Məhkəmə qərarları › İş №2(104)-2246/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2246/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2246/2023 29.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-1134/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14 000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanıyırdı. Cavabdeh ona özünə məxsus evi satmaq istədiyini bildirmiş və cavabdehlə razılaşdıqdan sonra o 14.000 manata sözügedən evi almışdır. Cavabdehi tanıdığından sənədləşdirmə işlərini sonradan edəcəyi barədə razılığa gəlmişlər. O sözügedən pulu şəhid anası, qardaşı və babası üçün dövlət tərəfindən verilən aylıq müavinətlər vasitəsilə toplamışdır. Sonradan Cavabdeh aldığı evin sənədlərini düzəlmədiyini görüb onun evinin açarını özünə qaytarmışdır. Bundan sonra Cavabdeh mobil telefonlarına dəfələrlə zəng vuraraq və görüşərək ona verdiyi 14.000 manat pulunu geri tələb etsə də heç bir nəticəsi olmamışdır. Hər dəfə müxtəlif bəhanələrlə onun pulunu verməkdən yayınır. Bu səbəbdən də məhkəməyə müraciət edir. Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-1134/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilərək, Cavabdeh vurulan maddi ziyan qismində 14000 (on dörd min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi və Cavabdeh 133 (bir yüz otuz üç) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-1134/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-1134/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə tərəfindən iş üçün əhəmiyyətli halları araşdırmadan, iş üçün əhəmiyyət kəsb edən zəruri hallara diqqət yetirməyərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Sözügedən mənzil dövlət tərəfindən onlara məcburi köçkün ailəsi olduqları üçün verilmişdir. Əlbəttə ki, həmin mənzil onlara deyil, dövlətə məxsus olduğundan onu sata bilməzlər. İddiaçının mənzili ondan alması barədə heç bir sübutu olmamasına baxmayaraq işə baxan hakim yalnız, onun gətirdiyi saxta şahidlərin ifadəsini əsas götürərək iddianı təmin etmişdir. Şahidlərdən Şahid1 iddiaçı Dostməmmədova Aynurənin atasıdır, digər şahidləri isə tanımır. Əlbəttə ki, atası qızının xeyrinə izahat verəcək, digər şahidləri isə tanımadığı halda, guya iddiaçının ona 14.000 manat verməsinin şahidi olmuşlar ki, bu da tam yalandır. İddiaçı ona hər-hansı bir məbləğdə pul verməmişdir. Sadalanlara əsasən hesab edir ki, qətnamə əsassızdır və bu səbəbdən də ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahat verib bildirmişdir ki, mübahisəli mənzil dövlət tərəfindən onlara məcburi köçkün ailəsi olduqları üçün istifadə üçün onlara verilmişdir. O isə həmin mənzili başqa şəxsə satmış və 2000 manat beh almışdır. Dayısı qızı olan İddiaçı əri Nümayəndə sonradan evi ona satmağı təkid etmiş, o da beh aldığı şəxsə evi satmamışdır. Onunla evin alqı-satqısına dair razılaşma İddiaçı ilə deyil, onun hazıkrı iş üzrə nümayəndəsi olan əri Nümayəndə ilə olmuş, pulu da ondan almışdır. İddiaçıdan hər hansı bir məbləğdə pul almamışdır. Buna görə də apellyasiya şikayətində iddiaçı ilə ev alqısatqısı etmədiyini və ondan pul almadığını qeyd etmişdir. Hazırda isə borcları vardır, dayısı ilə razılaşmış və borcunu hissə-hissə olmaqla qaytaracaqdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, ev hazırda boşdur, orada heç kim yaşamır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahat verib bildirmişdir ki, pulun verilməsində o da iştirak etsə də evin alıcısı arvadı İddiaçı olmuşdur. Pulun da əsas hissəsi iddiaçının şəhid olan yaxın qohumlarına verilən pullar hesabına iddiaçı tərəfindən toplanmışdır. Cavabdehin evin alıcısının onun olması ilə bağlı göstərdikləri yalandır. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Repsublikası Mülki Məcəlləsi: 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qaydada daşınmaz əmlaka dair əhəmiyyətsiz müqavilə bağlanmış və iddiaçı tərəfindən cavabdehə 14000 manat pul verilmişdir. Bağlanmış müqavilənin əhəmiyyətsizliyi həmin müqavilənin notarial qaydasında bağlanmaması, o cümlədən səlahiyyətsiz şəxs tərəfindən bağlanması ilə müəyyən olunmaqdadır. Belə ki, qanunvericilik daşınmaz əmlaka dair əqdlərin yazılı şəkildə tərtib olunmasını və notariat qaydada təsdiqlənməsini tələb etməkdədir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bundan başqa cavabdehin məhkəmə kollegiyasının iclasında verdiyi izahatla müəyyən olunmuşdur ki, mübahisəli mənzil məcburi köçkün olması ilə əlaqədar dövlət tərəfindən istifadə üçün verilmiş mənzil olmaqla, cavabdeh mənzilin mülkiyyətçisi olmamışdır ki, bununla da onun həmin əmlak üzərində sərəncam vermək hüququ olmamışdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən isə etibarsız əqd üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən iddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. Birinci instansiya məhkəməsi isə yuxarıda sadalanan maddi hüquq normalarını tətbiq etməli olduğu halda, mübahisəyə səhvən delikt və zərərvurmadan irəli gələn maddi hüquq normalarını tətbiq etmişdir ki, bununla da qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılımışdır. Məhkəmə kollegiyası cavabdehin əhəmiyyətsiz alqı-satqı müqaviləsini iddiaçı ilə deyil, onun əri ilə bağlanması ilə bağlı dəlillərini əsassız hesab etmişdir. Belə ki, cavabdeh müqaviləni iddiaçı ilə deyil, onun əri ilə bağlanmasını iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-1134/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-1134/2023 saylı qətnaməsi maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-1134/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-1134/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh 14000 (on dörd min) manat alınaraq, İddiaçı verilsin. Cavabdeh 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar