Məhkəmə qərarları › İş №2(104)-2247/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2247/2023

29.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2247/2023 29.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(023)-460/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-218/2017 saylı, 16 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, Cavabdeh 20 aprel 2007-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2004-cü il tarixdə el adəti ilə evlənərək, xx.xx.2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 20 aprel 2007-ci il tarixdə X2 adlı uşaqları doğulmuşdur. Hazırda həmin uşaq onun himayəsindədir. Aralarında olan narazılıqlara görə ayrılmışlar və Qazax Rayon Məhkəməsinin 2(023)-218/2017 saylı, 16 may 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşağın saxlanması üçün 70 manat alimentin tutulması müəyyən olunmuşdur. Müəyyən olunmuş alimentlə uşağın saxlanmasında çətinlik çəkir. Belə ki, uşağı böyüdükcə onun tələbatları da artır. Bununla bağlı o Mediasiya xidmətinə müraciət etmiş, lakin cavabdeh könüllü olaraq alimentin artırılmasına razı olmamışdır. Cavabdehin maddi imkanı yaxşıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(023)-460/2023 saylı qətnaməsi ilə (hakim F.Məmmədov) iddia qismən təmin edilərək, Qazax Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(023)-218/2017 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 20 aprel 2007-ci il tarixdə anadan olmuş X2 adlı uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və Cavabdeh 40,40 (qırx manat 40 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X1 anası İddiaçı, atası isə Cavabdehdur. Qazax Rayon Məhkəməsinin 2(023)-218/2017 saylı, 16 may 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qazax rayon Qeydiyyat Şöbəsində 05 iyun 2014-cü ildə bağlanmış və 152 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 20 aprel 2007-ci ildə anadan olmuş X1 İddiaçı himayəsində qalması, 20 aprel 2007-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 06 yanvar 2017-ci ildən başlayaraq ayda 70 manat miqdarında aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qazax Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(023)-460/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(023)-460/2023 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, ona məhkəmə iclaslarının yeri və vaxtı barədə heç bir lazimi məlumat verilməmiş və məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. O, ikinci qrup əlildir, lakin məhkəmə işi araşdırarkən bunu nəzərə almamış, ondan 170 manat pul məbləğində aliment tutmuşdur. Həmin qətnamə qəbul olunarkən onun hüquqları kobud surətdə pozulmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işin bu faktiki hallarını nəzərə almamış, nəticədə qanunsuz və əsassız qətnamənin çıxarılmasına nail olmuşdur. Məhkəmə qətnaməni əsaslandırarkən belə nəticəyə gəlmişdir ki, alimentin müəyyən edilməsi haqqında qətnamə qəbul edildiyi vaxtdan bu günə kimi uşaqlar üçün yaşayış minimumu dəyişmiş, yəni 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu 220 manat olmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə istinad edərək göstərmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin istinad olunan maddəsindən görünür ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Lakin məhkəmə qərar qəbul edərkən demək olar ki, tək atadan, yəni ondan aliment tutulmasını qət etmişdir. Belə ki, qanundakı valideynlər ifadəsi və uşaqlar üçün yaşayış minimumunun 220 manat olması nəzərə alındıqda, həmin məbləğ yarı bölünməlidir. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, cavabdeh tək yaşamaqla, 330 manat pensiya almaqdadır. Bildiyinə görə başqa yerdən gəliri yoxdur. Özünün isə gəliri yalnız aldığı 220 manat pensiyadan ibarətdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh 1945-ci il təvəllüdlü olamaqla, ahıllıq dövrü ilə əlaqədar onun işləmək imkanları da məhduddur. İddiaçı da məhkəmə kollegiyasının iclasında cavabdehin pensiyaçı olmasını və aylıq gəlirinin təxminən 330 manat məbləğində olmasını və başqa gəlirinin olmamaqla, tək yaşadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin ahıl yaşda olmasını, işləmək imkanlarının məhdudluğunu, tərəflərin hər ikisinin valideyn kimi uşaqlarını saxlamaq vəzifəsini və gəlirlərini, 2023-cü il üçün yaşayış minumumu məbləğinin ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində, pensiyaçılar üçün 199 manat məbləğində müəyyən olunmasını nəzərə alaraq, hesab edir ki, Qazax Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(023)- 460/2023 saylıqətnaməsi dəyişdirilməli və cavabdehdən 170 manat məbləğində alimentin tutulması qət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Qazax Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(023)-460/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(023)-460/2023 saylı qətnaməsi dəyişdirilsin. Qazax Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(023)-218/2017 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 20 aprel 2007-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar