Məhkəmə qərarları › İş №2(104)-2209/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2209/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2209/2023 27.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı “Yelo Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(042)-347/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-347/2023 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1861,7 ABŞ dolları əsas, 2093,34 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 470,35 ABŞ dolları, cəmi, 4425,39 ABŞ dollarının ödəniş günündə Azərbaycan manatına ekvivalent məbləği və 20 manat məhkəmə xərcinin alınaraq İddiaçı2 ASC-yə verilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(042)-347/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı1 borclular Cavabdeh1 və Cavabdeh2 qarşı 21 iyul 2014-cü il tarixli 4-M-1-0- 759-14 saylı kredit müqaviləsindən irəli gələn 05 sentyabr 2016-cı il tarixədək hesablanmış ödənilməmiş 4048,08 ABŞ dolları əsas borc və 1119,62 ABŞ dolları faiz borcu, cəmi, 5167,7 ABŞ dolları, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulub, İddiaçı1 X2 ödənilməsi barədə məhkəmə əmri çıxarılması üçün müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı1 (hazırda “Yelo Bank ASC”) ilə borclu Cavabdeh1 arasında bağlanan 21 iyul 2014-cü il tarixli 4-M-1-0-759-14 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 6500 ABŞ dolları məbləğində illik 27 % olmaqla 24 ay müddətinə pul vəsaiti verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq zamin Cavabdeh2 ilə 21 iyul 2014cü il tarixli 4-M-1-0-759-14 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Ona görə də ərizənin təmin edilməsi haqqında məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 12 oktyabr 2016-cı il tarixli 2(042)-1607/2016 saylı əmri ilə ərizə təmin edilmişdir. Borclu həmin əmrə etiraz etmiş və məhkəmənin 22 fevral 2023-cü il tarixli qərardadı ilə əmr ləğv edilmiş, tələbə iddia icraatı qaydasında baxılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi iddianın həcminin artırılmasına dair ərizə ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1861,7 ABŞ dolları əsas borc, 2093,34 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 470,35 ABŞ dolları. Cəmi 4425,39 ABŞ dolları ödəniş vaxtı Azərbaycan manatına olan məzənnəsi məbləğində borcun və 20 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun qətnamə qət etməmiş, iş üzrə hallara düzgün hüquqi qiymət verilmədən, işi ətraflı araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-63/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə cinayət məsuliyyətinə cəlb edilmiş İddiaçı2 ASC-nin vəzifəli şəxsləri tərəfindən aldadılmağı və əmlakının ələ keçirilməsi səbəbindən krediti qaytarmaq öhdəliyini özündən asılı olmayan səbəbdən icra edə bilməmişdir. Belə ki, qeyd edilən hökmlə müəyyən edilmişdir ki, İddiaçı2 ASC-nin vəzifəli şəxsləri 21 iyul 2014-cü il tarixdə onun adına rəsmiləşdirilmiş 6.500 ABŞ dolları məbləğində kreditlə bağlı 2014-cü ilin sonlarında ona məxsus 8.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə xeyli miqdar təşkil edən 6.668,25 manat dəyərində “BMW” markalı **-CL-*** nömrə nişanlı avtomobili təhvil verəcəyi təqdirdə avtomobilin başqa şəxsə satılması hesabına kreditin tərəfindən tam bağlanacağına yalandan vəd verib aldatmaqla “BMW” markalı **-CL-*** nömrə nişanlı avtomobilini ələ keçirmişlər. O, əmlakı krediti aldığı bankın işçilərinə təhvil vermişdir. Bankın etibar edib işə qəbul etdiyi işçilərinə o, da inanmışdır. Bankın cinayətkarları işə qəbul edəcəyini düşünməmiş və hesab etmişdir ki, kredit vaxtından əvvəl tam bağlanacaq. Qeyd edilənlərə əsasən hesab edir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-347/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddinın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, kredit borcunu ödəyə bilmədiyinə görə bankın əməkdaşının təklifi ilə mülkiyyətində olan “BMW” markalı avtomobilini banka təhvil vermişdir. Bank əməkdaşı avtomobilin satılması hesabına borcun tam olaraq bağlanacağını bildirdiyinə görə həmin vaxtdan sonra heç bir ödəniş etməmişdir. Yalnız bank işçiləri ilə bağlı cinayət işi başlandıqdan sonra bank əməkdaşları tərəfindən aldanıldığını bilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 21 iyul 2014-cü il tarixdə bağlanılmış kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun iddiaçıya 19 aprel 2023-cü il tarixə 1861,7 ABŞ dolları əsas, 2093,34 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 470,35 ABŞ dolları, cəmi 4425,39 ABŞ dolları borcu yaranmışdır. Digər Cavabdeh2 borcalanın borcun ödənilməsi ilə əlaqədar öhdəliyinin təminatı kimi üzərinə zaminlik öhdəliyi götürmüşdür və borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıyır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlərdən 1861,7 ABŞ dolları əsas, 2093,34 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 470,35 ABŞ dolları, cəmi, 4425,39 ABŞ dollarının ödəniş günündə Azərbaycan manatına ekvivalent məbləği və 20 manat məhkəmə xərci alınaraq, iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsnin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşdə olan İddiaçı1 ilə Cavabdeh1 Qələnədər oğlu arasında 21 iyul 2014-cü il tarixdə bağlanılmış kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən ona 24 ay müddətinə, illik 27 faiz ödəmək şərtilə 6500 ABŞ dolları kredit verilmişdir. İşdə olan İddiaçı1 ilə Cavabdeh2 arasında 21 iyul 2014-cü il tarixdə bağlanılmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Vilayıt oğlu borcalan Cavabdeh1 tərəfindən öhdəliyin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan 19 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 2186,38 ABŞ dolları olmaqla sonuncu ödəniş edilməklə, 1861,7 ABŞ dolları əsas, 2093,34 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 470,35 ABŞ dolları, cəmi 4425,39 ABŞ dolları borcu vardır, İşdə olan ödəniş tapşırından görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan Çıxarışdan görünür ki, İddiaçı2 ASC-nin əvvəlki adı İddiaçı1 ASC olmuşdur. Məhkəmə kollegiyası tərəfindən işə əlavə edilmiş “Problemli kreditlərin kompensasiyası” haqqında məlumatdan görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-yə olan kredit borcu xx.xx.2019-cu il tarixə 3716.,84 manat azaldılmış və 3164,90 manat (3164,90 manat : 1,70 = 1861,7 ABŞ dolları) ödənilməmiş borcu qalmışdır. 3164,90 manat ödənilməmiş kredit borcu ilə bağlı cavabdehə kreditin restrukturizasıyası təklif olunmuşdur. İşdəki maliyyə arayışından da görünür ki, edilmiş resturukturizasiya ilə bağlı iddiaçıya xx.xx.2019-cu il tarixdə 2186,38 ABŞ dolları (2186,38 ABŞ dolları x 1,70 = 3716,84 manat) ödəniş edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş Bakı Ağır Cinayətlər X1 və qeyriləri barəsində xx.xx.2021-ci il tarixli 1(101)-63/2021 saylı hökmündən görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 311.3.1, 311.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxs Cavabdeh1 və qeyrilərinə X7 və qeyrisinə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı2 ASC ilə Cavabdeh1 arasında bağlanan 21 iyul 2014-cü il tarixli 4-M-1-0-759-14 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 6500 ABŞ dolları məbləğində illik 27 % olmaqla 24 ay müddətinə pul vəsaiti verilmiş, kredit borcunun ödənilməsinin təminatı kimi Cavabdeh2 ilə 21 iyul 2014-cü il tarixli 4-M-1- 0-759-14 nömrəli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borc məbləğində yaranmış dəyişikliklə əlaqədar məhkəməyə ərizə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Fərmanının tətbiqi ilə bağlı Cavabdeh1 "xxxx" İKB ASC-yə olan kredit borcu xx.xx.2019-cu il tarixə 3716.,84 manat azaldılmış və 3164,90 manat ödənilməmiş borcu qalmışdır. 3164,90 manat ödənilməmiş vaxtı keçmiş kredit borcu olan cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir, lakin cavabdeh bu hüququndan istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də, Cavabdeh1 münasibətdə iddiaçının tələbi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlərdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Cavabdeh2 zamin olduğundan və əsas borclu ilə birgə məsuliyyət daşıdığından iddiaçının zaminə münasibətdə iddia qaldırması qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı müqavilə üzrə borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Fərmanının təsiri dairəsinə düşdüyündən cavabdehdən faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizin hesablanmamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə Cavabdeh1 21 iyul 2014-cü il tarixli 4-M-1-0-759-14 saylı kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Fərmanının təsiri dairəsinə düşdüyündən, kredit müqaviləsi üzrə kompensasiya ödənildiyindən və 3164,90 manat ödənilməmiş vaxtı keçmiş kredit borcunun qaldığı müəyyən edildiyindən həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı2 ASC-yə ödənilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-347/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3164,90 manat əsas borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı2 ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar