Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-222/2024 22.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(062)-1943/2023 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 31 iyul 2014-cü il tarixli 09KX nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 31 iyul 2015-ci il tarixədək ödəmək şərti ilə illik 24 faiz olmaqla 5000 manat kredit verilmişdir.
2. 19 avqust 2015-ci il tarixli kredit xətti müqaviləsinə əlavənin surətindən görünür ki, 31 iyul 2014-cü il tarixli 09KX nömrəli kredit müqaviləsinə əlavə edilmiş və ödəniş müddəti illik 24 faiz olmaqla 31 iyul 2016-cı il tarixədək uzadılmışdır.
3. Maliyyə arayışdan görünür ki, Cavabdeh 26 yanvar 2023-cü il tarixə 2861,08 manat əsas, 102,83 manat faiz, 1246,17 manat cərimə, 934 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 5144,08 manat ödənilməmiş borc yaranmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 31 iyul 2014-cü il tarixli 09KX nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 2861,08 manat əsas, 102,83 manat faiz, 1246,17 manat cərimə, 934 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla cəmi 5144,08 manat borc və ödənilmiş 72 manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 31 iyul 2014-cü il tarixli 09KX nömrəli kredit xətti müqaviləsi bağlanmış və sonuncuya 31 iyul 2015-ci il tarixədək ödəmək şərti ilə illik 24 faiz olmaqla 5000 manat kredit verilmişdir. 19 avqust 2015-ci il tarixli kredit xətti müqaviləsinə 1 nömrəli əlavə ilə ödəniş müddəti illik 24 faiz olmaqla 31 iyul 2016-cı il tarixədək uzadılmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməmiş və nəticədə 26 yanvar 2023-cü il tarixə 2861,08 manat əsas, 102,83 manat faiz, 1246,17 manat cərimə, 934 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 5144,08 manat ödənilməmiş borc yaranmışdır. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu borcu ödəməkdən boyun qaçırmışdır.
6. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsi məhkəməyə daxil olmuşdur.
7. Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(062)-1943/2023 nömrəli qətnaməsi ilə (hakim F.Əliyev) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh kredit borcunun ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi; İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 368, 372.1, 372.2, 373.3, 375.2, 377.2, 385, 425.1, 739 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 217.1, 217.4, 216-220 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, hazırki iş üzrə tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Belə ki, müqavilədə qeyd olunmuş 18 aylıq müddət müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir. Eləcədə kredit borcunun ödənilməsi iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Həmçinin cavabdehə qarşı iddia ərizəsi verilərəkən iddia müddətininin axımının kəsilməsini məhkəmə tərəfindən nəzərə alınmamışdır. bankların əsas fəaliyyət növlərindən biri kreditlərin verilməsidir. Bank krediti faizlər ödənilmək şərti ilə verilir və bu halın təkrar sübut edilməsinə ehtiyac yoxdur. Sözügedən kredit vəsaiti cavabdeh tərəfindən vaxtında ödənilsəydi, bank öz fəaliyyat növü əsasında həmin vəsaiti təkrar kredit verib daha çox mənfəət əldə imkanından məhrum olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verərək sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
17. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə diar iş üzrə cavabdeh tərəfin verdiyi iddia müddətinin tətbiqi barədə ərizə əsasında iddianı rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
28. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
29. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 31 iyul 2014-cü il tarixli 09KX nömrəli kredit xətti müqaviləsi bağlanmış və sonuncuya 31 iyul 2015-ci il tarixədək ödəmək şərti ilə illik 24 faiz olmaqla 5000 manat kredit verilmişdir. Sonradan tərəflər arasında 19 avqust 2015ci il tarixli 1 saylı əlavə bağlanmış və ödəniş müddəti 31 iyul 2016-cı il tarixədək uzadılmışdır. Borcalan öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyinə görə 2861,08 manat əsas, 102,83 manat faiz, 1246,17 manat cərimə, 934 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 5144,08 manat ödənilməmiş borc yaranmışdır. Ona görədə kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də Cavabdeh iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsasında iddianı təmin etməmişdir.
30. Bu qətnamənin 27-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin müqavilədə qeyd olunmuş 18 aylıq müddətin müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir dəlili qətnamənin ləğvi üçün əsas deyil.
31. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2. maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına görə, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2. maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
32. Bundan əvvəldə qeyd olunduğu kimi tərəflər arasında bağlanmış 31 iyul 2014-cü il tarixli müqavilədə kreditin son ödəniş müddəti 31 iyul 2015-ci il tarix göstərilmişdir. 19 avqust 2015-ci il tarixli 1 saylı əlavə ilə kreditin müddəti 31 iyul 2016-cı il tarixədək uzadılmışdır. İddia ərizəsi isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 26 iyun 2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi iddia ərizəsi üç illik müddət keçdikdən sonra verilmişdir.
33. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2. maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə görə isə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Cavabdeh iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsasında iddianı rədd etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(062)-1943/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.