Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2244/2025 22.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment növünün dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(125)-5237/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-İV 594236 nömrəli və AZ-İV 594237 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin xx.xx.2010-cu ildə Murad və xx.xx.2012-ci ildə Vilayət adlı uşaqları anadan olmuşdur.
2. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)- 7710/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh əmək haqqının 1/3 miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. AZ-İİİ 466049 nömrəli, AZ-İİİ 800496 nömrəli, AZ-İV 065755 nömrəli və AZ-İV 359011 nömrəli doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2015-ci ildə doğulmuş X10, xx.xx.2016-cı ildə doğulmuş X6, xx.xx.2018-ci ildə doğulmuş X12 və xx.xx.2020-ci ildə doğulmuş X7 ata qrafalarında Cavabdeh, ana qrafalarında isə X3 qeyd olunmuşdur.
4. xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-000254 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci ildə, saat 14:30da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində xərci tam ödəmişdir.
5. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" QSC-də operator, su emalı avadanlığı vəzifəsində işləyir və aylıq 1302 manat əmək haqqı alır. Bundan başqa, o, vətən müharibəsi iştirakçısı kimi 80 manat pensiya alır.
6. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, İddiaçı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində xadimə kimi çalışmaqla 416 manat əmək haqqı alır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barəsində müəyyən edilmiş əmək haqqının 1/3 həddində alimentin təyinatının və növünün dəyişdirilərək, cavabdehlə birgə nikahlarından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X5 və 20 avqust 2010-cu il təvəllüdlü X2 üçün onun xeyrinə cavabdehin gəlir və qazancından minimum əmək haqqının hər uşaq üçün 65 misli həddində aliment tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə cavabdehlə rəsmi nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və 20 avqust 2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqının 1/3 hissəsi məbləğində aliment kəsilmişdir. Cavabdeh işdən çıxdığı üçün rəsmi qaydada əmək haqqı almamış, buna görə də alimentin növünün dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Özü xadimə işləyir, 384 manat əmək haqqı alır. Hər uşaq üçün 246 manat məbləğində aliment tələb etdiyini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(125)-5237/2025 saylı qətnaməsi (hakim Cavid Tağıyev) iddianın qismən təmin edilməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-7710/2017 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında təyin olunmuş alimentin növü dəyişdirilməsi, qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması və Cavabdeh dövlət rüsumu hesabına 68 manat alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin himayəsində ikinci nikahından 4 azyaşlı uşağı var. Cavabdehin əmək haqqının 1/3 hissəsi miqdarında təyin olunmuş alimentin növü dəyişdirilərək, sabit pul məbləğində müəyyən edilməklə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,5 misli həddində müəyyən edilməli və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq, Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 78-ci maddələrinə istinadla əsaslandırmış və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun və “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarına istinad etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
12. Gəncə Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(125)-5237/2025 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnаmənin tamamilə ləğv еdilməsini və iddianın qismən təmin edilməsi, yəni ikinci nikahdan 4 azyaşlı övladımın olması nəzərə alınaraq, əvvəlki nikahdan olan iki övladının hər biri üçün hər ay minimum əmək haqqının 0.20 həddində alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə əlavə etdiyi sənədlərdən 2-ci rəsmi nikahına dair nikahın sənədindən və 2-ci rəsmi nikahından 4 azyaşlı övladının doğulmasına dair doğum haqqında şəhadətnamələri əlavə etmiş və bu faktlar 2-ci rəsmi nikahdan doğulan 4 dənə azyaşlı övladının olmasıda təsdiq edir ki, onun əvvəlki gəlirləri artıq 2 uşaq arasında deyil, 6 uşaq arasında bölünməlidir və 6 uşağa görə də onun xərcləri nəzərə alınmalıdır. Digər bir məsələ ondan ibarətdir ki, o, 2-ci rəsmi olan həyat yoldaşından da boşanmalı olmuşdur. Çünki 400 manat aliment kəsildikdən sonra ailəsinə və uşağına baxa bilmədiyinə görə 2-ci arvadı da ondan ayrılmalı olmuşdur. Gəncə Şəhər Məhkəməsi çox təssüflər olsun ki, həmin qətnaməyə və ümumiyyətlə 2-ci rəsmi nikahından doğulan 4 dənə övladının olmasına və bu barədə təqdim etdiyi sənədlərə heç bir hüquqi qiymət verməmişdir. Gəncə Şəhər Məhkəməsi 2(125)-5237/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsində onun təqdim etdiyi sübutların bir dənəsini də olsun sadalamamış və həmin sənədlərə hüquqi qiymət verməmişdir. Məhkəmə hüquqi və qanuni əsası olmayan qətnamə qət etməklə kobud maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş olmuşdur. İlk öncə o, izahatında ailə vəziyyətinin və maddi durumunun dəyişməsi ilə bağlı izahatında arqumentlər göstərmiş və kifayət qədər sübut və sənədlər təqdim etmişdir ki, həqiqətən də onun ailə vəziyyətində və maddi vəziyyətində dəyişiklik baş vermişdir. İddianın əsassızlığını və gəlirlərinin uşaqları arasında bərabər hissədə bölünməsini göstərsəm də, məhkəmə həmin xüsusata qiymət verməmişdir. Digər tərəfdən onların təqdim etdiyi sübutları, sənədləri nəzərə almadan, işi araşdırmadan məhkəmə qətnamə qəbul etmiş olmuşdur və bu da digər kobud prosessual pozuntudur və prosessual pozuntulara görə apellyasiya instansiyası məhkəməsi yəqin ki, qanuni araşdırma aparacaq və ədalətli qərar qəbul edəcəkdir.
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, işdən çıxarılandan sonra aliment ödəməkdə çətinlik çəkmişdir. Hazırda yeni işə daxil olmuşdur. Aylıq 1200 manat əməkhaqqı alır. Aldığı məvacibin 6 uşağı arasında bərabər bölünməsini istəyir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh işdən çıxandan sonra alimenti ödəməmişdir. Bir il aliment borcu yığılmışdır. Özü Gəncə şəhəri 13 nömrəli tam orta məktəbdə xahimə işləyir. Böyük oğlunun 15 yaşı vardır. Məktəbdən əlavə hazırlıq kurslarına gedir. Anası ilə yaşadıqlarından anası onlara maddi köməklik göstərir. Cavabdeh isə aliment ödəməkdən başqa uşaqlarına heç bir maddi yardım göstərməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi:
17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı:
21. 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
22. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.
23. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
24. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
25. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
26. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.
27. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
35. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən alimentin məbləği hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsi aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(125)-5237/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-7710/2017 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh işdən çıxdığı üçün rəsmi qaydada əmək haqqı almamış, buna görə də alimentin növünün dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
42. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Əgər uşaq ananın himayəsində olarsa, onun qayğısının çəkilməsi ananın üzərinə düşdüyündən, atanın da, aliment öhdəliyi yaranır.
43. Kollegiya qeyd edir ki, iş materialları və tərəflərin izahatlarından müəyyən olunur ki, cavabdeh əvvəlki işindən azad olunandan sonra alimentin onun əmək haqqının 1/3 hissəsindən tutulması mümkün olmamışdır. Aliment borcu yığıldığı üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, məhkəmə müraciət etdiyi tarixdə cavabdehin daimi iş yeri olmamışdır. Cavabdeh hazırda "xxxx" QSC-də operator, su emalı avadanlığı vəzifəsində işləyir və aylıq 1302 manat əmək haqqı alır. Bundan başqa, o, vətən müharibəsi iştirakçısı kimi 80 manat pensiya alır. İddiaçı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində xadimə kimi çalışmaqla 416 manat əmək haqqı alır. Kollegiya qeyd edir ki, təyin olunan alimentin məbləği müəyyən olunarkən, aliment ödəyənin maliyyə imkanları nəzərə alınmalıdır ki, həmin alimentin vaxtlı-vaxtında və tam formada ödənilməsi təmin olunsun. Bu hal uşaqların və aliment alanın da mənafeyi üçün məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsi Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-7710/2017 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında təyin olunmuş alimentin növü dəyişdirilməsi, qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması ilə bağlı düzgün və haqlı nəticəyə gəlmişdir. Cavabdehin maliyyə imkanları baxımından məqsədəmüvafiqdir, uşaqların qanuni mənafelərini pozmur, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır.
44. Kollegiya apellyasiya şikayətində cavabdehin 2-ci rəsmi nikahından doğulan 4 övladının daha olması və məhkəmə iclasında izahatında əmək haqqısının 6 uşağı arasında bərabər bölünməsinə dair dəlillərinə münasibətdə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Həmin qərarın 8.2-ci bəndində qeyd olunur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.7-ci bəndində qeyd olunur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi alimentin növünün dəyişdirilməsi və sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması ilə bağlı ədalətli nəticəyə gəlmiş, bu hal iş üzrə tərəflərin maddi durumu və gəlirləri nəzərə alınmaqla bütün uşaqların qanuni mənafeyinə uyğundur.
45. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən bir uşaq üçün ölkə üzrə minimum aylıq əmək haqqının 0,50 misli aliment müəyyən edilmiş, cavabdeh apellyasiya şikayətində hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli aliment təyin edilməsini xahiş etmişdir. Mübahisələndirilən hissə bir uşağa görə 120 manat (0,30 misli) olmaqla, iki uşağa görə il ərzində 2880 manatdır ((120x2)x12=2880). Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 385, 384.0.1 və 402-ci maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(125)-5237/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(125)-5237/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.