Məhkəmə qərarları › İş №2(104)-226/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-226/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-226/2024 15.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: reqres qaydada pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(021)-3157/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qeyri-kommersiya təşkilatı “Sodeystviye 2005” Kredit İstehlakçı kooperativi tərəfindən X1 ünvanlanmış 20 aprel 2018-ci il tarixli mətubla kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

2. Qeyri-kommersiya təşkilatı “Sodeystviye 2005” Kredit İstehlakçı kooperativi tərəfindən X1 ünvanlanmış məktublarda Məmmədova Kənan Mədət oğlunun kredit borcunu ödəməsi qeyd olunmuşdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 277813,11 (iki yüz yetmiş yeddi min səkkiz yüz on üç rubl on bir qəpik) Rusiya Federasiyası rublu ödəniş vaxtı Azərbaycan Respublikasının manatına olan məzənnəsi ilə, eləcədə ödənilmiş 74 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı oğlu Cavabdeh uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Qeyri-Kommersiya təşkilatı "Sodeystviye 2005” Kredit İstehlak Kooperativi ilə Cavabdeh arasında müqavilə bağlanmış və sonuncuya kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi o kreditor qarşısında zamin durmuş və onun tərəfindən 277813,11 (iki yüz yetmiş yeddi min səkkiz yüz on üçrubl, on bir qəpik) rubl ödənilmişdir. Ödədiyi pulu dəfələrlə cavabdehdən tələb etmiş, lakin sonuncu ödəməkdən boyun qaçırmışdır.

5. Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(021)-3157/2023 nömrəli qətnaməsi (hakim E.Əhmədov) ilə İddiaçı Mülkədar oğlunun Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddiası təmin olunması; Cavabdeh 277813.11 (iki yüz yetmiş yeddi min səkkiz yüz on üç rubl, on bir qəpik) Rusiya Fedarasiyası rublunun ödəniş vaxtı Azərbaycan Respublikasının manatına olan məzənnəsi ilə və ödənilmiş 74 manat dövlət rüsumu tutularaq İddiaçı Mülkədar oğluna verilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 385.1, 427.3, 442, 431.3, 448.1, 509.1, 509.3, 882.1, 882.4, 882.5 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 77.1, 81, 119.1, 191.3, 217, 218.3, 216-220, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirlməsi və iddia tələbinin 172991,90 rubl hissəsində təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş arayışdan sübut olunur ki, iddiaçı onun əvəzində kreditora 172991,90 rubl ödəniş etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

16. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

17. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

18. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

26. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

27. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

28. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlməsi və iddia tələbinin qismən təmin olunması xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış və sübutlara düzgün qiymət verməmişdir. Ona görə kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir.

34. İşin halları ondan ibarətdir ki, Qeyri-kommersiya təşkilatı “Sodeystviye 2005” Kredit İstehlakçı kooperativi ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borcalan götürmüş olduğu öhdəlikləri lazımı qaydada icra etməmiş və nəticə ödənilməmiş borc yaranmışdır. Smolensk Sənaye rayon Məhkəməsinin 15 iyul 2011-ci il tarixli 2-2549/2011 nömrəli qiyabi qərarı və Smolensk şəhər 12 saylı məhkəmə dairəsi Sülh Məhkəməsinin 18 dekabr 2021-ci il tarixli 2-416/12-12 nömrəli qiyabi qərarı üzrə Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu zamin İddiaçı ödəmişdir. İddiaçı borcalan Cavabdeh əvəzindən ödədiyi pulu sonuncudan tələb etsədə, lakin Cavabdeh pulu geri qaytarmamışdır. Ona görədə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

35. Bu qətnamənin 33-cü bəndində də qeyd olunduğu kimi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

37. İddiaçı Mamedov X3 Kənan Mədət oğlunun kredit borcundan 277813,11 rubl ödədiyini iddia etsədə, lakin məhkəməyə təqdim olunmuş Qeyri-kommersiya təşkilatı “Sodeystviye 2005” Kredit İstehlakçı kooperativi tərəfindən X1 ünvanlanmış 06 aprel 2023-cü il tarixli 204 nömrəli arayışdan görünür ki, X2 borcalan Cavabdeh əvəzindən ödədiyi ümumi məbləğ 05 aprel 2023-cü il tarixə 135.488,44 rubl+375.03,46 rubl=172.991,90 rubl olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halına düzgün hüquqi qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək iddianı tam təmin etmişdir. Halbu ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibıətlərinə uyğun əsaslandırlmalıdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması elə bir vəziyyəti nəzəırdə tutur ki, işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılır, həmin hallar işdə olan sübutlarla təsdiq olunur, lakin məhkəmə tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticə gəlir, yəni məhkəmənin gəldiyi nəticə onun düzgün müəyyən etdiyi faktlardan, işin həqiqi hallarından irəli gəlmir və ya həmin faktlara, işin həqiqi hallraına zidd olur.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(021)-3157/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 172991,90 rublu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzi 30 mana alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Ona görə də bu qətnamədən kasassasiya şikayəti verilə bilməz.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(021)-3157/2023 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı reqres qaydada 277813,11 rubl tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 172991,90 rubl, qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzi 30 mana alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar