Məhkəmə qərarları › İş №2(104)-2290/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2290/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2290/2024 25.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında bağlanmış 11 sentyabr 2021-ci il tarixli, 3M-406 reyestr nömrəli kredit müqaviləsinə(bundan sonra- müqavilə) əsasən borc verən(iddiaçı) borc alana(cavabdehə) 75.000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh xx.xx.2022-ci il tarixdə müqaviləyə düzəliş etmiş və borcun qaytarılması müddəti xx.xx.2022-ci ilədək uzadılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 75.000 manat pulun, həmin pulun vaxtında qaytarılmamasına görə vurduğu zərərin əvəzində 22.000 manat pulun və ödənilmiş 381 manat dövlət rüsumunun cavabdehdən alınınb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və ödənilməli olan məbləğdən heç bir ödəniş etməmişdir. Cavabdeh həmin pulu 2022-ci ilin noyabr ayında qaytaracağı təqdirdə, iddiaçı həmin pulu depozit qaydasında banka qoymaqla, illik minimum 10% olmaqla, 1 il 6 ay ərzində 11.000 manatdan artıq gəlirdən məhrum olmuşdur. Bundan əlavə iddiaçının cavabdehdə olan həmin 75.000 manat pulu 1 il 6 ay ərzində minimum 15% inflyasiyaya məruz qalaraq dəyərdən düşmüşdür. Həmin inflyasiyaya görə cavabdeh iddiaçının pulunu vaxtında qaytarmamaqla iddiaçıya 11.000 manatdan artıq zərər vurmuşdur. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(076)- 2283/2024 nömrəli iş üzrə qəbul etdiyi 25 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh kredit müqaviləsinə əsasən 75.000 manat əsas borc, kredit müqaviləsi müddəti bitəndən sonra illik 5% əsas borca hesablanmış 5625 manat faiz borcu olmaqla, cəmi 80.625 manat və dövlət rüsumunun əvəzi qismində 381 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə borc müqaviləsi bağlanılaraq iddiaçı cavabdehə 75.000 manat pulu borc vermişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə borcunu qaytaracağına öhdəlik götürmüşdür, lakin bu borcu qaytarmamışdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də iddiaçı pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, kredit müqaviləsinin müddəti bitəndən sonra illik beş faizlə hesablanmış 5625 manat faiz borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 448, 449.1, 465.2, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “X4 Nur” MMC-də rəis müavini vəzifəsində işləyir. İddiaçın qeyd etdiyi sübutlar reallığı əks etdirmir. İddiaçı olan şəxslə cavabdeh arasında heç bir pul münasibəti olmamışdır. Belə ki, cavabdeh işlədiyi şirkətdə su borusu lazım olduğu üçün Rəşid adlı şəxsin mağazasından mütamadi olaraq nisyə və nəğd şəkildə boru almışdır. Mütamadi həmin şəxslə işlədiyi üçün aralarında qarşılıqlı etibar yaranmışdır. Bu vəsilə ilə cavabdehin həmin şəxsə müəyyən məbləğdə borcu yaranmışdır. İddiaçı borcu rəsmiləşdirmək qərarına gəlmiş və notriusda mağazanın işçisi olan İddiaçı adından borc müqaviləsi bağlanılması təklif edilmişdir. Cavabdeh həmin təklifi qəbul etmiş və müqavilə Gəncə şəhəri 5 saylı Notarit kontorunda formal qaydada, yəni pulun banka qoyularaq yenidən iddiaçıya çatması formasında bağlanılmışdır. Mağaza sahibi Rəşid adlı şəxsin müqaviləni bağlamaqda məqsədi həmin alğı-satqının pərdələnməsi və boyük məbləğdə pulun vergidən yayındırlması və əsassız varlanmasına zəmin hazırlaması olmuşdur. İddiaçının həmin məbləğdə pulu cavabdehə borc verməsi maddi olaraq mümkün deyil. Həmçinin cavabdehin həmin alğı-satqıdan iddiaçıya deyil, mağaza sahibinə borcu mövcuddur. Məhkəmə araşdırılması zamanı yuxarıda qeyd olunan nüanslar araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. Bu səbəbdən qətnamə ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnaməni apellyasiya qaydasında mübahisələndirən cavabdeh isə qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və həmin tarixdə Gəncə şəhəri 5 saylı Notariat Ofisində rəsmiləşdirilərək qeydə alınmış 3M-406 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 75.000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə borc almışdır. Razılaşdırılmış müddətdə cavabdeh borcu qaytara bilmədiyi üçün, tərəflər xx.xx.2022-ci il tarixdə “Müqaviləyə düzəliş dair müqavilə” bağlamış və borcun qaytarılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Hazırda cavabdeh bildirir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi başqa əqdi pərdələmək üçün bağlandığından yalan əqddir, həmin müqavilə “formal” olaraq bağlanmışdır. Belə ki, cavabdeh Rəşid adlı şəxsin mağazasından nisyə mallar almış, sonradan malların dəyərini ödəmədiyi üçün onun Rəşidə müəyyən məbləğdə borcu yaranmışdır. Rəşid adlı şəxsin təklifi ilə həmin borc mağazanın işçisi olan İddiaçıla (hazırki iş üzrə iddiaçı) onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə rəsmiləşdirilmişdir. Mağaza sahibi Rəşidin bu müqaviləni bağlatdırmaqda məqsədi onunla (Rəşidlə) cavabdeh arasında alğı-satqının pərdələnməsi, boyük məbləğdə pulun vergidən yayındırlması və əsassız varlanmasına zəmin hazırlaması olmuşdur. Məhkəmə cavabdehin gətirdiyi bu dəlillərə münasibətdə bildirir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qanunun tələbindən göründüyü kimi, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmasın. Lakin işin faktiki hallarından müəyyən olunur ki, tam fəaliyyət qabiliyyətli olan hər iki tərəf sərbəst iradə ifadəsi ilə və qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməklə aralarında olan borc münasibətlərinin rəsmiləşdirilməsi üçün razılaşmış və bu barədə müqavilə bağlamışlar. Müqavilə üzrə iddiaçının notariusun depozit hesabına qoyduğu 75.000 manat pulu cavabdeh qəbul etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan halın əksi, yəni cavabdehin öz etirazı kimi istinad etdiyi hallar isə sübuta yetirilmir. Belə ki, cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin “formal” müqavilə olmasını, həmin müqavilənin Rəşid adlı şəxslə aralarında olan alğı-satqı münasibətlərini pərədələmək üçün bağlandığını iddia etsə də, bu halı təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki qanunvericiliklə bu xüsusatı sübuta yetirmək vəzifəsi hazırki halda cavabdehin üzərinə düşür. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən Məhkəmə müəyyən edir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi etibarsız müqavilə deyil. Eyni zamanda Məhkəmə tərəfindən müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış və yuxarıda artıq qeyd edildiyi kimi etibarsız sayılmayan müqavilə üzrə yaranmış öhdəlik bu öhdəliyin daşıyıcısı olan cavabdeh tərəfindən vaxtında və lazımi qaydada icra edilməmiş, borc məbləği iddiaçıya ödənilməmişdir. Bu səbəbdən, iddiaçı tərəfindən verilmiş 75.000 manat borcun qaytarılması barədə iddia əsaslıdır və Rayon Məhkəməsi həmin hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə iddianın 22.000 manat faiz borcunun ödənilməsi barədə hissəsi ilə bağlı bildirir ki, cavabdehin iddiaçıya borclu olduğu 75.000 manat məbləğində pul xx.xx.2022-ci il tarixdən qaytarılmalı olduğu halda qaytarılmamış və iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, pul məbləğinin qanunsuz olaraq cavabdehdə qalması 569 gün təşkil edir və bu hal aşkardır. Mülki Məcəllənin 445-ci maddəsinin tələblərini müzakirə edilən tələbə tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh iddiaçıya qaytarmalı olduğu pul vəsaitini qanunsuz olaraq özündə saxladığına görə iddiaçıya ödəməli olan faiz borcu 5845,89 manat (75.000 manatın 5 faizi=3750 manat; 3750/365= 10,27 manat 1 günə hesablanan faiz borcu, 10,27x569 gün= 5845,89) təşkil edir. Odur ki, işin hallarını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi qismən təmin edərək cavabdehdən iddiaçının xeyrinə faiz olaraq 5625 manat məbləğində pulun tutulmasını qət etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar