Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2284/2024 25.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Kamil oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Kamil oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 may 2024-cü il tаrixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə Hüseynova Elmira Qulu qızı(borcalan) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış BPM**********549 nömrəli kredit müqaviləsindən görünür ki, Bank borcalana 48 ay müddətinə illik 20% dərəcəsi ilə 4800 manat məbləğində kredit vermişdir. Hüseynova Elmira Qulu qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2023-cü il tarixli, 2V-807, 2V-808 və 2V-809 nömrəli şəhadətnamələr ilə müəyyən olunur ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Balayev X3 Elmira Qulu qızının miras əmlakından bərabər hissədə (1/3) pay almış vərəsələridir. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən, Hüseynova Elmira Qulu qızının xx.xx.2022-ci il tarixli, BPM**********549 nömrəli kredit müqaviləsi üzrə 17 noyabr 2023-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 4614,91 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüseynova Elmira Qulu qızının vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Kamil oğlundan xx.xx.2022-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsi üzrə 4614,91 manat əsas borc, 0,40 manat xidmət haqqının və 66,15 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Hüseynova Elmira Qulu qızı arasında xx.xx.2022-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Hüseynova Elmira Qulu qızına illik 22 % dərəcəsi ilə 48 ay müddətinə 4800 manat kredit verilmişdir. Hüseynova Elmira Qulu qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Balayev X2 Elmira Qulu qızının vərəsələridir. Hüseynova Elmira Qulu qızının Banka ödənilməmiş 4614,91 manat əsas borcu qalmışdır. Cavabdehlər Hüseynova Elmira Qulu qızından qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın Bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər iddia tələbinə etirazlarını onunla əsaslandırmışlar ki, Elmira Hüseynovadan onlara heç bir daşınar və ya daşınmaz əmlak qalmamışdır. Şəmkir Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) e-2(076)- 968/2024 nömrəli iş üzrə qəbul etdiyi 20 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Kamil oğlundan 4614,91 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi olaraq 66,55 manat pul vəsaitinin müştərək qaydada alınaraq Banka ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Elmira Hüseynova öldükdən sonra onun uşaqları və həyat yoldaşı – hazırki iş üzrə cavabdehlər miras qoyanın vərəsəsi kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin vermiş olduğu xx.xx.2022-ci il tarixli, 00-01- 561/10 saylı arayışına əsasən mərhum Hüseynova Elmira Qulu qızının adına 1904,01 manat müavinət pulunu notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda JN-1366 "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı əsasında Hüseynova Elmira Qulu qızının və ailə üzvlərinin adına 0,15 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehlər mərhum Hüseynova Elmira Qulu qızının ölümündən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ondan qalmış miras əmlakdan, yəni 0,15 ha torpaq sahəsindən (miras aktivi) və Hüseynova Elmira Qulu qızının kredit müqaviləsi üzrə borcundan (miras passivi) imtina etməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə Hüseynova Elmira Qulu qızının müavinət pulunun alınması məqsədilə notariat orqanına vərəsə kimi ərizə verərək qeyd edilən müavinət pulunu qəbul etmişlər. X4 Qulu qızının borclarının (miras passivinin) miras aktivi olan torpaq sahəsinin dəyərindən çox olduğuna dair məhkəməyə sübutlar təqdim edilmədiyindən, iddiaçı mərhum Elmira Hüseynovanın kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Kamil oğlundan tələb etməkdə haqlıdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il, 16 oktyabr 2020-ci il, xx.xx.2023-cü il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 465.2, 739.1, 739.2, 1146, 1151, 1243.2, 1243.3, 1255, 1306.1, 1307-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh3 apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin 1901,04 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Mirasın qəbulu universal hüquq varisliyi əsasında həyata keçirilir. Bu prinsipə uyğun olaraq miras qoyanın ölümü ilə miras qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yəni cavabdehlər mərhum Hüseynova Elmira Qulu qızından qəbul etdikləri 1904,01 manat miras payı həcmində Bank qarşısında məsuliyyət daşıyır. Məhkəmənin 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı mirasdan imtina edilməməsi barədə gəldiyi nəticə absurd bir yanaşmadır. Məhkəmə iclasında iştirak edən cavabdehlər həmin torpaq sahəsinin Elmira Hüseynovanən sağlığında satılması barədə dedikləri məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Məhkəmə yalnız Mülki Məcəlləsinin 1307-ci maddəsini rəhbər tutaraq öz qanunsuz qətnaməsini əsaslandırmağa çalışmışdır. Əldə edilən məlumata əsasən işə baxan hakim əvvəllər "xxxx" ASC-də işləmiş və həmin bankın hüquqlarını müdafiə etmişdir. Yəni hakim olana kimi hüquqlarını müdafiə etdiyi bankın iddiasını qanunsuz olaraq təmin etməsi onu göstərir ki, hakim bankın xeyrinə maraqlı olmuşdur. Ümumiyyətlə həmin hakim bu işə baxa bilməzdi. İş üzrə obyektiv, həqiqətin üzə çıxarılması üçün birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə üçün əsas olan 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquqi vəziyyəti müəyyən edilməklə və həmin torpaq sahəsinin hazırkı bazar qiyməti müəyyən edilərək, Konstitusiya Məhkəməsinin qərarı ilə müəyyən edilmiş prinsipə uyğun qətnamə qəbul edilməsi xahiş olunur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Bank apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Bank, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamil oğlu apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən və mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktının qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı: ...beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün asının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilibedilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Bank ilə borcalan Elmira Hüseynova arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsindən və işdə olan digər sənədlərdən görünür ki, Elmira Hüseynova bu müqaviləyə əsasən Bankdan 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 4800 manat məbləğində pulu borc götürmüşdür. Şəmkir rayonu 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş Elmira Hüseynovanın vərəsələri hazırki iş üzrə cavabdehlərdir və onların hər birinin miras əmlakdakı payı 1/3 hissə təşki edir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2023-cü il tarixli 2V-807, 2V-808 və 2V-809 nömrəli şəhadətnamələrə əsasən, miras əmlak Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin vermiş olduğu xx.xx.2022-ci il tarixli, 00-01- 561/10 nömrəli arayışına əsasən mərhum Elmira Hüseynovanın adına olan 1904,01 manat müavinət pulundan ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-21-40/2-2261/24 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsinin məktubundan görünür ki, Elmira Hüseynova və ailə üzvlərinin adına Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə tərtib edilmiş JN-1366 "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı əsasında 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,50 ha hissəsi özgəninkiləşdirilmiş, yerdə qalan 0.15 ha hissəsinə dair xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bank tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən və hesablamalardan görünür ki, Elmira Hüseynova sağlığında kredit müqaviləsi üzrə müəyyən ödəniş etmişdir. Kredit müqaviləsi üzrə hazırda 4614,91 manat məbləğində əsas kredit borcu mövcuddur. Həmin borcun ödənilməmiş qalması tərəflər arasında mübahisə doğurmur. Mülki Məcəllənin 1306-cı maddəsinin tələblərinə görə, kreditor qarşısında öhdəlik daşıyan mərhum borclunun vəzifələri miras passivi qismində onun vərəsələrinə keçir. Bu baxımdan hesab edilməlidir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə mərhum borclu Elmira Hüseynovanın öhdəlikləri onun vərəsələrinə - hazırki iş üzrə cavabdehlərə keçmiş olur. İş materiallarına əlavə edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdən görünür ki, cavabdehlərin hər biri, mərhum Elmira Hüseynovaya məxsus miras əmlaka daxil olan 1904,01 manat müavinətdən 1/3 hissədə pay almışdır. Məhkəmə qeyd edir ki, mərhum Elmira Hüseynovadan miras qalan əmlaka yuxarıda qeyd olunan müavinətdən başqa, həm də Şəmkir rayonu, Düyərli kəndində yerləşən, mərhumun və ailə üzvlərinin adına olan 0,15 ha torpaq sahəsi də daxildir. Hazırki iş üzrə apellyasiya şikayəti vermiş Cavabdeh3 sözügedən torpaq sahəsinin özgənikiləşdirildiyini bildirsə də, o, bu halı təsdiq edən mötəbər sübutları (məsələn alğısatqı müqaviləsi) məhkəmələrə təqdim etməmişdir. Cavabdehin bu dəlili işdə olan DƏDKR Publik Şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsinin 3-21-40/2-2261/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə də təkzib olunur. Belə ki, həmin məktuba əsasən müəyyən edilir ki, sözügedən 0,15 ha torpaq sahəsi hazırda da mərhum Elmira Hüseynovanın və onun ailə üzvləri olan cavabdehlərin mülkiyyətində olan əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Odur ki, Məhkəmə hesab edir ki, cavabdeh tərəfin bu dəlili əsassızdır. Cavabdeh3 apellyasiya şikayətinin digər bir dəlili isə ondan ibarətdir ki, mərhum X1 borcu 0,15 ha torpaq sahəsinin dəyərindən çoxdur. Lakin işə baxan Rayon Məhkəməsi tərəfindən həmin torpaq sahəsinin qiymətləndirilməsi aparılmamışdır. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə olunan bu dəlili də əsassızdır. Belə ki, yuxarıda qeyd olunluğu ki, miras əmlaka həm 1904,01 manat, həm də 0,15 ha torpaq sahəsinin mərhumun payına düşən hissəsi daxildir. Hazırda miras aktivin dəyərinin miras passivin (4614,91 manat) dəyərindən aşağı olmasını iddia edən cavabdeh tərəf bu halı sübuta yetirə bilmir. Habuki Azərbaycan Respublikası Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307ci maddəsinin tələbinə görə, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Digər tərəfdən isə Məhkəmə qeyd edir ki, mərhum Elmira Hüseynova və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin mərhuma aid hissəsinin dəyərinin 2710,9 manatdan (4.614,91 manat borc - 1904,01 manat müavinət) aşağı olması da ağlabatan deyil. Odur ki, göstərilənlərə əsasən Məhkəmə, hesab edir ki, mərhum borclu X5rşısında icra edilməmiş öhdəlikləri mövcuddur və belə olan halda mərhumun vərəsələri olan hazırki iş üzrə cavabdehlər yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçı Banka ödəməlidirlər. Apellyasiya şikayətinin müzakirə olunan dəlilləri əsassız, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə isə əsaaslıdır. Cavabdeh3 apellyasiya şikayətində bildirir ki, hazırki işə baxmış hakim əvvəllər "xxxx" ASC-də işləmiş və həmin bankın hüquqlarını müdafiə etmişdir. Yəni hakim olana kimi hüquqlarını müdafiə etdiyi bankın iddiasını qanunsuz olaraq təmin etməsi onu göstərir ki, hakim bankın xeyrinə qərar qəbul etməkdə maraqlı olmuşdur. Ona görə də həmin hakim bu işə baxa bilməzdi. Göstərilənlərlə bağlı Məhkəmə bildirir ki, hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsində, etirazın verilməsi qaydası isə həmin Məcəllənin 21-ci madəsində təsbit edilmişdir. Həmin normaların tələblərinə görə, hakimə etiraz yazılı qaydada verilməlidir. Lakin cavabdeh tərəf işə birinci instansiya məhkəməsində baxılması zamanı hakimə yazılı əsaslandırılmış etiraz təqdim etməmişlər və həmin vaxt bu məsələ ümumiyyətlə müzakirə predmeti olmamışdır. Bundan başqa, işə baxan hakimin iddiaçı Bankın hazırki iş üzrə əvvəllər nümayəndəsi olması da müəyyən olunmur və iş materiaları ilə təsdiq olunmur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin bu bu dəlildə sübuta yetirilmir, dəlil əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2024-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2284/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2284/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver