Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2212/2025 14.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3097/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3097/2025 saylı qətnaməsi ilə (hakim Z.Abdullayev) iddianın təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(021)-3097/2025 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbimin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dələduzluq yolu ilə ələ keçirtdikləri 2450 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 44 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon sakinidir. Qapısında mal-qara saxlayıb kənd təsərrüfatı işi ilə məşğul olur. Hazırkı iş üzrə cavabdeh Vəliyədin Məmmədovu eyni rayonda yaşadığı üçün müəyyən qədər tanıyır. xx.xx.2024-cü il tarixdə cavabdeh Vəliyəddin atası Fəxrəddin ilə birlikdə qapısına gəlib ondan 2 baş iribuynuzlu heyvanı 2450 manata aldılar. Dedilər ki, bu heyvanları mal-bazarı günü satıb sənin pulunu gətirib 1 həftəyə verəcəyik. Nəinki bir həftə sonra, hətta aylar keçməsinə baxmayaraq ondan aldıqları iki baş iribuynuzlu heyvanın pulunu gətirib vermədilər. Nə heyvanları geri qaytardılar, nə də pulunu ödədilər. Dəfələrlə cavabdehlə əlaqə saxlayıb 2450 manat pulu tələb və xahiş eləsə də, müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınır. Min bir əziyyətlə saxladığı heyvanları ehtiyacı olduğu üçün satmaq qərarına gəlib. Lakin cavabdehlər onun vəziyyətindən sui-istifadə edərək heyvanları satmaq adı ilə aparmış, ödənişini də ona etməmişdir. Aralarında olan tanışlıq və xətir-hörmətə güvənərək onun malı aparıb pulunu sonra verməsi istəyinə razı olub. Lakin bundan sonra pulu almaq onun üçün müşkül məsələyə çevrilmişdir. Dəfələrlə cavabdehə zəng edərək pulunu tələb edib. Lakin cavabdeh müxtəlif bəhanələrlə onu yola verib pulunu verməmişdir. Nəhayət pulunu başqa cür ala bilməyəcəyini anladıqda polisə müraciət etmək qərarına gəlib. xx.xx.2024cü il tarixində Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh1 ona olan 2450 manat borcunu ödəmədiyini bildirərək, pulun alınıb ona qaytarılmasında köməklik edilməsini xahiş edib, xx.xx.2025-ci il tarixdə Bərdə rayon Polis şöbəsindən ona məktub göndərilərək bildirildi ki, mülki iş üzrə sənədlərini hazırlayıb məhkəməyə müraciət edərək cavabdehdən pulu tələb etməlidir. Bu vaxta qədər hər səfərində cavabdehdən borclu olduğu 2450 manat pulun verilməsini tələb etməyinə baxmayaraq, hər səfərində cavabdeh müxtəlif bəhanələr gətirərək verməkdən imtina edir. Cavabdehlər ona qarşı dələduzluq etmişdir. Cavabdehlər pulunu geri vermədiyi üçün o da məcbur qalıb məhkəməyə müraciət etməli olub. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci insatansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Belə ki, o, Bərdə rayon sakinidir. Qapısında mal-qara saxlayıb kənd təsərrüfatı işi ilə məşğul olur. Hazırkı iş üzrə cavabdeh Vəliyədin Məmmədovu eyni rayonda yaşadıqları üçün müəyyən qədər tanıyır. xx.xx.2024-cü il tarixdə cavabdeh Vəliyəddin atası Fəxrəddin ilə birlikdə qapıya gəlib ondan 2 baş iribuynuzlu heyvanı 2450 manata aldılar. Dedilər ki, bu heyvanları mal-bazarı günü satıb sənin pulunu gətirib 1 həftəyə verəcəklər. Nəinki bir həftə sonra, hətta aylar keçməsinə baxmayaraq ondan aldıqları iki baş iribuynuzlu heyvanın pulunu gətirib vermədilər. Nə heyvanları geri qaytardılar, nə də pulu ödədilər. Dəfələrlə cavabdehlə əlaqə saxlayıb 2450 manat pulu tələb və xahiş eləsə də, müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınırlar. Min bir əziyyətlə saxladığı heyvanları ehtiyacı olduğu üçün satmaq qərarına gəlib. Lakin cavabdehlər vəziyyətdən sui-istifadə edərək heyvanları satmaq adı ilə aparmış, ödənişini də etməmişdir. Aralarında olan tanışlıq və xətir hörmətə güvənərək malını aparıb pulu sonra verməsi istəyinə razı olmuşdur. Lakin bundan sonra pulu almaq onun üçün müşkül məsələyə çevrilmişdir. Dəfələrlə cavabdehə zəng edərək pulu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə onu yola verib pulu verməmişdir. Nəhayət pulu başqa cür ala bilməyəcəyini anladıqdan sonra polisə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixində Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh1 ona olan 2450 manat borcunu ödəmədiyini bildirərək, pulun alınıb ona qaytarılmasında köməklik edilməsini xahiş etmiş, xx.xx.2025-ci il tarixdə Bərdə rayon Polis şöbəsindən ona məktub göndərərək bildirildi ki, mülki iş üzrə sənədlərini hazırlayıb məhkəməyə müraciət edərək cavabdehdən pulu tələb edilməlidir. Bu vaxta qədər hər səfərində cavabdehdən borclu olduğu 2450 manat pulun verilməsini tələb etməyimə baxmayaraq, hər səfərində cavabdeh müxtəlif bəhanələr gətirərək verməkdən imtina edir. Bu səbəbdən də BərdəRayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbimin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddia ərizəsində göstərdiyi iki baş iribuynuzlu heyvan cavabdehlərə oğlu tərəfindən satılmışdır və oğlunun cavabdehlərdən Cavabdeh2la telefon danışığı zamanı Fəxrəddin borclu olduğunu etiraf edərək borcunu qaytaracağını bildirmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-68/2- 20940/25 saylı məktubundan görünür ki, İddiaçı ərizəsində göstərmiş olduğu xüsusatlar mülki iddia xarakteli olduğundan məhkəmə orqanlarına müraciət etməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlərə nisyə olaraq 2 baş iribuynuzlu heyvanı 2450 manata satdığını qeyd etmiş olsa da, əslində həmin heyvanlar cavabdehlərə iddiaçı tərəfindən yox, onun oğlu tərəfindən satılmışdır. Lakin bununla belə hazırkı iddia ərizəsi ilə məhkəməyə İddiaçı müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 və Cavabdeh2 2 baş iribuynuzlu heyvanı 2450 manata vermiş olduğunu bildirsə də, bu barədə iddia ərizəsinə mötəbər sübut əlavə edə bilməmişdir. İddia ərizəsinə əlavə etmiş olduğu Bərdə rayon Polis Şöbəsinin məktubuna əsasən ərizə mülki xarakteri olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddia tələbi iş materiallarına əsasən sübut olunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olsa da, lakin İddiaçı bu kimi iddia ilə müraciət etməyə subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). İddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan görünür ki, qeyd etdiyi 2 baş iri buynuzlu heyvanı cavabdehlərə onun tərəfindən yox, oğlu tərəfindən satılmışdır. İşə baxmış birinci instansiya məhkəməsi isə həmin xüsusatı nəzərə almamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin onu əsassız xərcə salmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı cavabdehlərin ona 2450 manat borclu olmalarını qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, əksinə məhkəmə kollegiyasının iclasında izahat verərək həmin heyvanların cavabdehlərə oğlu tərəfindən satıldığını izah etmişdir. Ona görə də kollegiya hesab edir ki, həmin heyvanların dəyərini tələb etmək hüququ hazırkı iş üzrə iddiaçıya yox, alğı-satqı müqaviləsi üzrə tərəf olmuş satıcıya məxsusdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi mülki prosessual qanunvericiliyin tələblərinin pozulması ilə, yəni iddia buna subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyinə görə ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia yenidən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393 və 404-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3097/2025 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2450 manat pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2212/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2212/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver