Məhkəmə qərarları › İş №2(104)-2287/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2287/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2287/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh; iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: delikt məsuliyyəti; maddi ziyanın əvəzinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(061)-88/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 10 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərtər rayon X5 Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 17 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Tərtər rayon X6 X8 dövlət avtomobil müfəttişi xx.xx.2023-cü il tarixdə RPŞ-ə raportla müraciət edərək xx.xx.2023-cü il tarixdə, saat 16:13-də Tərtər-Hindarx avtomobil yolunun 5-ci kilometrliyində Qarağacı kənd ərazisində Ağdam rayonu Quzanlı 1 qəsəbəsində yaşayan İddiaçı idarə etdiyi “Mercedes Benz C200” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayon Qarağacı kəndində yaşayan X3 bir baş iri buynuzlu inəyinin vurulmasını bildirmişdir. Həmin raport icraata daxil olmuş və araşdırma aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 16:13-də Tərtər rayon Qarağacı kənd sakini İsayev X1 ərazisində bir baş iri buynuzlu heyvanı (inək) nəzarətsiz buraxdığı üçün həmin inək Tərtər-Hindarx avtomobil yolunun 5ci km-də yola çıxmış və həmin yolda hərəkətdə olan İddiaçı idarə etdiyi “Mercedes Benz C200” minik markalı, **-MD-*** dövlət nömrə nişanlı avtomobillə Cavabdeh məxsus bir baş inək heyvanını vurmuş və nəticədə Cavabdeh barəsində xx.xx.2023-cü il tarixdə X10 Bölməsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin qərarla raport əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir;

2. İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh barəsində xx.xx.2023-cü il tarixdə X10 Bölməsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur;

3. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(061)-626/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən təqsirli bilib 80 manat məbləğində inzibati cərimə edilmişdir;

4. ƏN -İV 709199 saylı etibarnamənin surətindən görünür ki, X2 mülkiyyətində olan “Mercedes Benz C200” minik markalı, **-MD-*** dövlət nömrə nişanlı avtomobilə görə, İddiaçı 9 il 11 ay 30 gün müddətə idarə etmək üçün etibarnamə vermiş, etibarnamə xx.xx.2033-cü il tarixədək qüvvədədir;

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3750 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materiallarında olan “Az Avtovaz servis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 1998-ci il buraxılışlı “Mercedes Benz C200” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təqribən 1320 manat müəyyən edilmişdir, o cümlədən dəyişilməli hissələrin qiyməti 770 manat, təmir - bərpa işlərinin qiyməti 550 manat.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət rdərək, cavabdehdən 1420 (min dörd yüz iyirmi) manat əmlakına dəymiş ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh da İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, cavabdehin ona məxsus olan təqribi çəkisi 140 kq olan 1 baş inəyini avtomobili ilə vurub öldürməklə ona vurduğu 1500 manat maddi zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Mercedes Benz C200” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 12 iyul 2023-cü il tarixdə saat 16 radələrində Tərtər rayonu istiqamətindən yaşadığı Ağdam rayonu istiqamətinə avtomobillə hərəkət edərkən Tərtər-Hindarx avtomobil yolunun 5-ci km-də Qarağacı kəndi ərazisində qəflətən yola bir baş iri buynuzlu heyvan çıxmış və idarə etdiyi avtomobil həmin inəyi vurmuşdur. Nəticədə avtomobilə maddi ziyan dəymişdir. O, həmin vaxt spirtli içki qəbul etməmiş, avtomobili idarə etmək üçün sənədləri qaydasında olmuşdur. Cavabdeh inəyi nəzarətsiz buraxmışdır. Bu səbəbdən hadisə baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Tərtər rayon X5 Bölməsində araşdırma və 17 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati tənbeh tədbirinin görülməsi qərara alınmışdır. Göstərilən yol-nəqliyyat hadisəsi iri buynuzlu heyvanın sahibi Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yolnəqliyyat hadisəsi arasında əlaqənin olması cinayət işinin başlanmasının rədd olunması haqqında qərarla, inzibati xəta haqqında iş üzrə qərarla və digər sübutlarla təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə tanınmışdır. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair qərar qanuni qüvvəyə minmişdir. Onun avtomobilinin təmir işlərinin görülməsi və təmir işlərinin aparılması üçün dəyişməyə aid olan ehtiyat hissələri və detallar lazım gələcəkdir. Cavabdeh təqsiri ucbatından baş vermiş inzibati xəta nəticəsində onun avtomobilinə vurulmuş ziyanın ümumi miqdarı 1420 manat təşkil etmişdir. Yol-hərəkəti hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehlə danışıqlar aparsa da, lakin heç bir nəticə olmamışdır.

9. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı 12 iyul 2023-cü il tarixdə ona məxsus təqribən 140 kq çəkidə 1 baş inəyini yolun kənarında avtomobili ilə vuraraq 1500 manat maddi zayan vurmuşdur. Bu hal ilkin iddia ərizəsinin məzmunundan da aydın görünmüşdür. Buna görə də hesab etmişdir ki, cavabdeh ona məxsus bir baş inəyi vurub öldürdüyü üçün ona vurduğu zərərin əvəzi qanunvericiliyə əsasən ödəməlidir.

10. Tərtər Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(061)-88/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 1320 (min üç yüz iyirmi) manat məbləğində dəymiş ziyan alınıb ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi; İlkin iddianın qalan hissədə təmin edilməməsi; Qarşılıqlı iddianın təmin edilməməsi; İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cavabdehin ona məxsus olan təqribi çəkisi 140 kq olan 1 baş inəyini avtomobili ilə vurub öldürməklə ona vurduğu 1500 (min beş yüz) manat maddi zərərin əvəzinin ödənilməsi barədə iddiasının rədd edilməsi; İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, yol nəqliyyat hadisəsi günorta saatlarında baş vermişdir. İddiaçı avtomobili yüksək sürətlə idarə etdiyindən onun bir baş inəyini vurub öldürmüş, beləliklə də ona 1500 manat ziyan vurmuşdur. Bundan başqa, yol nəqliyyat hadisəsi nəticəsində qarşılıqlı İddiaçı avtomobilinə dəymiş ziyanın məbləği xeyli şişirdilmişdir. 1998-ci il buraxılışlı “Mercedes Benz C200” markalı avtomoiblə dəymiş ziyanın 1320 manat olması absurddur. Həmin avtomobilə maksimum 500 manat dəyərində ziyan dəymişdir. Ailə dolanışıqlarını iribuynuzlu heyvan saxlamaqla, onun südünü və balasını böyüdüb satmaqla birtəhər təmin edirlər. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində də bir baş inəyi tələf olmuşdur. Bu azmış kimi qarşılıqlı iddiaçı hələ ondan 1320 manat pul tutulmasını tələb edir. Aylıq qazancı 80 manat məbləğində veteran pulundan ibarətdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, polis şöbəsində aparılan araşdırmalar nəticəsində onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İribuynuzlu heyvan saxlamaqla dolanır. Sədrlik edən suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verən vaxt iddiaçı avtomobili təxminən 120 km/saat sürətlə idarə etmişdir. Həmin hadisə nəticəsində onun bir baş inəyi tələf olmuşdur. Hadisə baş verən zaman qarşılıqlı iddiaçının da avtomobilinə ziyan dəydiyindən insanlıq edib onun barəsində şikayət etməmişdir. Hadisə baş verən zaman heyvanı özü otarırmış. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsindən əvvəl yenicə avtomobillə yola düzəlmiş və cavabdehin iribuynuzlu heyvanını görməmişdir. Çünki, heyvan kolun arasında olduğundan onu görə bilməzdi. Baş vermiş hadisə ilə bağlı polis əməkdaşları əraziyə gəlmiş və cavabdehin təqsiri olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

21. Maddə 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.

22. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

34. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilkin iddia tələbi qismən təmin olunmuş, qarşılıqlı iddia tələbi təmin olunmamışdır. Lakin, ilkin iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız, qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə ilkin iddia tələbinin təmin olunmuş hissəsində, həm də qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ƏN -İV 709199 saylı etibarnaməyə əsasən mülkiyyətçi X2 “Mercedes Benz C200” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı 9 il 11 ay 30 gün müddətə (xx.xx.2033-cü il tarixə) idarə etmək üçün etibarnamə vermişdir. 12 iyul 2023-cü il tarixdə saat 16 radələrində ilkin İddiaçı idarə etdiyi “Mercedes Benz C200” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər-Hindarx avtomobil yolunun 5-ci km-də Qarağacı kəndi ərazisində hərəkətdə olarkən Cavabdeh məxsus nəzarətsiz bir baş inəyi vurmuşdur. Hadisə nəticəsində qarşılıqlı iddiaçı Cavabdeh məxsus bir baş inək tələf olmuş, ilkin İddiaçı məxsus avtomobilə də maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı Tərtər rayon X5 Bölməsində araşdırma aparılmış və 17 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati tənbeh tədbirinin görülməsi qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(061)-626/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən (təqsirli bilib 80 manat məbləğində inzibati cərimə edilmişdir. İlkin İddiaçı baş vermiş yol nəqliyyat hadisəsinə görə ona məxsus avtomobilə dəymiş ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh də yol nəqliyyat hadisəsi nəticəsində tələf olmuş bir baş inəyinin dəyərinin ödənilməsi barədə məhkəməyə qarşılıqlı iddia ərizəsi vermişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini qismən təmin etmiş, qarşılıqlı iddia tələbini təmin etməmişdir.

37. Bu qətnamənin 34-cü bəndində qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilmiş və qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissələrdə yoxlanılır.

38. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

39. İş üzrə ilkin və qarşılıqlı iddia tələbi mövcuddur. Hər iki iddia maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə ilkin iddia üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

40. Əvvəla, qeyd edilməlidir ki, iş materiallarındakı sənədlərdən görünür ki, ƏN -İV 709199 saylı etibarnaməyə əsasən mülkiyyətçi X2 “Mercedes Benz C200” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı 9 il 11 ay 30 gün müddətə (xx.xx.2033-cü il tarixə) idarə etmək üçün etibarnamə vermişdir.

41. Mülki Məcəllənin 157.8-ci maddəsində deyilir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Mülki Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

42. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilkin İddiaçı “Mercedes Benz C200” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə qanuni əsaslarla sahiblik etdiyindən, o, hazırkı tələb üzrə subyektiv hüquqa malik şəxsdir.

43. İşin müəyyən olunmuş hallarına əsasən, 12 iyul 2023-cü il tarixdə saat 16 radələrində ilkin İddiaçı idarə etdiyi “Mercedes Benz C200” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər-Hindarx avtomobil yolunun 5-ci km-də Qarağacı kəndi ərazisində hərəkətdə olarkən qarşılıqlı iddiaçı Cavabdeh məxsus nəzarətsiz bir baş inəyi vurmuşdur. Hadisə nəticəsində qarşılıqlı iddiaçı Cavabdeh məxsus bir baş inək tələf olmuş, ilkin İddiaçı məxsus avtomobilə də maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılmış və qarşılıqlı iddiaçı Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati tənbeh tədbirinin görülməsi qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(061)-626/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən təqsirli bilinib 80 manat məbləğində inzibati cərimə edilmişdir.

44. Birinci instansiya məhkəməsinin icraatı zamanı təyin edilmiş qiymətləndirmə ekspertizası əsasında Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3750 nömrəli rəyi ilə “Az Avtovaz servis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 1998-ci il buraxılışlı “Mercedes Benz C200” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təqribən 1320 manat müəyyən edilmişdir.

45. Azərbaycan Respublikasının MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

46. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatı zamanı avtomobil təmirbərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan qiymətləndirmə aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmış və ölkə ərazisindəki avto eytiyyat hissələri satışı bazarında məhkəmə ekspertizası mərkəzinin təcrübəsində toplanmış məlumatlardan və qiymətlərdən istifadə edilmişdir.

48. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut olaraq qiymətləndirmiş və rəyin qeyri-obyektiv olması barədə apellyatorun arqumentlərini əsassız hesab etmişdir. Çünki, apellyator bu arqumentlərini əsaslandırmamış, onun bu arqumentləri formal mülahizələrə söykənmişdir.

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

50. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.

51. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci insyansiya məhkəməsi haqlı olaraq ilkin iddia tələbini qismən təmin etmişdir. Məhkəmənin həmin hissədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur.

52. Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddiaya hüquqi qiymət verərək qeyd edir ki, yuxarıda da göstərildiyi kimi qanuni qüvvədə olan məhkəmə qərarı ilə 12 iyul 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh İXM-nin 338.7-ci maddəsi ilə (mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi) təqsirli bilinib 80 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin hadisənin baş verməsinə görə cavabdeh İddiaçı təqsirli sayılmamışdır ki, hadisə nəticəsində iddiaçıya məxsus bir baş inəyin tələf olmasına görə ondan ziyan məbləği tutulsun. İddiaçı Cavabdeh qanunazidd hərəkəti, yəni mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi səbəbindən sözügedən yol nəqliyyat hadisəsi baş vermişdir. Belə olan təqdirdə, cavabdeh İddiaçı Cavabdeh məxsus bir baş inəyin tələf olmasına görə delikt məsuliyyəti daşımır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

53. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə ilkin və qarşılıqlı iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(061)-88/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni ilkin iddia tələbinin təmin edilmiş, qarşılıqlı iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar