Məhkəmə qərarları › İş №2(104)-2279/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2279/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2279/2024 26.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 2(015)-1056/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “X6” əsasən bank tərəfindən X4 48 ay müddətinə illik 22 faiz olmaqla 3500 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti verilmişdir;

2. Ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir;

3. Ağstafa rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-258 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri – arvadı Cavabdeh2, uşaqları Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 hesab edilmişdir;

4. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X3 2.952,18 manat əsas, 20,32 manat faiz, kart kredit limiti üzrə 299,07 manat əsas, 181,94 manat faiz borcu olmaqla ümumilikdə 3.453,51 manat borcu vardır;

5. Xəbərdarlıqdan görünür ki, cavabdehlərə kredit borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2952,18 manat əsas, 20,32 manat faiz, kart kredit limiti üzrə 299,07 manat əsas, 181,94 manat faiz borcu olmaqla, ümumilikdə 3453,51 kredit borcu və 59,94 manat dövlət rüsumunun, habelə 40 qəpik bank xidmət haqqının tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, bankla cavabdeh X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********79 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, sonuncuya 48 ay müddətinə illik 22 faiz olmaqla 3500 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ağstafa rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli 56 saylı sorğuya cavab məktubundan görünür ki, X3 vərəsəsi Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5dır. Bankın Ağstafa filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 xx.xx.2021-ci il tarixli BPM**********79 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 2.952,18 manat əsas, 20,32 manat faiz, kart kredit limiti üzrə 299,07 manat əsas, 181,94 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, miras qoyanın "xxxx" ASC-nin qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

8. Ağstafa Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 2(015)-1056/2024 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia təmin edilərək, 2.952,18 manat əsas, 20,32 manat faiz, kart kredit limiti üzrə 299,07 manat əsas, 181,94 manat faiz borcu olmaqla ümumilikdə 3.453,51 manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 tutularaq "xxxx" ASC-nə verilməsi; İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,94 manat məbləğində pul, həmçinin 0,40 manat bank xidmətinin Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 tutularaq "xxxx" ASC-nə verilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425, 427, 439, 442 və 448-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin qismən təmin edilərək 363,66 manat vəsaitin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qəbul etdikləri mirasın dəyəri təqribən 500 manat dəyərində olar. Ona görə ki, miras kütləsi sayılan torpaq sahələri onların özünün paylı mülkiyyəti olmuşdur. Həmin paylardan mərhum Bəkir Məhərrəmova düşən torpaq payının dəyəri iddia tələbindən çox-aşağı həddədir. Qəbul etdikləri miras əmlaka uyğun öhdəlik daşıyırlar. Lakin, birinci instansiya məhkəməsi öhdəliklərinin həddini araşdırmamışdır. Əslində, onlar 0.2648 ha torpaq sahəsini 500 manata Ağstafa rayon notariat ofisində vərəsəlik edib, çıxarış aldıqdan sonra xx.xx.2024-cü il tarixdə X8 ******* nömrəli müqavilə əsasında satmışlar. Həmin paylı mülkiyyət üzrə 500 manatı 6 yerə böldükdə məhrum Bəkir Məhərrəmovun payına düşən miqdar 83.33 manat təşkil edir. Eyni zamanda, həmin sənədləşmə üçün vərəsəlik və çıxarış almaq üçün də xərclər çəkmişlər. Həmin xərclər rəsmi xərclərdir. 0.58564 ha torpaq sahəsini xx.xx.2024-cü il tarixdə ******* nömrəli alqısatqı müqaviləsi əsasında X5 2000 manata və 0.1123 hektar torpaq sahəsini xx.xx.2024cü il tarixdə Ağstafa rayon Notariat Ofisində ******* nömrəli müqavilə əsasında X5 3000 manata satmışlar. Bu barədə müqavilələri Ağstafa rayon notariat ofisindən alıb apellyasiya şikayətinə əlavə etmişlər. Həmin iki torpaq sahəsi üzərində əldə edilmiş gəlir isə 2000+3000=5000 manat təşkil edir. 5000 manatı da paylara münasibətdə 6 yerə böldükdə 833.33 manat təşkil edir. Ancaq məhkəmə tam araşdırma aparmadan 363.66 manat əvəzinə onların üzərinə 3453.51 manat borcun ödənilməsi öhdəliyi qoymuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı "xxxx" ASC apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, cavabdehlər onlara vərəsəlik qaydasında qalan torpaq sahələrini X5 cəmi 5000 manata satdıqlarını, həmin pulu aralarında böldükdən sonra adambaşına 833.33 manat çatdığını, daha sonra da ona çatan payın 916.66 manat olduğu və həmin vəsaitdən 553 manat xərclər çıxıldıqdan sonra 363.66 manat qaldığından iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Halbuki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə tələb edilən məbləğ təkcə Cavabdeh4 deyil, bütün vərəsələrdən tələb olunur. Özü də cavabdehlərin etiraf etidiyi kimi, torpaq sahəsini 5000 manata satıb aralarında bölmüşlər və məhkəmə qətnaməsi ilə cavabdehlərdən tələb edilən məbləğ miras qalmış torpaq sahəsinin satışından əldə edilmiş vəsaitdən azdır.

d) Prosessual məsələlər:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.

14. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə görə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

15. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını qanunamüvafiq hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, işə yazılı icraat qaydasında baxılmasını istisna edən iş üzrə əlavə araşdırma, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti kimi hallar mövcud deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 443. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

20. Həmin Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

24. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

25. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" ASC ilə X1 arasındakı xx.xx.2021-ci il tarixli “X6” əsasən bank tərəfindən X4 48 ay müddətinə illik 22 faiz olmaqla 3500 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti verilmişdir. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra, Ağstafa rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-258 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri – arvadı Cavabdeh2, uşaqları Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 hesab edilmişdir. Bununla yanaşı müəyyən olunur ki, "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən mərhum borclu X3 banka 2.952,18 manat əsas, 20,32 manat faiz, kart kredit limiti üzrə 299,07 manat əsas, 181,94 manat faiz borcu olmaqla ümumilikdə 3.453,51 manat borcu vardır. Kreditor "xxxx" ASC tərəfindən mərhum borclu X3 mirası qəbul etmiş vərəsələri olan cavabdehlərə miras qoyanın borcunun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdehlər borcu ödəməmişlər. Ona görə də kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

40. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

41. Cavabdehlər (vərəsələr) Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 xx.xx.2021-ci il tarixdə vəfat etmiş miras qoyan X3 miras aktivini qəbul etdiyinə görə bilavasitə miras qoyanın miras passivini də qəbul etmiş olur və beləliklə miras qoyanın kreditorunun mənafelərini ödəməyə borcludurlar.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mərhum borclu X3 iddiaçı "xxxx" ASC-yə olan cəmi borcu 3453,51 manat təşkil edir.

44. Mülki Məcəllənin 1307-ci maddəsində göstərilir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

45. Məhkəmə kollegiyası istinad olunan normanın dispozisiya şərtlərini hazırkı işin faktiki halları ilə sistemli şəkildə tədqiq edərək qeyd edir ki, cavabdehlər (vərəsələr) mərhum borclu X3 borcunun sonuncudan miras qalmış əmlakdan çox olması barədə məhkəməyə sübut təqdim etməmişlər. Halbuki, yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi qanunvericilik miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsini vərəsənin üzərinə qoymuşdur.

46. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 2(015)-1056/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar