Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2289/2024 25.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məti oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məti oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məti oğluna qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işi üzrə Tərtər Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı bildirir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məti oğlunun qanunsuz hərəkətləri nəticəsində(müddəti keçmiş dərmanlar satmaqla) ona məxsus xırdabuynuzlu heyvanlar ölmüş və bu səbəbdən ona 7200 manat ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məti oğlundan, istifadə müddəti keçmiş dərmanlar satmaqla heyvanlarının ölməsi nəticəsində ona vurulmuş 7200 manat maddi ziyanın, ödənilmiş 93 manat rüsumunun tutulub onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəxsi təsərrüfatında cəmi 27 baş xırdabuynuzlu heyvan saxlamışdır. Həmin heyvanların 15 başı ana, bir başı erkək qoyun, 11 başı isə ana keçi olmuşdur. 2023-cü ilin aprel ayında Goranboy rayonundan qayıdarkən heyvanlara kökəltmək dərmanları almaq üçün Goranboy-Tərtər yolunun üstündə, Tərtər rayonu Qaradağlı kəndində yerləşən, Cavabdeh2 Məti oğluna məxsus olan və Cavabdeh1 satıcı işlədiyi “Baytarlıq” aptekinə daxil olmuşdur. Cavabdeh1 heyvanları kökəltmək üçün dərman verməsini xahiş etmişdir. Sonuncu heyvanların soyuqluğu olduğunu bildirmiş, ona “oksivid” dərmanı vermiş və iynə vasitəsi ilə heyvanlara vurmağı tövsiyyə etmişdir. O, evə gəlib heyvanlara Cavabdeh1 göstərdiyi qaydada iynə vurmuşdur. Lakin səhəri günü heyvanlara baxdıqda 5 baş qoyunun öldüyünü görmüşdür. Dərhal Cavabdeh1 aptekinə getmiş, Cavabdeh1 ona heyvanların soyuqladığını bildirmiş, maye şəklində olan “Ramoksilin” dərmanı vermis və həmin dərmanı şpirisə 2 qram çəkib vurmağı tapşırmışdır. “Ramoksilin” dərmanına 15 manat pul vermişdir. Evə gəlib Cavabdeh1 dediyi qaydada heyvanlara iynə vurmuş və taxıl sahəsini suvarmağa getmişdir. Aradan 15 dəqiqə keçəndən sonra qardaşı Namiq Hüseynov zəng edib, heyvanların öldüyünü demişdir. O, evə gəlib görmüşdür ki, heyvanların üç başı da ölmüşdür. Dərmanları götürüb yenidən cavabdehin aptekinə getmiş və onunla gəlib heyvanlarına baxmasını xahiş etmişdir. Ancaq Cavabdeh1 ona bildirmişdir ki, “mən ali təhsilli baytar həkiməm və ora getmədən sənin heyvanlarının dərdini soyuqlama olduğunu bilirəm”. Cavabdeh yenidən ona “empotem” adlı dərman vermis və hər birinə 2 qram iynə vurmağı tapşırmışdır. Həmin dərmana 10 manat pul vermişdir. Sonra kəndə qayıdıb, cavabdehin dediyi kimi heyvanların hər birinə 2 qram həmin dərmanlardan iynə vurmuşdur. Lakin gecə heyvanlara baxanda 11 baş keçinin də öldüyünü görmüşdür. Səhəri günü yenidən Cavabdeh1 yanına getmişdir. Cavabdeh ona heyvanların dərmandan deyil, qaraciyərlərində olan qurddan ölmələrini bildirmiş və ona 10%-li “Brontel” adlı dərman verib, həmin dərmandan 3 qram iynə vurmağı tapşırmışdır. O da evə gəlib həmin dərmandan heyvanlara iynə vurmuşdur. Lakin bir gün sonra onun qalan 8 baş qoyunun da ölməsini görmüşdür. Beləliklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 satdıqları yararsız dərmanlar nəticəsində 15 başı ana, 1 başı erkək olmaqla 16 baş qoyunu, 11 baş ana keçi, cəmi 27 baş xırdabuynuzlu heyvanları ölmüşdür. Heyvanlarının ölməsi barədə Tərtər rayon Baytarlıq İdarəsinə məlumat vermis və Asim adlı sahə həkimi göndərilmişdir. Asim həkim heyvanlara baxış keçirmiş, heyvanların şəklini çəkmişdir. Asim həkim dərmanlara baxıb, dərmanların istifadə müddətinin keçdiyini bildirmişdir. O, 03 may 2023-cü il tarixdə X3 məlumat vermişdir. X1 nümayəndələri dərmanların şəkillərini çəkib, heyvanlardan nümunələr götürmüşlər. Sonra ona cavabdehlərin işlətdikləri baytarlıq aptekinə baxış keçirtdiklərini və istifadə müddəti keçmiş dərmanlar aşkar edib, apteki bağladıqlarını bildirmişlər. Daha sonra Tərtər rayon prokurorluğuna ərizə vermis və Tərtər rayon polis şöbəsində apaşdırma aparılmışdır. Bərdə şəhər "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 01 nömrəli rəyinə əsasən hazırda 1 baş ana qoyunun qiyməti 350-400 manat, 1 baş erkək qoyunun qiyməri 270-300 manat, 1 baş ana keçinin qiyməti 120-150 manat təşkil edir. Beləliklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 11 baş ana keçiyə görə 1650 manat, 15 baş ana qoyuna görə 5250 manat, 1 baş erkək qoyuna görə 300 manat, cəmi 7200 (yeddi min iki yüz) manat ziyan vurmuşlar və ziyanı ödəməkdən imtina etmişlər. Cavabdehlər iddia tələbinə etirazlarını onunla əsaslandırmışlar ki, iddiaçının mülahizəsinə əsasən iddiaçı guya onların baytarlıq apteklərinə müxtəlif vaxtlarda 4 (dörd) dəfə gəlmiş və xəstə heyvanları üçün “Oksivid”, “Ramoksilin” və “Brontel” adlı dərmanlar almışdır. Həmin dərmanları xəstə heyvanlarına baytar həkimi deyil, özü vurmuş, lakin həmin dərmanlar vaxtı keçmiş olduğundan xəstə heyvanları tələf olmuşdur. İddiaçının bu dəlili ona görə tam əsassızdır belə ki, iddiaçı onların baytarlıq apteklərinə gəlməmiş və onların baytarlıq aptekindən heç bir dərman almamışdır. Eləcə də iddiaçının sadaladığı dərmanlardan “Ramoksikilin” onların baytarlıq aptekində olmamış və bu səbəbdən də onlar həmin dərmanı satmamışlar. Bununla yanaşı iddiaçının həmin dərmanların ona satıldığını sübut edən hər hansı bir dəlili, sübutu yoxdur, əgər belə bir sübutu olmuş olsaydı məhkəməyə təqdim etmiş olardı. Həmçinin əgər iddiaçı onlara müraciət etsəydi onda onlar ona heyvanların bronxitinin müalicəsi üçün əsas göstəriş olan antibiotiklərin, pensilin, bitsilin3, bitsilin-5, ampisilin, ampioks vəs. əzələiçi inyeksiyaları və sulfanilamid preparatlarının (sulfalein, norsulfazol, sulfadimeteoksin və.s) daxilə yeridilməsini məsləhət görmüş olardılar. Eyni zamanda bronxopnevmoniya müalicəsində isə aspirin və ya parasetamolun, pensiltin qrupu antibiotiklərin bronxopnevmoniyanın müalicəsinə göstəriş olduğunu bildirmiş olardılar. “Brontel” adlı dərman isə xəstə qaraciyərə qarşı çox güclü dərmandır və bu dərmanın tətbiqi də heyvanların ölümünə səbəb olmuş ola bilməzdi. Bununla yanaşı “Oksivid” dərmanı isə mədə-bağırsaq traktının, genitouriya və tənəffüs yollarının infeksiyalarında, oksitetrasiklinlərə həssas olan mikroorqanizmlərin yaratdığı xəstəliklərə, yumşaq toxuma infeksiyalarında işlədilir, yəni bu dərmanın tətbiqi iddiaçının heyvanın ölməsinə gətirib çıxara bilməzdi. Qeyd olunan hallar iddiaçının mülahizələr əsasında tərtib edildiyini göstərmiş və bu səbəbdən də iddia tələbi rədd edilməlidir. İddianın əsassız olmasına dair digər dəlilləri ondan ibarətdir ki, qanuna əsasən heyvan cəsədi başı kəsilməmiş halda yarılmağa aparılmalı, materiallar Azərbaycan Qida Təhlükəsizliyi X4 X5 Sınaq Laboratoriyasına göndərilməli və ölüm səbəbi məhz orda aşkar edilmiş olardı. Lakin iddiaçının guya aşkarladığı ölüm səbəbi heç bir qanunla və sübuta əsaslanmamışdır. Belə olan halda iddia əsassızdır və rədd edilməlidir. İddianın əsassız olmasına dair digər dəlili ondan ibarətdir ki, qanun və digər normatik hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(061)-911/2024 nömrəli iş üzrə qəbul etdiyi 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərin ona istifadə müddəti keçmiş dərmanlar satmaqla heyvanlarının ölməsini və ona 7200 manat maddi ziyan dəyməsini iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 106.1, 217.1, 217.2, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmə bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli , öz qərarını yanlız tərəflərin çəkişmə prinsipinə əsasən mazakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Lakin məhkəmə cavabdehlərin izahatlarına əsaslanmaqla, iddiaçının izahatını dinləməməklə, çəkişmə prinsipinə əməl etməməklə prosessual hüquq normasının tələbini pozmuşdur. Cavabdehlər mülki hüquq məsuliyyətinin yaranmasına səbəb olan mülki hüquq pozuntusu törətmişdilər. Belə ki, onların əməli hüquqa zidd olmuş, törətdikləri əməl nəticəsində iddiaçıya zərər vurmuşdular, iddiaçıya zərər cavabdehlərin hüquqa zidd əməlləri nəticəsində yaranmışdır. Məhkəmə isə qeyd edilənləri nəzərə almayaraq həmin maddi hüquq normasını düzgün olmayaraq tətbiq etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh1 apellyasiya şikayətinə etirazını iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehlər iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı qətnaməni tam mübahisələndirdiyindən, Məhkəmə Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, sübutetmə yükü ilə bağlı prosessual tələblərə əsasən, cavabdehlərin ona qarşı delikt törətmələri və bunun nəticəsində ona maddi zərər vurulmasını sübut etmək vəzifəsi iddia edən tərəfin, yəni iddiaçının üzərinə düşür. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 14.2, 77.1, 80, 81-ci maddələri). “Hüquqi həqiqət” prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125cimaddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı, cavabdehlər tərəfindən ona istifadəyə yararsız (istifadə müddəti keçmiş) dərmanların satılması nəticəsində ona (iddiaçıya) məxsus heyvanların tələf olmasını sübut etmək vəzifəsini yerinə yetirərək, tələbinin əsaslı olmasını təsdiq edən “əsaslı şübhələr yaratmayan” sübutlar təqdim edə bilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsi tərəfindən Tərtər Rayon Polis Şöbəsinin sorğusuna verilən xx.xx.2023-cü il tarixli məktubu, Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsi tərəfindən yoxlamanın nəticələri üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, QRB-285/2024 saylı qərarı, habelə fotoşəkillərlə iddiaçıya məxsus heyvanların qəsdən və ya ehtiyatsızlıqdan hər hansı bir şəxs tərəfindən, o cümlədən cavabdehlər tərəfindən öldürülməsini təsdiq etmir. Odur ki, cavabdehlər tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində iddiaçıya ziyan vurulması istisna olunur. Bundan başqa, işdə olan Tərətər Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 avqust 2023-cü il tarixli qərarı ilə də cavabdehlər tərəfindən törədilmiş cinayət nəticəsində iddiaçıya ziyan vurulması istisna olunur. Digər tərəfdən, iddiaçı heyvanlarının öldüyünü müəyyən etsə də, onların hansı səbəbdən ölməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə, Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehlərin hər hansı bir təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus heyvanların ölməsi sübut edilməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Tərtər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2289/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2289/2024
25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver