Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-229/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin tələb hüququnu satın almış "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1050/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Yengeyeviç xx.xx.2022-ci il tarixində ərizə-anket imzalamaqla iddiaçı "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir.
2. xx.xx.2022-ci il tarixli SMS bildirişdən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh Yengeyeviçə məxsus kart hesabına xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli ümumi oferta əsasında xx.xx.2025-ci il tarixinədək, illik 29,5% ödəmək şərtilə 4900 manat məbləğində vəsait köçürülmüşdür.
3. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASCyə 4446,4 manat əsas, 1307,23 manat faiz, 124,48 manat cərimə olmaqla, cəmi 5878,11 manat borcu qalmışdır.
4. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə 4446,4 manat əsas, 723.03 manat faiz, 16.31 manat cərimə olmaqla, cəmi 5185,74 manat borcun ödənilməsi 3 iş günü ərzində ödənilməklə aralarında olan kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir.
5. Məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 02/22 UB saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin 5719nkKPZb/22 saylı kredit müqaviləsi üzrə tələb hüquqları "xxxx" ASC-yə keçmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4446,4 manat əsas, 1307,23 manat faiz, 124,48 manat cərimə olmaqla, cəmi 5878,11 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 78,79 manat məbləğində vəsaitin "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Kommersiya Bankı ASC-nin xx.xx.2022-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il müddətinə illik 29,5% ödəmək şərtilə 4900 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh Yengeyeviç xx.xx.2022-ci il tarixində ərizəanket imzalamaqla "xxxx" Kommersiya Bankı ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixinə kredit müqaviləsi üzrə 4446,4 manat əsas, 1307,23 manat faiz, 124,48 manat cərimə olmaqla, cəmi 5878,11 manat kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1050/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh, xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta əsasında xx.xx.2022-ci il tarixli ərizə üzrə 4446,4 manat əsas, 723,03 manat faiz və 12 manat cərimə olmaqla, cəmi 5181,43 (beş min yüz səksən bir manat 43 qəpik) manat pul, 71,81 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınaraq "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında müqavilə bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilənan icra edilməlidir.
10. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 442, 448.1-ci və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1050/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun sosial vəziyyətimdə və ailəsində gözləmədiyi geriləmələr olmuş və o, bu barədə kreditoru məlumatlandırmışdır. Belə ki, ikinci vətən müharibəsi iştirakçısıdır. Hazırda müalicəsi ilə əlaqədar olaraq sosial vəziyyəti cox pisdir. Mütamadi olaraq tibb müəsisələrində müalicə olunur. Gəlirlərinin azalması onun ödənişləri vaxtında aparmağına da təsir etmiş və müqavilədə nəzərdə tutulmasa da bu hal ondan asılı olmayan hal kimi nəzərə alınmalıdır, lakin bu faktlar məhkəmə tərəfindən lazımınca araşdırılıb qiymətləndirilməmiş, onun gecikdirmələri səbəbsiz kimi qiymətləndirilmişdir. Birinci instansiyası məhkəməsinin mövqeyi ilə razı deyildir. Gəlirlərinin azalması və səhhətində olan problemlər onun ödənişləri vaxtında aparmağına da təsir etmiş və müqavilədə nəzərdə tutulmasa da, bu hal ondan asılı olmayan hal kimi nəzərə alınmalıdır. Məhkəmənin diqqətinə çatdırır ki, məhkəmə qətnamə qəbul edərkən faiz və cərimənin məbləğini şişirdilmiş formada təmin etmişdir. Bidirir ki, məhkəmənin qəbul etdiyi qətnamə razı deyil, qərar ləğv olunmalı və yeni qətnamə qəbul edilməlidir. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Kredit müqaviləsindən də görünür ki, bu borc müqaviəsi deyil ofertadır. bu formadan əqdlərin borc müqaciləsinə tətbiqi hesab edirəm ki, qanunsuzdur.
13. "xxxx" ASC tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
14. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1050/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassızdır. Belə ki, cavabdeh sosial vəziyyətinin pis olduğunu, xəstəliyi səbəbilə müalicə olunduğuna görə gəlirlərinin azaldığını, buna görə də, ödənişləri vaxtında apara bilmədiyini bildirmiş və bu səbəblərin qətnamə qəbul edilərkən məhkəmə tərəfində nəzərə alınmadığını qeyd etmişdir. Bununla bağlı bildiririk ki, cavabdeh bu məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə deyil, müvafiq icraatı həyata keçirən icra qurumuna yaxud qətnamənin icrası məsələləri ilə bağlı müvafiq birinci instansiya məhkəməsinə müraciət edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Cavabdeh həmçinin, qətnamə qəbul edilərkən faiz və cərimə məbləğinin şişirdildiyini bildirmişdir. Bununla bağlı bildiririk ki, cavabdeh iddiaçıdan 5719nkKPZb/22 nömrəli, xx.xx.2022 tarixli kredit müqaviləsinə əsasən, 4900 manat məbləğində kredit almış, lakin müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya sözügedən qətnamə qəbul olunan tarixə 4446,40 manat əsas borc, 723,03 manat faiz borcu, 12 manat cərimə borcu olmaqla, cəmi 5181,43 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclunun bank hesabından çıxarışı əlavə edirik. Cavabdeh şikayətində iddiaçı bankla bağladığı əqdin etibarsız olduğunu bildirmişdir. Belə ki, o qeyd edir ki, burada borc müqaviləsi deyil, oferta olmuşdur. "xxxx" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertasının “Ümumi müddəalar” adlanan 1-ci bölməsinin 1-ci bəndində qeyd olunur ki, bu oferta (gələcəkdə həm müqavilə, həm də oferta kimi təsvir oluna bilər) üzrə Müştəriyə fərqli valyutalarda bir neçə hesablar açıla bilər bir və ya bir neçə ödəniş kartı təqdim edilə bilər. Bankın texniki imkanları nəzərə alınmaqla, gələcəkdə Müştəri tərəfindən internet bankçılıq və ya mobil əlavə vasitəsilə müxtəlif bank hesabları açıla bilər. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1050/2024 nömrəli qətnaməsində də qeyd olunduğu kimi, Cavabdeh xx.xx.2021-ci il tarixində ərizə-anket imzalamaqla "xxxx" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razılaşdığını qeyd etmişdir. Bundan sonra həmin ərizə-anket əsasında borcluya 5719nkKPZb/22 nömrəli, xx.xx.2022 tarixli kredit hesabı açılmış və 4900 manat məbləğində kredit verilmişdir. Qanun, müqavilələrin hazırkı halda olduğu formada, yəni ofertanın irəli sürülməsi və qarşı tərəfin onu aksept etməsi yolu ilə bağlanmasına yol verir. Belə ki, AR MM-in 407.1-ci maddəsinə əsasən, Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. AR MM-in 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 406.1-ci maddəsinə görə, çüqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məcəllənin 406.3-cü maddəsinə görə, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Qoşmada ümumi ofertanı və ərizənin surətini təqdim edirlər. Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin olunmaması, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1050/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin tələb hüququnu satın almış "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1050/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
18. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
19. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
20. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
21. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.
22. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
23. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
24. 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.
25. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
27. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1050/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh Yengeyeviçə məxsus kart hesabına xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən xx.xx.2025-ci il tarixinədək, illik 29,5% ödəmək şərtilə 4900 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh Yengeyeviç xx.xx.2022-ci il tarixində ərizə-anket imzalamaqla "xxxx" Kommersiya Bankı ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin xx.xx.2023-cü il tarixinə kredit müqaviləsi üzrə 4446,4 manat əsas, 1307,23 manat faiz, 124,48 manat cərimə olmaqla, cəmi 5878,11 manat kredit borcu yaranmışdır. xx.xx.2023cü il tarixdə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin maddi durumunda və səhhətində yaranmış problemlər tərəflərin könüllü iradə ifadəsi olan müqavilənin şərtlərinin pozulmasına əsas ola bilməz. Cavabdeh müqavilə şərtləri ilə razı olarkən mövcud riskləri də, qəbul etmişdir. Onun öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi kreditorun hüquqlarını pozmaqla onun mənafeyinə cidd ziyan vura bilər. Bundan başqa, işə baxan birinci instansiya məhkəməsi cavabdehin maddi durumunu nəzərə alaraq, cərimə məbləğini minimum həddə hesablamış, faiz borcunun isə tərəflər arasında müqavilənin ləğv olunduğu tarixə uyğun hesablanmasına nail olmuşdur.
45. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-1050/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1050/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.