC-yə 17 yanvar 2024-cü il tarixli, RGTK5873915B183 saylı kredit müqaviləsinə əsasən 11707 (on bir min yeddi yüz yeddi) manat, 65 (altmış beş) qəpik əsas, 755 (yeddi yüz əlli beş) manat, 58 (əlli səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 12463 (on iki min dörd yüz altmış üç) manat, 23 (iyirmi üç) qəpik məbləğində borcu yaranmışdır.

8. Göygöl Rayon Məhkəməsinin 2(066)-910/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Məmmədov) iddianın təmin edilməsi, cavabdeh X1 17 yanvar 2024-cü il tarixli, RGTK5873915B183 saylı kredit müqaviləsi üzrə, 11707 (on bir min yeddi yüz yeddi) manat, 65 (altmış beş) qəpik əsas, 755 (yeddi yüz əlli beş) manat, 58 (əlli səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 12463 (on iki min dörd yüz altmış üç) manat, 23 (iyirmi üç) qəpik məbləğindəki borc pulun alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi, cavabdeh X1 ödənilmiş dövlət rüsumuna görə 127 (bir yüz iyirmi yeddi) manat 39 (otuz doqquz) qəpik pulun alınıb İddiaçı ASCnin xeyrinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X8 arasında bağlanmış 17 yanvar 2024-cü il tarixli, RGTK5873915B183 saylı kredit müqaviləsi öhdəliklərini icra etməmiş və nəticədə X4 20 iyun 2024-cü il tarixə, 17 yanvar 2024-cü il tarixli, RGTK5873915B183 saylı kredit müqaviləsi üzrə 11707 (on bir min yeddi yüz yeddi) manat, 65 (altmış beş) qəpik əsas, 755 (yeddi yüz əlli beş) manat, 58 (əlli səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 12463 (on iki min dörd yüz altmış üç) manat, 23 (iyirmi üç) qəpik borcu yaranmışdır.

10. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1-ci və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1, 14.2 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. Göygöl Rayon Məhkəməsinin 2(066)-910/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və aldığı 11.707.65 (on bir min yeddi yüz yeddi) manat 65 qəpik kreditin faizinə uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iki ay müddəti, yəni 2024-cü ilin avqust və sentyabr aylarında bir ayı 144 (bir yüz qırx dörd) və o biri sentyabr ayı 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 309 (üç yüz doqquz) manat tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmişdir. O, sertfikasiya imtahanları ilə əlaqədar 2023-cü il tarixdə işdən çıxarılmışdır. O, yaşadığı Göygöl rayonunda yerləşən 11 illik tam kənd orta məktəbində müəllimə işləyir. İşlədiyi bu müddətdə hər ay İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müəyyən olunmuş krediti ödəmişdir. O, bankın nümunəvi ödəyicisi-müştərisi olmuşdur. Lakin iddiaçı iş materiallarında bunları göstərməmişdir. Məhkəmə qətnamə çıxararkən bu halları nəzərə almamışdır. Həmçinin, məhkəmə ölkədə gedən pandemiya dövrünü də nəzərə almamışdır.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh X7 apellyasiya şikayətini qismən müdafiə edərək, faizlə bağlı hissədə qətnamənin dəyişdirilməsini və qətnamənin hissə-hissə icra edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, hazırda əməkhaqqı alır. Borcun əməkhaqqısına yönəldilməsinə və hissəhissə icra edilməsinə etirazı yoxdur.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərin hüquqi təqibi Məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

17. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

18. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

19. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

20. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

21. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

22. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

23. 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.

24. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

26. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş faizlə bağlı hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-910/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdeh X5 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2024-cü il tarixli, RGTK5873915B183 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 83 (səksən üç) ay müddətə, illik 15 (on beş) faiz ödmək şərti ilə 11707 (on bir min yeddi yüz yeddi) manat, 65 (altmış beş) qəpik, məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə 11.707 (on bir min yeddi yüz yeddi) manat, 65 (altmış beş) qəpik əsas, 755 (yeddi yüz əlli beş) manat, 58 (əlli səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 12.463 (on iki min dörd yüz altmış üç) manat, 23 (iyirmi üç) qəpik məbləğində borcu yaranmışdır.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və cavabdehin məhkəmə iclasında xahişinə münasibətdə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi hazırki mülki işin predmeti olmamaqla, icra mərhələsində həll edilməli məsələdir. Faizlə bağlı hissədə isə maliyyə arayışı ilə müəyyən edilir ki, cavabdeh X4 17 yanvar 2024-cü il tarixli, RGTK5873915B183 saylı kredit müqaviləsi üzrə 20 iyun 2024-cü il tarixə 11.707 (on bir min yeddi yüz yeddi) manat, 65 (altmış beş) qəpik əsas, 755 (yeddi yüz əlli beş) manat, 58 (əlli səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 12463 (on iki min dörd yüz altmış üç) manat, 23 (iyirmi üç) qəpik borcu vardır. 11.707 (on bir min yeddi yüz yeddi) manat, 65 (altmış beş) qəpik əsas borca görə 755 (yeddi yüz əlli beş) manat faiz tələb edilməsi və borcverən tərəfindən dəbbə pulu istənilməməsi məhkəmə kollegiyası tərəfindən borcun düzgün hesablanmasına dair şübhə yaratmamış, bunun əksini sübut edən mötəbər sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Həmçinin, hesablanmış faiz kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğundur.

44. Məhkəmə kollegiyası cavabdehin əsas borcunu qəbul etməsini və hissə-hissə icra etmək istəməsini müsbət hal kimi nəzərə alaraq, əsas borcun məbləği hissəsində əlavə araşdırmaya zərurət hesab etməmişdir.

45. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın təmin edilmiş faizlə bağlı hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Göygöl Rayon Məhkəməsinin 2(066)-910/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-910/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdeh X5 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar