Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2232/2025 19.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Qazax Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-nın inşa etdiyi binanın 13-cü mərtəbəsində yerləşən, iddiaçıya məxsus 2 otaqlı yaşayış evinin təmir edilməsi barədə iddiaçı ilə cavabdeh arasında 2020-ci ilin avqust ayında razılıq əldə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mülki hüquq pozuntusu nəticəsində ona vurduğu ziyana görə, yəni ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, 87,4 kv.m ölçüdə olan 2 otaqlı mənzildə təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində tikinti materiallarının qiymətinin artması səbəbilə ona vurduğu ziyana görə 16.089,2 manat pul vəsaitinin və cavabdeh tərəfindən təmir-bərpa işlərinin keyfiyyətsiz görülməsi nəticəsində ona vurduğu ziyana görə 4844,5 manat pul vəsaitinin, ümumilikdə cavabdehdən 20.933,7 manat pul vəsaitinin və dövlət rüsumu hesabına ödədiyi 152,80 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi ev təmiri ilə məşğul olan usta kimi tanımış və özünə məxsus, Abşeron rayonu, Masazır qəsəbəsində təzə binada yerləşən 87,4 kv.m ölçüdə olan 2 otaqlı mənzilin təmirini cavabdehə həvalə etmişdir (həyat yoldaşı ilə birlikdə). Cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca və keyfiyyətlə yerinə yetirməmişdir və həmin əməlinə görə cavabdeh barəsində cinayət işi başlanılmışdır. Daha sonra cavabdehə həmin əməlinə görə bəraət verilmiş, iddiaçıya isə cavabdehə qarşı mülki mühakimə icraatı qaydasında iddia tələbi irəli sürmək hüququ izah edilmişdir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(039)- 2/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh 30 aprel 2021-ci il tarixdən 01 may 2021-ci il və 06 noyabr 2021-ci il tarixdən 07 noyabr 2021-ci il tarixədək həbsdə saxlandığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 il 5 ay 26 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlində tutulduğu vaxtdan, yəni 29 noyabr 2022-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, mülki iddianın qismən təmin edilməsi, 15.096 manat dəymiş ziyan, 500 manat vəkilin xidmət haqqı və 142 manat ödənilmiş dövlət rüsumunun mulki Cavabdeh tərəfindən mülki İddiaçı xeyrinə tutulması, Cavabdeh 200 manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəzinə köçürülməsi hökm edilmişdir. Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 1(039)-2/2023 nömrəli hökmündən o və təqsirləndirilən şəxs Cavabdeh, onun müdafiəçisi X2 tərəfindən apellyasiya şikayəti verilmiş və işə apellyasiya qaydasında Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının tərəfindən baxılmış və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023- cü il tarixli, 1(107)-112/2023 nömrəli hökmü ilə zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Cavabdeh və onun müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(039)-2/2023 nömrəli hökmü ləğv edilmiş, Cavabdeh əməlində cinayət tərkibi olmadığından CM-nin 178.2.4-cü maddəsi ilə ona bəraət verilməsi, Cavabdeh barədə seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs və mülki Cavabdeh qarşı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 87,4 kv.m olan iki otaqlı yaşayış evini təmir etmək məqsədilə aldığı 16.770 manat, 500 manat vəkilə ödənilmiş xidmət haqqı və 242 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 17.412 manat məbləğində pulun ona qaytarılması barədə mülki iddiasının baxılmamış saxlanılması və zərərçəkmiş şəxs İddiaçı dəymiş zərərin mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun izah edilməsinə dair hökm çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-640/2024 nömrəli qərarına əsasən Cavabdeh CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(107)-112/2023 nömrəli qərar əsasında Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/4650 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiq olunan mənzildə keyfiyyətsiz aparılmış təmir işləri nəticəsində otaqların divarlarına və tavanına vurulmuş şpaklyovka qatı tam hamarlanmamış, 4 saylı otağın tavanına vurulmuş alçıpanın kənarlarının bəzi yerlərində boşluq olduğu, pəncərənin altının qısa kəsildiyi, laminatın keyfiyyətsiz vurulduğu, yer üst səthinin beton məhlulu ilə düz hamarlanmadığı, metlaxın künc aralarının düzgün qoyulmadığı, sanitar qovşağının qarşısında hörülmüş divarın düz hörülmədiyi müəyyən olunmuşdur. Eyni zamanda qərardadda göstərilən tarixə aparılmalı təmir - bərpa işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 4844,5 manat məbləğində olduğu müəyyən edilmişdir. 19 avqust 2020-ci il tarixə iddiaçıya məxsus təzə mənzildə cavabdeh tərəfindən təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində, tikinti materiallarının qiyməti təqribən 10-15 % qalxmış və bunun nəticəsində zərərçəkmiş şəxs İddiaçı hazırkı bazar qiymətlərinə uyğun olaraq dəymiş ziyan təqribən 16.089,2 manat məbləğində müəyyən olunur. Göründüyü kimi, qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 87,4 kv.m ölçüdə olan 2 otaqlı mənzildə Cavabdeh tərəfindən keyfiyyətsiz aparılmış təmir işləri nəticəsində iddiaçıya 4844,5 manat məbləğində maddi ziyan vurduğu müəyyən edilmişdir. Bundan başqa, iddiaçıya məxsus mənzildə Cavabdeh tərəfindən təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində, tikinti materiallarının qiyməti təqribən 10-15 % qalxmış və bunun nəticəsində hazırkı bazar qiymətlərinə uyğun olaraq dəymiş ziyan təqribən 16.089,2 manat məbləğində müəyyən edilmişdir. Ümumilikdə, Cavabdeh tərəfindən ona 20.933,7 manat maddi ziyan dəymiş və hazırkı iddia tələbi üzrə məhkəmə məsrəfi 152,80 manat edir. O, Cavabdeh 20.933,7 manat ona vurduğu maddi ziyan məbləğini (4844,5+16.089,2 = 20.933,7) və hazırki məhkəmə məsrəfi olan 152,80 manat dövlət rüsumunu tələb edir. Qazax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(023)-787/2025 nömrəli iş üzrə qəbul etdiyi 21 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Mansırov) iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 87.4 kv.m ölçüdə olan 2 otaqlı mənzilinin təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində vurulmuş ziyana görə 16.089.20 manat, təmir-bərpa işlərinin keyfiyyətsiz görülməsi nəticəsində vurulmuş ziyana görə 4844,50 manat olmaqla, ümumilikdə 20.933,70 manat məbləğində pulun və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 152,80 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Cavabdeh İddiaçı məxsus mənzili təmir etmək öhdəliyi götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, mülki işin materiallarında görünür ki, Cavabdeh barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında cinayət işi olmuş və məhkəmə prosesi zamanı iş üzrə tikinti-texniki ekspertiza təyin edilmişdir. Həmin cinayət işi üzrə də təyin edilmiş ekspertiza nəticəsində 10/4650 nömrəli, xx.xx.2023-cü il tarixli ekspertiza rəyi verilmişdir. Həmin rəydən də müəyyən olunur ki, iddiaçının mənzilində aparılmış təmir işlərinə çəkilmiş xərc 7313 manat təşkil edir. Həmçinin tədqiq olunan mənzildə keyfiyyətsiz aparılmış təmir işləri nəticəsində otaqların divarlarına və tavanına vurulmuş şpaklyovka qatının tam hamarlanmadığı, 4 saylı otağın tavanına vurulmuş alçıpanın kənarlarında boşluq olduğu, pəncərənin altının qısa kəsildiyi, laminatın keyfiyyətsiz vurulduğu, yer üst səthinin beton məhlulu ilə düz hamarlanmadığı, metlağın künç aralarının düzgün qoyulmadığı, sanitar qovşağının qarşısında hörülmüş divarın düz hörülmədiyi müəyyən olunmuşdur. Eyni zamanda aparılmalı təmir-bərpa işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 4844,5 manat məbləğində olduğu müəyyən edilir və Cavabdeh tərəfindən təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində, tikinti materiallarının qiyməti təqribən 10-15% qalxmış və bunun nəticəsində İddiaçı hazırki bazar qiymətlərinə uyğun olaraq dəymiş ziyan dəyəri təqribən 16.089,2 manat məbləğində müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı məxsus mənzilin təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində vurulmuş ziyana görə 16.089,20 manat, təmir-bərpa işlərinin keyfiyyətsiz görülməsi nəticəsində vurulmuş ziyana görə 4844,50 manat olmaqla, ümumilikdə 20.933,70 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. İddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 152,80 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 65.4, 82.4, 107, 119cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, cavabdehə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 87,4 kv.m ölçüdə olan 2 otaqlı mənzilin təmiri üçün ödəniş etmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən barəsində cinayət işi açılmış, cavabdehə Yevlax Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan mərhumetmə cəzası verilmiş, habelə zərərçəkmişin mülki iddiası qismən təmin edilmişdir. Cavabdeh və onun müdafiəçisinin həmin hökmdən verdikləri apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 1(107)-112/2023 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin edilməklə, Cavabdeh əməlində cinayət əlamətləri olmadığından bəraət hökmü verilmiş, mülki iddia tələbi isə baxılmamış saxlanmış, İddiaçı ümumi əsaslarla iddia verə bilmək hüququ izah olunmuşdur. Məhkəmə həmin iş üzrə müddətlərə ümumiyyətlə diqqət yetirməmiş, işin mahiyyəti üzrə iddiaçı tərəfdən heç bir hüquqi əsaslara söykənəcək sübut təqdim edilməməsinə, verilmiş olan ekspert rəylərinin bir-birinə tərs mütənasib olma halına hüquqi qiymət verilməsi üçün və əsas hansı ekspert rəyini önəm kəsb eləyən sübut olaraq götürməsi üçün nə daxili inama söykənmiş, nə də ki təkrar və ya kompelks ekpertiza keçirilməklə həmin mənzilə çəkilmiş olan xərcləri müəyyən etmişdir. Çünki iddiaçı da həmin mənzilə cavabdeh tərəfindən xərclərin çəkildiyini təsdiq edir. Lakin təmirin keyfiyyətsiz olduğunu iddia etməklə həmin xərci yenidən cavabdehdən tələb edir. Həmin məsələ üzrə bir hala ümumiyyətlə toxunulmamış, mənzildə hazırda yaşayan iddiaçı, cavabdeh tərəfindən əmək sərf etməklə düzəltmiş olduğu otaqların təmirini sökməklə yenidən təmir işləri aparmışdırmı? Yoxsa cavabdeh tərəfindən təmir olunmuş olan mənzildə yaşamaqlarına davam etmələri, məhz həmin mənzilin təmirinin yararsız olmaması, cavabdeh tərəfindən ona həvalə edilmiş olan işlər yetərincə keyfiyyətli şəkildə təmir edilməsini göstərir. Bundan başqa, iddiaçı iddia vermə müddəti olan 3 illik müddəti ötürmüş, lakin məhkəmə həmin müddəti tətbiq edərək iddia tələbinin rədd edilməsi məsələsinə də hüquqi qiymət verməmişdir. Bundan əlavə, Şəki Apellyasiya Məhkəməsində işə baxılması zamanı şahid qismində dindirilən şəxslər də adı çəkilən mənzildə işləməklə mənzildə hansı işləri tam olaraq gördüklərini etiraf etmiş, müstəqil ekspert tərəfindən mənzilə çəkilmiş xərclərin aydın şəkildə smetası çıxarılmaqla ümumi dəyəri müəyyən edilmişdir ki, həmin rəyə görə mənzilin təmir bərpa işlərinin dəyəri 4844,5 manat, tikinti materiallarının bahalaşması səbəbindən dəymiş zərərin məbləği isə 16.089,2 manat miqdarında təsbit edilmişdir. Qanunvericliyə əsasən ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımır və verilmiş olan rəylər arasında olan tərs mütənasiblik də, məhz həmin rəyin hansı şəkildə olmasından xəbər verir. İddiaçı tələbində dəymiş ziyanı mötərizə içərisində 4844,5+15.259,2=20.933,7 manat kimi qeyd etməklə məhkəməni aldatmağa çalışmış və buna nail olmuşdur. Çünki həmin rəqəmləri topladıqda 20.933,7 manat ümumi məbləği almaq olmur. Bu hissələri də, məhkəmə heç bir araşdırma aparmadan iddia ərizəsindən çıxarmış olduğu qətnaməsinə köçürmüşdür. Halbuki, Şəki Apellyasiya Məhkəməsi hökmündə həm cinayət işi üzrə, həm də mülki iddiaya hüquqi qiymət vermişdir. Əgər mülki iddia əsaslı olsaydı, o zaman məhkəmə mülki iddianı təmin edərdi. Lakin Cavabdeh barəsində çıxarılmış bəraət hökmü məhz onun günahsız olmasından xəbər verir. İddiaçının isə iddiası boş, cəfəngiyyatdır. Çünki məhkəmə hökmlərinə tam diqqətlə fikir verilsə o zaman məlum olar ki, iddiaçının nə qədər pul verdiyi, həmin pula hansı işlərin görüldüyü qeyd olunmuş, bu işlərin görülməsi üçün tikinti materiallarına xərclənmiş olan pulların qəbzləri də mövcuddur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlilləri ilə eyni məzmunda izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən məlum olur ki, iddiaçı və cavabdeh arasında 2020-ci ilin avqust ayında şifahi qaydada podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, iddiaçı, ona məxsus 2 otaqlı mənzildə təmir-tikinti işlərinin aparılmasını cavabdehə tapşırmış, bunun müqabilində o, cavabdehə 16.770 manat məbləğində pul vermişdir. Cavabdehin müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsi ilə bağlı iddiaçının şikayəti əsasında cavabdehin barəsində Yevlax Rayon Polis İdarəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və iş üzrə istintaq tamamlanaraq iş baxılması üçün məhkəməyə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(039)- 2/2023 nömrəli hökmü ilə cavabdeh müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə verilmiş mülki iddia qismən təmin edilmişdir. Sonradan həmin hökmdən verilmiş apellyasiya şikayətləri əsasında cinayət işinə apelyasiya qaydasında baxmış Şəki Apelyasiya Məhkəməsi cavabdeh barəsində xx.xx.2023-cü il tarixli, 1(107)-112/2023 nömrəli bəraət hökmü çıxarmış, iş üzrə verilmiş mülki iddianı isə baxılmamış saxlamışdır. Hazırda iddiaçı bildirir ki, cavabdeh, tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş, bunun nəticəsində iddiaçı tərəfə maddi zərər dəymişdir. İddiaçı hesab edir ki, ona vurulmuş zərər 20.933,7 manat məbləğindədir. İddia ərizəsinə etiraz edən cavabdeh apellyasiya şikayətində bildirir ki, o, mənzilin təmiri üçün iddiaçı tərəfdən aldığı vəsaiti elə mənzilin təmirinə xərcləmişdir. Lakin işə baxan Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Rayon Məhkəməsinin nəzərə almadığı digər hal isə işdə olan, bir-birinə zidd olan ekspert rəyləridir ki, həmin rəylərdən hansı səbəbə Məhkəmə Ekspertizası Mərkəzinin məhz 10/4650 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinin mötəbər sübut kimi götürülməsi qətnamədə əsaslandırılmamış, habelə iş üzrə təkrar və ya kompleks ekpertizası keçirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, işdə olan sənədlərdən, o cümlədən Şəki Apelyasiya Məhkəməsinin 1(107)-112/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, cavabdehin təqsirləndirilməsinə dair cinayət işinə məhkəmələr tərəfindən baxılan zamanı məhkəmənin təşəbbüsü ilə Məhkəmə Ekspertizası Mərkəzinin 10/417 №-li xx.xx.2021-ci il tarixli, 10/1500 №-li xx.xx.2022-ci il tarixli və 10/4650 №-li, xx.xx.2023-cü il tarixli rəyləri alınmış, cavabdehin təşəbbüsü ilə isə "xxxx" MMC-nin 02-08/22 №-li xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi alınaraq məhkəməyə təqdim olunmuşdur. "xxxx" MMC-nin verdiyi 02-08/22 №-li xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, həmin rəyə görə iddiaçıya məxsus mənzilin tikinti-təmir işlərinə çəkilmiş xərcin məbləği 16.883,3 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/417 №-li xx.xx.2021-ci il tarixli rəyinə görə, iddiaçıya məxsus 2 otaqlı suvaq vurulmuş mənzildə aparılan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi təqribən 2526 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1500 №-li xx.xx.2022-ci il tarixli rəyinə görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş 10/417 saylı, 05 mart 2021-ci il tarixli ekspert rəyi ilə məhkəməyə təqdim olunmuş "xxxx" MMC tərəfindən hazırlanmış xx-xx/2022 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi arasındakı ziddiyətlər ilkin ekspertiza rəyi verildikdən sonra mənzildə aparılmış əlavə təmirtikinti işlərinin qiymətləndirilməsi ilə izah olunur. Aparılmış 8 adda təmir işlərinin dəyərinin avqust 2020-ci il tarixə bazar qiymətlərinə uyğun olaraq ümumi təqribən 3459 manat məbləğində olduğu müəyyən edilmişdir. İşdə olan məhkəmə hökmündən o da məlum olur ki, cinayət işinin məhkəmə istintaqı zamanı alınmış ekspert rəyləri ilə müdafiə tərəfi (hazırki iş üzrə cavabdeh) razı olmadığı üçün rəy vermiş ekspert məhkəməyə dəvət edilmişdir. Məhkəmə iclasında xx.xx.2022 tarixli rəy üzrə fikri dinlənilmiş ekspert X4 bildirmişdir ki, “ilkin ekspertizadan sonra təkrar ekspertiza keçirilmişdir. Onlar mənzilə məhkəmənin tərtib etdiyi suallar əsasında baxış keçirmişlər və həmin suallara uyğun rəy yazmışlar. Həmin mənzilə baxiş keçirərkən divarlara üzlük vurulsa da hamarlanmamışdır. Bəzi otaqlarda alçıpanlar divardan müəyyən məsafədə aralı vurulmuşdur. Dəhlizdə beton təbəqə tökülmüşdür, məhlulla sulanmışdır. Beton məhlul otaqlarla nisbətdə bir az hündürdə idi. Həmin mənzil 2 otaq və bir mətbəxdən ibarət idi. Sonradan mətbəxin yeri dəyişdirilmiş və mətbəx otaq edilmişdir. Mətbəx isə dəhlizə keçirilmişdir. Lakin təmir başa çatdırılmamışdır. Elektrik naqilləri olsa da, tam bərkidilməmişdir. Sonradan elektrik onların yanında onların ucluqlarını əlaqələndirmişdir. Onlar üzlüyün altından gedən elektrik xətlərini müəyyən etməmişlər. Onlar astarı da hesablamamışlar. Çünki məhkəmə yalnız üzlük barədə sual qoyub və onlar da yalnız divara vurulmuş üzlüyü hesablamışlar. Otaqlara bəzi hissələrə laminat vurulmuşdur. Dəhlizdəki beton məhlulla laminatın hündürlüyü arasında 3-5 mm fərq var idi. Burda qüsur var. Lakin yararsız deyildir. Onlar rəy verərkən məhkəmənin onlara təqdim etdiyi suallardan kənara çıxmamışlar. Ümumi təmirə nə qədər xərc çəkildiyi soruşulsaydı onlar çəkilmiş ümumi xərci hesablayıb rəy verərdilər. Lakin 8 adda təmir işlərinin xərci qoyulduğundan, onlar suallara uyğun cavab vermişlər. Görülmüş təmir tikinti işlərin dəyəri təqribən 3459 manat müəyyən olunmuşdur. İlkin ekspertizadan sonra 900 manata yaxın iş görüldüyündən ilkin ekspertiza ilə təkrar ekspertiza arasında 900 manat fərq olub. Onlar kanalizasiya və suya çəkilmiş xərcləri hesablamamışlar. Sanitar qovşağında iş tam olaraq yekunlaşmamışdır. Əlavə hörgü çəkilmişdir. Sanitar qovşağında montaj işlərinin görülməsini 200 manat qiymətləndirmişlər”. Göründüyü kimi, cinayət işi üzrə əvvəllər məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsi barədə qərardadlarda mənzildə görülən işlərə görə çəkilmiş ümumi xərcin müəyyən edilməsi və sair iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması ilə bağlı ekspertlər qarşısında mənzildə aparılan təmir tikinti işlərinin ümumi dəyəri, mənzildə görülmüş keyfiyyətsiz işlərə görə hansı məbləğdə və hansı adda tikinti materiallarının yararsız hala düşməsi və sair barədə suallar qoyulmadığından və bu kimi halların araşdırılması iş üçün əhəmiyyət kəsb etdiyindən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası icraatında olan 1(107)-112/2023 №-li cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsi barədə qərardad qəbul etmiş, ekspertiza tədqiqatının aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 10/4650 №-li, xx.xx.2023-cü il tarixli rəyi ilə mənzildə aparılmış təmir işlərinə çəkilmiş ümumi xərcin 2021-ci ilin yanvar ayınadək və 2021-ci ilin yanvar ayından sonrakı tarixlərə 7313 manat təşkil etdiyi, aparılmalı təmir-bərpa işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq təqribən 4844,5 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmin rəylə həmçinin müəyyən edilmişdir ki, 19 avqust 2020-ci il tarixdə İddiaçı aid iki otaqlı suvaq vurulmuş mənzildə Cavabdeh tərəfindən təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində, tikinti materiallarının qiyməti təqribən 10-15% qalxmış və bunun nəticəsində hazırki bazar qiymətlərinə uyğun olaraq İddiaçı dəymiş ziyan təqribən 16.089,2 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 10/4650 №-li, xx.xx.2023-cü il tarixli rəyində göstərilənlər tərəflər arasında mövcud mülki mübahisənin həlli üçün zəruri olan bütün halları əhatə etdiyindən, Rayon Məhkəməsi işdə olan ekspert və mütəxəsis rəylərindən məhz xx.xx.2023-cü il tarixli rəyi iş üzrə mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə, müzakirə olunan hissədə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızdır və Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin 10/4650 №-li, xx.xx.2023-cü il tarixli rəyi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə dair ciddi dəlillər göstərməmişdir. Məhkəmə hesab edir ki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq əlavə və ya təkrar ekspertizanın keçirilməsi isə təmin oluna bilməz. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Şəki Apellyasiya Məhkəməsinin hökmündə həm cinayət işi üzrə, həm də mülki iddiaya hüquqi qiymət verilmişdir. Əgər mülki iddia əsaslı olsaydı, o zaman məhkəmə mülki iddianı təmin edərdi. Lakin cavabdehin barəsində bəraət hökmünün çıxarılması, onun təqsirsiz olmasını təsdiq edir. Məhkəmə, cavabdehin bu dəlili ilə bağlı qeyd edir ki, cavabdeh barəsində bəraət hökmü çıxarıldığı üçün onun barəsində cinayət mühakimə icraatı da başa çatmış hesab olunmuşdur ki, mövcud olmayan icraat zamanı mülki iddiaya qiymət verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Qüvvədə olan qanunvericilik iddiaçıya cinayət mühakimə icraatında baxılmamış saxlanılan mülki iddianın mülki məhkəmə icraatı qaydasında verilməsi hüququnu tanımışdır. İddiaçı da bu hüquqdan istifadə edərək, cavabdehə qarşı hazırki iddianı iərli sürmüşdür. Cavabdehin apellyasiya şikayətində ifadə olunmuş digər bir dəlili isə iddiaçının iddia tələbi üzrə iddia müddətinin ötürməsi, lakin Rayon Məhkəməsinin buna hüquqi qiymət verməməsi barədədir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman cavabdehin nümayəndəsi məhkəmə proseslərində iştirak etsə də, iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki: “İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllə. Maddə 375.2.). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici Mülki Məcəllənin 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünü göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti, bir qayda olaraq, onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də MPM-nin 372.2-ci maddəsinə istinadla və yaxud MPM-nin 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur”. Odur ki, Məhkəmə, Mülki Məcəllənin 375.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarına əsaslanaraq hesab edir ki, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəni Rayon Məhkəməsinə təqdim etmədiyi üçün Rayon Məhkəməsi bu məsələni müzakirə etməməkdə haqlı olmuşdur. Hazırda isə iddia müddətinin ötürülüb-ötürülməməsi müzakirə oluna bilməz. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud olmuş podrat münasibətləri üzrə sifarişçi olan iddiaçı müəyyən edilmiş muzdun məbləğini əvvəlcədən tam ödəmək şərti ilə podratçıya vermiş, podratçı olan cavabdeh isə müqavilə üzrə aparmalı olan təmir tikinti işlərini tam yerinə yetirməmiş, etdiyi təmir işlərini isə qüsurlu icra etmişdir. Cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində iddiaçıya ümumilikdə 20.933,70 manat maddi zərər dəymişdir ki, həmin məbləğin 16.089,20 manatı mənzilinin təmirbərpa işlərinin gecikdirilməsi nəticəsində vurulmuş ziyan, 4844,50 manatı isə təmir-bərpa işlərinin keyfiyyətsiz görülməsi nəticəsində vurulmuş ziyan təşkil edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Qazax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyun 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2232/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2232/2025
19.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver