Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2218/2025 19.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X6 qızının katibliyi, Cavabdeh2 Ziyaddin qızının iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ziyaddin qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2(023)-1571/2025 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 18 ay müddətinə illik 24% ödəmək şərtilə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. xx.xx.2014-cü il tarixli, 250004849/ZM nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh2 ilə eyni məsuliyyəti öz üzərinə götürmüşdür.
3. Kredit və Zaminlik Müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 5134,02 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.
4. xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 nömrəli Əlavə Sazişdən görünür ki, Sanıyeva X1 edilmiş kreditin müddəti xx.xx.2016-ci il tarixədək uzadılmışdır.
5. xx.xx.2014-cü il tarixli, ********* saylı zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 nömrəli Əlavə Sazişdən görünür ki, Əsgərova X2 edilmiş kreditin müddəti xx.xx.2016-ci il tarixədək uzadılmışdır.
6. xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir.
7. LPO İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 borcu əsas borc qismində 2292ABŞ dolları 84 sent, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 665 ABŞ dolları 65 sent, cərimə qismində 2356 ABŞ dolları 05 sent, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu qismində 330 ABŞ dolları 24 sent, cəmi 5644 ABŞ dolları 78 sent məbləğində təşkil edir.
8. Apellyasiya şikayətinə Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarış əlavə edilmişdir.
9. Apellyasiya şikayətinə kredit müqaviləsi üzrə MKR-dən çıxarış əlavə edilmişdir.
10. Məhkəmə kollegiyasının sorğusuna əsasən əldə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2026-cı il tarixli, 6-1-21/2-1277/2026 saylı məktubundan görünür ki, Cavabdeh2 Ziyaddin qızı ilə LPO İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi AR Prezidentinin Fərmanın təsiri çərçivəsinə düşmüş və həmin müqavilə üzrə cavabdehə cəmi 3280,79 manat kompensasiya məbləği hesablanmışdır. LPO İddiaçı ASC tərəfindən cavabdehə sözügedən müqavilə üzrə 185,71 manat güzəşt edildiyindən həmin məbləğ kompensasiya məbləğindən çıxılmış və qalan məbləğ – 3095,08 manat vəsait Cavabdeh2 Ziyaddin qızının sərəncamına verilmişdir. Problemli kreditlərin kompensasiyası barədə məlumat cədvəli məktuba əlavə edilmişdir.
11. Məhkəmə kollegiyasının sorğusuna əsasən əldə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2026-cı il tarixli, 12-5/2-1397/2026 saylı məktubundan görünür ki, Cavabdeh2 Ziyaddin qızı məxsus mübahisələndirilən kredit müqaviləsi Prezidentin müvafiq Fərmanının təsir dairəsinə düşsə də, qeyd olunan borc məbləği restrukturizasiyası təklif edilən kreditlərin siyahısına daxil edilmədiyindən cavabdehlə hər hansı yeni restrukturizasiya müqaviləsi bağlanmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. LPO İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı Cəmi borcu 5.644,78 (beş min altı yüz qırx dörd ABŞ dolları 78 sent) ABŞ dolları- bundan 2.292,84 (iki min iki yüz doxsan iki ABŞ dolları 84 sent) ABŞ dolları əsas, 665,65 (altı yüz altmış beş ABŞ dolları 65 sent) ABŞ dolları faiz, 2.356,05 (iki min üç yüz əlli altıABŞ dolları 05 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 330,24 (üç yüz otuz ABŞ dolları 24 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 115,97 (bir yüz on beş manat 97 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 7.000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1ilə Bank arasında 250004849/ZM saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Kredit müqaviləsinə 12 may 2015-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 5.171,67 (beş min bir yüz yetmiş bir ABŞ dolları 67 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2016-cı il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə 16 avqust 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5.134,02 (beş min bir yüz otuz dörd ABŞ dolları 02 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-S-41-10160/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 5.644,78 (beş min altı yüz qırx dördABŞ dolları 78 sent) ABŞ dolları təşkil edir. Bundan 2.292,84 (iki min iki yüz doxsan iki ABŞ dolları 84 sent) ABŞ dolları əsas, 665,65 (altı yüz altmış beş ABŞ dolları 65 sent) ABŞ dolları faiz, 2.356,05 (iki min üç yüz əlli altı ABŞ dolları 05 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 330,24 (üç yüz otuz ABŞ dolları 24 sent) ABŞ dolları faiz borcu təşkil edir.
14. Qazax Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2(023)-1571/2025 saylı qətnaməsi ilə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilməsi, Cavabdeh2 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borcun əvəzi qismində 2.292,84 (iki min iki yüz doxsan iki ABŞ dolları 84 sent) ABŞ dollar, cərimə qismində 20 (iyirmi) ABŞ dolları, müqavilənin bitdiyi tarixdən – xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 330,24 (üç yüz otuz ABŞ dolları 24 sent) ABŞ dollar, cəmi 2643 ABŞ dolları 08 sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 64,93 manat qəpik məbləğində pul vəsaiti tutulması, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan sübutlarla Cavabdeh2 LPO İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 2292 ABŞ dolları 84 sent, müqavilənin bitdiyi tarixdən – xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış 330 ABŞ dolları 24 sent məbləğində borcunun yarandığı təsdiq olunur.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 472 və 477-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
17. Qazax Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2(023)-1571/2025 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnaməsinin qismən - mübahisələndirilən hissələrdə (faiz və cərimə) ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə təmin edilməyən hissə: iddia tələbi üzrə faiz borc 665,65 (altı yüz altmış ABŞ dolları, 65 sent) ABŞ dollarıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları qəbul etmirlər və mübahisələndirirlər. Belə ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 6.2 və 6.3-cü maddələrinə görə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilmişdir. Bundan başqa, həmin Fərmanın 8.9-cu maddəsinə görə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablamış faizlərin və dəbbə pulunun (cərimə,penya) silinməsi başa düşülür”. Bildiririk ki, Cavabdeh2 mübahisələndirilən kredit müqaviləsi Prezidentin məlum Fərmanının təsiri altına düşsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Belə ki, aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: - 2012-ci il 1 yanvar tarixindən sonra verilmiş; - 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan; - xarici valyutada əsas kredit məbləği 10 000 (on min) ABŞ dollarından, milli valyutada isə 17 000 (on yeddi min) manatdan çox olmayan kreditlər. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış hazırkı mübahisələndirilən kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 0 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır. (Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarış və MKR-dən çıxarış apellyasiya şikayətinə əlavə edilmişdir). Bu da borcun həmin dövr üçün gecikmədə olmadığını göstərir. Bu səbəbə görə əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamış, həmin kredit borcu üzrə cavabdehlə Bank arasında hər hansı güzəştli kredit müqaviləsi bağlanmamışdır.
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Ziyaddin qızı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 42 ildir müəllim işləmişdir. Hal-hazırda təqaüddədir. Krediti işləyən zaman götürmüşdür. Bankın bağlanması ilə bağlı ona heç bir bildiriş gəlməmişdir. Banka nə qədər pul ödəməsi və ya nə qədər borcu qalması yaddaşında qalmamışdır. Özü onkoloji xəstəlikdən əziyyət çəkir. Birinci instansiya məhkəməsi tərəfindən ondan tutulan miqdar ilə razıdır və ödəyəcəkdir. Bir dəfə ona pul qaytarılmışdır. Qazax Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını istəmişdir.
21. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. LPO İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını, bank tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
23. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.
25. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
27. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən, iddia tələbinin təmin olunmamış hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2(023)-1571/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 7.000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsinə 12 may 2015-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 5.171,67 (beş min bir yüz yetmiş bir ABŞ dolları 67 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2016-cı il tarixədək təyin olunur. Daha sonra həmin Kredit müqaviləsinə 16 avqust 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5.134,02 (beş min bir yüz otuz dörd ABŞ dolları 02 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-S- 41-10160/2025 saylı, xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin təmin olunmamış faiz və cərimə borcu ilə bağlı qeyd edir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh2 Ziyaddin qızının yalnız əsas borc məbləği iddiaçının xeyrinə tutulmalı, kredit müqaviləsi müddətinə hesablanmış faiz borcunun tutulması tələbinə dair hissədə təmin olunmamalıdır. Apellyator şikayətində göstərmişdir ki, Cavabdeh2 mübahisələndirilən kredit müqaviləsi Prezidentin məlum Fərmanının təsiri altına düşsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Halbuki, məhkəmə kollegiyasının sorğusuna əsasən əldə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2026-cı il tarixli, 6- 1-21/2-1277/2026 saylı məktubundan görünür ki, Cavabdeh2 Ziyaddin qızı ilə LPO İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüş və həmin müqavilə üzrə cavabdehə cəmi 3280,79 manat kompensasiya məbləği hesablanmışdır. LPO İddiaçı ASC tərəfindən cavabdehə sözügedən müqavilə üzrə 185,71 manat güzəşt edildiyindən həmin məbləğ kompensasiya məbləğindən çıxılmış və qalan məbləğ – 3095,08 manat vəsait Cavabdeh2 Ziyaddin qızının sərəncamına verilmişdir. Problemli kreditlərin kompensasiyası barədə məlumat cədvəli məktuba əlavə edilmişdir.
42. Məhkəmə kollegiyasının sorğusuna əsasən əldə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2026-cı il tarixli, 12-5/2-1397/2026 saylı məktubundan görünür ki, Cavabdeh2 Ziyaddin qızı məxsus mübahisələndirilən kredit müqaviləsi Prezidentin müvafiq Fərmanının təsir dairəsinə düşsə də, qeyd olunan borc məbləği restrukturizasiyası təklif edilən kreditlərin siyahısına daxil edilmədiyindən cavabdehlə hər hansı yeni restrukturizasiya müqaviləsi bağlanmamışdır. Kollegiya ziddiyətlə bağlı qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmişdir ki, kredit müqaviləsinə 16 avqust 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 5.134,02 (beş min bir yüz otuz dörd ABŞ dolları 02 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Kredit müqaviləsinə 16 avqust 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş iş materiallarının 25-26 vərəqlərinə əlavə edilmişdir.
43. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Qazax Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2(023)-1571/2025 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2(023)-1571/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.