Məhkəmə qərarları › İş №2(104)-223/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-223/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-223/2025 28.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Xocalı Rayon Məhkəməsinin 2(070)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 04 oktyabr 2022-ci il tarixli, 1004 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, 2020-ci il buraxılışlı, BAN № LNBSCUAK3MR131418, **-BF- *** dövlət qeydiyyat nişanlı, “Baic x3 4At Luxury” minik markalı nəqliyyat vasitəsi 04 oktyabr 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək günlük 80, ümumilikdə 480 manat olmaq şərtilə icarəyə verən İddiaçı MMC tərəfindən icarəçi Cavabdeh icarəyə verilmişdir; Həmin müqavilənin 3.2-ci bəndindən görünür ki, icarəçinin bu müqavilədən irəli gələn öhdəliklərinin təminatı kimi 1000 AZN-ə qədər məbləğində depozit müəyyən edilir. Alınan depozitin məbləği isə təhvil-təslim 1 aktında qeyd olunmalıdır; Həmin müqavilənin 3.9-cu bəndindən görünür ki, qəza baş verən zaman müqavilənin 3.2-ci bəndində göstərilən 1000 AZN depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir; Həmin müqavilənin 3.12-ci bəndindən görünür ki, gecikdirilən hər gün üçün ümumi dəymiş zərərin 0.5 % qədərində faiz hesablanacaq; Həmin müqavilənin 9.2-ci bəndindən görünür ki, hər hansısa bir sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş zərər avtomobilin ümumi dəyərinin 20 %-dək olduqda 1000 AZN, 20 %-dən çox olduqda 2500 AZN dəyərdən düşməsinə görə icarəçidən tutulacaq.

2. 04 oktyabr 2022-ci il tarixli, 1004 nömrəli yol vərəqəsindən görünür ki, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 10 oktyabr 2022-ci il tarixədək İddiaçı MMC tərəfindən Cavabdeh etibar edilmişdir;

3. Təhvil-təslim 1 və 2 aktlarından görünür ki, “Baic x3 4At Luxury” minik markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı, BAN № LNBSCUAK3MR131418, tünd göy rəngli nəqliyyat vasitəsi icarəyə verən İddiaçı MMC tərəfindən icarəçi Cavabdeh 04 oktyabr 2022-ci il tarixdə təhvil verilmiş, 09 oktyabr 2022-ci il tarixdə vuruq şəkildə təhvil alınmışdır (qoyulan depozit məbləği 0).

4. 10 oktyabr 2022-ci il tarixli, F01009986 nömrəli "xxxx" MMC tərəfindən verilmiş servis kartından görünür ki, 2020-ci il buraxılışlı, Şassi LNBSCUAK3MR131418, **-BF-*** dövlət qeydiyyat nişanlı, “Baic x3” markalı nəqliyyat vasitəsi 10 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək təmirdə olmuş və nəqliyyat vasitəsinə dəymiş zərər 1596.58 manat dəyərində qiymətləndirilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli, 9/4288 nömrəli rəyindən görünür ki, nəzəri hesablamalar yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 21 oktyabr 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Baic x3 At Luxury” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1492.0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3156 manat əsas məbləğ, 1862 manat faiz borcu və ödənilmiş 70 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 04 oktyabr 2022-ci il tarixli, 1004 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin təminatı kimi Baic x3 At Luxury minik markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 04 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək günlük 80, ümumilikdə 480 manat olmaq şərtilə icarəyə verilmişdir. Cavabdeh tərəfindən nəqliyyat vasitəsinə zərər dəymiş və dəymiş zərər qarşılanmamışdır. Belə ki, cavabdeh 08 oktyabr 2022-ci il tarixdə şirkət əməkdaşları ilə əlaqə yaratmış, sözügedən nəqliyyat vasitəsi ilə qəza törətdiyini bildirmişdir. Onlar məsələ ilə bağlı polisə məlumat verməyini tələb etsələr də, özünün Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuna görə bu hadisənin ona işiylə bağlı problem doğuracağını və nəqliyyat vasitəsinə dəymiş zərərin tez bir zamanda qarşılanacağını bildirmişdir. Cavabdeh 09 oktyabr 2022-ci il tarixdə nəqliyyat vasitəsini vuruq şəkildə təhvil vermişdir. 10 oktyabr 2022-ci il tarixdə nəqliyyat vasitəsi "xxxx" MMCyə aparılmış və nəqliyyat vasitəsinə dəymiş zərər 1596 manat dəyərində qiymətləndirilmişdir. Əlavə olaraq cavabdehlə aralarında bağlanmış 04 oktyabr 2022-ci il tarixli 1004 nömrəli icarə müqaviləsinin 3.9-cu bəndinə əsasən qəza baş verdiyi gündən təmirdən çıxan günədək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Belə ki, nəqliyyat vasitəsi 10 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək təmirxanada olmuş və 560 manat müqavilənin 3.9-cu bəndinə görə borc yaranmışdır. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən hər hansısa bir sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş zərər avtomobilin ümumi dəyərinin 20 faizinədək olduqda 1000 manat dəyərdən düşməyə görə icarəçidən tutulmalıdır. Həmin müqavilənin 3.12-ci maddəsinə əsasən gecikdirilən hər gün üçün ümumi dəymiş zərərin 0.5 % qədərində faiz hesablanmalıdır. Beləliklə, cavabdehin 3156 manat əsas və 1862 manat dəbbə borcu yaranmışdır. Cavabdeh nəqliyyat vasitəsini təhvil verən zaman borcu tez bir zamanda ödəyəcəyi barədə söz vermişdir.

8. Xocalı Rayon Məhkəməsinin 2(070)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Ələkbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh 3152 (üç min yüz əlli iki) manat vəsait və ödənilmiş 51.52 manat (əlli bir manat əlli iki qəpik) dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında icarə müqaviləsi, həmin müqavilə ilə əmələ gələn öhdəliklər və bu öhdəliklərin icarəçi tərəfindən pozulduğu müəyyən olunmalı, ondan sonra müqavilədən irəli gələn öhdəliklərin pozulması ilə bağlı xüsusi normalar yoxdursa, ümumi normalar çərçivəsində mübahisəyə qiymət verilməlidir. Hazırkı işdə tərəflər arasında 04 oktyabr 2022-ci il tarixli, 1004 nömrəli icarə müqaviləsi və icarəçinin icarə müqaviləsindən irəli gələn öhdəlikləri mövcuddur. İcarəçi icarə predmetinə zərər vurmaqla aralarındakı müqaviləyə və öhdəliyə zidd hərəkət etmiş, müqavilədən irəli gələn öhdəlikləri pozmuş və o, bunun nəticəsində icarədarın məruz qalmış olduğu zərərləri ödəməlidir. Lakin, bu zərərlər səbəbli əlaqə içərisində olan zərərlər olmalıdır. Hazırkı işin halları baxımından mübahisəyə tətbiq edilməli olan xüsusi normalar mövcud deyildir. Mübahisə predmeti nəticə etibarilə icarə müqaviləsinin şərtlərinin pozulması səbəbilə vurulmuş olan zərər olmaqla ümumi qaydalar çərçivəsində həll edilməlidir.

10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 390, 404, 442, 443, 448, 467, 700, 1096-1097-ci maddələrinə və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. Xocalı Rayon Məhkəməsinin 2(070)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 04 oktyabr 2022-ci il tarixli, 1004 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin təminatı kimi Baic x3 At Luxury minik markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 04 oktyabr 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək (3 günlük) gündəlik 80 manat olaqla ümumilikdə 240 manat ödəmək şərtilə icarəyə verilmişdir. İcarə müddətinin sonunda avtomobil iddiaçıya təhvil verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3156 manat əsas məbləğ, 1862 manat faiz borcu və ödənilmiş 70 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsinə zərər dəymiş və dəymiş zərər qarşılanmamışdır. Belə ki, cavabdeh 08 oktyabr 2022-ci il tarixdə şirkət əməkdaşları ilə əlaqə yaratmış sözügedən nəqliyyat vasitəsi ilə qəza törətdiyini bildirmişdir. Onlar məsələ ilə bağlı polisə məlumat verməyini tələb etsələr də, özünün Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuna görə bu hadisənin ona işiylə bağlı problem doğuracağını və nəqliyyat vasitəsinə dəymiş zərərin tez bir zamanda qarşılanacağını bildirmişdir. Cavabdeh 09 oktyabr 2022-ci il tarixdə nəqliyyat vasitəsini vuruq şəkildə təhvil vermişdir. 10 oktyabr 2022-ci il tarixdə nəqliyyat vasitəsi "xxxx" MMC-yə aparılmış və nəqliyyat vasitəsinə dəymiş zərər 1596 manat dəyərində qiymətləndirilmişdir. Əlavə olaraq cavabdehlə aralarında bağlanmış 04 oktyabr 2022-ci il tarixli 1004 nömrəli icarə müqaviləsinin 3.9- cu bəndinə əsasən qəza baş verdiyi gündən təmirdən çıxan günədək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Belə ki, nəqliyyat vasitəsi 10 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək təmirxanada olmuş və 560 manat müqavilənin 3.9-cu bəndinə görə borc yaranmışdır. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən hər hansısa bir sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş zərər avtomobilin ümumi dəyərinin 20 faizinədək olduqda 1000 manat dəyərdən düşməyə görə icarəçidən tutulmalıdır. Həmin müqavilənin 3.12-ci maddəsinə əsasən gecikdirilən hər gün üçün ümumi dəymiş zərərin 0.5 % qədərində faiz hesablanmalıdır. Beləliklə, cavabdehin 3156 manat əsas və 1862 manat dəbbə borcu yaranmışdır. Cavabdeh nəqliyyat vasitəsini təhvil verən zaman borcu tez bir zamanda ödəyəcəyi barədə söz vermişdir. Xocalı Rayon Məhkəməsində işə baxılan zaman məhkəmənin yeri və vaxtı barədə cavabdehə heç bir məlumat verilməmiş və cavabdehin iştirakı təmin edilməmişdir. Nəticə etibarı ilə cavabdeh belə bir qətnamənin mövcudluğundan icra məmurunun dəvətindən sonra icra mərhələsində məlumat almışdır. Hesab edir ki, qətnamədə qeyd edilən hallar və əsaslar həqiqətə uyğun olmadığından, yəni əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, ilk öncə onu qeyd lazımdır ki, iddiaçı iddia ərizəsində əsassız olaraq Baic x3 At Luxury minik markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 10 günlük icarəyə verdiyini qeyd etmişdir. Halbuki, həmin avtomobil 3 günlük cavabdehə icarəyə verilmişdir. Bundan başqa, iddiaçı hadisənin cavabdeh tərəfindən törədildiyini bildirsə də, bəhs edilən yol nəqliyyat hadisəsinin həqiqətən cavabdeh tərəfindən törədilməsini təsdiq edən heç bir araşdırma və ya qərar mövcud deyil. Cavabdeh o, halda dəymiş zərərin əvəzini ödəməkdə öhdəlik daşıya bilər ki, həqiqətən əmlaka o ziyan vurmuş olsun. Avtomobilin cavabdehə icarəyə verilməsi hadisənin onun tərəfindən törədilməsinə əsas vermir. Yol nəqliyyat hadisəsində birbaşa hadisəni törətmiş şəxs mülki məsuliyyət daşımalıdır. Buna görə də, iddia ərizəsində nəzərdə tutulan məbləğlər (dəymiş zərər, əldən çıxmış fayda, dəyərdən düşməyə görə hesablanmış məbləğ, dəbbə pulu və s.) cavabdehdən tutula bilməz. İddiaçı məhkəməyə yalnız icarə müqaviləsi, guya avtomobilin təmir edilməsini təsdiq edən servis aktı və dəymiş ziyanı təsdiq edən qüsur aktını təqdim etmişdir. Lakin nəzərə almaq lazımdır ki, təqdim edilən sübutlar cavabdehin mülki hüquq pozuntusunu təsdiq etmədiyindən iddianın təmin edilməsi üçün əsas ola bilməz. Görünür ki, məhkəmə təkcə təqdim edilmiş sübutlara yox, eləcə də, mülki hüquq pozuntusunun cavabdeh tərəfindən törədilməsini ehtimal edərək, iddianı qismən təmin edilməsinə dair əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün məhkəmə prosesi dəfələrlə təxirə alınmış, tərəflərin elektron kabinetinə və iş materiallarında olan və “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş telefon nömrələrinə dəfələrlə SMS xəbərdarlıq göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 700.1. icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

16. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər;

17. Maddə 21.1. Müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

“İcarə haqqında” Azərbaycan Respublikası Qanunu

19. Maddə 7.1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xocalı Rayon Məhkəməsinin 2(070)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı ilə cavabdeh arasında 04 oktyabr 2022-ci il tarixli, 1004 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil günlük 80 manat olmaqla, cəmi 480 manat müqabilində iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. Tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Cavabdeh həmin nəqliyyat vasitəsi ilə qəza törətmiş, lakin, iddiaçıya dəymiş zərəri ödəməmişdir. Cavabdehin öhdəliklərini pozması nəticəsində iddiaçı hazırkı iddia tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında icarə müqaviləsi, həmin müqavilə ilə əmələ gələn öhdəliklər və bu öhdəliklərin icarəçi tərəfindən pozulduğu müəyyən edilmişdir. İcarəçi icarə predmetinə zərər vurmaqla aralarındakı müqaviləyə və öhdəliyə zidd hərəkət etmiş, müqavilədən irəli gələn öhdəlikləri pozmuş və o, bunun nəticəsində icarədarın məruz qalmış olduğu zərərləri ödəməlidir. Mübahisə predmeti nəticə etibarilə icarə müqaviləsinin şərtlərinin pozulması səbəbilə vurulmuş olan zərər olmaqla ümumi qaydalar çərçivəsində həll edilmişdir.

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə bildirişləri iş materiallarında olan ünvanına göndərilmiş və müvafiq reyestrlər iş materiallarına əlavə edilmişdir (iş materialları səhifə 35, 42, 55, 65, 75). Apellyasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh o, halda dəymiş zərərin əvəzini ödəməkdə öhdəlik daşıya bilər ki, həqiqətən əmlaka o ziyan vurmuş olsun. Yol nəqliyyat hadisəsində birbaşa hadisəni törətmiş şəxs mülki məsuliyyət daşımalıdır. Kollegiya qeyd edir ki, tərəflər arasında 04 oktyabr 2022-ci il tarixli, 1004 nömrəli icarə müqaviləsi və icarəçinin icarə müqaviləsindən irəli gələn öhdəlikləri mövcuddur. Müqavilənin 3.9-cu bəndinə əsasən, qəza baş verdiyi gündən təmirdən çıxan günədək olan günlərin sayının avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməli olması və nəqliyyat vasitəsinin 10 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək təmirxanada olması ilə əsaslandırmışdır. Müqavilənin 9.2-ci bəndinə əsasən, hər hansısa bir sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş zərərin avtomobilin ümumi dəyərinin 20 faizinədək olduqda 1000 manat dəyərdən düşməyə görə icarəçidən tutulmalı olması ilə əsaslandırmışdır. Kollegiya apellyasiya şikayətinin bəhs edilən yol nəqliyyat hadisəsinin həqiqətən cavabdeh tərəfindən törədilməsini təsdiq edən heç bir araşdırma və ya qərarın mövcud olmaması, cavabdehin həqiqətən əmlaka ziyan vurduğu halda dəymiş zərərin əvəzini ödəməkdə öhdəlik daşıması və avtomobilin cavabdehə icarəyə verilməsinin hadisənin onun tərəfindən törədilməsinə əsas verməməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, avtomobilin cavabdehə icarəyə verilməsi işin mübahisəsiz halıdır. Cavabdeh avtomobilə onun tərərfindən zərər vurulmadığını bildirsə də, avtomobili aldığı vəziyyətdə qaytarması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin avtomobilə dəymiş zərərin onun təqsiri ucbatından baş verməməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir.

35. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, dəymiş ziyanın məbləği ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli, 9/4288 nömrəli rəyindən görünür ki, nəzəri hesablamalar yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 21 oktyabr 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Baic x3 At Luxury” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1492.0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır.

36. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Xocalı Rayon Məhkəməsinin 2(070)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin 2(070)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar