Məhkəmə qərarları › İş №2(104)-2229/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2229/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2229/2023 14.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı1 və Cavabdeh1 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-270/2023 saylı mülki iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 noyabr 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı1 xx.xx.2022-ci il tarixdə 12500 (on iki min beş yüz) manat borc pul aldığını və aldığı pulu 6 ay ərzində qaytaracağını qeyd etmişdir.

2. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə 140 manat, xx.02.2022-ci il tarixdə 240 manat, xx.xx.2022-ci il tarixdə 1100 manat, 06.01.222-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 310 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 1100 manat, xx.xx.2021-ci il tarixd 500 manat olmaqla cəmi 5490 manat İddiaçı1 hesabına ödənilmişdir.

3. İşdə olan video diskdən görünür ki, Cavabdeh1 12500 manat borcunun olmasını etiraf edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 12000 manat əsas borcun, 5000 manat əldən çıxmış faydanın, ümumilikdə 17000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Qarabağ bölgəsindən məcburi köçkündür. O, Cavabdeh1 həm bankdan götürüb pul, həm də qızıllarını lombarda qoymaqla aldığı pulu ona vermişdir. Banka onun əvəzinə ən azı 2000 (iki min) faiz pul ödəmişdir. Lombarda qoyduğu 47,9 qram 583 ǝyarlı qızıl idi. Həmin qızılın hazırda qramı 80 AZN təşkil edir. Ona ödəniş etmədiyinə görə lombard onun girov qoyduğu qızıl əşyalarını ucuz qiymətə sataraq ona verdikləri pulu və faizləri götürüblər. O, 2021-ci ilin avqust ayında Cavabdeh1 "Kapital Bank"dan 5000 manat pul vermişdir. Sonra isə təxminən dekabr və yanvar aylarında Bakıda yerləşən "Karat" lombarddan 2100 manat və 350 manat məbləğində üzərinə özü 550 manat pul əlavə edib 3000 manat Cavabdeh1 vermişdir. Cavabdeh ona vacib pul lazım olduğu üçün çox məbləğ almış və hər dəfə pul alanda nə vaxta istəsə geri qaytracağını demişdir. Solmaza verdiyi pul məbləği 15000 manata çatanda, 2021-ci ilin oktyabr ayında ondan pulunun qaytarılmasını xahiş etmişdir. O, təxminən 2022-ci ilin fevral ayına qədər arada az-az məbləğdə, cəmi 3000 manatını qaytarmışdır. Bankdan 5000 manat, lombardlardan təxminən 6000 manat, 4000 manat isə borc alıb vermiş, cəmi 15000 manat. Cavabdeh ona və uşaqlarına maddi, mənəvi ziyanlar vurmuşdur. Çünki artıq nə bankdan, nə də heç kimdən borca pul ala bilmir.

6. Bərdə Rayon Məhkəməsinin 2(021)-270/2023 saylı mülki iş üzrə 16 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia qismən təmin edilmiş, Cavabdeh1 6510 manat (altı min beş yüz on) manatın alınaraq, İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 270/2023 saylı mülki iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən tərtib edilmiş qəbzdən və məhkəməyə təqdim edilən sübutlardan görünür ki, 06 aprel 2022-ci il tarixdə ona 12500 manat borcunun olmasını etiraf etmişdir. İşə baxan məhkəmə isə yanlışlığa yol verərək, əvvəlki dövrlərdə cavabdehin ona ödədiyi məbləği nəzərə almış və yekunda əsassız olaraq 6510 manatın tutulmasını qət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat verərək, şikayətin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçı sələmçidir və ona pulu faizlərlə verdiyindən onun aldığı borca görə faizlər hesablamaqla iddia qaldırmışdır. Onun iddiaçıya ümumilikdə 12500 manat borcu olmuşdur və qəbzdə yazılan 12500 manat məbləği məhz xx.xx.2022-ci il tarixədək hesablanmış cəmi borc məbləğidir. Qəbzi yazdığı anadək həmin borcun 5490 manat məbləğində olan hissəsini qaytarmışdır, buna baxmayaraq qəbzdə onun iddiaçıya ödəmiş olduğu həmin məbləğ göstərilməmişdir. Sonda cavabdeh şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 24 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh1 müxtəlif vaxtlarda borc pul vermiş, cavabdeh xx.xx.2022-ci il tarixdə qəbz yazaraq iddiaçıdan 12500 manat borc pul aldığını və həmin pulu 6 ay ərizndə qaytaracağını bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 5490 manat borc qaytarılmışdır. Bu hal işdə olan qəbzlərlə öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə iddia tələbini qismən təmin etmişdir. Bundan başqa iddiaçı cavabdehin hərəkətləri nəticəsində əldən çıxmış faydanın məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə həmin hissədə iddia tələbi təmin edilməmişdir.

30. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, qeyd etmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun olması etiraf edilmiş, lakin həmin borc qaytarılmamışdır. Həmçinin, borcun olması ilə birlikdə ona əldən çıxmış fayda kimi 5000 manat ziyan dəymişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçının apellyasiya şikayətində göstərilənlər qətnamənin mübahisələndirilən iddianın təmin edilməyən hissəsində ləğvinə və həmin hissədə iddianın təmin edilməsinə əsas vermir.

32. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

33. Məhkəmə təqdim edilmiş iddia ərizəsindən, eləcə iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 2021-ci ilin avqust ayından başlamaqla, 06.04 2022-ci il tarixədək ümumilikdə 12500 manat pul verilmişdir.

34. İddiaçının iddia ərizəsinə nəzər yetirildikdə müəyyən olunur ki, ərizənin əvvəlində iddiaçı cavabdehə Bakdan alıb 5000 manat, bundan əlavə, “Karat” lombarddan götürüb, 2100 manat və 350 manat və özünün əlavə etdiyi 550 manat olmaqla, cəmi 3000 manat məbləğində pul verdiyini, daha sonra isə borc məbləğinin 15000 (on beş min) manata çatanda borcunu geri istədiyinin bildirir. Lakin, iddiaçı daha 7000 manatı nə zaman, hansı məbləğlərdə verdiyini göstərmir. Daha sonra isə 15000 manatın 3000 manatının cavabdeh tərəfindən ona qaytarıldığını bildirir. Daha sonra isə iddiaçı ərizədə fərqli məlumatlar verir və qeyd edir ki, cavabdehə Bakdan alıb 5000 manat, lombardlardan isə təxminən 6000 manat alıb və özü borc aldığı 4000 manat olmaqla, cəmi 15000 manat pul vermişdir. Göründüyü kimi iddia ərizəsinin özündə işin halları barədə iddiaçının məhkəməyə bildirdikləri ziddiyyətlidir. Cavabdeh isə məhkəmədə izahat verərkən göstərmişdir ki, iddiaçı sələmçidir və ona pulu faizlərlə verdiyindən onun aldığı borca görə faizlər hesablamaqla iddia qaldırmışdır. Onun iddiaçıya ümumılikdə 12500 manat borcu olmuşdur və qəbzdə yazılan 12500 manat məbləği məhz xx.xx.2022-ci il tarixədək hesablanmış cəmi borc məbləğidir. Qəbzi yazdığı anadək həmin borcun 5490 manat məbləğində olan hissəsini qaytarmışdır, buna baxmayaraq qəbzdə onun iddiaçıya ödəmiş olduğu həmin məbləğ göstərilməmişdir.

35. Cavabdehin isə qeyd edilən borcdan xx.xx.2022-ci il tarixədək ümumilikdə 5490 manat məbləğində pul qaytardığı iş materialları ilə öz təsdiqini tapmışdır.

36. Yuxarıda qeyd edilənlərə məcmu halında qiymət verən kollegiya hesab edir ki, xx.xx.2022-ci il tarixli qəbzdə qeyd edilənlər (əks olunan 12500 manat məbləği) cavabdehin məhz həmin tarixdə iddiaçıdan aldığı borcun real məbləğini özündə əks etdirmir. İşin faktiki halları kimi müəyyən olunur ki, həmin məbləğ iddiaçı tərəfindən cavabdehə məhz 2021-ci ilin avqust ayından başlamaqla, 06.04 2022-ci il tarixədək vermiş olduğu pulların cəmi məbləğidir ki, artıq yuxarıda qeyd edildiyi kimi, həmin məbləğin ümumilikdə 5490 manat məbləği hissəsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır.

37. Bundan başqa, iddiaçıya əldən çıxmış fayda kimi 5000 manat məbləğində zərərin dəyməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, iş materiallrında olan xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, cavabdeh iddiaçıdan aldığı borcu 6 ay ərzində qaytaracağını öz öhdəsinə götürmüşdür. İddiaçı isə qəbzin yazılmasından 5 ay keçdikdən sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. Belə olan halda, cavabdehin iddiaçıya hər hansı bir məbləğdə ziyan vurması müəyyən edilmir.

38. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə mövcud sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdıraraq bu qənaətdədir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini qismən təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-270/2023 saylı mülki iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-270/2023 saylı mülki iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar