Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2239/2024 20.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1717/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 20 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2007-cü il tarixli, AZ-T № 017885 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2007-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
2. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-cü il tarixli, AZ-İİ № 017885 saylı arayışdan görünür ki, X3 xx.xx.2008-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
3. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-cü il tarixli, AZ-İİİ № 869050 saylı arayışdan görünür ki, X5 xx.xx.2008-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
4. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-cü il tarixli, AZ-İV № 157608 saylı arayışdan görünür ki, X6 xx.xx.2018-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 26 fevral 2019-cü il tarixli, 2(021)-975/2019 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmaqla, hər ay hər uşaq üçün 235 manat və X3 xəstə olmağı ilə bağlı müalicə xərci kimi 100 manat olmaqla, cəmi 1040 manat müəyyən edilməsinə dair qətnаmə çıxаrılmаsını xаhiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi olaraq olaraq ailə qurub evlənmişdir, birgə nikah dövründən xx.xx.2007-cu il təvəllüdlü X4,xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 övladları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-4337/2018 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmçinin Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)- 4337/2018 nömrəli qətnaməsi ilə hər ay hər uşağın saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) yarsı miqdarında məbləğində aliment pulu tutularaq onun xeyrinə verilməsinə dair qərar qəbul edilmişdir.Qeyd edim ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)- 975/2019-cu il tarixli qətnaməsi ilə övladlarımız yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 320 manat tutulması qət edilmişdir. Müəyyən olunmuş alimentin övladlarının heç bir tələbatlarını ödəmədiyi üçün aliment məbləğinin artırılmasına dair Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir.Hazırda Respublikada hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır.Bundan əlavə onuda qeyd edim ki, birgə nigahımızdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü övladımız X3 əlil olmaqla “uşaq serebral iflici, tetraplegik forma” diaqnozu xəsdəliyindən əziyyət çəkir. Bunun üçün də müəyyən olunmuş cəmi 320 manat məbləğində alimentin artırılaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 1040 manat olmasını istəyir. Cavabdeh rayonda yaşayır, Cavabdeh özünə məxsus maşınqayırma sexində avtomobil ustası işləyir və onun aylıq əmək haqqı yüksəkdir. Aktiv vergi ödəyicisidir vöeni var.Həmin vergi ödəyici olmaqla bağlı sənədləri məhkəməyə təqdim edirəm.Onun isə maddi vəziyyəti olduqca pisdir. Buna baxmayaraq o, övladımın saxlanılmasında əlavə heç bir maddi yardım etmir. Övladım məktəblidir və bütün tələbatları olduqca artıb. Bunun üçün də aliment məbləğinin artırılmasını istəyir ki, övladımın bütün tələbatlarını ödəsin. Göstərdiyi bütün əsaslara əsasən hər ay hər uşağın saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 235 manat, cəmi 1040 manat olmasına dair məhkəmə qətnaməsinə ehtiyacı var.
7. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1717/2024 nömrəli qətnaməsi (hakim Fuad Babaşov) ilə, iddianın qismən təmin edilməsi, xx.xx.2007-cu il təvəllüdlü X4,xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı uşağı yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilən aliment məbləğinin artırılaraq cavabdeh X2 hər ay hər uşağa 120 manat, cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən etibarən hesablanmağa başlanması, Cavabdeh 77.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60, 17-ci mаddəsinin İİ bəndinə, 34-cü maddəsinin 4-ci bəndinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 112.1-ci maddələrinə, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 112.1.3, 119.1, 214, 216-220, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1717/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, “Yaşayış minimumu haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən 2024-cü il üzrə bir uşağın saxlanması xərci 235 manat müəyyən edilmişdir. Mülki Prosessual Məcələnin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan halların və faktların sübuta ehtiyacı olmadığından, hesab edərəm ki, hazırki qətnamə ləğv edilməli və apellyasiya şikayətim təmin olunmalıdır. Nəzərə alsaq ki, bir uşağın saxlanması üçün “minimum” 235 manat müəyyən edilmişdir, onda bir birgə nikahımızdan olan bir uşağın saxlanması üçün cəmi 120 manat aliment tutulması barədə qətnamə ləğv edilməlidir. Hesab edir ki, sözügedən qətnamənin ləğv edilməməsi, mənfi tendensiyaya səbəb ola bilər və mənfi məhkəmə praktikasının formalaşmasına səbəb ola bilər. Aliment uşağın qidalanması, sağlam böyüməsi, mənəvi və psixi inkişafının normal formalaşması üçün tutulur. Cavabdehin hər ay uşaqların saxlanılması üçün 940 manat ödəməyə maddi imkanı çatır. Belə ki, cavabdehin maddi durumu olduqca yaxşıdır.
11. Həmçinin, Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1717/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, uşaqlarına aliment verməkdən imtina etmir, ancaq onun öz yaşayışını nəzərə almaqla, alimentin məbləğinin aşağı endirilməsini xahiş edir. O hər ay hər uşağa 80 manat olmaqla, 320 manat aliment ödəyə bilər və bunun hər ay güclə ödəyir. Maddi imkanı olduqca pis vəziyyətdədir. Aylıq qazancı 350-400 manat təşkil edir. Həmin puldan 320 manat aliment ödəyir, qalan 70-80 manatla biray ərzində özünü güclə dolandırır. Bundan başqa, mülkiyyətində daşınar və ya daşınmaz əmlakı yoxdur. Kənddə yaşasa da, nə torpaq sahəsi var, nə də mal-qarası. İddiaçı iki məktəbdə müəllim işləməklə yüksək əmək haqqı alır. İşə məhkəmədə baxılması barədə ona heç bir rəsmi məlulmat verilməmişdir. Bununla da, tərəflər arasında çəkişmə və bərabərlik hüququ pozulmuşdur. Sadalananlara əhəmiyyət verməyən işə baxan məhkəmə onun maddi və sosial vəziyyətini nəzərə almayaraq, maddi cəhətdən ağır vəziyyətə düşməyinə səbəb olan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etmişdir.
15. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
20. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
23. Maddə 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.
24. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
25. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
26. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır
27. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı
28. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı
29. “Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
30. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.”
Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu
31. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;
36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
41. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
46. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1717/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Belə ki, işin halları ondan ibarətdir ki, tərəflər faktiki olaraq xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Aytac, xx.xx.2008-ci il təvəllüdlü Türkan, xx.xx.2008-ci il təvəllüdlü Fidan və xx.xx.2018-ci il təvəllüdlü Dəniz adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Bundan sonra Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-4337/2018 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və hər ay hər uşağın saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında məbləğində aliment pulu tutularaq onun iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Daha sonra isə Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-975/2019-cu il tarixli qətnaməsi ilə, azyaşlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 320 manat tutulması qət edilmişdir. İddiaçı hazırda aliment məbləğinin artırılaraq cavabdehdən hər ay hər uşağa 235 manat olmaqla və əlavə birgə nigahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü övladları X3 əlil olmaqla “uşaq serebral iflici, tetraplegik forma” diaqnozu xəsdəliyindən əziyyət çəkir onun müalicə xərci üçün hər ay 100 manat olmaqla, cəmi 1040 (bir min qırx) manat sabit pul məbləğində alimentin tutulmasını istəyir. Cavabdeh isə maddi imkanının aşağı olduğu üçün aliment azaldılmasını xahiş edir.
49. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
50. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
51. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
52. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 2018-ci ildə uşaqlar üçün yaşayış minimumu 154 manat təşkil edir.
53. Yuxarıda qeyd olunan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda hər ay uşaq üçün cavabdehdən tutulan 80 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər.
54. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır.
55. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay uşağa 120 manat məbləğdə müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının dəyişdirilərək hər ay uşağa 120 manat müəyyən edilməsini əsaslı və qanuni sayır.
56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
57. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.
58. Bununla yanaşı, qeyd edilməlidir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin, məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar uşaqlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.
59. Həmçinin qeyd edilməlidir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır.
60. Məhkəmə kollegiyasının qeyd edir ki, iddiaçı tərəf iddia ərizəsində göstərilən əlavə xərc olaraq qeyd etdiyi tələbin göstərilən həcmdə (hər ay 100 manat) olmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
62. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
63. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
64. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbinin müalicə xərcinin tutulması sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
65. Cavabdehin maddi vəziyyətinin aşağı olması barədə dəlillərini kollegiya əsassız sayır. Çünki, cavabdehin uşaqları saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ata kimi mənəvi borcudur.
66. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
68. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanmalıdır.
69. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 1440 manat təşkil edir.
70. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1717/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.