Məhkəmə qərarları › İş №2(104)-2249/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2249/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2249/2023 28.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-632/2023 saylı mülki iş üzrə 24 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan dəftər vərəqində yazılmış və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanması göstərilmiş (Müqavilədən) qəbzdən görünür ki, “Mən Cavabdeh1 Təırtər rayonun Alışarlkı sovetliyində daimi qeydiyyatdayam, orada yaşayıram. Bizim yaxın qohumumuz olan İddiaçı əmiyə pul üçün müraciət etdik, həmin pulu ev almaq üçün istifadə etməlidik. Hüseyn mənə qaydaları izah etdi.Mən onunla tam razılaşdım öz məsuliyyətimi bildim mənə borca 13 min 800 manat borc verdi, həmin pulu biz 3-4 ay müddətinə qaytaracağımıza söz verdik. Odur ki, həmin pulu 3-4 aydan gec qaytarsaq hər ay qaytarana kimi 850 manat ödəyəcəyimizə söz verdik və hər hansı narazılıq ola bilməz, olsa da etirazımızın qanun qarşısında heç bir əsası yoxdur.Yazdığım müqaviləni aşağıda imzamla təsdiq edirik. İmza: imza var: Cavabdeh1, imza: imza var: Cavabdeh2, imza: İmza var: Cavabdeh3. ***-***-**-** Təhminə, 050307- 53-33 Pərvin, ***-***-**-** Cuma. xx.xx.2021-ci il” kimi yazılmışdır.

2. İş materiallarına əlavə edilmiş dəftər vərəqində yazılmış və Cavabdeh3 tərəfindən imzalanması göstərilmiş qəbzdən görünür ki, Cavabdeh3 pul ehtiyacı olduğu üçün İddiaçı 6000 (altı min) manat borc pul götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 20600 (iyirmi min altı yüz) manat məbləğində pulun və 2000 (iki min) manat əldən çıxmış faydanın, ümumilikdə 22600 (iyirmi iki min altı yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsinin həçminin artırılması ilə bağlı ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 20600 (iyirmi min altı yüz) manat məbləğində pulun və 2000 (iki min) manat əldən çıxmış faydanın, ümumilikdə 22600 (iyirmi iki min altı yüz) manat məbləğində pulun və 6000 (altı min) manat məbləğində pulun Cavabdeh3 alınıb ona verilməsi barədə də qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Tərtər rayonun Şıxarx kəndində məskunlaşmışdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə münasibətləri yaxşı olmuşdur. 22 sentyabr 2022-ci ildə ev almaq üçün ondan 13800 manat borc pul istəmişlər. O, da münasibəti yaxşı olduğu üçün onlara inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdehlər ondan borc pul almaları ilə bağlı qəbz yazıb vermiş və həmin pulu hissə-hissə qaytrarmağı söz vermişlər. Beləliklə o, cavabdehlər ilə aralarında bağladıqları şifahi müqavilənin şərtlərinə əməl etməklə onlara 13800 manat pulu vermişdir. Lakin cavabdehlər müqavilə ilə aralarında olan razılaşmaya əməl etməmiş, pulu qaytarmamışlar. Pulu vaxtında qaytarmadıqları üçün cavabdehlərdən verdiyi borc pulu istəmişdir. Cavabdeh tərəf ona yenə yalan vədlər verərək borcu qaytaracaqlarını bildirmişlər. O, pulunu ala bilmədiyindən və o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun cavabdehlərdə 13800 (on üç min səkkiz yüz) manat pulu qalmışdır. Cavabdehlər yazdıqları qəbzdə gecikdirdikləri hər ay üçün ona 850 manat pul ödəyəcəklərini bildirmişlər. Bu müddət ərzində əgər hesablasalar 8 ay x 850 manat = 6800 manat ödəməlidirlər. Onun pulu bir ilə yaxın müddətdir ki, cavabdehlərdə qalmışdır. Əgər həmin məbləğdə pulu da cavabdehlərin ondan aldıqları pulun üstünə gəlsə ümumilikdə 20600 manat təşkil etmiş olar. Bu müddət ərzində pulundan istifadə edə bilmədiyi üçün 2000 (iki min) manat əldən çıxmış faydanın da cavabdehlərdən alınıb ona verilməsini tələb etmişdir. Pulunu ala bilmədiyindən və hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 20600 (iyirmi min altı yüz) manat məbləğində pulun və 2000 (iki min) manat əldən çıxmış faydanın, ümumilikdə 22600 (iyirmi iki min altı yüz) manat məbləğində pulun alınıb ona verilməsi, eləcə də tələbinin həcminin artırılması barədə ərizəsinin təmin edilərək iş üzrə Cavabdeh3 əlyazma qəbzi əsasında ondan aldığı 6000 (altı min) manat borc pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Tərtər Rayon Məhkəməsinin 2(061)-632/2023 saylı mülki iş üzrə 24 iyun 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13800 (on üç min səkkiz yüz) manat məbləğində pulun bərabər qaydada və Cavabdeh3 6000 (altı min) manat məbləğində pulun alınıb, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-632/2023 saylı mülki iş üzrə 24 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onların arasında heç bir rəsmi müqavilə olmamış, həmin müqaviləni təsdiq edən heç bir möhür və ştamp olmamışdır. İddia ərizəsində göstərilən saxta qəbzin onlara aidiyyəti yoxdur. Məhkəmə belə hallarda sənədin doğruluğunu yoxlamaq üçün xətşünaslıq ekspertizası təyin etməli idi. Məhkəmə isə onun iştirakı olmadan işə baxmış və birtərəfli mövqe tutmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat vermiş və qeyd etmişdir ki, onlar özlərinə ev almaq istəmişlər. 1200 manat məbləğində pulları çatmadığından, həmin məbləğdə pulun onlara borc kimi verilməsi üçün yaxın münasibətdə olduqları İddiaçı müraciət etmişlər. İddiaçı onlara həmin məbləğdə borc verəcəyini vəd etmiş, əvvəlcə Cavabdeh1 13800 manat məbləğində borcun verildiyi barədə qəbzi yazdırmış, həmin vaxt onlara heç bir məbləğdə pul verməmiş, daha sanra isə həmin müqavilə əsasında onlara cəmi 100 manat pul vermişdir. Həmin qəbzi yazdırarkən İddiaçı səsi yazilmışdır. Cavabdeh2 izahatında həmçinin göstərmişdir ki, onun özü əvəllər də İddiaçı borc almışdır və hazırda onun özünün İddiaçı təxminən 5000-6800 manat aralığında borcu vardır. Ancaq, həmin borc Cavabdeh1 13800 manat məbləğində borcun verildiyi barədə yazdırılmış qəbz əsasında verilməmişdir. Həmin məbləğdə borc yalnız onun özünə aid olan borcdur. Sonda cavabdeh qətnamənin ləğv edilməsini və onlara qarşı irəli sürülən iddianın rədd edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında qeyd etdi ki, onlar özlərinə ev almaq istəmişlər. 2500 manat məbləğində pulları çatmadığından, həmin məbləğdə pulun onlara borc kimi verilməsi üçün yaxın münasibətdə olduqları İddiaçı müraciət etmişlər. İddiaçı onlara həmin məbləğdə borc verəcəyini vəd etmiş, əvvəlcə ona 13800 manat məbləğində borcun verildiyi barədə qəbzi yazdırmışdır. Qəbzin mətnini yazarkən həmin məbləğin onlara verilmədiyi səbəbindən qəbzi yazmaqdan imtina etmişdir. Lakin sonradan qəbzi yazmışdır. Həmin vaxt iddiaçı onlara heç bir məbləğdə pul verməmiş, daha sanra isə həmin müqavilə əsasında onlara cəmi 100 manat pul vermişdir. Onlar kasıb adamlardır. İddiaçı isə onlara qarşı “dolandırıcılıq” etmişdir. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 izahatında qeyd etmişdir ki, yazı pozu bilmir, İddiaçı heç zaman ona 6000 manat məbləğində borc verməmişdir. Sonda cavabdeh qətnamənin ləğv edilməsini və onlara qarşı irəli sürülən iddianın rədd edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmədə sualcavab zamanı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi səs yazısının dinlənilməsi zamanı İddiaçı danışan şəxslərin onunla cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 olduğunu etiraf etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

16. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. Maddə 739. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 218. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3.Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 28.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri 31.Maddə 372. -372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. -372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. -372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Artıq yuxarıda qeyd edildiyi kimi, qətnamədən yalnız Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız iddia tələbinin qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13800 (on üç min səkkiz yüz) manat məbləğində pulun bərabər qaydada alınıb, İddiaçı verilməsi hissəsində yoxlayır. Cavabdeh3 6000 (altı min) manat məbləğində pulun alınıb, İddiaçı verilməsi hissəsindən Cavabdeh3 şikayət vermədiyindən, qətnamənin mübahisələndirilməyən həmin hissəsinə toxunulmur.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsində gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

35. Belə ki, irəli sürülən iddianı qismən təmin edərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş dəftər vərəqində yazılmış və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanması göstərilmiş (Müqavilədən) qəbzdən görünür ki, “Mən Cavabdeh1 Tərtər rayonun Alışarlkı sovetliyində daimi qeydiyyatdayam, orada yaşayıram. Bizim yaxın qohumumuz olan İddiaçı əmiyə pul üçün müraciət etdik, həmin pulu ev almaq üçün istifadə etməli idik. Hüseyn mənə qaydaları izah etdi. Mən onunla tam razılaşdım öz məsuliyyətimi bildim mənə borca 13 min 800 manat borc verdi, həmin pulu biz 3-4 ay müddətinə qaytaracağımıza söz verdik. Odur ki, həmin pulu 3-4 aydan gec qaytarsaq hər ay qaytarana kimi 850 manat ödəyəcəyimizə söz verdik və hər hansı narazılıq ola bilməz, olsa da etirazımızın qanun qarşısında heç bir əsası yoxdur. Yazdığım müqaviləni aşağıda imzamla təsdiq edirik. İmza: imza var: Cavabdeh1, imza: imza var: Cavabdeh2, imza: İmza var: Cavabdeh3. ***-***-**-** Təhminə, 050307- 53-33 Pərvin, ***-***-**-** Cuma. xx.xx.2021-ci il” kimi yazılmışdır. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ümumilikdə 19800 manat borc pul istəmişdir. İddiaçı münasibətləri yaxşı olduğundan onlara inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıdan pul alması ilə bağlı qəbz yazıb vermiş və pulu üç-dörd aya qaytarmağa söz vermişlər. Pulu vaxtında qaytarmadıqları üçün iddiaçı cavabdehlərdən pulunu istəmiş lakin onlar sonra verəcəklərini bildirmişlər. İddiaçı bir müddət sonra yenə pulunu tələb etmiş, lakin ala bilməmişdir. Odur ki, iddiaçı məhkəmədə cavabdehlərdən qeyd olunan məbləğdə borcunun alınıb ona verilməsi tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Bununla da cavabdehlərın hazırkı vəziyyətdə İddiaçı olan borcu 19800 manat təşkil edir. Məhkəmə iclasında elan olunmuş cavabdehlər tərəfindən yazılmış qəbzlərlə bu fakt öz təsdiqini tapır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdeh tərəf iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Cavabdehlərin iddiaçıya həmin məbləğdə pul borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən yuxarıda qeyd olunan sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, cavabdehlər hazırkı vəziyyətdə iddiaçıya olan 19800 manat borcunu qaytarmamışlar. Beləliklə də onlar iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişlər. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdehlər üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişlər.

36. Kollegiya aşağıda qeyd edilənlərə əsaslanmaqla hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və əsli mülki işin 33-cü vərəqəsində tikilmiş, dəftər vərəqində yazılmış və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanması göstərilmiş xx.xx.2021-ci il tarixli (Müqavilə) qəbz iddiaçının cavabdehlərə 13800 manat məbləğində borc verdiyini təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilə bilməz.

37. Belə ki,Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sübutlar isə işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

38. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

39. Eyni zamanda sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi- nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

40. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

41. Belə ki, işə apellyasiya instansiyasında baxılarkən cavabdehlər tərəfindən təqdim edilmiş CD disk tədqiq edilərkən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının tələb etdiyi miqdarda pul verilməmişdir. Belə ki, səs yazılarından aydın olur ki, İddiaçı sözləri ilə Cavabdeh1 yazılı qeydlər aparır. İş materiallarının 33-cü vərəqində tikilmiş “müqavilə”nin və səs yazılarının əlaqəli təhlilindən birmənalı təsdiq olunur ki,“müqavilə”də yazılanlar sözbə söz İddiaçı dediklərinin təkrarıdır. Səs yazısında iddiaçı onlara 13800 manat məbləğində borc verdiyini yazdırmaq istəyərkən, Cavabdeh1 buna etirazını bildirir, həmin məbləğdə pulun onlara verilmədiyini, sonradan bu məbləğin onların üzərində qalacağını göstərir. Lakin, digər Cavabdeh2 ona iddiaçının istədiyi miqdarda, hətta ondan da artıq məbləğin yazmasını, heç bir problem olmayacağını bildirir. İddiaçı da səs yazısında bu müqavılənin bir kağız parcası olduğunu, onun heç bir əhəmiyyətinin olmadığını Cavabdeh1 bildirir.

42. Artıq yuxarıda qeyd edildiyi kimi, məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi səs yazısının dinlənilməsi zamanı danışan şəxslərin onunla cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 olduğunu etiraf etmişdir.

43. Bütün qeyd edilənləri diqqətdə saxlayan məhkəmə kollegiyası bu qənaətdədir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və əsli işin 33-cü vərəqində tikilmiş dəftər vərəqində yazılmış və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanması göstərilmiş xx.xx.2021-ci il tarixli (Müqavilə) qəbz əsasında iddiaçı cavabdehlərə 13800 manat məbləğində borc verməmişdir. Kollegiya hesab edir ki, həmin qəbz əsasında iddiaçı cavabdeh tərəfə yalnız 2500 (iki min beş yüz) manat məbləğində borc vermişdir.

44. Kollegiya bu qənaətlərini onunla əsaslandırır ki, məhkəmə kollegiyasının iclasında izahat verərkən, Cavabdeh1 bildirmişdir ki, onlar iddiaçıdan 2500 (iki min beş yüz) manat məbləğində borc almaq məqsədilə onun yanına getmişlər. Cavabdeh2 isə izahatında bildirmişdir ki, onlar iddiaçıdan 1200 (bir min iki yüz) manat məbləğində borc almaq məqsədilə onun yanına getmişlər. Lakin, iddiaçı onlara cəmi 100 (bir yüz) manat məbləğində pul vermiş və həmin borcu sonradan iddiaçıya qaytarmışlar. Məhkəmə kollegiyası həm cavabdeh tərəfin, həm də iddiaçı tərəfin izahatlarına məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli (Müqavilə) qəbz əsasında iddiaçının cavabdehlərə məhz 2500 manat məbləğində borc verməsi işin faktiki halı kimi təsdiq olunandır. Həmçinin, cavabdeh tərəf həmin məbləğdə borcun qaytarıldığı barədə heç bir dəlil gətirməmiş, yalnız iddiaçının onlara cəmi 100 (bir yüz) manat məbləğində pul verdiyini və həmin borcu sonradan iddiaçıya qaytardıqlarını bildirmişlər.

45. Beləliklə, məhkəmə kollegiyası aparılmış araşdırmaların nəticəsi kimi bu qənaətdədir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-632/2023 saylı mülki iş üzrə 24 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən-iddia tələbinin qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13800 (on üç min səkkiz yüz) manat məbləğində pulun bərabər qaydada alınıb, İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384.0.2, 385.1.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-632/2023 saylı mülki iş üzrə 24 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən-iddia tələbinin qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13800 (on üç min səkkiz yüz) manat məbləğində pulun bərabər qaydada alınıb, İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2500 (iki min beş yüz) manat məbləğində pul müştərək qaydada alınıb, İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13800 (on üç min səkkiz yüz) manat məbləğində pulun bərabər qaydada alınıb, İddiaçı verilməsi tələbinin qalan hissəsində iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar