Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2211/2024 28.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi X1 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1737/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehin yaşadığı evdə gəlin köçüb yaşadığı otağa köçürülərək, övladı xx.xx.2014-cü il təvəllüdlü X5 ilə birgə yaşamaqlarına, mətbəxdən, hamamdan və digər yardımçı tikililərdən istifadə etmək hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1737/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Fuad Babaşov) İddiaçı Cavabdeh qarşı “gəlin köçdüyü evə köçürülərək yaşayış hüququ verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1737/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evin mülkiyyətçisi cavabdehin ikinci həyat yoldaşıdır. Onunla heç bir qohumluq münasibəti yoxdur. Qeyd olunan evdə o cavabdehlə birlikdə yaşayarkən həmin ev heç kimin mülkiyyətində olmamışdır. Həmin evlə bağlı cavabdeh kimi onun da, gözlənilən mülkiyyət hüququ olmuşdur. Lakin sonradan cavabdeh onun həm mülkiyyət, həm də istifadə hüququnu pozmaqla evi ikinci həyat yoldaşının adına rəsmiləşdirmişdir.O, həmçinin övladının da həmin evə köçürülməsini istəyir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, cavabdehlə 2010-cu ildə qeyri0rəsmi olaraq evlənmiş, rəsmi nikahları olmamışdır. Cavabdehlə faktiki nikah münasibətlərindən 1 uşaqları doğulmuşdur. Cavabdeh hazırkı aravdı ilə faktiki olaraq ayrıldıqdan sonra, yəni 2019-cu ildə mübahisəli evə köçmüş, bu vaxt ev Elmirin adına olmuş, lakin o, evdən çıxandan sonra cavabdeh evi ikinci həyat yoldaşı Səfayənin adına keçirtmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1737/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, həyat yoldaşı Səfayə ilə 2009-cu ildə evlənmiş, 2019-cu ildə ayrılıb, sonra yenidən barışmışlar. İddiaçı ilə isə, qısa müddət faktiki münasibətləri olmuş və yalnız 2019-cu ildən sonra evə gedib-gəlmişdir. Hazırda həyat yoldaşı ilə barışmış və mübahisəli ev də, həyat yoldaşının adınadır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(021)-1737/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1737/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1737/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)- 1737/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: DİN ASAN-Bərdə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı Tərtər rayonu, Ağdərə qəsəbəsində qeydiyyatdadır. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/MT039/2024-00038 nömrəli arayışdan görünür ki, medisiyada iştirak edən tərəf İddiaçıdır. 05 iyul 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. 07 yanvar 2024-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2024-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 262,4 kv.m olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir Bərdə RİHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 1360 saylı arayışın surətindən görünür ki, Cavabdeh həqiqətən Bərdə şəhər, Q.B.Zakir küçəsi 6A nömrəli evdə ailə üzvləri olan yoldaşı Səfayə Zeynalova və oğulları Bunyat və Fəxri Zeynallı ilə birlikdə yaşayır Azərbaycan Respublikası İN yanında ƏMDX DƏDKR və RPHŞ 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024- cü il tarixli arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2024-cü il tarixli ********** saylı qeydiyyat nömrəsilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşə baxan birinci instansiya məhkəməsi tərəflər arasında hüquq münasibətlərinin 2010-cu ildə, yəni 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığı üçün hazırkı mübahisənin həlli zamanı xx.xx.2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməklə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlə rəsmi nikahı yoxdur, belə olduğu halda iddiaçı cavabdehin rəsmi ailə üzvü deyil, həmçinin iddiaçı köçürülmək istədiyi fərdi yaşayış evinə köçürülməsi və orada yaşaması faktını sübut edə bilməmiş və bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı iddiaya cavab verməli olmayan şəxsə qarşı iddia irəli sürmüşdür. Belə ki, iddiaçının köçürülmək və yaşayış hüququ verilməsini istədiyi fərdi yaşayış evi cavabdehin deyil, üçüncü şəxs olan X2 xüsusi mülkiyyətindədir. Məhkəmə onu da vurğulayır ki, iş materiallarından iddiaçının uzun müddətdir ki, başqa yerdə yaşaması məhkəməyə məlum olur.. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh 2010-cu ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Onların birgə nikahından 1 övladları doğulmuşdur. Ailə qurduqdan sonra iddiaçı Bərdə şəhəri, Q.B.Zakir küçəsi 6A ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Daha sonra ailə münasibətləri baş tutmadığından iddiaçı ilə cavabdeh faktiki olaraq xx.xx.2024-cü ildən ayrılmış, iddiaçı həmin mənzildən çıxıb getmiş və mübahisəli evdə yaşamır. Bərdə şəhəri, Q.B.Zakir küçəsi 6A ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdən Cavabdeh həyat yoldaşı X2 adına rəsmiləşdirilmiş və yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2010-cu ildə yaranmış olduğundan, həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Plenumun ifadə etdiyi hüquqi mövqeyə görə: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur... Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir... Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” Ailə Məcəlləsinin 13-cü fəslində valideynlərin və uşaqların aliment öhdəlikləri, 15-ci fəslində isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, eyni zamanda nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi təsbit edilib göstərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, hesab edir ki, İddiaçı gəlin statusunda olmaqla, mübahisəli evin mülkiyyətçisi X2 ailə üzvü dairəsinə daxil deyildir. O, 2010-cu il tarixdə mübahisəli evə köçürülsə də, bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun hazırda həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 ailə üzvü deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mübahisə edilən yaşayış evininin mülkiyyətçisi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 ailə üzvü deyildir və o, mülkiyyətçi olmayan Cavabdeh belə ailə üzvü olmamış və və yalnız 2019-cu ildə faktiki nikah münasibətləri əsasında mübahisə olunan evə köçməklə bir müddət yaşamışdır ki, bu da onun həmin mənzildən istifadə hüquqnu yaratmır. Məhkəmə kollegiyası iddiaçının mübahisə edilən ev köçərkən, həmin evin cavabdehin adına olması və sonradan ikinci arvadının adını dəyişdirməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin hal belə onun evdən istifadə hüququnun yaranması anlamını vermir. Belə ki, onlar arasında rəsmi nikak münasibətləri olmadığından, onun ailə üzvü hesab edilmir, digər tərəfdən hazırda onların faktiki münasibətlərinə də, xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1737/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1737/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2211/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2211/2024
28.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver