Məhkəmə qərarları › İş №2(104)-2214/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2214/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2214/2023 14.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-443/2022 saylı mülki iş üzrə 27 yanvar 2022ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2018-ci il tarixli, 3M–200 reyestr nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh 105.000 (bir yüz beş min) manat borc vermiş, cavabdeh həmin pulu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. İşdə olan X3 Gəncə Filialı tərəfindən verilmiş xx.xx.2019- cu il tarixli arayışdan görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Cavabdeh adına 15.000 manat pul köçürmüşdür.

3. İşdə olan AN–İ ******* saylı 23 may 2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 150.000 manata ünvan 1 ünvanında yerləşən mənzili "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən satın almışdır.

4. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(076)-84/2021 saylı 27 yanvar 2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.4-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyana görə 161.000 (bir yüz altmış bir min) manat, mənəvi ziyana görə 10.000 (on min) manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılmışdır.

5. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(076)-84/2021 saylı, 27 yanvar 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 105000 (bir yüz beş min) manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsində iddiaçı göstərmişdir ki, Cavabdeh 2018–ci ilin mart ayında ona ünvan 1 ünvanında yerləşən mənzili almaq istədiyini, lakin pulu çatmadığını bildirərək ondan borc pul istəmişdir. Borcun təminatı olaraq evi aldıqdan sonra evin sənədlərini ona verəcəyini bildirmişdir. Cavabdehlə aralarında olan 29 mart 2018–ci il tarixli 3M–200 reyestr nömrəli müqaviləyə əsasən cavabdehə 105.000 (bir yüz beş min) manat borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh xx.xx.2018–ci il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüş, lakin bir ildən çox vaxt keçməsinə baxmayaraq, aldığı borcu ona qaytarmamışdır.

8. İddiaçı daha sonra-26 noyabr 2021-ci il tarixdə iddianın həcminin artırılması barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 163750 (yüz altmış üç min yeddi yüz əlli) manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir.

9. Ərizədə qeyd edilmişdir ki, o cavabdehlə bağladığı xx.xx.2018-ci il tarixli borc müqaviləsində göstərilən 105000 manat pul tələb etmişdir. Həmin borc müqaviləsində göstərilən pulu X1 alaraq cavabdehə vermişdir. Cavabdehlə notarial müqavilədən kənar aralarında olan şifahi razılaşmaya əsasən o, X1 borc alaraq cavabdehə vermiş olduğu pulun tam şəkildə geri qaytarılacağı vaxtadək hər ay 1.500 manat əlavə pul ödəməli olmuşdur. Onun özü X1 almış olduğu pulun müqabilində cavabdehin əvəzinə hər ay 1.500 manat olmaqla, ümumilikdə 22.500 manat pul ödəmişdir. Qeyd olunanlardan göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə ona 105000+22500=127.500 manat borcu yaranmışdır. Bundan başqa 27 mart 2019–cu il tarixdə cavabdehə qızı X2 bank kartı vasitəsi ilə əlavə olaraq 15.000 manat pul göndərmişdir. Hesab edir ki, cavabdeh 105.000 manat borc müqaviləsinə görə müqavilə bağlanan andan hazırki vaxtadək, yəni xx.xx.2018-ci il tarixədək əsas məbləğin 5 faizi miqdarında faiz ödəməlidir. Belə ki, hazırki tarixədək 44 ay müddət keçmişdir. Həmin məbləğin 1 ay üçün gecikmə faizi 437.50 manat təşkil edir. Ümumilikdə qeyd edilən məbləğ 437.5 manat x 44 ay=19.250 manat təşkil edir. Bundan başqa 26 mart 2019-cu il tarixdə 15000 manat pulu cavabdehə kart vasitəsi ilə göndərmişdir. Hazırki tarixədək həmin məbləğin gecikdirilməsi 32 ay, hər ay üçün gecikmə faizi 62.50 manat edir. Ümumilikdə qeyd edilən məbləğ 62.5 manatx32 ay=2000 manat təşkil edir. Beləliklə, cavabdehin ona cəmi 163.750 manat borcu vardır.

10. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim T.V.Musayev) iddia qismən təmin edilmiş, Cavabdeh 105.000 (bir yüz beş min) manat əsas borc, 19.250 (on doqquz min iki yüz əlli) manat faiz borcu olmaqla, cəmi 124.250 (bir yüz iyirmi dörd min iki yüz əlli) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-443/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 2018-ci ilin mart ayında ona ünvan 1 ünvanında yerləşən mənzili almaq istədiyini bildirmiş, lakin pulu çatmadığını bildirərək ondan borc pul istəmişdir. Borcun təminatı olaraq evi aldıqdan sonra evin sənədlərini ona verəcəyini bildirmişdir. Cavabdehlə aralarında olan 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqaviləyə əsasən cavabdehə 105.000 (bir yüz beş min) manat borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh xx.xx.2018–ci il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. O, həmin pulu X1 alaraq cavabdehə vermişdir. Cavabdehlə notarial müqavilədən kənar aralarında olan şifahi razılaşmaya əsasən o, X1 borc alaraq cavabdehə vermiş olduğu pulun tam şəkildə geri qaytarılacağı vaxtadək hər ay 1.500 manat əlavə pul ödəməli olmuşdur. Onun özü X1 almış olduğu pulun müqabilində cavabdehin əvəzinə hər ay 1.500 manat olmaqla, ümumilikdə 22.500 manat pul ödəmişdir. Bundan başqa 27 mart 2019-cu il tarixdə cavabdehə qızının bank kartı vasitəsi ilə əlavə olaraq 15.000 manat pul göndərmişdir. Lakin cavabdeh notarial müqavilənin və aralarında olan şifahi razılaşmanın şərtlərinə əməl etməyərək öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh 105.000 manat borc müqaviləsinə görə müqavilə bağlanan andan hazırki vaxtadək əsas məbləğin 5 faizi miqdarında faiz ödəməlidir. Belə ki, hazırki tarixədək 44 ay müddət keçmişdir. Həmin məbləğin 1 ay üçün gecikmə faizi 437.50 manat təşkil edir. Ümumilikdə qeyd edilən məbləğ 19250 manat təşkil edir. Bundan başqa 26 mart 2019-cu il tarixdə cavabdehə kart vasitəsi ilə göndərmiş olduğu həmin məbləğin gecikdirilməsi 32 ay, hər ay üçün gecikmə faizi 62.50 manat olmaqla ümumilikdə 2.000 manat təşkil edir. Beləliklə cavabdehin ona olan ümumi borcu 163.750 manat təşkil edir.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-443/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun yaxın tanışıdır və uzun müddət bir yerdə işləmişlər. O, əvvəllər iddiaçıdan sələminə pul götürmüş və götürdüyü pulları qaytarmışdır. İddiaçının təqdim etdiyi borc müqaviləsi əslində formal bağlanılmış və əsl həqiqəti əks etdirmir. Belə ki, iddiaçı ona bildirmişdir ki, Mətanət adlı tanışından borca pul alıb və Mətanət hazırda həmin pulunu tələb edir. Ona görə də, Mətanəti inandırmaq və borcunu qaytarmaq üçün vaxt qazanmasında ona yardımçı olmağını istəmişdir. Formal olaraq müqavilə bağlanmış və imza etmişdir. İddiaçı Mətanətə olan borcunu qaytaracağını bildirmiş və ona pul məbləği verilmədiyindən iddiaçı həmin pulu notariusun depozit hesabına qoymamışdır.Bu səbəbdən qeyd olunan müqavilə real deyil və həqiqəti əks etdirmir.

15. Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-117/2023 saylı iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş Cavabdeh 105.000 (bir yüz beş min) manat əsas borc, 19.250 (on doqquz min iki yüz əlli) manat faiz borcu olmaqla, cəmi 124.250 (bir yüz iyirmi dörd min iki yüz əlli) manat məbləğində pulun alınaraq, İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməklə, həmin iddianın təmin edilməməsi, qətnamənin iddianın qalan hissədə rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Həmin qətnamədən narazı qalan İddiaçı və Vəkil1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-117/2023 saylı iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)- 2331/2023 saylı iş üzrə 27 iyul 2023-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-117/2023 saylı iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 apellyasya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsini, irəli sürülən iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-443/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

25. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

26. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

27. Maddə 494.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarı:

28. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 37 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

39. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

44. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.

45. İşə baxmış birinci instansiya məhkəməsi işin halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtilə 105000 manat məbləğində borc vermiş, lakin cavabdeh borcunu ödəməkdən yayınmışdır. Həmçinin, cavabdeh müqavilənin müddəti başa çatdıqdan sonrakı dövrdə borcun qaytarılması ilə bağlı heç bir real hərəkət etməmişdir. Ona görə də məhkəmə iddia tələbini qismən təmin edərək, cavabdehdən 105000 manat əsas borcun və həmin məbləğin qaytarılmadığı müddət üçün illik 5 faiz hesabı ilə cəmi 19250 manat faiz borcunun iddiaçıya verilməsi qənaətinə gəlmişdir.

46. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, qeyd etmişdir ki, sözügedən borc müqaviləsi formal bağlanmış, iddiaçıdan heç bir məbləğdə borc almamışdır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili heç bir mötəbər sübutla təsdiq olunmur.

48. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-117/2023 saylı iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsini ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytararkən Ali Məhkəmə 27 iyul 2023-cü il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, tərəflər arasında 29 mart 2018-ci il tarixdə notariat qaydasında kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halı olduğu halda, apellyasiya instansiyası məhkəməsi həmin müqaviləni uydurma əqd kimi qiymətləndirmiş və iddiaçının müqavilə üzrə borcun tutulması tələbini rədd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: - bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması: vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması və s. istisna olunmur. Göstərilən hallara görə uydurma əqd qanunazidd və məzmunu qüsurlu olduğu üçün əhəmiyyətsizdir. Hazırki işdə cavabdeh tərəfin iddiaya qarşı etirazı (birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin verdiyi izahatın və həmin məhkəmənin qətnaməsindən verdiyi apellyasiya şikayətinin məzmununa görə) belə əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə formal bağlanmış, həmin müqavilə üzrə pul cavabdehə verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də, etirazın həmin dəlilləri ilə razılaşmışdır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, notariat qaydasında təsdiq olunmuş müqavilənin etibarsız (əhəmiyyətsiz) olması istisna edilməsə də, buna əsas verən bilavasitə və mötəbər sübutlar mövcud olmalıdır. O cümlədən, müqavilənin uydurma əqd hesab olunması üçün onun tərəflərlə formal hüquqi görünüş yaradılması məqsədi ilə bağlanması təsdiq olunmalıdır. Bu halın sübutetmə yükü isə müqavilənin etibarsız olmasını iddia edən tərəfin – hazırki işdə cavabdehin üzərinə düşür. Hazırki iş üzrə iddiaçı müqavilənin formal bağlanmasını etiraf etmir. Cavabdeh tərəf bunu iddia etsə də, müqavilənin hansı məqsədlə imzalamasını və üzərinə pul öhdəliyini götürməsini göstərməmiş, apellyasiya məhkəməsi isə bununla bağlı araşdırma aparmamışdır. Apellyasiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə yalnız iddiaçının məhkəmələrə verdiyi ərizələrdə ziddiyyətlərin olması ilə əsaslandırmışdır. Lakin apellyasiya məhkəməsinin istinad etdiyi ziddiyyətlər pulun verilməsi ilə deyil, onun mənbəyi ilə bağlıdır (iddiaçı cavabdehə verdiyi vəsaitin üçüncü şəxsdən aldığını göstərmişdir). Bu isə iddiaçının iddia etdiyi əlavə tələbin (ziyanın) qiymətləndirilməsi üçün əhəmiyyətli ola bilər. Digər tərəfdən, apellyasiya məhkəməsi müqaviləni əhəmiyyətsiz hesab edərkən cavabdeh barəsində qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmünə istinad etmişdir. Həqiqətən, iş materiallarında olan həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən müəyyən olunur ki, Cavabdeh bir neçə şəxsə qarşı külli və xüsusilə külli miqdarda ziyan vurulmaqla təkrar dələduzluq cinayətlərini törətmişdir. O cümlədən, o, İddiaçı aldadaraq sonuncudan 2018-ci ilin aprel ayında 106300 manat, 2018-ci ilin iyun ayının 27-də 149300 manat, 01 iyul 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək 32900 manat və 26 mart 2019-cu il tarixdə 15000 manat olmaqla, 303500 manat məbləğində pul vəsaitlərini alıb, vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə kollegiyası razılaşır ki, hökmdə iddiaçı tərəfindən hazırda mübahisəsi gedən müqaviləyə istinad etməmişdir. Lakin, apellyasiya məhkəməsi cinayət işi üzrə cavabdehin təqsirli bilindiyi ittihamda kredit müqaviləsinə istinad edilməməsinin müqavilənin etibarsızılığına dəlalət etməsini əsaslandırmamışdır. Məhkəmənin istinad etdiyi yeganə əsas iddiaçının cavabdehə dələduzluq nəticəsində 303500 manat məbləğində pul verdiyi halda, müqavilə üzrə verilmiş 105000 manat vəsaitin üçüncü şəxsdən alınmasının inandırıcı olmamasıdır ki, bu məsələyə məhkəmə kollegiyası yuxarıda münasibətini bildirmişdir. (baz bənd 51) Nəzərə alınmalıdır ki, cinayət işində İddiaçı mülki iddia vermiş, sonradan hazırki iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin icrası qaydasında cavabdehin mülkiyyətində olan mənzili hərracdan almasını göstərməklə, mülki iddianın həcmini azaltmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının bu prosessual hərəkəti, həmçinin hazırda mübahisələndirilən müqavilənin 29 mart 2018-ci il tarixdə bağlandığı halda, cinayət işi üzrə cavabdehə istinad olunan ilk cinayət epizodunun 2018-ci ilin aprel ayında baş verməsinin, yəni bir neçə gün fərqinin müəyyən olunması, habelə həmin epizod üzrə vurulmuş ziyanın məbləği ilə müqavilədə qeyd olunan kredit məbləği arasında cəmi 1300 manat fərqlənməsi nəzərə alınmaqla, müqavilə üzrə verilmiş vəsaitin cinayət işi üzrə müəyyən olunmuş ziyanla əhatə olunması kimi apellyasiya məhkəməsi tərəfindən qiymətləndirilə bilər. Bununla belə, məhkəmə kollegiyasının mövqeyinə görə pulun cavabdehə kredit müqaviləsi üzrə verilməsi, özü-özlüyündə sonuncunun həmin məbləği ələ keçirərək dələduzluq etməsini istisna etmir. Bu hal isə iddiaçını kredit müqaviləsinə istinad edərək, alınan pulu tələb etmək hüququndan məhrum etmir. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ifadəsində 2018-ci ilin mart və ya aprel ayında müqavilə ilə 100000 manat pul aldığını, həmin pulu 14 faizlə birlikdə qaytardığını göstərmişdir. Yəni cavabdeh özü cinayət işində hazırda mübahisələndirdiyi müqaviləyə istinad etmiş, onun mövcud olduğunu və iddiaçı tərəfindən icra edildiyini bildirmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən araşdırma zamanı həm iddiaçının, həm də cavabdehin cinayət işində istinad etdikləri hallarla, hazırki iş üzrə göstərdikləri hallar arasında ziddiyyətlərin nədən irəli gəlməsini araşdırmadan, ziddiyyətli nəticəyə gəlmişdir. Nəhayət, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının cavabdehin mülkiyyətində olan əmlakı digər zərərçəkmiş şəxslərdən öncə əldə etmək məqsədi ilə hazırki iddianın verdiyi üçün əqdin etibarsız olmasından ibarət apellyasiya məhkəməsinin sonuncu dəlili məntiqə sığmır. Belə ki, müqavilə hazırki iş üzrə iddia verilməmişdən, habelə cinayət işindən əvvəl imzalanmış və iddiaçı cavabdehin ona və başqa şəxslərə qarşı cinayət törədəcəyini və bu səbəbdən cavabdehin əmlakının hərracdan alınması zərurətini qabaqcadan bilməzdir ki, formal müqavilə bağlanılsın. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi.

49. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən, eləcə iş materiallarında olan borc müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 105000 manat borc vermiş, cavabdeh həmin borcunu qaytarmamışdır. İddiaçının cavabdehə həmin məbləğdə borc verdiyi iş materiallarında olan müqavilə ilə öz təsdiqini tapmışdır. Həmin müqavilənin uydurma əqd olmadığı, iddaçının cavabdehə həmin məbləğdə pul verməsinin fakt kimi işdə olan əlaqəli sübutlarla təsdiq olunması Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında kifayət qədər aydın şəkildə şərh edilmişdir. Həmin məbləğdə borcun mövcud olması və həmin məbləğdə borcun iddiaçıya qaytarılmaması işin faktiki halı kimi iş materialları ilə müəyyən edildiyindən məhkəmə kollegiyası bu qənaətdədir ki, cavabdehdən 105000 manat əsas borcun alınıb iddiaçıya verilməsi hissədə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

50. Artıq yuxarıda qeyd edildiyi kimi, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2018-ci il tarixli müqavilənin şərtlərinə görə, Cavabdeh İddiaçı borc aldığı 105.000 (bir yüz beş min) manat məbləğində pulu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Ancaq, işin faktiki halı kimi müəyyən olunur ki, cavabdeh həmin məbləğdə pulu iddiaçıya qaytarmamışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinə görə, icranı gecikdirmiş borclu (öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi) gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (Maddə 445.7). Mülki Məcəllənin 494.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

51. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, Cavabdeh İddiaçı 29 mart 2018-ci il tarixli müqavilə əsasında borc aldığı və xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyü və qaytarmadığı 105.000 (bir yüz beş min) manat məbləğində pul vəsaitinə görə, illik 5 faiz ödəməyə borclu olmuşdur. Ona görə də məhkəmə kollegiyası bu qənatdədir ki, qaytarılmayan 105.000 (bir yüz beş min) manat məbləğində pula görə, həmin məbləğin qaytarılmadığı müddət üçün illik 5 faiz hesabı ilə cəmi 19250 manat faiz borcunun cavabdehdən alınıb iddiaçıya verilməsi hissədə də birinci instansiya məhkəməsi haqlı olmuşdur.

52. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini yuxarıda göstərilən hissələrdə təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və həmin şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur.

53. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, İddiaçı da apellyasiya şikayətinin dəlilləri əsassızdır.

54. İddanın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən cavabdehin iddiaçıdan almış olduğu borcun müqabilində borcunu qaytaranadək hər ay 1.500 manat əlavə pul ödəməyi öhdəsinə götürməsi barədə iddiasına tənqidi yanaşır və iddianın həmin hissəsinin, yəni “22.500 manat pulun cavabdehdən alınması” hissəsinin iddiaçının izahatından başqa heç bir mötəbər sübutla öz təsdiqini tapmadığını nəzərə alaraq iddianın həmin hissəsinin təmin edilməsini əsaslı hesab etmir.

55. Həmçinin, məhkəmə iddianın “15.000 manat pulun və 15.000 manat görə 2.000 manat faiz borcunun cavabdehdən alınması” hissəsini də əsaslı hesab etmir.

56. Belə ki, iddia ərizəsi və iş materialları ilə müəyyən edilir ki, X3 Gəncə Filialı vasitəsilə X5 xx.xx.2019–cu il tarixdə Cavabdeh adına 15.000 manat pul köçürmüşdür. Buna baxmayaraq, pulu köçürən şəxs iddia qaldırmamış və cavabdehin adına köçürdüyü pulu tələb etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qızı tərəfindən göndərilmiş pulu cavabdehdən tələb etməkdə subyektiv hüquqa malik olmamışdır. Həmçinin, iddiaçı həmin pulun özünə aid olmasını bildirsə də, iş materialları ilə həmin hal sübut olunmamış, əksinə pulun cavabdehə X5 tərəfindən köçürülməsi müəyyən edilmişdir. Ona görə də iddia həmin hissədə əsaslı sayıla bilməz.

57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaətləri ilə razılaşır və bir daha qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

58. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə apellyasiya şikayətləri təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-443/2022 saylı mülki iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayətləri təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-443/2022 saylı mülki iş üzrə 27 yanvar 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun tərərflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar