Məhkəmə qərarları › İş №2(104)-2225/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2225/2023

27.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2225/2023 27.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: maddi ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi (atası) X1 iştirakı ilə, Naftalan Şəhər Məhkəməsinin 2(052)-140/2023 saylı iş üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(052)-03/2022 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 3 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 6 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.

2. İşdə olan Naftalan Şəhər Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 7(052)- 05/2022 nömrəli qərarından görünür ki, Naftalan Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(052)- 03/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh yaşayış yerinin ünvan 1 ünvanından Goranboy rayonu Qızılhacılı qəsəbəsinə dəyişdirilməsinə icazə verilmişdir.

3. İşdə olan 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh həmin tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, məhkumun ayağına “Attenti markalı” elektron nəzarət vasitəsi tətbiq edilmiş, sadə elektron qolbağ bağlanmış, məhkuma 1 ədəd mobil nəzarət qurğusu, onun adaptoru təhvil verilmişdir. Məhkuma elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir.

4. İşdə olan 06 may 2022-ci il tarixli protokoldan görünür ki, elektron nəzarət vasitəsinə baxış keçirilən zaman heç bir müdaxilə və ya zədə aşkar olunmamışdır. Elektron nəzarət vasitəsi işlək vəziyyətdədir və izləmə məlumatlarını ötürür.

5. İşdə olan Cavabdeh nəzarət edən Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000227 saylı 17 may 2023-cü il tarixli texniki rəydən görünür ki, qurğunun qapaqlarına kley vurulmuş, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır.

6. İşdə olan Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, mobil elektron nəzarət qurğusunun ümumi dəyəri 2277.4 manat məbləğindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (məhkum) tərəfindən yararsız hala salınmış elektron nəzarət vasitəsi olan mobil qurğunun dəyəri 2277.4 manat pulun cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naftalan Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(052)-03/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş Naftalan Şəhər İcra və Probasiya Şöbəsinin icraatına 10 mart 2022-ci il tarixdə daxil olduqdan sonra hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Məhkum 17 mart 2022-ci il tarixdə qeydiyyata götürülmüş, cavabdehin ayağına elektron nəzarət vasitəsi olan qolbağ bağlanmış və mobil qurğu ona təhvil verilmişdir. Bundan sonra cavabdeh Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yaşadığı üçün şəxsi iş aidiyyatı üzrə İddiaçınə göndərilmiş və 05 may 2022-ci il tarixdən başlayaraq məhkumun üzərində probasiya nəzarəti İddiaçı tərəfindən həyata keçirilmişdir. Cavabdeh probasiya nəzarətində oduğu müddətdə ona tətbiq olunmuş elektron nəzarət vasitəsi olan mobil qurğunu ehtiyatsızlıq edərək əlindən yerə salmış və mobil qurğunun yerə düşən zaman zərbə nəticəsində korpusu aralanmış, ekranında qaralma və titrəmə yaranmışdır. Təmir mümkün deyildir. İstifadəyə tam yararsızdır.

9. Naftalan Şəhər Məhkəməsinin 2(052)-140/2023 saylı iş üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Səlimov) iddia tələbi təmin edilmiş, Cavabdeh maddi ziyan kimi 2277,4 manat məbləğində pul vəsaitinin tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin 2(052)- 140/2023 saylı iş üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, yaşlı nənəsi ilə birlikdə yaşayır, nənəsi xəstə və köməksizdir. Nənəsini yuyunduran zaman ehtiyatsızlıqdan mobil nəzarət qurğusu cibindən yerə düşmüş və qurğunun ekranı zədələnmişdir. Elektron qurğunun ekran hissəsi zədələnsə də, istifadəyə yararlı olmuş və cəza müddəti bitənə kimi üzərində olmuşdur. Cəza müddəti bitdikdən sonra qurğunu təhvil verərkən işlək vəziyyətdə olmuş və ona qurğunun nasazlığı barədə heç bir məlumat verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

13. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.ğ

21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmişdir.

25. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, işin müəyyən olunmuş faktik hallarına görə, hazırki işdə cavabdeh olan məhkum Cavabdeh nəzarət qurğusu təhvil verilmişdir. Həmin qurğu Cavabdeh təqsirindən zədələnmiş və yararsız vəziyyətə düşmüşdür. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qeyd edilən elektron qurğunun dəyəri olan 2277.4 manatın cavabdehdən tutulması qənaətinə gəlmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır.

28. Kollegiya göstərir ki, cavabdehin iddiaçıya maddi zərər vurması və baş vermiş hadisədə təqsirli olması işin mübahisəsiz hallarıdır və irəli sürülən iddianın təmin olunması üçün qanuni əsaslar mövcuddur.

29. Apellyator şikayətində həmin qurğunun işlək vəziyyətdə tam yayarlı şəkildə olmasını qeyd etsə də, onun bu dəlilləri iş materiallarında olan mötəbər sübutlarla təkzib olunur.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər formal xarakterli olmaqla, hazırkı işin hallarına münasibətdə əsassızdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilməz.

32. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 5000 manatdan azdır, ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 2(052)-140/2023 saylı iş üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar