Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2273/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İdris oğlunun Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı İdris oğlu və Cavabdeh iştirakı ilə, İddiaçı İdris oğlunun Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-810/2024 nömrəli qətnaməsindən İddiaçı İdris oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 18 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Göygöl rayon İH başçısının Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 01 dekabr 2023-cü il tarixli məktubundan məlum olur ki, İddiaçı İdris oğlu 2023-cü ildə Göygöl rayonu Şəhriyar kəndi ərazisində yerləşən 1,0 hektar torpaq sahəsindən 03 (üç) ton buğda məhsulu biçmişdir.
2. Göygöl rayon PŞ-nin TB-nin HK-1/1337 nömrəli material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 avqust 2023-cü il tarixli qərarından məlum olur ki, Cavabdeh 28 iyul 2023-cü il tarixdə İddiaçı İdris oğlunun Göygöl rayonu Şəhriyar kəndi ərazisində yerləşən torpaq sahəsində əkmiş olduğu taxıl sahəsinin bir hissəsini qəsdən olmayaraq, səhv nəticəsində biçmiş, ona zəng edərək əvəzinin ödəmək istəməsini bildirmiş, ancaq İddiaçı İdris oğlu qəbul etməmişdir.
3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X2” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin X3 İnstitunun və X5 İnkişaf Mərkəzinin mütəxəssislərindən əldə etdikləri məlumatlara əsasən 2023-cü məhsul ilində toxumluq buğda bitkisinin 1 (bir) kiloqramının orta qiyməti 0.60-1.00 manat arasında dəyişir.
4. “Aqro Bazar” elektron satış bazarından çıxarılmış məlumatdan görünür ki, qırmızı gül buğda sortu nömrə 1 hazırda 1kq üçün bazar dəyəri 0.50 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İdris oğlu Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi zərərə görə 03 (üç) ton toxumluq taxılın və ya onun dəyəri olan 3000 (üç min) manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin payız aylarında Cavabdeh razılaşma əsasında həmkəndlisi Tellər Abbasovadan götürdüyü Göygöl rayonu Şəhriyar kəndi ərazisində yerləşən 0,37 hektar torpaq sahəsində buğda əkmişdir. Həmin torpaq sahəsinin yaxınlığında isə ona məxsus taxıl sahəsi yerləşmişdir. 28 iyul 2023-cü il tarixdə Cavabdeh həmin ərazidə taxıl biçini aparmışdır. Həmin vaxtı nəzarətçi işləyən Ağabala adında şəxs Cavabdeh həmin ərazinin ona aid olmasını bildirmiş olsa da Cavabdeh ona əhəmiyyət verməyərək, ona məxsus olan 0,96 hektar taxıl sahəsini də biçmiş, biçmiş olduğu taxılı da satmışdır. Cavabdeh məxsus olan 0,96 hektar taxıl sahəsini də biçmiş olduğu 03 (üç) ton toxumluq taxılı ona verəcəyinə söz vermiş olsa da verməmişdir.
7. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-810/2024 nömrəli qətnaməsi (hakim Mübariz Məmmədov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 400 (dörd yüz) kiloqram taxıl (buğda) və ya onun dəyəri (ödənilmə günü bazar qiyməti ilə hesablanmaqla) alınaraq İddiaçı İdris oğluna verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 05 (beş) manat pul alınaraq, İddiaçı İdris oğluna verilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 386.1, 1096.1, 1096.2, 1108 və 1115ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 82.4, 124.1 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı İdris oğlu apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-810/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, 06 avqust 2023-cü il tarixdə Göygöl RPŞ-si TB-də aparılan araşdırmanın nəticəsinə dair qəbul edilmiş qərarda Cavabdeh vurduğu ziyan üç ton toxumluq taxıl olması təşqil etmiş, həmçinin əlavə olaraq sübut kimi Göygöl rayon Şəhriyar kənd icra nümayəndəsindən arayış alınıb ərizəyə əlavə olunmuşdur. İddiasında şahid kimi göstərilən və nəzarətçi işləyən Ağbala Xancığazov dindirilməmişdir. Bildirir ki, cavabdeh məhkəmədə çıxış edərkən ona aid taxıl sahəsini biçməsini etraf etsə də məhkəmə bunu nəzərə almamış, həmçinin rayon polis şöbəsində təhqiqat aparılmasının nəticəsinə dair qəbul edilmiş qərar iddia ərizəsinə əlavə edilsə də məhkəmə bunu müzakirə edib qiymət verməmişdir. Onu da bildirir ki, yeni sübutlar təqdim etməyi üçün məhkəmə baxışında şifahi vəsadət qaldırmışdır ki, ona imkan və vaxt verilsin. Lakin, məhkəmə vəsatətini təqdim etməmişdir. Eyni zamanda onun tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram vurularaq səhhəti ilə bağlı xx.xx.2024-cu il tarixdə keçiriləcək məhkəmə iclasında iştrak edə bilməyəcəyi və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, məhkəmə işə baxılmasını təxirə salmamış, qəbul etdiyi qərarda isə teleqramda guya onun iştrakı olmadan baxılması qeyd olunduğu göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İdris oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini qismən əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, razılaşma əsasında həmkəndlisi Tellər Abbasovadan götürdüyü Göygöl rayonu Şəhriyar kəndi ərazisində yerləşən 0,37 hektar torpaq sahəsində buğda əkmişdir. Həmin torpaq sahəsinin yaxınlığında isə İddiaçı İdris oğluna məxsus taxıl sahəsi yerləşmişdir. O, 28 iyul 2023-cü il tarixdə Cavabdeh həmin 0,37 hektar torpaq sahəsində taxıl biçini apararkən, İddiaçı İdris oğlunun əkmiş olduğu taxıl sahəsini də bilmədən biçmişdir. O, iddiaçının taxıl əkmiş olduğu sahənin az bir hissənin taxılını biçmiş və taxılın təxminən 400 (dörd yüz) kiloqram olmasını bildirmişdir. Ona görə də 200 manat ziyan pulunuyn qaytarılmasına razıdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
30. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
31. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
32. Bənd 9.2. Əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır.
Apellyasiya baxışının hədləri
33. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
36. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı qətnamənin yalnız iddianın təmin edilməmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissə üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
38. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən görünür ki, Cavabdeh 400 (dörd yüz) kiloqram taxıl (buğda) və ya onun dəyəri (ödənilmə günü bazar qiyməti ilə hesablanmaqla) alınaraq İddiaçı İdris oğluna verilmişdir.
39. Göründüyü kimi, cavabdehdən iddiaçının xeyrinə əmlakın alınması barədə nəticəyə gəlinsə də, qeyd olunan əmlakın dəyəri qeyd edilməməklə qeyri-müəyyənliyə yol verilmişdir.
40. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 9.2-ci bəndinə görə, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır.
41. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh razılaşma əsasında həmkəndlisi Tellər Abbasovadan götürdüyü Göygöl rayonu Şəhriyar kəndi ərazisində yerləşən 0,37 hektar torpaq sahəsində buğda əkmişdir. Həmin torpaq sahəsinin yaxınlığında isə İddiaçı İdris oğluna məxsus taxıl sahəsi yerləşmişdir. 28 iyul 2023-cü il tarixdə Cavabdeh həmin 0,37 hektar torpaq sahəsində taxıl biçini apararkən, İddiaçı İdris oğlunun əkmiş olduğu taxıl sahəsini də bilmədən biçmişdir. Cavabdeh isə İddiaçı İdris oğlunun taxıl əkmiş olduğu az bir hissənin taxılını biçməsini və biçmiş olduğu taxılın isə 400 (dörd yüz) kiloqram olmasını bildirmişdir.
42. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
45. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
46. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur.
48. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
49. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Çünki, Cavabdeh isə İddiaçı İdris oğlunun taxıl əkmiş olduğu az bir hissənin taxılını biçməsini və biçmiş olduğu taxılın isə 400 (dörd yüz) kiloqram olmasını bildirmişdir. İddiaçı isə qeyd edilən taxılın 3 ton çəkidə olması barədə sübutlarını təqdim edə bilməmişdir.
50. Məhkəmə kollegiyası işin araşdırılan halları ilə bağlı qeyd edir ki, iddiaçı isə israrlı olaraq 03 ton taxıl əkdiyini bildirir. İddiaçının bu dəlili yalnız subyektiv mülahizəyə söykənir.
51. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
52. İddiaçının sübutları da MPM-nin 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görünür ki, həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyildir. Yalnız əsaslı şübhədən kənar sübutlar olduğu halda, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi faktik hallara mövcud olan hallar kimi qiymət verə bilər.
53. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
54. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
55. Nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.
56. Həmçinin, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1ci maddəsi).
57. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bildirdiyi taxıl sortunun hazırki bazar qiyməti araşdırılan zaman 1 kq üçün 0.50 manat təşkil etdiyi müəyyən edilmişdir. Buna görə də hazırda 400 kq taxılın 1 kq-ı üçün bazar dəyəri 0.50 manatdan hesablanmalıdır.
58. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
61. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iddia qismən təmin edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Eyni zamanda məhkəmə kollegiyası izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.2, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı İdris oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-810/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) kiloqram taxıl (buğda) və ya onun dəyəri olan 200 (iki yüz) manat alınaraq İddiaçı İdris oğluna verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.