Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2258/2023 01.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Cavabdeh Alməmməd oğluna qarşı “pul” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-242/2023 nömrəli qətnaməsindən Cavabdeh Alməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Alməmməd oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona qaytarmalı olduğu 1250 (bir min iki yüz əlli) manat məbləğində pulunu, 34 manat dövlət rüsumu olaraq ödəmiş olduğu pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, Dəllər qəsəbəsi üzrə Mənzil İstismar İdarəsinin rəisi vəzifəsində uzun müddətdir ki, işləyir. O onun oğlu Şahid Dəllər qəsəbəsindəki evinə içməli su xəttini çəkməsini görmüşdür. O, oğlu Arzu Məmmədovun da ünvan 1 ünvanda yerləşən, yəni Şahid evinə paralel küçədə yerləşən evinə də içməli su xəttinin çəkilməsini arzulayırdı. Bu məqsədlə cavabdehə müraciət edərək onun çəkdirmək istədiyi su xətti ilə şərikli o da oğluna su xətti çəkdirmək istədiyini bildirdi. Cavabdeh şərikli su xəttinin çəkilməsi üçün ondan 1400 (bir min dörd yüz) manat məbləğində pul ödəməsini bildirmişdir. O isə ona hələlik həmin məbləğdə pulunun olmamasını, hissə ilə ödəyə biləcəyini bildirdi. Nəticədə ilkin olaraq cavabdehə 100 (bir yüz) manat pulu cavabdehin yaşadığı öz evində verdi. 3 gün ərzində 400 (dörd yüz) manat sonra da 600 (altı yüz) manat, 150 (bir yüz əlli) manatı isə sonra olmaqla cavabdehə cəmisi 1250 (bir min iki yüz əlli) manat məbləğində pul ödəmişdir. Nəticədə cavabdeh subartezian quyusundan su xəttini oğlu Eyyubun evinə çəkdirmişdir, orada “nəhrə” formalı su bakı düzəldilmişdir ki, həmin bakdan oğlunun evinə 20-lik turba ilə su xətti çəkilmişdir. Cavabdehin oğlu Eyyubun evinə gələn su xətti 32-lik turba ilə çəkildi, onun oğlunun evinə gedən su xətti isə 20-lik turba ilə çəkilmişdir. Eyni zamanda qeyd edir ki, Eyyubun evinə qədər gələn xəttə şərik olmağına baxmayaraq oğlunun evinə çəkilən su xətti yalnız onun vəsaitilə çəkilmişdir. Cavabdeh şəxsiyyət və veteranlıq vəsiqələrinin surətlərini ondan tələb etdi ki, Su İdarəsində onun da abunəçi olmağı qeyd olunmalı və aylıq su pulu ödəməyi barədə qeydiyyat aparılmalıdır. O da həmin vəsiqələrinin surətlərini cavabdehə verdi, cavabdeh də həmin vəsiqələri əsasında onun abunəçi olmağını Su İdarəsində qeyd etdirməsini bildirdi. Ancaq, təxminən 1 ay sonra su xətti çəkdirdikləri artezian quyusuna xidmət edən əməkdaş ona bildirdi ki, çəkdirdiyi su xəttinə görə Su İdarəsində abunəçi kimi qeydiyyatdan keçməlidir. O bu məqsədlə Su İdarəsinə müraciət etdikdə həmin İdarənin rəisi Rasim müəllim adlı əməkdaş ona bildirdi ki, cavabdehin onunla şərikli çəkdirdiyi içməli su xətti əslində veteran olaraq onun adına qeyd edilmiş, yəni həmin su xətti veteran olaraq ona görə çəkilməsinə icazə verilmişdir. Bundan sonra başa düşdü ki, cavabdeh onun veteran vəsiqəsindən istifadə edərək onun adı ilə su xəttini çəkdirib, sonra da yüksək qiymətə ona satmışdır. Bu vəziyyət ona həddən artıq pis təsir etməsinə, veteran olaraq adından sui-istifadə edilməklə çəkilmiş su xəttinin cavabdeh tərəfindən ona satılmasına görə cavabdehin ondan əsassız olaraq aldığı 1250 manat məbləğində pulunu özünə qaytarmasını tələb etdi. Cavabdeh isə nəinki pulunu qaytarmadı, əksinə onun şəxsiyyətini alçaldan ifadələrlə onu təhqir etdi. Ona görə cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-242/2023 nömrəli qətnaməsi ilə (hakim R.Mustafayev) iddianın qismən təmin edilməsi, Cavabdeh Alməmməd oğlundan 889.5 (səkkiz yüz səksən doqquz manat əlli qəpik) manat pulun tutularaq İddiaçı verilməsi, məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh Alməmməd oğlundan tutularaq İddiaçı ödənilməsi, 50 (əlli) manat məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərinin Cavabdeh Alməmməd oğlundan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi, ödənilmiş 4 (dörd) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Alməmməd oğlu apellyasiya şikayəti vermişdir. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(076)-242/2023 nömrəli qətnaməsindən Cavabdeh Alməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-242/2023 nömrəli qətnaməsindən Cavabdeh Alməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2258/2023 saylı mülki iş Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-242/2023 nömrəli qətnaməsindən Cavabdeh Alməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2258/2023 saylı mülki iş Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2258/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2258/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver