Məhkəmə qərarları › İş №2(104)-2215/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2215/2023

04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2215/2023 04.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(040)-100/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat pulun və 7000 (yeddi min) manat dəymiş ziyanın alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mal-heyvanları 2020-ci ildə qışda və yayda haqq müqabilində saxlamaq üçün 15 sentyabr 2020-ci il tarixdə Daşkəsən rayonunun Zəylik kəndində heyvan saxlayan həmyerlisi, Cavabdeh öz şahidləri X7 və X3 iştirakları ilə 5000 (beş min) manat pulu aparıb vermiş, 2000 (iki min) manat pulu isə 2020ci ilin oktyabr ayının axırlarında qonşusu X2 və öz bacısı X1 iştirakları ilə vermişdir. Cavabdeh onun heyvanlarının “axırına çıxdığından” və saxlamaqdan imtina etdiyindən, o, məcbur olub 15 mart 2021-ci il tarixdə “Kamaz” markalı avtomobilin sürücüsü Nəvai və Şahin Qaraşovla birlikdə gedib 23 (iyirmi üç) baş iribuynuzlu heyvanlarını gətirmişdir. Həmin vaxt Nicat ona demişdir ki, yaylağa gəlib heyvanlarından satıb onun 7 (yeddi) baş malını və 2021-ci ilin sentyabr ayına kimi saxlama pulunu qaytarıb verəcəkdir. Bunları Nəvai və Şahinin yanında demişdir. Hazırda cavabdeh onun heyvanlarından 7 (yeddi) başını danıb vermir, 23 (iyirmi üç) baş heyvanı isə vermişdir. Cavabdeh yeddi baş heyvanı gah satdığını, gah həmin heyvanların oğurlandığını, gah da öldüyünü deyir. Tələb edəndə onu nalayiq söyüşlərlə təhqir edir, uşağını oğurlatdıracağını deyir və ölümlə hədələyir. Buna görə Daşkəsən Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin şikayəti mülki xarakterli olduğuna görə ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, iddia tələbində heyvanın saxlanılması üçün verdiyi və hal-hazırda tələb etdiyi 7000 (yeddi min) manat pulundan, cavabdeh onun heyvanlarını altı ay ərzində saxladığı üçün 3000 (üç min) manatından imtina etdiyini bildirmiş və cavabdehdən cəmi 11000 (on bir min) manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(040)-100/2022 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddia tələbi təmin edilmiş, cavabdehdən cəmi 11000 manat məbləğində pulun alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Kəlbəcər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(040)-100/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(040)-100/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməmsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassızdır. Belə ki, o, iddiaçıya məxsus olan malları satmamış, nə də oğurlamamışdır. Həmin mallar xəstəlikdən tələf olmuşlar. İddiaçının ona vermiş olduğu 4200 manat məbləğində pulun 3210 manat məbləği hissəsini malları saxlamaq üçün fermaya ödəmişdir. Bundan başqa iddiaçıya tələf olan malların saxlanılması üçün ona verdiyi puldan və bir ay malları tez qaytardığına görə cəmi 2000 manat məbləğində pulu başqa şəxslər vasitəsilə qaytarmışdır. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur və ona heç bir mənəvi ziyan vurmamışdır. Apellyasiya instansiyasında birinci icraat: Gəncə Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(104)-1604/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat: Gəncə Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(104)-1604/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2(102)-2513/2023 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(104)-1604/2022 nömrəli qətnaməsi heyvanların saxlanması və bəslənməsinə görə verilmiş olan puldan 4000 (dörd min) manatın Cavabdeh alınaraq İddiaçı Məmmədəli qızına verilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli 2(104)- 1604/2022 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o heyvanları sentyabr ayının 15-dən may ayına kimi saxlanılması üçün iddiaçıdan cəmi 4300 manat pul almışdır. Heyvanları vaxtından əvvəl qaytardığı üçün hissə-hissə olmaqla, 2000 manat pulu 2021-ci ilin mart-aprel ayında iddiaçıya geri qaytarmşdır. İddiaçı 2000 manat borc pulu Ədalət Əkbərovun yanında ona vermişdir ki, o da pulun malların saxlanmasına görə verdiyini bilmişdir. İddiaçıdan isə örüş sahəsinə görə borc pul almamışdır. Məhkəmənin barışıq təklifinə görə isə barışıq üçün heyvanların saxlanma xərcinə görə 1000 manat pul verə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X8 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının cavabdehə borc verməsinin təsdiq olunmadığını bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin ona qaytardığı 2000 manat heyvanlara görə deyil, ondan otlaq sahəsini icarəyə götürməsi adı ilə aldığı borc məbləği olmuşdur ki, cavabdehdə həmin borc məbləğini qaytarmışdır. İddiaçıya heayvanların saxlanılması üçün 5200 manat deyil, 7000 manat vermişdir ki, bunu da şahidləri məhkəmədə təsdiq etmişdir. Həqətən də 2000 manat borc pulu Ədalət Əkbərovun yanında vermişdir ki, pul verildiyi vaxt cavabdehə heyvanlar alınıb saxlanılması üçün verilməmişdir. Məhkəmənin barışıq təklifinə görə isə barışıq üçün heyvanların saxlanma xərcinə görə cavabdehdən tələb etdiyi 4000 manatdan 1000 manatını bağışlaya, lakin 3000 manatla mübahisəni barışıq yolu ilə bitirə bilər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dinditilmiş X9 ifadəsində göstərmişdir ki, o əvvəllər iddiaçının xırda buynuzlu heyvanlarını saxlamışdır. İddiaçının heyvanlarını satmış və onda iddiaçının 2000 manat pulu olmuşdur. Sonradan iddiaçı ilə cavabdeh arasında iribuynuzlu heyvanların alınması və saxlanılması ilə əlaqədar sövdələşmə olmuş və onun aynında həmin 2000 manatı iddiaçı cavabdehə vermişdir. Onlar arasındakı sövdələşmənin dəqiq nədən ibarət olmasını bilməmişdir. Lakin, belə başa düşmüşdür ki, cavabdeh iddiaçının heyvanlarını saxlayacaq. Məhkəmənin suallarında cavabında isə bildirmişdir ki, 2000 manat pulun məhz heyvanların saxlanılması üçün və ya heyvanların saxlanması üçün örüş sahəsinin icarəyə götürülməsi üçün borc verilməsini dəqiq bilmir. Pul verilən vaxt heyvanlar hələ alınmamışdı. Heyvan alınmadan isə pulun qabaqcadan verilməsinin səbəbini bilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin l-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığıəqdləri, işləri və ya digər xidmətləri konkret nəticəəldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.3 Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 779.1-ci maddəsinəəsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, Kəlbəcər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(040)-100/2022 saylı qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İddiaçı Cavabdeh 30 (otuz) baş iribuynuzlu heyvanı 2020-ci ilin 15 sentyabr tarixindən 2021-ci ilin 01 may tarixinədək saxlanması və bəslənməsi üçün 7000 (yeddi) min manat məbləğində pul verməsi birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. İşin mübahisə edilməyən halı kimi 30 baş heyvanın 2020-ci ilin 15 sentyabr tarixindən 2021-ci ilin 01 may tarixinədək saxlanması nəzərə alındıqda, bu müddət 8 ay hesab olunur ki, bir baş heyvan üçün 8 aylıq saxlanma xərci təxminən 230 manat, 1 aylıq müddət üçün isə təxminən 29 manat təşkil edir. İşin mübahisə edilməyən halı kimi isə cavabdeh 30 baş heyvandan 23 baş heyvanı mart ayının 15-də geri qaytarmışdır ki, bununla da 30 baş heyvana görə 6 aylıq saxlama xərci (29x6=174 manat, 174x30=5220) 5220 manat təşkil etmişdir. Qaytarılmayan 7 heyvanın isə dəyəri cavabdeh tərəfindən qaytarılmalı olduğundan, o cümlədən işin mübahisə edilməyən halı kimi isə cavabdehin 7 baş heyvanının isə yanvar-fevral ayından etibarən olmaması nəzərə alındıqda, həmin 1 aylıq müddət üçün də saxlanma xərci təxminən 200 manat təşkil edir. Belə olduğu təqdirdə isə (7000-5220-200=1580 manat) cavabdehin iddiaçı qarşısından 1580 manat məbləğində saxlanma xərcinə görə pul öhdəliyinin qalması müəyyən olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(040)-100/2022 saylı qətnaməsi heyvanların saxlanması və bəslənməsinə görə verilmiş olan puldan 4000 (dörd min) manatın Cavabdeh alınaraq İddiaçı Məmmədəli qızına verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, cavabdehdən 1580 manat alınaraq, iddiaçıya verilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya 2000 manatın qaytarılmasına münaisbətdə isə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 2000 manatın qaytarılması işin mübahisəsiz halı olmuşdur. Lakin, iddiaçı həmin məbləğin 7000 manatdan əlavə cavabdehin ondan otlaq sahəsini icarəyə götürməsi adı ilə aldığı borc məbləği olduğunu iddia etmiş, cavabdeh isə heyvanları vaxtından əvvəl qaytardığı üçün saxlanma xərcinə görə qaytardığını iddia etmişdir. Cavabdeh bu halı təsdiq etmək üçün şahid Ədalət Əkbərovu məhkəməyə təqdim etsə də Ədalət Əkbərov ifadəsində 2000 manat pulun məhz heyvanların saxlanılması üçün və ya heyvanların saxlanması üçün örüş sahəsinin icarəyə götürülməsi üçün borc verilməsini dəqiq bilməməsinə dair ifadə vermişdir. Həmçinin, işin müəyyən edilmiş hallarına əsasən həmin məbləğ heyvanlar cavabdehə verilməmişdən əvvəl verilmiş pul məbləği olmuşdur ki, belə olduğu təqdirdə həmin pulun heyvanların saxlanması üçün verilməsi ehtimalı inandırıcı olmamışdır. Digər tərəfdən iddiaçı iddia ərizəsində natamam şəkildə olsa da 7000 manat puldan əlavə iddiaçıya 2000 manat verdiyini qeyd etmişdir. Bundan başqa cavabdeh heyvanlara baxmağa görə iddiaçıdan 4200 manat aldığını, həmin pulun 3210 manatını fermaya verdiyini və həmin puldan 2000 manat geri qaytardığını iddia etmişdir ki, cavabdehin 30 baş heyvana 6 ay ərzində baxmasına və aldığı pulun yarıdan çoxunu fermaya verməsinə baxmayaraq, iki ay daha əvvəl heyvanları qaytarmasına görə aldığı pulun demək olar ki, yarısını iddiaçıya qaytarması da inandırıcı olmamışdır. Buna görə də məhkəmə kollegiyası qeyd olunan məbləğin verilmiş borcla bağlı olması qənaətinə gəlmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(040)-100/2022 saylı qətnaməsi heyvanların saxlanması və bəslənməsinə görə verilmiş olan puldan 4000 (dörd min) manatın Cavabdeh alınaraq İddiaçı Məmmədəli qızına verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, cavabdehdən 1580 manat alınaraq, iddiaçıya verilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Kəlbəcər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(040)-100/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(040)-100/2022 saylı qətnaməsi heyvanların saxlanması və bəslənməsinə görə verilmiş olan puldan 4000 (dörd min) manatın Cavabdeh alınaraq İddiaçı Məmmədəli qızına verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh heyvanların saxlanması və bəslənməsinə görə verilmiş puldan 1580 (min beş yüz səksən) manatı alınaraq, İddiaçı Məmmədəli qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar