Məhkəmə qərarları › İş №2(104)-2217/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2217/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2217/2025 07.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(023)-1167/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2026-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Yazılı sənəddən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə 3000 (üç min) manat borc pul götürmüş və həmin pulu 2024-cü ilin fevral ayına kimi ödəyəcəyi barədə öhdəlik götürmüşdür.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/720 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş “Mən Cavabdeh q.” sözü ilə başlayıb “Yazı öz yazımdi” sözü ilə bitən “9.01.24-cü il tarixli qəbzin üçüncü sətrində olan “3000” və dördüncü sətrində ki “9.01.24” rəqəmlərdə hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s. ) müəyyən edilməmişdir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1180 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində olan Cavabdeh ilə İddiaçı adlarından olan xx.xx.2024-cü il tarixli olan borc qəbzindəki yazılar və qəbzin aşağı hissəsindəki imza - Cavabdeh tərəfindən icra edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun və ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. Onunla aralarında yaranmış münasibətə əsasən ona ehtiyacı olduğu üçün 09 yanvar 2024-cü il tarixdə 3000 manat borca pul vermişdir. Cavabdeh pulu qaytaracağını bildirsə də, həmin pulu qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh həmin vaxtdan müəyyən müddət keçsə də, borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdehin ona borcunun olması barədə öz imzası ilə sadə yazılı formada qəbzi də vardır. Bundan başqa cavabdehin ona borcu olması barədə səs yazısı da mövcuddur.

6. Qazax Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(023)-1167/2025 saylı qətnaməsi ilə (hakim Elçin Mansırov) İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 3000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, Cavabdeh aparılmış məhkəməxətşünaslıq ekspertizasının dəyəri qismində 124 (bir yüz iyirmi dörd) manat və sənədlərin məhkəmə texniki ekspertizasının dəyəri qismində 100 (yüz) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 385.1, 427.3, 448.2, 739.1 və 739.2ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.3, 77.1, 217.4 və 218.3-cü, 216- 220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-1167/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir obyektiv, hərtərəfli araşdırma aparmamış, sübutları düzgün tədqiq etməmiş, iddiaçının iştirakını təmin etməmiş, iddiaçının iddiasında qeyd etdiyi səs yazısı alınmış, tədqiq edilməmişdir. Hakimin qəbul etdiyi qətnamə tamamilə qanunsuz və əsassızdır. Aşağıda qeyd edilən dəlillərə əsasən qətnaməni tam qanunsuz, əsassız və ədalətsiz hesab etmişdir. Belə ki, onun adından yazılmış məbləği o, yazmamış və məhkəmədə də bildirmiş ki, o, iddiaçıdan 500 (beş yüz) manat almış, onu da artıqlaması ilə qaytarmışdır. Məhkəməyə təqdim edilmiş qəbzdə olan yazılara diqqətlə baxanda müəyyən etmək olur ki, 3000 (üç min) rəqəmi və sözü başqa xəttlə və başqa şəxs tərəfindən icra edilərək yazılmışdır. Məhkəmədə dəfələrlə həmin halın tam, obyektiv araşdırılmasını tələb etsə də, məhkəmə iş üzrə komission ekspertiza təyin etməmiş və işi iddiaçının xeyrinə həll etmişdir. Onun məhkəməyə təqdim etdiyi şahidlər də tam dindirilməmiş və ifadələri nəzərə alınmamışdır. Məhkəmə qətnaməsində qeyd edir ki, o, pulu qaytarmağına və əlavə pul ödəməyinə dair sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəmələrdə olan işləri araşdırılarsa müəyyən ediləcək ki, məhkəməyə verdiyi şəxsləri pul tələbi ilə bağlı vermişdir. Heç yerdə işləməyən bir qadının camaatı pul tələbi ilə bağlı məhkəməyə verməsi məsələnin mahiyyətini aşkar edir. Məhkəmə iş üzrə təqdim edilmiş saxtalaşdırılmış sübutu mötəbər sübut kimi qəbul edərək ədalətsiz, əsassız və gözlə görünə bilən saxtakarlığı ört-basdır edən rəyi də mötəbər sübut kimi qəbul etmişdir. Həmin rəydən sonra onun narazılığını görüb, hakim mütləq şəkildə komission ekspertiza təyin etməli idi. Lakin, işə baxan məhkəmə bunu etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İş üzrə iddiaçı və cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (xx.xx.2023 cü il tarixədək qüvvədə olan 37-ci fəsil)

19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

21. Maddə 740.2 .Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(023)-1167/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı borc müqaviləsinə əsasən 09 yanvar 2024-cü il tarixdə 3000 manat mbləğində borc almışdır. Lakin, cavabdeh tərəfindən həmin pul məbləği iddiaçıya qaytarılmamışdır.

40. Birinci instansiya məhkəməsi iddia tələbini araşdıraraq, iddiaçı tərəfindən cavabdehə borc verildiyini müəyyən etmiş və iddia tələbini təmin etmişdir.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Cavabdeh borc müqaviləsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə 3000 manat borc pul almış və qaytarmamışdır. Apellyator şikayətində 500 manat borc aldığını, 700 manat qaytarmasını bildirsə də, bununla bağlı sübütlarını nə birinci instansiya məhkəməsində nə də ki, apellyasiya icraatında təqdim etməmişdir. Məhkəmə Kollegiyası cavabdehin bu dəlillərini inandırıcı hesab etmir və özünü müdafıə xarakteri daşıyan hal hesab edir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

43. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

44. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

45. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, cavabdeh iddiçıya borcunu artıqlaması ilə ödədiyini, ona heç bir borcu olmadığını bildirmiş, lakin bununla bağlı mötəbər sübutlarını təqdim etməmişdir.

47. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

48. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

51. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

52. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdə 3000 manat borc pul vermişdir. Həmin pul cavabdehə müqaviləyə imza etdirilməklə verilmişdir. Cavabdeh 3000 manat borcu iddiaçıya qaytarmamışdır.

53. Birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh iddia tələbini qəbul etməyərək, xx.xx.2024-cü il tarixli sənədə imza etmədiyini və qəbzdəki yazıların ona məxsus olmadığını iddia etmiş və bununla bağlı məhkəmə tərəfindən iş üzrə kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizaları təyin edilmişdir.

54. İşdə olan ekspertiza rəyindən ekspertizaya təqdim edilmiş “Mən Cavabdeh q.” sözü ilə başlayıb “Yazı öz yazımdi” sözü ilə bitən “9.01.24-cü il tarixli qəbzin üçüncü sətrində olan “3000” və dördüncü sətrində ki “9.01.24” rəqəmlərdə hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s. ) müəyyən edilmədiyi və ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində olan Cavabdeh ilə İddiaçı adlarından olan xx.xx.2024-cü il tarixli olan borc qəbzindəki yazılar və qəbzin aşağı hissəsindəki imza - Cavabdeh tərəfindən icra edildiyi müəyyən edilmişdir.

55. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspert tədqiqat apararkən apellyatorun imza və sərbəst xətt nümunələrini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.

56. Məhkəmə Kollegiyasında işə baxılarkən bir daha müəyyən edildi ki, Cavabdeh borc müqaviləsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə 3000 manat borc pul almış və qaytarmamışdır. Apellyator şikayətində borcu qaytarmasını bildirsə də, bununla bağlı sübütlarını nə birinci instansiya məhkəməsində nə də ki, apellyasiya icraatında təqdim etməmişdir. Məhkəmə Kollegiyası cavabdehin bu dəlillərini formal xarakter daşıyan hal hesab edir.

57. Beləliklə, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qazax Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(023)-1167/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar