Məhkəmə qərarları › İş №2(104)-226/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-226/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-226/2025 21.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(076)-1694/2024 nömrəli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 18 avqust 2021-ci il tarixli qəbzin məzmunundan görünür ki, Cavabdeh 2015-ci ildə İddiaçı aldığı 50000 ABŞ dolları 2021-ci ilin sonunadək qaytarmaq barədə öhdəlik götürmüşdür.

2. 05 aprel 2024-cü il tarixli hesabdan çıxarışından görünür ki, X1 məxsus bank hesabına 09 fevral 2023-cü il tarixdə 1100, 2000, 2000 manat qoyulmuşdur

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 47000 ABŞ dolları əsas borc ödəniş gününə Azərbaycan Respublikası manatı ekvivalentində, ödənilmiş 345 manat dövlət rüsumu və hüquqi xidmət üçün ödənilmiş 500 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, sadə yazılı formada bağlanmış 18 avqust 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 2021-ci ilin sonunadək qaytarmaq şərti ilə ondan 50000 ABŞ dolları borc almışdır. Cavabdeh borcun təminatı kimi xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid çıxarışın əslini ona vermişdir. Cavabdeh aldığı borcdan 2023-cü ilin fevral ayına cəmi 3000 ABŞ dolları ödəmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq etməsinə baxmayaraq müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır.

5. Şəmkir Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(076)-1694/2024 nömrəli qiyabi qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbi təmin edilərək, Cavabdeh əsas borca görə 47000 (qırx yeddi min) ABŞ dollar pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla), iddia üçün ödənilmiş 345 (üç yüz qırx beş) manat və hüquqi xidmət üçün ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 386.1, 740, 1091, 1092.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217, 216-220, 357- 361 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, qiyabi qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsi müqavilənin mövcud olub-olmamasını, onun tərəfindən imzalanıb imzalanmadığını araşdırmamışdır. Eləcədə müqavilə notarial qaydada bağlanmamış və təqdim olunmuş sadə sənəd əqd hesab olunmadığından əhəmiyyətsizdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

14. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

15. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. İşin hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh 50000 ABŞ dolları 2021ci ilin sonunadək qaytarmaq şərtilə borc vermiş, sonuncuda bu barədə 18 avqust 2021ci il tarixli qəbz yazmış və həmin qəbzi özünə aid möhrlə təsdiq etmişdir. İddiaçı borcdan 3000 ABŞ dollar qaytarıldığnı, 47000 ABŞ dollar qaytarılmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

29. Apellyasiya şikayətinin “müqavilənin mövcud olub-olmamasını, onun tərəfindən imzalanıb-imzalanmadığının, eləcədə müqavilənin notarial qaydada bağlanmaması və təqdim olunmuş sadə sənəd əqd hesab olunmadığından əhəmiyyətsizdir” dəlillərini kollegiya əsaslı saymır və hesab edir ki, şikayətin qeyd olunan dəlilləri qiyabi qətnamənin ləğvi üçün əsas deyil.

30. Belə ki, kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2. maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

31. Yuxarıda da qeyd olunduğu kimi Cavabdeh iddiaçı Əlibaba Tapdıqlıdan 50000 ABŞ dolları borc alması barədə yazılı qəbz vermiş və özünə məxsus möhrlə də təsdiq etmişdir. Yuxarıda qeyd olunan maddənin məzmunundanda görünür ki, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanır. Göründüyü kimi qanunvericilikdə üç min manatdan yuxarı borc müqaviləsinin notarial qaydada bağlanması mütləq şərt kimi göstərilməmişdir.

32. Sadə formada yazılan qəbzin cavabdeh tərəfindən imzalanıbimzalanmamasına münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən belə bir vəsatət verilməmişdir. Halbu ki, birinci instansiya məhkəməsində işə baxılmasının vaxtı və yeri barədə cavabdeh məlumatlı olmuş və iki halda məhkəməyə teleqram göndərərək işin təxirə salınmasını xahiş etmiş, hər iki halda işə baxılması təxirə salınmış və novbəti məhkəmə iclasları barədə ona məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh sonrakı məhkəmə iclaslarında da iştirak etməmiş və nədə iş üzrə ekspertiza keçirilməsinə dair məhkəməyə vəsatət gondərməmişdir. Başqa sözlə, cavabdehin ona qarşı irəli sürülmüş iddianı təkzib edən hər hansı arqumenti olmamışdır.

33. Apellyasiya icraatı zamanıda məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə rəsmi məlumat verilmişdir. Belə ki, məhkəmə bildirişləri cavabdehin elektron kabinetinə yerləşdirilmiş, eləcədə sonuncuya SMS xəbərdarlıq göndərilmişdir. 21 yanvar 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edib-etməməsini aydınlaşdırmaq üçün məhkəmə aparatının əməkdaşı (iclas katibi) tərəfindən cavabdehin istifadəsində olan ***-***-**-** nömrəyə zəng olunmuş, sonuncu qeyd olunan tarixə təyin olunmuş məhkəmə iclasından məlumatlı olduğunu, lakin məhkəmə iclasında iştirak etməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, eləcədə bildirmişdir ki, qəbzə vurulan möhür ona məxsusdur, apellyasiya şikayətini sadəcə mart ayınadək vaxt qazanmaq üçün vermişdir.

34. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, şikayətin dəlilləri qiyabi qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(076)-1694/2024 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar