Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2242/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi; sübut yetərsizliyi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(021)-1639/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 03 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AC 587901 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Transit” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır;
2. 13 mart 2024-cü il tarixli, ƏN-İX 253735 nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” Etibarnamədən görünür ki, etibar edən X4 mülkiyyətində olan “Ford Transit” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili-sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata almaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün İddiaçı etibarnamə vermişdir. Etibarnamə 1 il müddətinə verilmişdir və xx.xx.2025-ci il saat 2359 -dək qüvvədədir;
3. Bərdə Rayon Polis X2 müstəntiqi X1 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 14 dekabr 2023-cü il tarixli qərarından görünür ki, material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, ustalıq (avtomobil elektriki) fəaliyyəti ilə məşğul olur. İddiaçı onu barəsində etdiyi şikayətlə tanış olmuşdur. 2023-cü ilin sentyabr ayında İddiaçı özünə məxsus Ford Transit markalı avtomobili təmir olunması üçün Bərdə rayon Avtovağzalında elektrik işləyən Kənan adlı ustanın yanına gətirmiş, həmin usta avtomobilin startyorunu sökərək təmir etmiş, lakin sonradan həmin avtomobil işlək vəziyyətə düşmüşdür. İddiaçı avtomobili 10 gün Kənan ustanın sexində qalmışdır. Kənan usta avtomobilin nasos beynini sökərək təmir edilməsi üçün ayrı-ayrı ustalara göndərmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Daha sonra İddiaçı avtomobilin nasosunun təmir olunması üçün avtomobili onun işlədiyi sexə gətirmişdir. Avtomobilin nasosunun dəyəri 700 manat olmuşdur. İddiaçı pulu olmadığını bildirərək, avtomobilin üzərində olan nasosu sataraq əlavə təzə nasos almaqda ona köməklik göstərməsini xahiş etmişdir. O, Nazimin avtomobilində olan nasosun beyninin datçikini 400 manata satmış və Nazimə 350 manat pul vermiş və 50 manat vəsaiti özünə götürmüşdür. İddiaçı sonradan ona 700 manat pul vermiş və həmin pula təzə nasos alaraq avtomobilə bağlamış və avtomobil işlək vəziyyətə düşmüşdür. Lakin, avtomobilin mühərrikində nasazlıq olduğu üçün İddiaçı avtomobili mühərrik ustasına göstərməsini bildirmişdir. İddiaçı avtomobili ayrı-ayrı ustaların yanına aparmış və həmin ustalar nasazlığın mühərrikdə olduğunu bildirmişlər. O, İddiaçı avtomobilindən ehtiyat hissələrini sökməmiş və əvəzində köhnə ehtiyyat hissələri bağlamamışdır.
4. 03 dekabr 2023-cü il tarixli ilkin qiymətləndirmə aktında qeyd edilmişdir ki, İddiaçı məxsus olan “Ford Transit” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilmiş hissələrinin qiyməti cəmi olaraq 3240 manat məbləğində müəyyən olunmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ford Transit markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurduğu maddi zərərin, yəni 7340 manat məbləğində pulun, 30 manat və hüquqi yardım üçün ödənilmiş 90 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sürücülük fəaliyyəti ilə məşğul olur. Ona məxsus Ford Transit markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşıma xidməti fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin sentyabr ayında ona məxsus avtomobildə nasazlıq olduğu üçün Bərdə rayon Avtovağzalında yerləşən avtomobil təmir sexinə getmişdir. Avtovağzalda yerləşən təmir sexində Kənan adlı elektrik işləyən ustaya yaxınlaşaraq maşınının nasaz olduğunu bildirmiş, həmin nasazlıq Kənan adlı usta tərəfindən götürülmüşdür. Ona məxsus avtomobil işləsə də, müəyyən müddətdən sonra avtomobil dayanmışdır. Bundan sonra Kənan adlı ustanın sexi ilə qonşuluqda yerləşən sexdə işləyən Tacir adlı usta ilə tanış olmuş, maşınının nasazlığını aradan qaldırmaq üçün həmin ustaya müraciət etmişdir. Tacirin işi çox olduğu üçün səhəri gün avtomobili təmir edəcəyini bildirmiş, avtomobilini usta Tacirin sexində qoyub getmiş, həmin günün səhərisi Tacirin işlədiyi sexə getmişdir. Sexə getdiyi vaxtda ona məxsus avtomobilin ehtiyat hissələrini sökülmüş vəziyyətdə görmüş, avtomobil sökülsə də təmir olunmamışdır. Ustaya sual vermişdir ki, nə üçün ona məxsus avtomobilin ehtiyat hissələrini sökmüşdür. O isə bildirmişdir ki, təmir işləri çətin olduğu üçün Bakı şəhərində işləyən usta çağırmışdır. Usta Tacirlə razılaşmış, Bakıdan Elvin adlı ustanın gəlməsinə razı olmuş, usta Tacir ona bildirmişdir ki, Elvin adlı usta ilə 300 manata razılaşmışlar. Onunla razılaşıb 300 manat pulu Tacirə vermişdir. Elvin adlı usta avtomobili təmir etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin avtomobil Tacir adlı şəxsin sexində olarkən ona məlumat vermədən avtomobilin ehtiyat hissələrini (zamok açarını, mufta qazını, nasos hissəsini, motor kitabını yandırdığı üçün motor nasaz olmuş, elektrik naqillərini, tormuzun ABS-ni beynini) sökmüş və əvəzinə digər nasaz ehtiyat hissələrini onların yerinə bağlamışdır. Bu hərəkəti ilə Tacir adlı usta ona 4500-5000 manat məbləğində ziyan vurmuşdur. Bu hadisə ilə bağlı polisə müraciət etmiş, Cavabdeh öz günahını polisdə etiraf etmişdir. 700 manat dəyərində ona məxsus avtomobilin işlək vəziyyətdə olan nasosunu çıxarıb işləməyən nasos qoymuşdur. Bundan əlavə avtomobilə, ehtiyat hissələri almaq üçün 350 manat pul vermişdir. 250 manat pul kartına ödəmə etmiş, 100 manat isə əl ilə vermişdir. Onun avtomobili usta Tacirin səhlənkarlığından 4 aydan artıq müddətdə təmir sexində qalmışdır. X7 markalı avtomobillə sərnişin daşıma ilə hər ay 600 manatdan çox pul qazanmışdır. Bu isə o deməkdir ki, avtomobilinin cavabdehin təqsiri ucbatından təmir sexində 4 ay müddətində qalması səbəbindən işləmədiyinə görə ona 2400 manat maddi ziyan dəymişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, iddiaçını və cavabdehi tanıyır. İddiaçı daimi müştərisi, Cavabdeh isə iş yoldaşıdır. Onun işlədiyi maşın təmir sexi ilə cavabdehin işlədiyi maşın təmiri sexi qonşudur. Özü avtomobilin elektrik işlərinin təmiri ustası işləyir. İddiaçı özünə məxsus Ford Transit markalı avtomobildə nasazlıq olduğundan yanına gətirmiş, nasazlığın avtomobilin “starter” deyilən hissəsindən olduğunu müəyyən etmiş, həmin hissəni sökərək təmir edib yerinə bağlamış, buna baxmayaraq avtomobil işə düşməmişdir. Sonradan müəyyən edilmişdir ki, avtomobilin yanacaq nasosunun beynində nasazlıq var. İddiaçı Gəncə şəhərində tanış ustası olduğunu bildirərək avtomobilin hissələrini götürüb aparmış, düzəltdirib gətirdikdən sonra hissələri öz yerinə bağlamış, lakin maşın yenə də işə düşməmişdir. İddiaçı ondan soruşmuşdur ki, “incimərsən ki, mən maşını verim usta Tacirə, o mənim maşınımı düzəltsin”. O da etiraz etmədiyini bildirmişdir. İddiaçının avtomobili onun təmir sexində təqribən 3 gün qalmışdır. Belə ki, bir günə hissələri sökmüş, iddiaçı sabahı gün aparıb öz deməsinə görə Gəncə şəhərində hissələri düzəltdirmiş, o biri günü isə avtomobilin hissəsini yerinə bağlamışdır. İddiaçının avtomobilinin Cavabdeh təmir sexində düzəlibdüzəlməməsindən xəbəri olmamış, o cümlədən, iddiaçının avtomobilinin Tacirin sexində neçə gün qalmasından xəbəri olmamışdır. Lakin iddiaçının avtomobili bir xeyli müddət Tacirin sexində qalmışdır.
8. Bərdə Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(021)-1639/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov) İddiaçı Cavabdeh qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi; Cavabdeh “Ford Transit” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 3240 (üç min iki yüz qırx) manat məbləğində pul və 52,4 (əlli iki manat 40 qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 3292 (üç min iki yüz doxsan iki manat 40 qəpik) manat pul alınaraq İddiaçı verilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2 və 1097-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iddia tələbini tam təmin etməmiş, cavabdehdən ona dəymiş ziyanın əvəzində 7340 manat alınıb verilməsi əvəzinə, sadəcə 3292 manat alınıb verilməsinə dair qətnamə qəbul etmişdir. Halbuki, avtomobilin işləməməsi səbəbindən ona 2400 manat zərər dəymişdir. Ford Transit markalı avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Avtomobil 4 aydır işləmir və sexdə təmir olunmaq üçün saxlanıldığına deyə sərnişin daşıma fəaliyyəti ilə məşğul ola bilməmiş və qazancından məhrum olmuşdur.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, özünə məxsus təmir sexində usta kimi avtomobil təmiri ilə məşğul olur. İddiaçı avtomobilini işlədiyi ərazidə ona qonşu olan sexə gətirmişdir. Avtomobil həmin sexdə 10 gün qalmış, lakin avtomobili işə sala bilməmişlər. O, iddiaçının avtomobilini işə salıb özünə təhvil vermiş, dəfələrlə avtomobili sürüb yoxlamışdır. İddiaçı sonradan bildirmişdir ki, maşının idarəetmə qutusu, yəni beyni (ABS sistemi), yanacaq nasosu dəyişdirilib, xarabı qoyulub. Bunlar hamısı yalandır. Sonradan məlum olmuşdur ki, avtomobilin mühərrikində problem var. Mühərrikdə problem olduğundan avtomobili başqa ustanın yanına göndərmişlər. Həmin usta avtomobilə baxmış və mühərrikdə nasazlıq olduğunu bildirmişdir. İddiaçı avtomobilin düzəldilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Sonradan isə iddiaçı onlara avtomobilin detallarının oğurlandığını bildirmişdir. Avtomobil qonşu sexdə olarkən yoxlanılmış və məlum olmuşdur ki, avtomobilin yanacaq nasosunda problem var. İddiaçıya nasosun dəyişməli olduğunu bildirmiş, sonuncu isə pulunun olmadığını, pulu olanda gələcəyini demişdir. İddiaçı pulu olanda gəlmiş, avtomobili işə salıb özünə təslim etmişdir. Bundan başqa, iş üzrə dindirilmiş şahid ifadəsində də iddiaçının ona qarşı tələbinin təsdiqinə dair heç bir fakt yoxdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14 Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə aralarında whatsapp sosial şəbəkə yazışmaları var, həmin yazışmalardan da məlum olur ki, cavabdehə nasosun satılması ilə bağlı heç nə deməmişdir. Əslində, avtomobili işlək vəziyyətdə ustaya aparmış və cavabdeh 45 gün avtomobili öz yanında saxlamışdır. Sonra cavabdeh ona zəng edərək bildirmişdir ki, Bakı şəhərindən usta gəlir, 200 manat versin avtomobili düzəltsinlər. O da cavabdehin təklifi ilə razılaşmışdır. Lakin, cavabdeh ustaya zəng edib bildirib ki, “sən gəlmə, mənə öyrət, mən maşını düzəldim, sənin də kartına 50 manat pul göndərəcəm”. Usta da yoldan geri qayıtmışdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdeh ona məxsus avtomobilin bütün detallarını oğurlayıb satıb, ya nə edib bilmir. Bu işdən anlayışı yoxdur, cavabdeh ona nə deyibsə alıb verib. Cavabdeh sonra da avtomobilin elektrik sistemində problem olduğunu bildirərək, onun yanında elektrik xətlərini doğrayıb tökmüş, suyunu, yağını dəyişməmiş avtomobili işə salmışdır ona görə də mühərrik yanmışdır. Əslində, cavabdeh işlək vəziyyətdə olan ehtiyat hissələrini ona yenidən aldırıb. Bəzi detallar isə ümumiyyətlə alınmayıb, avtomobilin üstündə olan isə yerində yoxdur. Bakıdan gələn ustanın dediyinə görə detallar səhv yerləşdirildiyindən bütün detallar sıradan çıxıb. İddiaçı sonda məhkəmə kollegiyasından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tm təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının avtomobili işə düşməmişdir, nasosu xarab olmuşdur. İddiaçının pulu olmadığına görə avtomobil bir müddət orada qalmış, sonra nasosu dəyişərək avtomobili işə salmışlar. İddiaçı özü də idarə edərək avtomobili aparmışdır. Sonradan iddiaçı gəlib bildirmişdir ki, avtomobilin mühərrikində səs var. Onlar da iddiaçını mühərrik ustasına göndərmişlər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, Bakı şəhərindən gələn usta elektrik üçün gəlmişdir, avtomobilin beyni pozulduğuna görə lazım idi. İddiaçıya məxsus avtomobilin yalnız nasosunu dəyişmişdir. Digər ehtiyat hissələrinə baxmamışdır, çünki ona aid problemlər olmamışdır. Avtomobilin nasosunu iddiaçının özünün razılığı ilə dəyişmişlər. Avtomobilin üzərindən çıxan nasaz nasosu onlar satmışlar. İddiaçı da satışdan əldə olunan pulun üstünə əlavə pul qoyub yeni nasos almışdır. Həmin nasosu da avtomobilə quraşdırmışlar. Cavabdeh sonda məhkəmə kollegiyasından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
27. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Birinci instansiya məhkəməsinin qətnaməsi iki apellyasiya şikayəti üzrə bütövlükdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «İddiaçı Cavabdeh qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi; Cavabdeh “Ford Transit” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 3240 (üç min iki yüz qırx) manat məbləğində pul və 52,4 (əlli iki manat 40 qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 3292 (üç min iki yüz doxsan iki manat 40 qəpik) manat pul alınaraq İddiaçı verilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı özünə məxsus “Ford Transit” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təmir etdirmək üçün avtomobil ustası kimi fəaliyyət göstərən Cavabdeh təhvil vermiş, sonuncu isə müəyyən təmir işləri görərək nəqliyyat vasitəsini iddiaçıya geri qaytarmışdır. İddiaçı cavabdehin ona məxsus avtomobildə istismara yararlı olan ehtiyat hissələrini yararsız hissələrlə dəyişdirdiyini və beləliklə ona maddi ziyan vurduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir.
33. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsaslanaraq və Mülki Məcəllənin 1096ci, 1097-ci və 21-ci maddələrinə istinad etməklə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
35. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
36. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı istifadəsində və sahibliyində olan **- BM-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobilində ortaya çıxan fəsadların cavabdeh tərəfindən aparılan təmir işlərinin nəticəsi olaraq əmələ gəlməsi barəsində düzgün nəticəyə gəlməmişdir.
37. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
38. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
39. İddiaçının istifadəsində və sahibliyində olan **-BM-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobilinə gəldikdə isə, həmin avtomobilin startyorunda olan nasazlıq səbəbi ilə cavabdeh tərəfindən təmirə qəbul edildiyi, yəni tərəflər arasında podrat münasibətlərinin yarandığı, iddiaçı ona məxsus avtomobili işlək vəziyyətdə geri aldığı mübahisəsizdir. İddiaçı həmin avtomobili geri aldıqdan sonra avtomobildə digər qüsurların yarandığını, həmçinin onun istismara yararlı ehtiyyat hissələrinin yararsız ehtiyyat hissələri ilə dəyişdirildiyini iddia etsə də, cavabdehin sifarişdən kənara çıxdığını və ya həmin qüsurların məhz cavabdehin göstərdiyi xidmət nəticəsində yarandığını biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. 40.Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə görə isə, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
41. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və o, yuxarıda göstərilən avtomobilə ziyan dəyməsində cavabdehin təqsirli olduğunu kifayətedici aydınlıqla sübut edə bilməmişdir.
42. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, “4 ay hər ay üzrə 600 manat, cəmi (4 ay * 600 manat) 2400 manat əldən çıxmış maddi zərərin ödənilməsi” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və bununla bağlı geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü, “avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi” tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələbin dispozitiv şərtlərini də istisna edir.
43. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi üçün hər hansı qanuni əsas olmamışdır. Birinci instansiya məhkəməsi isə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gələrək iddia tələbini qismən təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətrnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(021)-1639/2024 nömrəli qətnaməsi «İddiaçı Cavabdeh qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi; Cavabdeh “Ford Transit” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 3240 (üç min iki yüz qırx) manat məbləğində pul və 52,4 (əlli iki manat 40 qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 3292 (üç min iki yüz doxsan iki manat 40 qəpik) manat pul alınaraq İddiaçı verilməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.