Məhkəmə qərarları › İş №2(104)-2293/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2293/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2293/2023 29.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollügiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(030)-382/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29 oktyabr 2019cu il tarixli **********0540 saylı kredit müqaviləsi üzrə 3157.43 manat əsas borc, 69.91 manat faiz borcu olmaqla, cəmi 3227.34 manat kredit borcun və ödənilmiş 52.28 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli **********0540 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli kredit (Restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3157.43 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətinə hər ay 2.72 manat, dörd il müddətinə isə hər ay 67.15 manat olmaqla barabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(030)-382/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddia təmin edilərək, Cavabdeh 29 oktyabr 2019-cu il tarixli **********0540 saylı kredit müqaviləsi üzrə 3157.43 manat əsas, 69.91 manat faiz borcu olmaqla, cəmi 3227.34 manat borc məbləğinin və ödənilmiş 52.28 manat dövlət rüsumunun tutulub, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: 29 oktyabr 2019-cu il tarixli, **********0540 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli **********0540 saylı Kredit müqaviləsinə əsasən, kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3157.43 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 3157.43 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o, cümlədən kredit üzərində hesablanan faizləri bu Müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli müəyyən edilmiş müddətlərdə və məbləğlərdə Kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(030)-382/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(030)-382/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxmış məhkəmə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün xüsusi əhəmiyyət kəsb edən halı araşdırmamışdır. Belə ki, həmin borcu o ölkə prezidentinin qərarı ilə restrukturizasiya olunduğu üçün hər ay hissə-hissə ödəmişdir. Məhkəmə nəzərə almamışdır ki, onun borcu ölkə prezidentinin qərarı ilə restrukturizasiya olunmuş və bundan sonra hər ay hissə-hissə ödəmişdir. Bu səbəbdən də hesab edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qətnamə ləğv olunmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(030)-382/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(030)- 382/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş kredit müqaviləsindən, ödəniş cədvəlindən və ödənişlərə dair arayışdan görünür ki, cavabdeh ödəniş cədvəlinə uyğun olaraq kredit müqaviləsi üzrə borcunu hər ay müəyyən edilmiş qaydada ödədiyi halda, onun iddia qaldırılan tarixə, yəni 2023-cü ilin may ayına olan borcu 1132,92 manat təşkil edəcəkdi. Lakin, kredit müqaviləsi üzrə əsas borc məbləğindən ödəniş edilməmiş, faiz məbləğindən isə cəmi 28 manat ödəniş edilmişdir. Cavabdeh müqaviləyə uyğun olaraq borc məbləğini ödədiyini iddia etsə də buna dair hər hansı bir əsaslı dəlil irəli sürə bilməmiş, o cümlədən ödənişlərinə dair sübutları da məhkəməyə təqdim etməmişdir. Halbuki, cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa və buna müvafiq olaraq sübutlarını məhkəməyə təqdim etməli olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyri-müəyyən dəlillər irəli sürmüşdür. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(030)-382/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(030)-382/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(030)-382/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(030)-382/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar